')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədovun maliyyə fırıldaqları (III YAZI)

Elxan Məmmədovun maliyyə fırıldaqları (III YAZI)


oxunma sayı: 2482 Paylaş:

FutbolPressRamin Musayevin “Ambassador çekləri” adlandırdığımız çek əhvalatları “FutbolPress” oxucularına yaxşı tanışdı. 2011-ci ildə Peşəkar Futbol Liqası (PFL) prezidentinin AFFA-nın hesabından ödədiyi və şəxsi məsələləri üçün xərclədiyi 60 ədəd çeki dərc eləmişdik. Həmin çeklərin hər birində azı 150 manat olmaqla “Ambassador” oteldə 2 nəfərlik otaq götürüldüyü göstərilmişdi. Sənədlərdə 1 günlük götürülən otaqda “Pay TV”yə (Erotik kanal) baxıldığı, otağa viski, kola və s. sifariş edildiyi, əksər vaxt otaqda tam gün yox, bir neçə saat vaxt keçirildiyini göstərən məlumatlar var idi. Araşdırmalarımız, ekspert rəyləri nəticəsində məlum olmuşdu ki, çeklər saxta deyil və pullar AFFA-nın hesabından nəğd ödənib.

Biz həmin vaxt bu çekləri təhlil edib, Musayevin oteldə eyş-işrətlə məşğul olub, pulun AFFA-dan ödəndiyini bildirsək də, o, bunu əsassız ittiham saymışdı.

Hər halda, həmin ərəfədə AFFA prezidenti Rövnəq Abdullayevin ARDNŞ-dən audit təyin edib, assosiasiyada maliyyə yoxlamaları aparmaq göstərişi ortaya xeyli qaranlıq məqamlar çıxarmışdı. Maliyyə şöbəsində olan işçilərin, rəhbər Yusif Həmidov başda  olmaqla qovulmasıyla nəticələnən audit yoxlamaları deyəsən, Abdullayevə görk olmayıb...

                                                                        ***        ***        ***

“FutbolPress”in AFFA-nın baş katibi, prezident Rövnəq Abdullayevdən sonra de-fakto qurumun ən səlahiyyətli şəxsi olan Elxan Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyi haqda apardığı araşdırmalar davam edir.

Buna qədər sizə iki məqalədə ezamiyyə təyinatlarında yol verilən pozuntular haqda məlumat vermişik. AFFA-da maliyyə təqdimatlarını imzalayan, texniki heyətin maaşları, təşkilati işlər və s. məsələrdə bütün xırda və böyük maliyyə təyinatlarına cavadehlik səlahiyəti daşıyan Məmmədovun bu imkandan kifayət qədər sui-istifadə etdiyinə aid məlumatlar çoxdu.

“Ambassador çekləri” ictimai rezonans doğuranda AFFA-da daxili auditin aparılması əmri verilir və həmin vaxt üstü açılan, ancaq ətrafa çıxarılmayan çox sayda pozuntular aşkarlanır.

Onlardan biri bizə məlumdu – ikili kartlar. Audit müəyyənləşdirir ki, Azərbaycan Beynəlxalq Bankında (ABB) hakimlərin adına ikili kartlar mövcuddu. Bildirək ki, AFFA pul əməliyyatlarını ABB vasitəsiylə aparır...

İkili kartlar haqda araşdırma başlanılır və həmin vaxt 11 hakimdən izahat alınır. Onlardan Fariz Yusifov, Munis Abdullayev, Elçin Məmmədov, Vüsal Əliyev və adını dəqiqləşdirə bilmədiyimiz digərləri izahatda özlərində yalnız 1 kartın olduğunu və ikinci kartdan xəbərsiz olduqlarını bildirirlər.

Bu nə deməkdi? Hakimlərin oyuna təyinat qonorarı 750 manatdı, ay ərzində məsələn, 2 tur təyinat alırsa, bu 1500 manat eləyir. Araşdırma aşkarlayır ki, bu 1500 iki dəfə çıxır ABB-dən. Hara?

