HAKİMLƏRƏ TİBBİ MÜAYİNƏ NİYƏ ÖDƏNİŞLİ OLDU?
Paylaş:
"FutbolPress" AFFA-da daha bir maxinasiyanın üstünü açır! Son illər Azərbaycan futbolunda "üzdə bəzək altda təzək" məntiqli inkişaf tədbirləri vüsət alıb, xeyli iş görülüb. Sayıb, qanınızı qaraltmaq istəmirik, bilirik başınız Misirdəki üsyana qarışıb, tamaşa edirsiz... Ancaq birini mütləq qeyd eləməliyik, çünki ortada yenə pul yeyintisi faktı var. Məlumatlı mənbənin verdiyi xəbərə görə, Xaqani Məmmədovun üzdə, Ramin Musayevin isə pərdəarxasında "idarə" etdiyi Hakimlər Komitəsi Premyer Liqa və I divizionda ədalət fiti çalan hakimlərin tibbi müayinəsini ödənişli formata keçiriblər. Özü də "Modern Hospital"da - hər hakimə görə müayinə üçün ödəniş qiyməti 500 AZN! Hansı hospital ki onun AFFA prezidenti Rövnəq Abdullayevə məxsus olduğunu ilk yazan "FutbolPress" deyil. Premyer Liqanın payına təxminən 70, I diviziona isə 60 hakim, bərabərdi 130 hakim. Bu qədər hakimin isə bir dəfəyə müayinəsini 500 manatdan hesablasaq, o da bərabərdi 65000 AZN. Bu "ənənə" isə hələ ötən ildən qoyulubmuş... Müəyyən araşdırmamızdan sonra məlum oldu ki, bundan əvvəl hakimlər Gənclər və İdman Nazirliyinin nəzdində olan hospitalda pulsuz müayinə olunurmuşlar. Ortaya suallar çıxır: niyə ödənişli müayinə formasını seçdilər? Niyə məhz "Modern hospital"? Və ya doğrudanmı nazirliyin nəzdindəki hospitalda müayinənin keyfiyyəti HK-nı, yaxud AFFA-nı razı salmayıb? Bu cür paradoks məqamlara aydınlıq gətirmək lazımdı. Suallara cavab vermək istəyən qarşı tərəfin rəyini dərc edəcəyimizə özləri də inanırlar, ancaq cavab versələr...
| Paylaş: