')

Bu gün:


FutbolPress.Az | “FutbolPress” 4 ilə birlikdə... (YAZI)

“FutbolPress” 4 ilə birlikdə... (YAZI)


oxunma sayı: 816 Paylaş:

FutbolPresswww.futbolpress.az 2009-cu ilin 1 noyabrından onlayndı. Bu sayt oxucu üçün məlumat zənbilini ucuz məhsullarla doldurub “qonaq getmədi”, ona dəyərli, lazımlı olanları seçdi.

“FutbolPress” idman mətbuatında bayağılaşmanın, klub reklamlarından asılılığın vüsət aldığı vaxtda dörd illik fəaliyyətində örnək ola biləcək davranışlarından ən vacibini deyir – biz sayt açanda əvvəlcə klubların idman mətbuatında bu ünvana reklam obyekti kimi baxmamalı olduğunu aşıladıq. Klub prezidenti olurdu ki, zəng edib, açıqlama almaq istəyirdin, adamla ünsiyyətindən horra tökülürdü. Biz hələ hansısa klub prezidentinin, vitsesinin jurnalistə müraciət, ünsiyyət tərzinin necə olmalı olduğunu izah eləməyə çalışırdıq.

İndiki vaxtda hər gün biri açılıb, ikisi bağlanan saytlar səhərisi kluba zəng edir ki, reklam verin dəəə… Bu naşılıqdı, ayıbdı, olmaz belə. Jurnalist, KİV belə davranmamalıdı. “Ac qalaq bəs?” sualını isə sox gözünə, bəbəyini də böyüt, yaxşı görəsən… İdman mediası, jurnalistika ac qalmamaq üçün deyil, burda peşəkarlıq tələb edən yoxdusa, o demək deyil ki klub reklamının iyinə görə bura tökülüşmək mütləqdi. Tənqid obyektin futbol klubudu, sən o klubdan reklam istəsən, sabah o səndən qələminin dalını da, qabağını da istəyəcək... Belə olanda isə saytın işçisindən, rəhbərciyindən sırtıq sərçələr kimi reaksiyalar görməyə başlayacaqsan. Özünü haqlı sayacaq, göstərəcək, dürtüşdürəcək; dal-qabağını itirmişdən yaxşı nə gözləyəsən ki...

                                                                       ***        ***        ***

Əvvəlcə işləmək, bu işdə qatıq kimi olmadığını göstərmək lazımdı, sonra klub sənə reklam verər, hə, başqa məsələ, verməz, onda səndə alınmadı demək. Alınmadısa, dirənmək, sürtünmək olmaz, burası jurnalistikadı, qardaş, vallah belə davranmaq olmaz...

Başqa sektordan reklam gətirməksə, istəyirsən reytinqin kəllə-çarxa çıxsın, peşəkar iş qoy ortaya, xeyri yoxdu. Biz bu istiqamətdə ən vacib metodları da sınamışıq. Faydası yoxdu – inhisarda və nəzarətdə olan reklam bazarında müstəqil, gördüyünü senzurasız, iz azdırmadan yazan sayta reklam vermək yoxdu…

                                                                       ***        ***        ***

Maraq üçün davam edək. “Neftçi” 2 il 8 aydan sonra “FutbolPress”lə reklam əməkdaşlığına başladı. O zaman Sadıq Sadıqov bir neçə ay idi prezident gəlmişdi kluba və məhz onun təklifi ilə bizim saytla klub arasında reklam əməkdaşlığı başladı. Danışıq üçün klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu ilə əlaqə saxlamalı olduq. Həmin vaxt Elnurun bəzi vacib məqamlarda kifayət qədər peşəkar davrana bildiyini gördük. Söhbət məbləğ məsələsinə gələndə biz bunun klub tərəfindən təklif edilməyinin lazım olduğunu bildirmişdik. Ancaq Əşrəfoğlu "Neftçi"nin mediaya verdiyi reklamların məbləğləri barədə məlumat verəndən sonra rəqəmi bildirmişdik. Ondan sonra saytda klub haqda tənqidi yazılar davam etmişdi və bunların biri Əşrəfoğlunu qıcıqlandırmışdı. Tezliklə hər şey qaydasına düşmüşdü və o da bilmişdi ki, biz reklam üçün açılan saytlardan olsaydıq, 2 il yarımdan sonra reklam əməkdaşlığına başlamazdıq o klubla. Bizimçün reklamın lazım, amma vacib olmadığını klublara anlatmağımız üçün çox çətinliklər çəkmişik.

