')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN"IN STADİONU DƏYİŞİR? (MÜSAHİBƏ)

"XƏZƏR LƏNKƏRAN"IN STADİONU DƏYİŞİR? (MÜSAHİBƏ)


oxunma sayı: 605 Paylaş:

"Təbii meydança canlı orqanizmdi, o, insanı xatırladır"

"Xəzər Lənkəran" öz meydanını təkmilləşdirməyi planlaşdırır. Bununla əlaqədar klub meydanda aparılacaq yenidənqurma işlərinin dəyərləndirilməsi üçün bu sahədə Azərbaycanda yaxşı tanınan bolqar mütəxəssisi Borislav Kolevi işə cəlb edib. Borislav Kolev idman meydançaların tikilməsində ixtisaslanan "Bayk Plus Ltd" şirkətinin başçısıdı. Bu şirkət idman quruculuğunda 1995-ci ildən fəaliyyət göstərir. Azərbaycanda adı çəkilən şirkəti 2002-ci ildən tanıyırlar çünki məhz həmin ildə "Bayk Plus Ltd" Tofiq Bəhramov adına Respublika stadionunu tam şəkildə yenidən qurub. Bu barədə Borislav Kolev klubun rəsmi saytına müsahibə verib.

- Sizin Azərbaycana səfərinizin məqsədi nədir?
- Mən "Xəzər Lənkəran" futbol klubunun rəhbərliyi tərəfindən bu klubun mərkəzi və yardımçı meydançalarının vəziyyətilə tanış olmaq üçün dəvət olunmuşam. Tanış olub gördüyümü təhlil edəndən sonra mövcud olan problemlərin çözülməsi və vəziyyətin yaxşılaşdırılması üzrə təkliflərimi təqdim edəcəm.

- Gördüklərinizdən ilk təəssüratınız necə oldu?
- Burada yaradılan baza mənim çox xoşuma gəldi. Məncə bu, yüksək nailiyyətlər əldə etmək istiqamətində istənilən klubun atmalı olduğu ilk addımlardan biridi. Ancaq bununla birgə vəziyyətin daha da yaxşılaşdırılması üçün həmişə əlavə tədbirlər görməyə də imkan var. Yəni, təkmilləşdirmə fasiləsiz bir prosesdi, onun sonu olmur. Ancaq "Xəzər Lənkəran"ın yaratdığı bünövrə çox yaxşıdı.

- Siz idman meydançaların tikilməsi üzrə bir mütəxəssis kimi bizim futbol arenamızın vəziyyəti ilə tanış oldunuz. Hər hansı problem üzə çıxdımı? Və əgər problem varsa, o nə qədər ciddidi?
- Bəli, problemlər var. Onların arasında asan həll olunanlar da var, bir qədər çox zəhmət tələb edənlər də. Mən gördüklərimi təhlil edib təkliflərimi sizin klub rəhbərliyinə təqdim edəcəm. Ümumilikdə bildirməliyəm ki, problemlər meydançaların hamısında mövcüddu. Təbii meydança bərbad olduğu halda, yaxud orada yenidənqurma işləri aparıldığı vaxtda vəziyyəti sintetik meydança xilas edə bilər. Təbii meydança isə bir canlı orqanizmdi, o, insanı xatırladır. Yəni, əgər sən bu gün sağlamsansa sabah xəstələnə bilərsən, sonra isə müalicə olunub yenidən sağala da bilərsən, ölə də bilərsən. Odu ki, bunlar normal və həll olunan məsələlərdi. Əsas odu ki, yaranmış vəziyyətdə günahkar axtarmayaq, gələcəyə baxıb bu vəziyyətdən çıxış yollarını tapmaq lazımdı. Ən yaxşısı isə imkan daxilində qabaqlayıcı tədbirlər görüb problemlərin yaranma ehtimalını minimuma endirməkdi. Həll olunmayan problem yoxdu, hər bir çətin məsələni həll etmək olar.

- Ayrı sözlə desək, siz hesab edirsiniz ki, bizim klubda əlavə sintetik meydançanın olması məqsədəuyğun olar?
- Hər klubun çoxlu meydançaları olmalıdı. Məsələn "Real" Madrid klubunun 7 meydançası var, o cümlədən süni örtüklü. Və bunlar təkcə əsas komanda üçün yaradılıb. Bu klubun digər komandaları ayrı meydançalarda məşqlər və oyunlar keçirirlər. Adi klublarda isə tək əsas komandaların ən azı 2 meydançası olmalıdı. Belədə bir meydançanı ay ərzində istifadə etmək olar, digərini isə o biri ay üçün hazırlamaq lazımdı və beləliklə onlar bir birini tamamlayacaq. Bir daha təkrar edim ki, söhbət yalnız əsas komandadan gedir. O ki qaldı uşaq və yeniyetmə futboluna, onların hər birisinin öz meydançaları olmalıdı.

Sintetik meydançalar mövzusuna qayıdıram. Əgər klubun ikinci təbii meydançanın yaradılmasına imkanı yoxdursa, onda sintetik meydança salına bilər. Təbii meydançalardan fərqli olaraq sintetik meydança daha çox işlənə bilir. Onları sutkada 24 saat istismar etmək olur. Həm də belə meydançaların saxlanılmasına çox az vəsait tələb olunur. O ki qaldı onların keyfiyyətinə, onu deyə bilərəm ki, bu gün elə sintetik meydançalar mövcuddu ki, onlar 95% təbii meydançaya bənzəyirlər. Bundan başqa Azərbaycanda Avropanın hər yerində olduğu kimi, qış fəsli problemi var ki, bu zaman hava şəraiti pis olur, qazon da bitmir. Bu halda süni meydança əvəzedilməzdi, təbii meydança isə həmin ərəfədə dincəlir, özünə gəlir. Ona görə mən hesab edirəm ki, istənilən komanda ən azı bir sintetik meydançaya malik olmalıdı.

- "Xəzər Lənkəran" stadionundakı problemləri aradan qaldırmaq üçün nə qədər vaxt tələb olunur?
- Bu işi 3 mərhələyə bölmək olar. Birinci mərhələ sağlam qazonun bərpası və ot köklərinin artırılmasından ibarətdi. Bunu bir aya etmək olar. Sonra 40-60 günə suyun meydan üzərində qalması və süzülməməsi problemini aradan qaldırmaq mümkündü. Üçüncü mərhələ isə qazonun yay fəslində gün altında yanması probleminin həllidi. Bunun üçün meydançadakı otun istiyə dözümlülüyünü artırmaq üçün bir üsul fikirləşmək gərəkdi.


oxunma sayı: 605 | Paylaş:




?>