')

Bu gün:


FutbolPress.Az | BƏHMƏN HƏSƏNOV : ÖLKƏNİN ƏN YAXŞI GƏNC OYUNÇULARI BİZDƏDİ (MÜSAHİBƏ)

BƏHMƏN HƏSƏNOV: ÖLKƏNİN ƏN YAXŞI GƏNC OYUNÇULARI BİZDƏDİ (MÜSAHİBƏ)


oxunma sayı: 504 Paylaş:

"Legionerlərə çox üstünlük verməməliyik"

Premyer Liqanın qış fasiləsindən sonrakı startı "Bakı"nın qanını əməlli-başlı qaraltdı. Yeni baş məşqçi ilə yeni nəfəs açmaq istəyən paytaxtın adaş komandası "Muğan"la öz meydanında oynadığı üçün qələbə qazanacağını düşünürdü. Elə matçın ilk dəqiqələrində əla qurulmuş kombinasiya və baxımlı qoldan sonra nəzərlər "Bakı"nı obyektivə gətirdi. Ancaq bu cəmi 20-25 dəqiqə çəkdi. İddialı komandalara başağrısı olmağı ilə diqqət çəkən "Muğan" sonrakı dəqiqələrdə sanki Starkovun bütün tapşırılarını "deşifrə" etmişdi - bunu onların yaxşı müdafiə oyunu göstərirdi. Nəticədə heç-heçə olsa belə, onların lehinədi.
Yaxşı oynadığı üçün və adətən güclüləri büdrətdiyinə görə, baş məşqçi Bəhmən Həsənovla söhbət eləməyə dəyərdi. Komandanın "sükanını" mövsümün gedişində təhvil alsa da, onun rəhbərliyi ilə daha yaxşı oyun görürük.

- Bəhmən bəy, komandanız yaxşı oynadı.
- Təşəkkürlər. Çox sağ olun.

- Bu söhbət dəbdədi; stimullaşdırılmamışdız ki?
- Bəli, uşaqlar maksimum sərbəst oynamağa çalışdılar. Mən belə tapşırıq verdim bizə qol vurulandan sonra. Yaxşı bacardılar.

- Yox, mən stimullaşdırmanı deyirdim (Küləkli havada bir-birimizi yaxşı eşitmirdik). Yəni bəlkə hansısa komanda pul vəd verib ki, "Bakı"nı büdrədin. Bizdə dəbdədi, zəif güclünü udanda, belə düşünməyə başlayırıq.
- Yox. Əstəğfürullah! Allah eləməsin! Biz elə işlərə girmirik.

- Girənlər də heç vaxt deməz. Necə oldu ki güclü rəqibdən xal almağı bacardız? Taktika yaxşı idi, yoxsa...?
- Açığı, gözləmirdik belə yaxşı oyun olar və biz xal qazanarıq. Çünki təlim-məşq toplanışı ideal olmamışdı. Toplanışda bircə "Rəvan"la qarşılaşmalar yoxlama oyunu kimi sayıla bilərdi. Yəni elə də yaxşı hazırlıq keçməmişdik. Ancaq gördüz ki, komanda meydanda özünü yaxşı hiss edirdi. Mən düşünürdüm bu, toplanışdan sonra bizim üçün yoxlama xarakterli bir oyun olacaq. O mənada ki, rəqib güclü idi. Nəticə arxa plana keçmişdi. Səmimi deyim, iddiamız böyük deyildi. Ancaq planımızda olmayanı bacardıq.

- Toplanış ürəyinizcə olmayıb, bəs transferlər necə?
- Transferlərdən razı olmasam onları komandaya gətirməzdim ki.

- Anladım. Hər şey yaxşıdı onda. İddianız nədi?
- Yox, transferlərdən danışım. Samuel Barlayı deyim. O çox qəşəng oyunçudu. Ondan çox şey gözləmək olar. Yerli oyunçular da var. Məsələn, Anar Qasımov. Zədəsi sağalsın, onun da komandaya çox xeyri dəyəcək. Pərvin Paşayev, Tural Axundov, Novruz Məmmədov kimi oyunçularımız var ki yığma komandada oynayacaq potensialdadılar. Bizim iddiamız da yığmaya daha çox və yaxşı oyunçular verməkdi. Ölkənin ən yaxşı gənc oyunçuları bizdədi

- Rəhbəlikdən razısız?
- Çox.

- İstədiyiniz transferləri edir?
- İstənilən oyunçunu almağa hazırdılar. Elə mən hansını istədim, əllərindən gələni etdilər ki, onlar komandada olsun.

- Sizin komandada həmişə yerli futbolçular daha çox fərqlənir...
- Yaxşı dediz. Biz legionerlərə çox üstünlük verməməliyik. Gələcək üçün indidən müəyyən işlər hesablamışıq. Bizdə çox istedadlı gənclər var. Onlardan bəhrələnmək lazımdı. Komandamızın tutduğu yol da budu.

Elçin CƏLİLOV


oxunma sayı: 504 | Paylaş:




?>