')

Bu gün:


FutbolPress.Az | "O DEYİB Kİ, RAMİN MUSAYEV ORDA QIZLA OLUB. MƏN DƏ DEYİRƏM Kİ..."

"O DEYİB Kİ, RAMİN MUSAYEV ORDA QIZLA OLUB. MƏN DƏ DEYİRƏM Kİ..."


oxunma sayı: 2518 Paylaş:

"Heç bir ciddiliyi yoxdu o kağızların. Tualet üçün kağızdı onlar"

Çoxdan gözlənilən müsahibənin hicranı uzun çəksə də, vüsalı şirin oldu, acı oldu - buna siz qərar verəcəksiz. "FutbolPress" faktları, sənədləri aşkarlamışdı, dərc etmişdi, qarşı tərəf isə adı hallanan qalmaqalda özünü suçlu saymırdı. Biz də sayıb, Ramin Musayevin kabinetində onunla müsahibə etdik. Əvvəldə dediyi kimi - "Səmimi olacam". Oxuyun, görün 150-dən çox sual-cavabdan sonra nə qədər səmimidi.

- Necəsiz?
- Yaxşıyam, sağ ol

- "FutbolPress"in ortaya çıxardığı "Ambassador olayı"nın "qəhrəmanı" kimi yazılanlardan narazı olduğunuzu bilirik. Konkret nədən narazısız?
- Mən yazıları oxumamışdım. Yazıları sənin həmkarların mənə demişdi. Ondan sonra sən mənə zəng vurdun, mən Antalyada olanda. Əfsuslar olsun ki, mən dediyim kimi yazmadın. Bu bir. Bu, məni qane eləmədi. Razı salmadı doğrusu, mən dediyim kimi yazmadın. İkincisi, istər media işçiləri olsun, istər hər kim olur olsun, insan gördüyü və özü kimi əmin olduğu şeyi yaza bilər. Ancaq eşitdiyi şeyi yazırsa, yaza bilər ki, eşitdiyimə görə belə olub. Sənin fikrin məndədimi?

- Bəli, bəli. Sizi eşidirəm.
- Amma siz yazıda elə yazmışdız, tam əminliklə bildirmişdiz ki, belə bir şey olub. Əfsuslar olsun ki, elə olmamışdı. Və bilmirəm siz hansı mütəxəssisdən soruşmuşduz. Mənim işlədiyim idarənin adı Peşəkar Futbol Liqasıdı və mənim AFFA-ya heç bir aidiyyatım yoxdu. Ondan da başqa, AFFA-nın "şotundan" pul köçürə bilmərəm harasa. Bu bir. İkincisi: AFFA-nın qonaqları gələndə, yaxud mənim öz qonaqlarım gələndə, yaxud da istənilən bir insan mənə müraciət edərsə mən ona kömək edərəm oteldə qalmağa. Və sən də deyə bilərsən ki, Ramin müəllim, xahiş edirəm, mənim qonaqlarım gəlib, bizə qalmağa yer lazımdı, zəng vuracam ki, qonaq gəlib, orda iki gün qalmağa bir yer eləyin. Hətta futbolçuların orda qalmağı da mənim adımdan olub. Tətildən qayıdıb, qalmağa yeri yoxdu, zəng eliyiblər ki, Ramin müəllim, qalmağa yerimiz yoxdu, sənin adıva orda endirim var, bizə düzəlt qalmağa. Mən telefonda da sənə dedim ki, orda qonaqlarım da qalıb, oyunçular da qalıb. Orda hətta mənim öz oğlum da qalıb, dostumun oğlu qalıb. Bu yaxınlarda yenə gəlməlidi və orda qalmalıdı. Sizdə yazılıb ki, orda kimlər gəlib, nə bilim pul ödənilib, taksi pulu ödənilib. Bilirsiz, bu, artıq idmana aid yazı deyil, sırf şəxsiyyətə toxunmaq kimi bir şeydi. Ancaq mən kobud cavab vermədim ki sizə? Çünki mənim media əhlinə həmişə hörmətim olub və olacaq da.

- Ramin müəllim, siz dediz ki, müsahibədə məndən soruşduqlarınızın hamısını yazmamısız. Yaxud da dəyişdirib yazmısız. Konkret hansıları deyirsiz?
- Çox oldu da.

- Yəqin ki, sizi narazı salan şeyin heç olmasa biri yadınızda qalmalıydı.
- Çox var. Təkrar o şeylərə qayıtmağa mənə elə gəlir ki, ehtiyac yoxdu. Artıq yazı yazıldı, getdi.

- Müsahibənin sonunda qeyd olunmuşdu ki, müsahibə kiçik redaktələrlə verilib. O redaktələr də aid idi sizin həmin informasiyanı bizə ötürən mənbəyə. Siz o şəxsi təhqir etmişdiz.
- Yox elə deməmişdim.

- Bəs necə demişdiz?
- Mən demişdim, sizə kim deyib ki, orda olmuşam, fakt? Siz də dediz ki, bizə deyən mənbədən tam əmin olduq ki, siz orda olmusuz. Mən də dedim o adam sizə tam əminliklə deyibsə, yəqin o adamın ya anası olub, ya da...

- Mən dedim ki, mənbə sadəcə, sənədləri təqdim edib, heç nə deməyib. Və o sənədləri də dərc etmişik. Ondan qabaq bu haqda çox deyilib, ancaq yazmamışıq. Yalnız sənədləri görüb, analiz edəndən sonra yazmışıq. Həmin sənəddə vergi kodları və sair rəsmi detallar bizə əsas verdi ki, pulun AFFA-dan köçürüldüyünü bilək.
- Yalan söhbətdi, əzizim.

- Deyək ki yalandı, onda sizə elə gəlmirmi, telefon danışığınızda siz o mənbəni də təhqir etmiş olduz və biz yalnız o hissəni vermədik?
- Niyə?

- Dediz ki, onun ailəsi tapıb yəqin sənədləri...
- Bəli, belə çıxır, onun ailəsi olub orda. O deyib ki, Ramin Musayev orda qızla olub. Mən də deyirəm ki, yəqin onun ailəsi olub ki orda, o da belə danışır da.

- Bizə elə deməyib.
- Bəs elə yazmışdız axı.

