STADİON, YOXSA ÇOXMİLYONLUQ KORRUPSİYA LAYİHƏSİ? (TƏHLİL)
Paylaş:
Dünyanın ən bahalı stadionu Bakıda... Bakıda layihə dəyəri bir milyard dollar olan 64 min nəfərlik tamaşaçı tutan stadionun tikintisinə başlanılıb. Layihəni Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirir. Burda əsas diqqət çəkən məqam da elə layihənin dəyəridir. Yoxsulluq səviyyəsinin hələ də yüksək olduğu, təqaüdçülərinin 85 manat aldığı, bir çox problemlərin həllini gözlədiyi ölkədə ARDNŞ bir milyard dollara stadion tikir. "Uembli" - 475 mln., "Kamp-Nou" - 250 mln., "Marakana" - 286 milyon dollara başa gəlib... İstanbuldakı yeni "Türk Telekom Arena" stadionu 382 milyon dollara başa gəlib. 16 stadiona cəmi 3,82 milyard dollar 2018-ci ildə futbol üzrə dünya çempionatına sahiblik edəcək Rusiya isə 16 stadionun inşasına cəmi 3,82 milyard dollar vəsait sərf edəcək. Dünya çempionatı oyunlarının keçirilməsi nəzərdə tutulan arenaların hansı yüksək standartlara cavab verdiyini isə ehtimal etmək çətin deyil. Qətər 10 stadiona 4 milyard dollar xərcləyəcək Son dünya çempionatına ev sahibliyi etmiş Cənubi Afrika Respublikasındakı "Nelson Mandela Bay Stadium" 50 min tamaşaçı tutur və 56 mln. avroya başa gəlib. Mənbə: "Azadlıq" qəzeti
Korrupsiyaya qarşı mübarizəyə başladığını elan edən hökumətin bir stadionun inşasına bu qədər vəsait sərf etməsinə nə ad vermək olar?
Körpülərə, yollara, musiqili fəvvarələrə həqiqi dəyərindən qat-qat artıq pul xərcləyən hökumət indi də büdcə vəsaitlərini stadion layihəsinə xərcləmək qərarına gəlib. Artıq bu stadionun tərifinə start verilib. Qurğunun FIFA-nın bütün tələblərinə cavab verəcəyi bildirilir. Analoqu olmayan bu stadionun dünyanın digər möhtəşəm stadionlarından fərqi nə olacaq? Müqayisə üçün futbola böyük diqqətin yetirildiyi Avropada dünyanın ən möhtəşəm stadionlarının inşası üçün çəkilən xərclərə nəzər saldıq. Fərq heç bir müqayisəyə gəlmir.
Son dövrlərin ən müasir stadionu sayılan Londondakı "Emireyts Stedium" ("Arsenal" FK) 60ÿ355 tamaşaçı tutumuna malikdir və onun inşasına ümumilikdə 430 mln. avro xərclənib.
Ən fantastik stadion adını qazanan Münhendəki "Allians Arena"da 69ÿ901 tamaşaçı futbol izləyə bilər. Bu stadionun layihə dəyəri isə 280 mln. avrodur.
Londondakı "Uembli" stadionu isə dünyanın ən unikal və bahalı idman qurğularından biridir. 90 min tamaşaçı tutan stadion 475 mln. avroya başa gəlib.
Avropanın ən böyük stadionu olan "Kamp- Nou"da ("Barselona" FK) 99 min tamaşaçı eyni vaxtda oyun izləyə bilər. Bu möhtəşəm arenanın layihə dəyəri 250 mln. avrodur.
Rio-de-Janeyrodakı əfsanəvi "Marakana" stadionu dünyanın ən böyük idman arenasıdır və 87 min tamaşaçı tutur. Onun layihə dəyəri isə cəmi 286 mln. dollardır.
Bu stadionlardan ən bahalısı Sankt-Peterburq şəhərində tikiləcək. 69,501 tamaşaçı tutacaq stadionun layihə dəyəri 415 mln. dollardır. Digərlərinin inşasına çəkilən xərclər isə 160-235 mln. dollar civarında olacaq.
Cənubi Afrikanın ən bahalı stadionu isə Yohanesburqda yerləşir. "Sokker Siti" arenası 94ÿ700 tamaşaçı tutur və onun layihə dəyəri ümumilikdə 440 mln. dollardır. Stadionun inşası üçün yalnız emal edilmiş materiallardan istifadə edilib. Arena Cənubi Afrikanın milli simvolu olan saxsı qabı xatırladır və bütün qitənin təbiətinin müdafiəçisi kimi çıxış edir.
2022-ci ildə dünya çempionatına ev sahibliyi etmək hüququnu qazanan Qətər isə stadionların tikintisinə 4 mlrd. dollara yaxın vəsait xərcləməyi planlaşdırır. Bu vəsaitə isə nə az, nə çox, düz 10 stadionun tikintisi planlaşdırılır. Bu stadionların hamısı temperaturu 20 dərəcəyə qədər endirə bilən xüsusi mexanizmlərlə təchiz ediləcək.
Qubad Ibadoğlu: "Bu vəsaitlə təhsil və səhiyyə işçilərinin əmək haqqını 50 faiz qaldırmaq olar"
Göründüyü kimi, hətta bədxərc ərəb şeyxləri də ən müasir tipli stadionların tikintisinə Azərbaycandan xeyli az vəsait sərf edəcək. Bakıdakı yeni stadion dünyanın ən bahalı futbol arenasından iki dəfədən də çox, ən azı 550 mln. dollar baha olacaq.
Ölkənin səhiyyə büdcəsindən iki dəfə artıq olan və korrupsiyanın qurbanına çevriləcək bu vəsaiti hansı sahələrə xərcləmək olardı?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu hesab edir ki, bu pulla səhiyyə sahəsində işləyənlərin əmək haqqını iki dəfə artırmaq, eyni zamanda səhiyyə sahəsində pulsuz dərman təminatını yaxşılaşdırmaq, maddi-texniki bazasını gücləndirmək olar. Bu qədər vəsait kənd təsərrüfatının inkişafına yönəldilsə, nəticədə istehsala və qiymətlərə ciddi təsir göstərər.
Məmurların korrupsiya əməliyyatlarının qurbanına çevriləcək həmin vəsaitlə təhsil işçilərinin əmək haqqını 50 faiz qaldırmaq olar. Eyni zamanda sosial-müdafiə xərclərini iki dəfə yaxşılaşdırmaq, ünvanlı sosial yardıma ayrılan məbləği üç dəfə artırmaq mümkündür.
Azərbaycanın investisiya xərclərinə görə MDB-də birinci yer tutduğunu deyən ekspert büdcədən tikinti üçün ayrılan vəsaitlərin böyük hissəsinin mənimsənildiyini vurğuladı. Onu da qeyd edək ki, bu investisiyaların 86 faizini daxili investisiyalar təşkil edir. Bu da tikinti sahəsində korrupsiya hallarını genişləndirir.
| Paylaş: