')

Bu gün:


FutbolPress.Az | Baş əydiyim tər qoxusu (Esse)

Baş əydiyim tər qoxusu (Esse)


oxunma sayı: 2485 Paylaş:

FutbolPress(Firuz Abdulladan xəfif, yaşıl bir yazı)

...Anam təkcə onu saxladı. Boz, üzərində yaxından baxanda güclə sezilən qəhvəyi xətləri olan pencəyi. Təkcə onu vermədi məscidə. İndi də şifonerimizdə asılıb. Evin diri sakinlərinin paltarları ilə yanaşı. Bəlkə də dolabın qapısı hər dəfə açılanda 10 ildən çoxdu təmasını hiss eləmədiyi əlin yenidən ona toxunacağına, bu qaranlıq taxta məhbəsdən gün işığına çıxacağına ümid edir. Axı 10 ildən çoxdu görmədiyi sahibindən özünə nəsə hopdurub, özündə nəsə saxlamağı bacarıb...

Gecələr onunla eyni taleyi paylaşıb, gündüzlər, heç olmasa, havasını dəyişən bəxtəvər paltarlardan fərqli, hərdən ona doğru da bir əl uzanır. Amma asılqandan almaq üçün yox. Əl uzanır, yaxalığını özünə tərəf çəkir, başını qoltuğuna doğru uzadır. Bir neçə saniyəlik. Sonra dərindən köks ötürüb şifonerin qapısını bağlayır...

...O adam mənəm. O boz pencəyə doğru uzanan əl, qarşısında əyilən baş mənimdi...

...2002-ci ildi. İyunun 18-i. Həmin gün iki oyun vardı dünya çempionatında. Günortadan bir az keçmiş Türkiyə - Yaponiya, axşamçağı Cənubi Koreya - İtaliya. Birinci oyunun həyəcanı Azərbaycanda çoxları üçün başadüşüləndi, ikinci oyunun gərginliyi İtaliya azarkeşləri üçün. İkincilərdən bizim evdə ikisi vardı günün ikinci oyunu başlayanda. Oyundan təxminən 1 saat sonra biri qalacaqdı...

Hə, həmin gün dünya futbol tarixinin ən böyük rəzalətlərindən biri yaşandı. Hakim İtaliyanı uduzdurmaq üçün fitindən gələni elədi və nəhayət, elədiyini elədi. Koreyalıların ikinci - qaydalara görə qızıl - qolundan sonra atamla qəribə şəkildə baxışdıq. Son dəfə göz-gözə gəlirmişik. Bir az sonra məni son dəfə işə yola saldı - gecə növbəsinə. Təxminən bir saat sonra bir telefon zəngi ilə verilmiş dəhşətli xəbərin ağırlığı altında qayıtdım evə. Bu dəfə mən atamı yola salmaq üçün. Son dəfə...

...Ürəyi xəstə idi. İki infarktın ağrılı ağırlığı bir həssas ürək üçün yüngül yük deyildi. Harasa piyada gedəndə tez-tez təngnəfəs olurdu, özü demişkən, "sinəsi yanırdı", güclü tərləyirdi. O boz pencək adətən əynində olurdu. Sonuncu kostyumunun pencəyi idi. Anam bütün paltarlarını məscidə verdi. Bircə o pencəkdən savayı...

... Şəkillərin, videogörüntülərin qoxusu olmur. Baxırsan, görürsən, vəssalam. İtirdiyin kimsəni xatırladan daha artıq nəyəsə ehtiyacın olur. Təkcə səsə, görüntüyə yox...

...Hərdən hamının gözündən oğurlanıb şifonerin qapısını açıram. O boz pencəyin yaxalığını özümə tərəf çəkib başımı qoltuğuna doğru əyirəm. Oradan gələn tər qoxusunu ciyərlərimə çəkirəm. Atamın iyini alıram atamın pencəyindən. Sözün əsl mənasında. Amma çalışıram bunu görən olmasın, bu da bir dərd olmasın o itkinin ağrısını hər gün yaşayanlara.

...Bugünlərdə anam soruşdu ki, "bilirsən atanın o pencəyini niyə evdə saxladım?" Dinmədim, eləcə baxdım və özünün cavab verməyini gözlədim. Dedi ki, "o pencəkdən atanın iyi gəlir"...

P.S. Daha o şifonerin qapısının səsi gələndə həmin tərəfə baxmıram. O qapını məndən gizlin açanlar da var.


oxunma sayı: 2485 | Paylaş:




?>