- Elə yazılmayıb. Yazıları yəqin oxumusuz.
- Mən oxumamışam. Mənə deyilənləri sənə deyirəm. Sən özün mənə dedin ki, Ramin müəllim, mənbə bizə elə deyib, əmin olmusuz yazmısız da... Düzdümü?

- Oxumamısızsa, onda sizə səhv çatdırılıb. Bilirsizmi o adam kimdi?
- Bilmirəm.

- Bəs bilmədən hardan əminsiz ki, onun ailəsi, yaxud yaxınları çıxardıb bu informasiyanı?
- Yox. Bəs o hardan əmindi ki, mən orda qadınla olmuşam?

- O, sadəcə, bizə sənədləri təqdim edib.
- O sənədlərdə yazılmışdı ki, Ramin Musayev orda qadınla olub?

- Sənədlər bizə təqdim olunub, tövsiyyə olunub ki, istəsəniz, yazarsız.
- Onda sən hardan əmin oldun ki, qızlarla olmuşam? Hətta yazmısan ki, taksi pulu da ödənib, düzdümü?

- Aha...
- Ay sağ ol! Hardan bildin bunu?

- Biz sənədlərə baxdıq və gördük. Qonağınız gecə saat 11-12-də gəlib, 2 saat sonra oteldən çıxırsa, "Pay TV"yə baxırsa, çıxanda yüngül içki içib çıxırsa, bunun bir adı var...
- Ola bilməz elə şey.

- Mən dediyim şeylər sənədlərdə var.
- Əzizim, o sənədlər hardan gəlib, necə olub, onun hamısını aydınlaşdırmışam. Siz o sənədin çıxarılma vaxtına, tarixinə yaxşı baxın.

- Sənədlərdə bizi şübhələndirən məqam nə idi, bunu həm yazmışdıq, həm də burda sizə deyirəm, əgər qonağınız otelə gecələməyə gəlirdisə, onda niyə gecə 11-də girib, 1-də çıxır oteldən? Və otelin barından içki sifariş edir. Bütün bu və başqa xırda detallar bizə əsas verdi ki, bu sənədləri dərc edək. Əgər o adam futbolçu olubsa, oğlunuz olubsa, yaxınınız olubsa, niyə "Pay TV"yə baxsın, niyə oteldə gecələmək əvəzinə, gecənin bir yarısı oteldən çıxsın və geri qayıtmasın və niyə içki sifariş versin?
- Oğlum 14 gün qalıb orda. 14 gün!

- Aha. "Pay TV"yə baxıb?
- Cavan uşaqdı, ola bilər də. Nə bilirsən, bəlkə futbola baxıb? Elə "imenno" seksə baxıb o kanalda?


- "Pay TV"-nin paketi əksərən erotik kanallardı. Və qanunla "Pay TV"yə görə dövlət orqanından, iş yerinin hesabından ödəniş etmək cinayətdi.
- Mən o qanuna baxmamışam, bimirəm. Əzizim, kim köçürmə edib ordan? Nə danışırsan? Sənin ali savadın varmı?

- Bəli.
- Onda ali savadın varsa, mənim bir sualıma cavab ver. Necə ola bilər ki, PFL-in işçisi AFFA-nın "şotundan" ödəniş eləyə bilər?

- PFL AFFA-nın nəzdindədi.
- Yox, izah elə də, necə ola bilər bu?

- Mənim istintaq aparmaq ixtiyarım yoxdu. Yalnız sual verib, araşdırmaq imkanım var. Həm də mən iqtisadçı jurnalist deyiləm. Bu faktlarla bağlı iqtisadçı ekspertlə də məsləhətləşmələrimiz olub...
- Nə dedi o iqtisadçı. Dedi ki olub belə bir şey?

- Dedi ki, köçürmə nağd yolla olub.
- Köçürmə olub?

- Bəli.
- Orda, sənəddə yazılıb, "Cash". Yəni nəğd yolla ödənilib. Köçürmə olmayıb, diqqətlə bax, nağd ödənilib.

- Biz iqtisadçının nə dediyini olduğu kimi dərc etdik. Dedi ki, pul nağd yolla ödənib.
- Kim ödəyib? AFFA?

- Həmin yazıda qeyd olunub. Sənədlərin bəzilərində "Ramin Musayev", bəzilərində "Ramin AFFA", bəzilərində də "Ramin bey" kimi göstərilmisiz. İş yeriniz də AFFA göstərilib. İqtisadçını da maraqlandıran o oldu ki, əgər iş yeri AFFA göstərilibsə, pul ordan bank yoluyla köçürülə də bilər, mühasibatlıqdan nağd yolla da ödəniş mümkündü. Biz də sənədlərə diqqətlə baxdıq. Gördük ki, otelə giriş-çıxış müxtəlif vaxtlardadı. Amma 48 çekin ödənişi bir gündə olub. Məntiqlə iqtisadçının izahı ilə üst-üstə düşdü. Yəni bir neçə müddətə olan bu şeylərə görə ödəniş bir gündə olub. O ödənişlərə başqa şeylər də daxil olub. Ümumiyyətlə isə AFFA ilə bank arasında əməkdaşlığa görə endirim nəzərdə tutulub və bundan başqa ödənişlər kvartallar üzrə həyata keçirilib. Bütün bu detalları müəyyən edəndən sonra sənədləri dərc etməyi lazım bildik.
- Mən sənə deyim. O kağızların hamısını bir nəfər orda işdən qovulan zaman ələ keçirib. Bilib ki, artıq işdən çıxır. Onların hamısını kompyuterdə yığır, tək mənim haqqımda yox... Özü də ordakı işlərin hamısı mənə görə yığılmamışdı. Nəysə... O adam istəyirdi ki, bir gülləyə iki dovşan vursun. Hə, o adam kompyuterdən bunların hamısını yığır. Onun sənədlər olan kompyuterə giriş ixtiyarı var imiş. Mən bilirəm e hamısını, mən də araşdırmışam bunları. Necə olur ki 2008-ci ildə orda kimsə qalır, ancaq 2009-da pulu ödənilir?! Bu sənin ağlına batır? Yəni bunların "qodovoy otçeti" (İllik hesabat - red.) yoxdu?!

Sənə maraqlıdısa, get onu oteldən soruş

- Oteli nəzərdə tutursuz?
- Bəli. Gəl, bu dəqiqə otelə zəng vuraq, deyək ki, biz gecə gəlib orda qalacağıq, ancaq bir ildən sonra pulunu verəcəyik... Əzizim, bu heç ağlabatandımı?

- Mən arqumentləri dedim. Yazını hansı əsasla yazdığımızı...
- Bu, əgər dövlət orqanı olsaydı, fikirləşmək olardı ki , hansısa idarəyə hörmət eləyir. Mən inanmıram ki, dövlət idarəsi də bu qədər vaxt gözləyər pulunu. Və fikir versəz sənədə, orda hamısında ödəniş dekabr ayının 15-də olub. Möhürlərdə hamısında ayın 15-i göstərilib.

- Hamısında yox,  saytda verdiyimiz 5 sənəddə dekabrın 15-i göstərilib. Ancaq ödəniş müxtəlif tarixlərdədi.
- Yox. Hamısında dekabrın 15-di. Və o möhür ödənişin təsdiqi üçün deyil, sadəcə, o möhür həmin vaxt o insanın əlində olmuşdu və möhürü vurmuşdu sənədlərə.

- Bayaqdan o insandan danışırıq. Hansı insanı nəzərdə tutursuz?
- Sənə maraqlıdısa, get onu oteldən soruş.

- Biz üçüncü tərəfi araşdırmaya qata bilmərik. Buna hüquqi imkan yoxdu.
- Nədi, burda cinayət işi yox, bir şey yox.

- Siz dediz ki, həmin adam işdən çıxarılanda sənədləri toplayıb, "peçat" vurub. Bəs onun "peçat" vurmaq ixtiyarı hardan yaranmışdı?
- "Peçat" deyil o.

- Bəs nədi?
- Adi "ştamp"dı.

- Hər halda, ödəniş haqda rəsmi təsdiq ştampıdı da.
- "Peçat" deyil. Yaxşı baxın.

- Bəs nədi o?
- Adi "ştamp"dı da. Bir idarənin şeyidi. Otelin adi ştampıdı.

- Bəs niyə tarixlər müxtəlifdi?
- Həmin gün o möhür həmin şəxsdə olub.

- Bəs onun məqsədi nəydi sənədləri möhürləməkdə?
- Məqsədi heç nə. Kimisə ləkələmək.

- Kimisə ləkələmək?
- Nə var ki, onu vurmağa...

- O peçat mütləq vurulmalıydı sənədlərə?
- Necə?

- Həmin "peçat" mütləq vurulmalıydı o sənədlərə?
- Pul ödənilsəydimi?

- Aha...
- Yox...

- Bəs o adamın məqsədi nəydi peçatı vurmaqda?
- Yaxşı, gəl belə eləyək. Dur, bu dəqiqə gedək səninlə birlikdə hansı otelə istəyirsən, gedək ora. Və gedək pul da ödəyək, çıxaq. Gör, orda bir sənəd verilirmi, yaxud möhür vurulurmu?

- Ödəniş sənədləri bankda saxlanmır?
- Nə bank?

- İnformasiya bankı.
- Yox.

- Bəs o sənədlər harda saxlanmışdı, birdən birə çıxdı ortaya?
- Deyirəm, özü bir günə çıxarmışdı hamısını.

- Başa düşdüm. Sənədləri haradan çıxarmışdı, peçatı necə vurmuşdu...
- Peçat deyil o... Özü də səhvən vurmuşdu onu. O, savadsızlığından eləmişdi bunu. Savadlı adam olsaydı, möhürü vurmazdı ora. Və o sübut elədi ki, kim vurub onu, kim eləyib bunları.

- Kim eləyib, Ramin müəllim?
- Nəysə də... Bildilər.

- Bu məlumatı açıqlamağınız lazımdı. Sizin xeyrinizə işləyəcək.
- Yox, ehtiyac yoxdu. Artıq bilinir kimdi, nəçidi və nəyə görə elə eləyib.

- Məqsədi sizə zərbə vurmaq idi?
- Məni ləkələmək, sadəcə...

- Hmm...
- Çünki o adam elə bilir ki, onu işdən mən qovdurmuşam. Amma vallah-billah, mən o adamla üz-üzə gəlsəm, tanımaram.

- Otelin işçisiydi də o...
- Bəli.

- Deməli, peçatların vurulmağı və sənədlərin ortaya çıxarılmasının səbəbi budu ki, o sizin onu işdən çıxarılmasında əlinizin olduğunu düşünür...
- Guya o adam vaxtilə AFFA-da işləyəndə onu işdən mən çıxartdırmışam. Amma vallah, səmimi deyirəm, o adamı heç tanımıram, o burda işləyib, yaxud... Ay tövbə, tanımıram o adam kimdi. Vallah, tanımıram. Mən sənə səmimi deyirəm.

- Bura qədəri mənə aydın oldu. Amma çox maraqlıdı ki, sənədlərdə də göründüyü kimi, sizin dediyiniz futbolçu, dostlar və hətta oğlunuz niyə gecə saat 11-də girib, 1-də oteldən çıxıblar. Bu mənə hələ də qaranlıq qalıb. Özü də bütün sənədlərdə giriş-çıxış saatları cəmi 1-2 saatlıqdı.
- Gecə dedin?

- Bəli.
- Bu dəqiqə zəng elə oğluma, de, Ramin müəllimin gecə evə gəldiyi olubmu. Nə danışırsan sən, mən övlad tərbiyə eləyirəm.

- Ramin müəllim, sizi tam başa düşdüm, ancaq deyirsiz ki, ora mənim adımdan gediblər. Mən də sənəddə gördüyüm rəqəmələrə görə sual verirəm.
- Yenə deyirəm sənə, o sənədlər yığılmadı. Əllə yığılıb kompyuterdə.

- Əllə yığılıb?
- Bəli. Apar otelə göstər. Soruş ki, sizdə belə şey olubmu, deyəcəklər yox.

- Onda otelin həmin şəxsi məhkəməyə vermək ixtiyarı var...
- Veriblər məhkəməyə... Məhkəməyə yox, polisə.

- İstintaqla tanış ola bilərik?
- Mən nə bilim. Mən otelin rəhbərliyinə zəng elədim bu məsələylə bağlı. Dedi, Ramin bəy, vallah, biz sizin yanınızda çox biabır olmuşuq, bizi bağışlayın. Biz bilmirdik nə məsələdi. Araşdırırıq. Sonra zəng vurdular mənə. Mən onda hələ Türkiyədəydim. Dedilər ki, biz hər şeyi öyrəndik. Bu adam bizim keçmiş işçimiz olub. Nəyə görə belə elədiyini bilmirik. O adamı polisə vermişik. Ancaq o respublikadan çıxıb.