Və “Qarabağ” saytımıza 3 il 4 ay fəaliyyətdən sonra reklam təklif edib. Vəssalam. Bizim reklam əməkdaşlığı elədiyimiz klubların sayı bu 4 ildə cəmi 4 klub olub, onların da hamısı reklamı öz təşəbbüsüylə təklif edib. Lazım bilməyib təklif eləməyən o biri reklam verən klublara isə bu barədə indiyə qədər heç bir kəlmə də deyilməyib və bu, belə də olmalıydı…

Niyə bu qədər uzun müddətdən sonra reklam verilib? Açığı, bilmirik, ancaq dəqiq bildiyimiz odu ki, biz reklamı dolanışıq üçün yox, işi böyütmək və planda olan, ortaya çıxara bilmədiyimiz çox yeniliyi gerçəkləşdirməkçün istəyirik. İstəməklə olmur gördüyünüz kimi, klub özü istəyənə təklif edir. Örnəyin, “FutbolPress” fəaliyyətə başlayandan düz  8 ay sonra “Xəzər Lənkəran” reklam əməkdaşlığı təklif elədi. Üstündən 1 ay da keçdi, “Bakı” bizim sayta reklamı bərpa elədi. Həmin ərəfələrdə sayt az idi. Necə deyərlər, top yiyəsini tanıyırdı. İndi tanımır, ancaq tanımayıb nə kişmiş yeyəcək ki.. məsələ ondadı ki, klublar fərq qoymadan reklam paylayır, ona görə də saytlar çoxalıb. Çoxluq da paxlava püresi…

                                                                       ***         ***        ***

“FutbolPress” keçən ilin sentyabrında “Xəzər Lənkəran”la reklam əməkdaşlığına xitam verildiyi haqda məlumat verdi  və bu hadisə idman mediasında ilk idi. Klubun vitse-prezidenti Tuyqun Nadirov aradakı səmimiyyətdən sui-istifadə etmişdi. Əslində Nadirov icraçı idi, göstəriş Mais Mənsimov tərəfindən verilmişdi və elə onların hər ikisi “FutbolPress”in nə cür sayt olduğunu bilə-bilə belə davranışı anlaşılmaz olmuşdu. O cür davranışa biz tərəfdən belə reaksiyanın gələcəyini təxmin etməmələri arada xeyli anlaşılmazlıq yaratdı. Klub qəbul eləmək istəmirdi ki, ictimaiyyət “FutbolPress”in reklamdan imtina etdiyini bilsin… Həqiqətiysə hər kəs özlüyündə bilir.

Bu klubla reklam əməkdaşlığı bizə göstərdi ki, “FutbolPress” öz ampluasından çıxmalıdı, ona görə də biz ampluamızın dəyişməz olması üçün bu qərarı verməliydik. O hadisədən sonra saytımız nə geriyə gedib, nə çöküb. Əksinə, təzyiqlər çox olsa da, tutduğu yolla gedir.

“FutbolPress”in öz dəsti-xətti, mövzulara məxsusi yanaşması olub. Burada təsadüfi, oxucu marağından sui-istifadə, bilərəkdən azarkeş, oxucu mövqeyini yanlış istiqamətə yönəltmək cəhdlərini görməmisiz, görməyəcəksiz. “FutbolPress”ə pis hərəkətlər, sözlər, adlar çox qoyulub, ancaq zaman hər şeyi göstərib.

Bu sayt maddiyyatdan asılı olmadığını bu 4 ildə sizə göstərib. Bundan sonra da geridə qalan çətin, ağır, ancaq şərəfli illərə xəyanət edilməyəcəyindən əmin olun ki, saytımızı rahat oxuya biləsiz. Birdən sizi çaşdıran yazılar, xəbərlər olsa, tələsməyin, zaman.. dediyimiz kimi, zaman göstrəcək ki, biz nə demək istəyirdik və siz mütləq bizdən ən doğrusunu oxuduğunuzu sonunda görəcəksiz.

“FutbolPress” obyektivdi, bunu dəqiq deyə bilər. Qalan məsələləri isə bütün tərəfləri dindirməklə dəqiqləşdirir. Sizi eşitməyə və mövqeyinizi dərc eləməyə hazırıq – 4 yaşımız mübarək!

Elçin CƏLİLOV


oxunma sayı: 816 | Paylaş:




?>