Bunu isə yalnız Yusif Həmidov və Elxan Məmmədov bilirmiş. İkinci kartlar Həmidovda olduğuna görə Rövnəq Abdullayevin xüsusi təyin elədiyi auditora problemin ona aid olduğunu inandıra bilir. Ona görə də zərbə Məmmədova yox, Həmidova dəyir. Ondan sonra assoiasiyanın daha bir məsul mühasibi Kəmalə Süleymanova da işdən çıxır.

Beləliklə, “FutbolPress”in ortaya çıxardığı “Ambassador çekləri” olayında Ramin Musayev və Elxan Məmmədov zərərsiz ötüşə bilirlər, zərbə isə əsas işçi qüvvələrinə, mühasibatlıqda köhnə kadrlara dəyir...

                                                                       ***        ***        ***  

Elxan Məmmədovun atası Səhlab Məmmədov mərkəzi rəsm qalereyalarından birinə rəhbərlik edir, qardaşı Emin Məmmədov isə “Landmark”ın direktorlarındandı.

Azərbaycana gələn futbol qonaqlarının “Landmark”da qonaqlanması məqamı sizə nə deyir? Xüsusən, aşağı yaş qrupları üzrə baş məşqçi gətirilən digər alman Bernard Lippert və aşağı yaş qrupları üzrə qızlardan ibarət futbol yığmasının baş məşqçisi Sissi Rayt uzun müddətdi  gündəlik 200 manatlıq “Landmark”da qalırlar. Sissi istefaya göndəriləndən sonra  yerinə təyin olunan ispan Patrisia Qonzales də orda qalır.

Niyə məhz “Landmark”da? Mütləq vacibdimi? Yoxsa Elxan Məmmədov qardaşıyla birlikdə “Landmark”a köçürülən AFFA pullarından yaxşı məbləğ mənimsəyirlər? Təəccüblü gəlməsin...

Bakının ən mərkəzi yerlərindən birində günü 80-100 manat arası ev kirayələmək olar, “Landmark”da bu məşqçilərin yerləşdirilməsi çox vacibdi? Yaxud AFFA-ya gələn xarici qonaqların orada məskunlaşması haqda qəti qərarı kim verib?

Atası Səhlab Məmmədovun rəhbərlik elədiyi rəsm qalereyası hazırkı AFFA loqotipini hazırlayıb. 2010-cu ilin 5 martında tender elan olunur və “Buta” İncəsənət Mərkəzi qalib seçilir. Loqotipi həmin mərkəz düzəldir. Heç də birmənalı qarşılanmayan bu loqotip haqda araşdırıb aydınlaşdırmışıq ki, 20 min manat qonorar ödənilib.

Bu, nə kiçik, nə orta maliyyə inhisarıdı, bu, sadəcə, monopoliyadı. Və bu qədər rahat formada əl-qol açıb hərəkət eləyən Elxan Məmmədovun işini araşdırmağa səbəb varmı, yoxmu...

Ümumiyyətlə, bu qədər özbaşınalığın, maliyyə dağıntısının əsas səbəblərindən biri də AFFA-da bütün maliyyə təqdimatlarına son qərar hüququnun məhz Məmmədova verilməsidi...

                                                                        ***        ***        ***

AFFA-nın nəzdində olan stadionlarda dizel generatorları qoşulub, bütün gün işləyir. Bunu bilməkçün təkcə “Bayıl Arena”nı gün boyu  bir neçə dəqiqə müşahidə eləməyə dəyər. Bu qədər israfçılığa nə ehtiyac var? Bu qədər dizel sərfiyyatı üçün ayrılan məbləğ kimin cibinə axır?

(Ardı var)

Elçin CƏLİLOV


oxunma sayı: 2482 | Paylaş:




?>