- Çıxıb?
- Hə.

- Axtarış gedir?
- Bilmirəm. Yalan deyə bilmərəm. Amma maraqlanıblar, o adam respublikada yoxdu. Respublikadan çıxıb... Çayıvı soyutma...

- Ramin müəllim, siz yenidən bu suala cavab versəydiz, yaxşı olardı: bunu tam aydınlaşdırdıq ki, həmin şəxs sənədləri çıxarıb, mətbuatda dərc olunandan sonra məsələ böyüyüb, daha sonra otel polisə verib onu və o insan Azərbaycandan qaçıb. Bunu ayınlaşdırdıq...
- Qaçıb demirəm, çıxıb.

- Çıxıb.
- Hə. Yəni bəlkə də ona görə çıxıb, bilmirəm, öz işiylə bağlı çıxıb, bilmirəm. Amma fakt odu ki, oteldən həmin sənədləri çıxaran adam hal-hazırda burda deyil.

- Aha... Bunlar mənə aydın oldu. Oxucular da biləcəklər söhbət nədən gedir. İndi bir sualıma da tam cavab versəz, yaxşı olardı. Əslində təkrar sualdı. İnsanlar gəlib 1-2 saat qalırdılar oteldə, gedirdilər, ödəniş olurdu və bütün bunlar Ramin müəllimin adıyla. Bu hansı məntiqlə izah olunsun?
- Əzizim, mən o oteldə işləmirəm axı. Mən bir də deyirəm, oteldən mənə...

- Yox, doğrudan maraqlıdı, 1-2 saatlıq oteldə nə etmək olardı?
- İndi bunu özün fikirləş də. Özün fikirləş...

- Yəqin onlar oteldə qalmaq məqsədiylə ora gəlmişdilər.
- Mən elə demirəm, deyirəm fikirləş, ola bilərmi adam gəlsin otelə 1-2 saat qalsın. Özü də hamısı 1-2 saat. Belə şey olur?

- Bunu sənədlər göstərir. Ciddi sənədlər. Sizin adınıza olan sənədlərdi. İş yeri AFFA. Ödənişin vergi kodu və hər şey rəsmi sənəddi. Əgər insan 1-2 saat otelin nömrəsində qalırsa, çıxanda içki sifariş edirsə...
- Spirtli içki də ola bilərdi eləmi?

- Ola bilərdi.
- Sən soruş, gör, Ramin müəllim spirtli içki içirmi.

- Bu haqda məlumatım var. Mən onu demirəm. Deyirəm ki, bütün bu şeyləri sənəddə görən, analiz edən, ekspert rəyini öyrənən jurnalistin haqqı varmı bunu dərc etsin? Yəni biz bunu dərc etməkdə qərəz nümayiş etdirməmişik.
- Jurnalistin haqqı bilirsən nəyə var? Əgər insanı tanımırsansa, hə, onun haqda səhv fikir bildirə bilərsən hər halda.

- Deməli, nöqsan otelin işçisində...
- Elçin, axı sən məni yaxşı tanıyırsan. Sən bilirsən ki, mən nə cür adamam.

- Sizi tanıyıram, amma ancaq eyş-işrət barədə ortaya çıxan faktlar sizinlə bağlıdı, niyə boynunuzdan atırsız?
- Konkret danış, nəyi atıram boynumdan?!

- Tutalım, otelə bir qadınla getmisiz...
- Sən heç getmisən qadınla otelə?

- Yox.
- Heç vaxt olmayıb belə şey səndə?

- Axı mənim adıma sənəd çıxmayıb...
- Yaxşı, heç yerdə olmamısan qadınla?

- Olmuşam.
- Onda niyə yazmamısan saytıvızda?

- Gülməlidi. Sənəd tapılsa, hə. Bir də ictimai yüküm olsa, hə.
- Sən indi jurnalistsənsə, ictimai şəxs deyilsən?

- Dövlət qarşısında vətəndaş məsuliyyətim var, amma şəxsi azadlığım da var.
- Sənə sual verirəm. Xəyanət edibsən?

- Xeyr.
- Niyə xeyr deyirsən?

- Deyirəm də...
- Ay sağ ol...

- Çünki belə istyirəm...
- Görürsənmi bu düz danışıq deyil.

- Yox, müəllim, elə saymıram. Türkiyədə CHP-nin başqanı Dəniz Baykalın seks skandalından xəbəriniz var yəqin. O, mənə, yəni bir jurnalistə nisbətən daha çox ictimai şəxsdi, yəqin. Ona görə siyasətdən didərgin düşdü. Biabır oldu, yəqin, yaxud başqa nəsə. Amma davam eləyə bilməzdi bu skandaldan sonra. Düzdü, Baykal video faktla "ilişdi". Ancaq bu məsələdə sənədlər çıxıb ortaya. Sənədlərdə də bütün detallar incələnib, yazılıb. Sizsə əks arqument əvəzinə hamını suçlayırsız.
- Elçin...

- Üzr istəyirəm, video fakta görə bir təcrübəli və məşhur siyasətçinin karyerasına zərbə dəyir. Bu nədi? Sənədli fakt. Bunun üstündə AFFA və başqa aidiyyatı qurumlar heç bir araşdırma aparmırsa, bu o demək deyil ki, biz qərəz yazmışıq. Fakt keçib əlimizə, yazmışıq.
- Onda sizə deyiblər ki, Ramin Musayevi işdən çıxartdırın.

- Yox.
- Məqsədiniz nə idi bunları yazmaqda bəs, yaxşı...

- Siz niyə elə düşünürsüz ki, bizim nəsə məqsədimiz olub?
- Mənə maraqlıdı da, məqsəd nə idi?

- İnsanlara bir faktı, sənədi çatdırmaq.
- Nəyi konkret?

- Bir informasiyanı.
- Nə informasiyası?

- Ondan qabaq da informasiyalar əldə etmişik, yazmışıq. Məsələn elə sizə bağışlanan bahalı avtomobil haqda və başqa...
- Yaxşı...

- Bəli...
- Utanmadız heç bundan?

Ona görə də xidməti maşın kimi bunu götürdük

- Utanmağa vaxt olmadı. Biz sonradan müəyyənləşdirdik ki, bu avtomobil PFL-ə bağışlanıb. NBC bank bağışlayıb. Sponsorluq müqaviləsinə görə, belə bir bahalı avtomobil bağışlanıb. Biz bunu başa düşmədik heç cür...
- Yaxşı yadıma saldın (Katibəyə müraciət edir: İlqarı yanıma göndər). Yazdınmı sonradan bu PFL-ə bağışlanıb, Raminə yox?

- Bu haqda daha geniş yazı hazırlayırıq. Faktlar tam toplanmayıb. Bizə yenə aydın olmadı ki, niyə belə bahalı avtomobil bağışlanır. Özü də sponsorluq müqaviləsinə görə yalnız avtomobil...
- (Gülür) Elçin, qırmızı diplomla jurnalistikanı qurtarmısan. Və sən o vaxtları burda, ilk dəfə məndən müsahibə alanda fikirləşdim ki, Azərbaycanda belə jurnalistlər də var. Heyf amma...

- Təşəkkür...
- Amma mən görmədim ki, daha doğrusu, gözləməzdim ki, sən nəsə başqa bir, nələrsə axtararsan, mən belə bilməzdim. Hələ də bilmirəm sən nə axtarırsan. Sənə indi nə lazımdı, de görüm. Ürəyin nə istəyir? (Bu an Musayevin katibəyə çağırtdırdığı İlqar adlı şəxs gəlib çıxır). - Oğul, maşının "texpasportunu" gətir.

- Ramin müəllim, mən sizi gecikdirmirəm?
- Yox. Qətiyyən.

- Mənə lazım olan odu ki, saytımıza ötürülən faktların dərc olunmasıyla əgər Ramin Musayev şərlənibsə və siz mənə deyirsizsə ki "Sənin məqsədin nədi..." - mənim də istəyim odu ki, bütün məsələlərə sizin münasibətinizi öyrənim. Və hər şeyi tam aydınlaşdıraq. Əgər kimsə sizə şər atırsa, əks izahınızı verin, qoy hamı bilsin ki, Musayevi şərləyirlər. Bu ki belə deyil...
- Elçin, bunların hamısı Ramin Musayevi gözdən salmaq, ləkələmək üçündü. Mən sənə o gün də dedim və özümə arxayınam ki, məni tanıyan tanıyır və bilir ki, mən necə bir insanam. Mən kiminsə kölgəsində yatarammı və ya kimdənsə istifadə eləyərəmmi və yaxud işlədiyim idarənin büdcəsinə ziyan vurarammı - bunların hamısını mənim rəhbərliyim də bilir, işçilərim də bilir. "Neftçi"də işləmişəm, yəqin onlar da bilir. Mənimlə yolda, səfərdə olan insanlar da bilir ki, mən öz şəxsi büdcəmdəm qonaqlıq da verərəm, başqa xərclik də verərəm insanlara. Yəni pul xərcləmək mənim hobbimdi. Ancaq siz dediyiniz - o, mənim hobbim deyil. O, mənlik deyil. Bunlar sırf məni ləkələmək üçündü. (İlqar "texpasport"u gətirib çıxarır. Mənə göstərirlər və orada avtomobilin PFL-ə verildiyi qeyd olunub). Gördün? Maşını mənə veriblər?

- Yox. PFL-ə.
- (Gülür). Kopyasını verim sənə?

- Əla olardı. Bunu verəcəyik saytda. İndi bildizmi sizə qarşı kampaniya aparılmır, insanlara bir faktın izahını təqdim etmək istəyirik. O faktı da yaxşı bilirik və izah etmişik yazılarda. Ancaq...
- (Gülür) Yadında saxla, mən "Neftçi"də işləyəndə 90 AK 202 nömrəli "Toyota Camry" maşınını götürmüşdüm. (İndiki avtomobil 90 PD 202 nömrə nişanlıdı. Markası "Nissan QX56". Qiyməti 120-150 min dollardı. NBC bank Azərbaycan kubokuna sponsorluq müqaviləsi müqabilində bu avtomobili PFL-ə verib). O maşını götürmüşdüm özüm sürməyə. PFL-də olanda da onu sürürdüm. Ancaq mənim xidməti maşınım yoxuydu. Ona görə də xidməti maşın kimi bunu götürdük.

- Bunlar aydın oldu. Siz bayaq dediz ki, bu şeyləri ortaya çıxaran adamların məqsədi Ramin Musayevə şər atmaqdı. Bunu biz bilirik. Ancaq insanların bilməsi də lazımdı. Kim bilsin ki, sizə şər atırlar. Ona görə də dediyinizi faktlarla desəz, yerinə düşər...
- Mən sübut eləyirəm də.

- Hansı faktlarla?
- Deyirəm ki, o adam ki sənədləri oteldən çıxarıb, o adam başqa yerdə deyib ki, məni Ramin Musayev işdən çıxartdırıb.

- Niyə belə qənaətə gəlib?
- Mənim o otelin rəhbərliyi ilə münasibətim olub. İndi də var. Bu adam sənədləri ordan oğurlayıb. Fikirləşib ki, işdən çıxarılmağı mənim rəhbərliklə dostluğuma görədi. Yəni mən demişəm, onu çıxarıblar. Bununla tam razısan?

- Razıyam.
- Əks tərəfini götürək. Tutalım, o adam eləməyibsə bunları, o qurama iş görməyibsə, başqa nə variant ola bilər? Otelin rəhbərliyi mənim dostumdu, o eləyib bunu mənə qarşı? Görürsənmi, əzizim, bu işlər quramadı.

- Siz o otellə hələ "Neftçi"də işləyəndə əməkdaşlıq etmisiz. Niyə iş yeri kimi AFFA yazılıb? İndi ki PFL-in prezidentisiz, niyə AFFA yazılıb?
- Həmin adam yazıb da. Bilməyib. Heç nədən xəbəri olmayıb. Demirəmmi savadsızlığından. Bu adamın məqsədi bircə bu olub ki, mən Ramini necə ləkələyim. Heç iş yerini də düz yazmayıb.

- Bu sənəddi axı. Niyə sizin xəbəriniz olmadan, iş yeri səhv yazılıb?
- Bir də deyirəm, sən gördüyün sənədlər ciddi sənəd deyil. Heç bir ciddiliyi yoxdu o kağızların. Tualet üçün kağızdı onlar.

- Bunu indi eşidirəm - ciddi olmadığını. Ciddi deyil?
- Xeyr.

- Mən faktla danışıram, sizsə sadəcə, iddia edirsiz.
- Xeyr, elə deyil. Siz dediyiniz fakt deyil axı.

- Mənimçün maraqlı olan sənədlərin ciddi olub-olmaması deyil. Əgər sənəd mənə təqdim olunanda üstündə ştamp, vergi kodu, iş yeri və hər şey göstərilibsə, bir otelin adınadısa, deməli, rəsmi bir sənəddi, bu artıq faktdı və mən bunu dərc etmişəm. Şər atmış oluram bununla?
- Gör nə deyirəm, istəyirsən, heç yazma bunu... (Bu məqamda PFL Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev söhbətə müdaxilə edir)

- A.Ş. Üzr istəyirəm, müdaxilə eləyə bilərəm?
- R.M. Buyur.
- A.Ş. Bu sənəd hər hansı "buxqalteriyada" vacib bir sənəd sayılmır axı heç.
- E.C. Bəs orda vergi kodu var axı. Bu ciddi bir şeydi. Həmin kodla ödənişin bütün detalları göstərilib. Kodla dosyeni açıb hər şeyi görmək olar.
- R.M. Ay sağ ol. İndi get yoxlatdır.

Gedib orda nəşə çəkib gəlmişəm. İynə vurub gəlmişəm

- İstintaq aparmaq hüququm yoxdu. Sizinlə razılaşmaq məcburiyyətindəyəm. Şəxsiyyətə toxunan nəsə varmı yazılarda?
- Bunları sən yazırsan. Altına imzavı da qoymursan. Lap sən yazmırsan, işçin yazır. Ancaq saytın rəhbəri kimi məsuliyyət sənin üstündədimi?

- Bəli.
- Sən hər şeyi təsdiq kimi yazmısan. Elə bil ki, bunlar olub, sən də şahid olmusan hər şeyə, götürüb yazmısan. Ancaq olmayıb. Sübutun yoxdu.

- Sənədlərin izah olunması üçün yazılan cümlələrdə qərəz və ya faktın təsdiqi kimi şeylər yoxdu. Təsdiq indidi. Sizinlə müsahibəni buna görə götürürəm. Qarşı tərəf kimi, faktların əksini sübut etmək, fikrinizi öyrənmək üçün burdayam. Siz də izahları bu cür verirsiz. Artıq bunun nə dərəcədə tutarlı izah olduğunu yazılarla tanış olan oxucular müəyyənləşdirəcək.
- Yaxşı, belə götürək də, mən oldum həmin sənədlərdəki adam. Gedib orda nəşə çəkib gəlmişəm. İynə vurub gəlmişəm. Və ya mənim orda "razborkam" olub. Niyə məhz qızla olduğumu yazmısız?! Mən də deyirəm ki, əgər doğrudan da olmuşamsa, bunu təsdiq eləyirsizsə yazılarda, o adam da sizə bunu təsdiqlə çatdırırsa, onun əzizləri olsun o adam...

- Mən sizin müsahibədə hər dediyinizi arqument kimi qəbul eləyirəm. Siz bunu misal kimi də çəkə bilərsiz. Ancaq faktla bağlı əks arqument axtarışındayamsa, onda dedikləriniz arqumentdi.

- Yox e... Bəlkə orda mənim başqa görüşüm olub, əgər olubsa da... Niyə qızla olub da?! Niyə başqasıyla yox, qızla?

- Razıyam. Hər dediyinizi də yazacam. Ancaq sual-cavabın bu qədər uzanmasına səbəb tutarlı arqumnti ala bilməməyimdi. Axır məqamda gəlib çıxmışıq "iynə" məsələsinə... Cavab əvəzinə bunu deyirsiz.
- Oğul, sənədlərdə bəndlər var e. İş yeri, ödəniş, başqa şeylər. Onların hamısını o adam özü doldurub.

- Belə deyin, olsun konkret cavab. Biz bunu yalnız indi aydınlaşdırdıq ki, həmin şəxs kimdisə, o edib bütün bunları. Ancaq bizim onun bu "hoqqalarından" xəbərimiz olmayıb ki... Bizə sənəd gəlib, hər şeyi qaydasında olan bir sənədi dərc etmişik. Problem həmin şəxsin onu ortaya necə çıxarmasıdı. Siz izah elədiz. Özü doldurub bütün bəndləri və məqsədi sizi ləkələmək olub.
- Mən o oteldə olmuşam, ay qardaş. Gecə də qalmışam. Ancaq o işlə orda məşğul olmamışam. Sənədlərdəkilər başdan-ayağa yalandı. Özü də o sənədlər səndən qabaq mənə çatıb. Çox gözəl də çatırdırıblar mənə. Bir adam dedi ki, belə bir sənəd var. O adam səninlə görüşmək istəyir.

- Hansı adam? İnformasiyanı verən mənbə?
- Nəysə... Bəli, mənbə deyir. Yəni bu adam "ikinci əl"di artıq. Özü də sənədləri sənə verən adamdı o bəlkə də, bilmirəm. Deyib, görüşək. Söhbət eləyək. Demişəm, get, işinlə məşğul ol.

Onu da yazarsan intervyuda

- Demisiz, get, nə istəyirsən elə?
- Bəli, demişəm neyləmək istəyirsən, get, elə. Yəni o sənədlərlə bağlı mənə məlumat verilmişdi artıq.

- Bunu təbii hesab edirik. Sizdən əvvəl hansısa dövlət orqanına da çata bilərdi. Görünür sənədə nəyəsə görə, böyük maraq olub. Növbəti sualım belədi. Bizə çatan məlumata görə, bu informasiyaların üzə çıxmasında səbəbkar bilinən Zinyət Rzaxanova adlı işçini AFFA-dan qovublar.
- Tanımıram.

- AFFA-nın mühasibatlığında məsul vəzifədə çalışıb.
- O soyadda adam tanımıram.

- Ola bilər, soyadını səhv deyirəm.
- Səhv demirsən, düz deyirsən. Elə həmin o familiya ətrafında yaxşı fırlan.

- Müəllim, konkret deyək, Zinyət xanımı tanıyırsız?
- Qulaq as, familiyanı təkrar elə.

- Rzaxanova.
- Onu da yazarsan intervyuda.

- Problem deyil, müəllim, hər şey yazılacaq. Amma anlamadım, nə var ki bunda?
- Heç nə.

- Səhv olacam yəni?
- Səhv deyilsən! Sənə verilən məlumatlar hamısı səhvdi.

- Belə başa düşdüm ki, soyadı səhv dedim.
- Soyadı düz dedin. Amma bu soyad o adamın özününkü deyil. Oğlunun familiyasıdı.

- Burda problem nədi?
- Nəysə... nöqtələr.

- Yaxşı nöqtələri qoyacam müsahibədə. Yusif Həmiov adlı şəxs...
- O, AFFA-nın baş "buxqalteridi".

- Bəli. Onun da adı var o sənədlərdə. Sizcə, Zinyət xanımın işdən çıxarılmasında məqsəd nə ola bilər?
- Bilmirəm. Mən bir də eşitdim ki, o adam işdən çıxıb. Özü çıxıb.

- Mən bildiyimə görə, Zinyət xanım həmin sənədlərdə qeyd olunan tarixlər ki var, həmin ərəfədə AFFA-nın mühasibatlığında məsul vəzifədə çalışıb. Elə onun işlədiyi dövrdəki tarixə aid olan sənədlər üzə çıxdığı üçün onu işdən qovublar. Yusif Həmidovun da bunda rolu olub. Həmidovla "Neftçi"də işləmisiz...
- Yox. Bax, görürsən, sizə kim nə deyir, inanırsız. AFFA-nın saytı var, gir bax ora, gör nə işləyib də o.

- O adam sıravi bir işçi olub. Olsun bu cür. Axı niyə uzun müddətdən sonra işdən çıxsın? Məhz bu sənədlər üzə çıxdığı ərəfələrdə...
- Düz deyilsiz.

- Qəribə şübhə var sizdə bizə qarşı. Belə deyim, Rövnəq Abdullayevin bu məsələlərdən xəbəri varmı? Bu barədə söhbəti olubmu sizinlə?
- Xeyr, olmayıb.

- Heç bir söhbət...
- Xeyr.

Bəs mən insan deyiləm?!

- Sənəddə AFFA-nın adının niyə yazıldığı da araşdırılmayıb...
- Xeyr. Çünki savadsız yazıdı, nəyinə baxsın o yazının?

- Təşəkkür. Bundan sonra savadlı yazarıq.
- Görürsənmi incidin. Hər şeyi yazacaqsan da, eləmi?

- Bəli, hər cümləni. Mən sadəcə sual verirəm, sizsə əsəbləşmisiz...
- Elə deyil. Qulaq as. Amma bundan qabaq məndən aldığın müsahibədə hər şeyi yazmamışdın.

- Siz ittiham edirsiz. Bayaq soruşdum konkret nəyi yazmamışam, deyə bilərsiz - dediz yadımdan çıxıb. Dedim səs yazısını çıxardaq ortaya. Dediz çıxart. Orda bircə şey yazılmamışdı. İnformasiyanı verən mənbəni təhqir etmişdiz, o hissəni vermədik və bu haqda müsahibənin sonunda qeyd qoyduq.
- Xeyr. Başqa şeyləri də yazmamışdın. Sən jurnalistsən, azad bir quşsan, hara istəyirsən, get qon.

- Hara qonum?
- Sən çayıvı niyə içmirsən?

- İçəcəm
- Qorxursan ki, tərkibinə nəsə qatıblar?

- Qətiyyən.
- Sən kişi qapısına gəlmisən.

- Süfrənizdən şübhələnsəydim, Quzanlı səfərinizdə yemək yeməzdim.
- Onda rüşvət vermişəm də o yeməyi (gülür). 84-cü ildə Qədir Rüstəmovdan müsahibə almaq istəyirlər. Jurnalisti qovur. Deyirlər niyə belə elədin? Deyir onsuz da soruşduqlarını yox, istədiklərini yazırlar, qoy getsin yazsın da. İndi sən də, söz verirsənmi burda nə danışdıqsa, bircə-bircə hamısını yazacaqsan?

- Müəllim, çayınızı içdim, bir problem olmadı ki?
- Yox.

- Müsahibədə də hər şey yazılacaq, problemsiz.
- Sən yazmayacaqsan. Küsdün. İncidin.

- Qətiyyən.
- Qulaqların qızardı.

- Qızarıb?
- Hə. Yanaqların da qızarıb. Çünki sən bayaq dediyim sözü özünə təhqir kimi qəbul elədin. Dedim ki, savadsız yazıdı, oxumayıb Rövnəq müəllim... Görürsənmi, sadə bir sözdən qıcıqlandın. Bəs mən insan deyiləm?! Olmayan şeyi boynuma qoyurlar və yazırlar ki, olub. Bu, mənə pis təsir eləyir, Elçin. Təhqir elədiz məni.

- Təhqir eləmişəmsə, verin məhkəməyə.
- Hə, bax, sən bunu istəyirsən. Ramin Musayev səni reklam eləsin.

- Ramin müəllim, Azərbaycan məhkəməsinə düşüb, reklam olunmaq istəyən şəxs axmaqdı.
- Sən bunu arzulayırsan, bilirəm.

- Arzum bu deyil, arzum odu ki, başqa yolla mümkün deyilsə, təhqir etmədiyimizə inanmağınız üçün bunu sivil yolla, məhkəmə yoluyla ayırd etmək mümkündü.
- Mən belə eləmərəm axı. Jurnalisti məhkəməyə vermərəm. Onda noldu. Mən də məhkəməyə verənlərin tayı oldum?! Əzizim, mən hər şeyi buraxıram vicdanın öhdəsinə.

Mən adicə, bütün erməniləri də pisləmirəm

- Qanun vicdanla həll olunmur axı.
- Mənim də qanunum mənim vicdanımdı. Sənə söz deyim. Desələr ki, Ramin Musayev içkili vəziyyətdə oturmuşdu yolun düz ortasında. Yazarsan bunu?

- Xeyr. Bunu təsdiq edən material olmasa, yazmaram. Çeklərdə adınız var idi. Ona görə, tam əsasımız var idi yazmağa.
- Ay oğul, səni nə maraqlandırır?

- Ədalət. Düzlük.
- Mən çox ədalətli adamam. Mən adicə, bütün erməniləri də pisləmirəm. Heç vaxt demərəm ki, ermənilən hamısı pisdi. Elə demək olmaz. Onların da içində insanlığı olanlar var. Şəxsən mənə Moskvada erməni rast gəlib, deyib ki, Allah bizim o filankəsləri qırsın! Nəyə lazım idi bu?! Mən Sibirdə erməni görmüşəm, deyib ki, bulvarın bu başından o başına gedəydim, sonra kaş elə orda öləydim. Moskvada dar vəziyyətimdə, yaxınlaşmışam bizimkilərə, mənə təcili bilet lazım idi, uçmalıydım, bir adam mənə köməklik eləmədi, erməni öz yerini verdi mənə. Yəni erməni millətini təyirləmirəm e. Söhbət düzlükdən gedirsə... Mən heç vaxt "obşakovu" danışmıram.

- Sizə "Neftçi" vaxtında daha çox simpatiya var idi. Həm mətbuatda, həm də insanlar arasında... Görəsən nəyə görə PFL rəhbəri olandan sonra Ramin Musayevə qarşı tənqidlər çoxaldı?
- Mən elə düşünmürəm. İşləyən adamı tənqid eləyirlər həmişə. İşləməyən adamı tənqid eləmirlər. Niyə? Çünki işləyən adamın yerinə çox göz dikənlər olur.

- Tənqidi yalnız buna görə edirlər? Belə çıxdı ki, "Neftçi"də işləmirdiz?
- Orda rəhbər deyildim. İşləyirdim, amma yerimə göz dikənlər indikinə baxanda, çox deyildi. Burda prezidentəm. İşimi bacarıram. Sağ olsun, dövlət başçısı, dünən işimizə yüksək qiymət verdi

- Dünən?
- Hə.

Mən "Neftçi"də olanda indiki bütün hakimlər bizə qarşı haqsızlıq eləmişdi

- "İnter"lə görüşdə dediklərini deyirsiz?
- Hə. Mən bunu özümə fəxr sayıram. Ölkə başçısı işimizə qiymət verir. Çempionatın necə inkişaf etməyini göstərir komandalarımızın uğurları. Ölkə başçısı işimizi bəyənirsə, bu mənə xoşdu. Çalışacam belə görüşlərin davamı olsun.

- Çempionatın hakimliyi ilə bağlı yazılanlara diqqət yetirirsiz?
- Hakimlərlə bağlı hər şeyə diqqət yetirirəm.

- Xaqani Məmmədovun vəzifəsindən çıxarılacağı deyilir, yazılır. Maraqlı məqam budu ki, onu işdən sizin çıxaracağınızı yazırlar. Niyə məhz siz? Bu fikir niyə belə formalaşıb?
- Xaqani mənə tabe deyil. AFFA-ya tabedi. İşdən çıxarılmağı-zadı mənlik deyil. Qaldı ki mən PFL rəhbəri kimi, onun işindən razıyam. Əvvəlki kimi hakimlikdə özbaşınalıqlar yoxdu. Mən "Neftçi"də olanda indiki bütün hakimlər bizə qarşı haqsızlıq eləmişdi.

- "Futbol Saatı" verilişində Babək Quliyevin Xaqani Məmmədovla əvəzlənməsindən xəbəriniz var yəqin.
- Xeyr.

- Babək Quliyevi verilişdən çıxarıblar.
- Hə, canı sağ olsun.

- Deyirlər, sizin əliniz var bu işdə.
- Mənim işim olsaydı, heç qoymazdım da ora çıxsın. Mənim o adamla qəsdi-qərəzim yoxdu. O mənim anamın yasında iştirak edib. Qızının idmanda nailiyyətlərindən xəbərim var. Onun ailəsinə xeyir iş arzulayıram.

- Onun hakimlikdən qovulmasını düzgün hesab edirsiz?
- Onu mən qovsaydım, cavab verərdim suala.

- Kim qovub?
- Hakimlər Komitəsi.

- Xaqani Məmmədov?
- Bəli.

- Bəs qaytarılma ehtimalı var?
- Qərarı Hakimlər Komitəsi verməlidi, mən yox.

- Bəs bir dəfə demişdiz qaytaracam onu.
- Demişdim istərdim qaytarılsın.

- İstəyərdiz qayıtsın?
- Rəhbərlik qərar verməlidi.

- Fakt var idi onun qovulmasına görə?
- Başa düşmədim.

- Fakt var? Nəyin üstündə qovulubsa, faktı var?
- Onu Xaqanidən soruş, məndən niə soruşursan?

- Bəs siz necə düşünürsüz, var idimi?
- Bilmirəm. Maraqlanmıram.

- Rövnəq Abdullayev AFFA-dan istefa versə, siz yenə işləyərsiz?
- Nə dəxli var ki?

- Bilmək istəyirəm.
- Əgər məni bura məsləhət görsələr, bəli, işləyərəm.

- Deməli, Rövnəq müəllim çıxsa, siz qalacaqsız.
- Mən belə başa düşdüm ki, siz nəzərdə tutursuz ki, Rövnəq müəllim və Ramin bir kompaniyadı. Yox, elə deyil. Biz iş yoldaşı olmuşuq. O, mənim işimi, bacarığımı görüb, bəyənib.

- Oğlunuz Elvin Musazadə də futbolçudu. "Simurq"da oynayır. Bəyənirsiz oyununu. Gələcəyinə inanırsız?
- Artım var oyununda. Ancaq hələ tam bəyənmirəm.


Bu yerdə müsahibənin rəsmi hissəsi bitir. Və adəti üzrə, Ramin Musayevlə müsahibələrimin rəsmi hissəsi bitəndən sonra, "Səmimi söhbət" bölümü başlayır. Ssenari qurulmur, sadəcə, həmişə belə alınır. Bu hissədəki informasiyalar da mənə bir yazar kimi lazımlıdı.

Müsahibədə Musayevin nə dərəcədə haqlı olduğunu verdiyi cavablardan siz çıxarda bilərsiz. Bunu sizin ixtiyarınıza buraxırıq. Və kömək üçün bu linki veririk. Bir də "Ambassador olayı" ilə bağlı yazını oxumaq istəsəniz, buyurun: http://www.futbolpress.az/az/news-details/2845/

Elçin CƏLİLOV


oxunma sayı: 2518 | Paylaş:




?>