')

Bu gün:


FutbolPress.Az | Elxan  Məmmədovun ezamiyyə xərclərindəki fırıldaqları (ARAŞDIRMA)

Elxan  Məmmədovun ezamiyyə xərclərindəki fırıldaqları (ARAŞDIRMA)


oxunma sayı: 1636 Paylaş:

FutbolPressAzərbaycan Futbol Federasiyaları Assosiasiyası  (AFFA) ictimai  təşkilatdı. Büdcəsi rəsmən açıqlanmayıb, ancaq 20-25 milyon manat olduğu bilinir.

Bu büdcə necə formalaşır, hansı gəlir və dotasiyalardan əmələ gəlir – bu da hərtərəfli açıqlanmayıb, bilinmir.

Assosiasiyanın əsas sponsorları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), “Hundai”, “Access” bankdı.

Məlumdu ki, 2005-2015-ci illərdə futbolun inkişafını nəzərdə tutan Dövlət Proqramı da var. Həmin proqram çərçivəsində dövlətdən AFFA hesabına maliyyə ayrılır və bunun da məbləği açıqlanmayıb. Dolayısıyla, qurumun əsasən Neft Fondundan olmaqla dövlət büdcəsindən maliyyələşdiyini bildirmək olar.

Əsas bildirmək istədiyimiz isə AFFA-nın büdcəsinin nə cür məsrəf edilməsidi. İllik və ya rüblük açıqlamaların ictimaiyyətə çıxarılmaması anormaldı. Nadir hallarda açıqlanır, onda da problemli, ya da əhatəsiz…

Qurumun baş katibi Elxan Məmmədovun məsrəf kağızlarına imza qoymaq səlahiyyəti var. Onun imzası olmasa, AFFA-nın texniki və yaradıcı işçiləri maaş ala və s. pul götürə bilməz.

                                                                       ***        ***        ***

“FutbolPress”in apardığı  araşdırmada xeyli suallar yaranıb, bunu müzakirəyə çıxarırıq.

Məsələn, ölkə çempionatında hakimlərin təyinatına assosiasiyadan ödənən ezamiyyə xərclərindəki anormallıq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında qanununda bildirilir ki, Bakıdan bölgələrə ezamiyyə xərcinin 1 günlük məsrəfi 45 manatdı. Bu məqama ətraflı diqqət yetirək:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdı.

2. Ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

3. Xərclərə mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildi.

4. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir (çeklər).

Ezamiyyə şərtləri haqda qanunun göstəriciləriylə tanış olduq.

Bəs təyinat alan hakimlərə nə qədər ezamiyyə xərci verilir?

10-15 hakimdən müəyyənləşdirmişik ki, onlar ezamiyyə üçün günü 20-25 manatdan alırlar. Yəni, məsələn, Lənkərana təyinat almış hakimlər briqadası (6 nəfər) hər nəfərə görə, qanunla, gününə 45 manat almalıdı. Ancaq Elxan Məmmədov cəmi 25 manatlıq təqdimata qol çəkir. Məsafəyə görə, Lənkərana təyinat 3 gün olmalıdı. Bu da 1 nəfərçün 135 manatdı. Ancaq əslində 75 manat ödənir. Bəs yerdə qalan, qanunla ödənməli olan 60 manat hara gedir? Belə çıxır ki, Premyer Liqa oyunlarına 6 nəfərlik briqadanın bir Lənkəran təyinatından 360 manat mənimsənilir. Bildirək ki, I Divizion və digər yaş qruplarına aid liqalara isə 4 nəfərlik briqadalar təyin edilir. Təkcə Premyer Liqada hər tur 5 oyun olur. Hesablamalar aparsaq, bir mövsümün sonuna qədər təkcə bir çempionata hakim təyinatlarından 15-20 min manat arası pul mənimsənilir.

Adının  açıqlanmasını istəməyən məlumatlı mənbələr (hakimlər) bildirdi ki, ezamiyyədə əlavə xərclərə aid çeklər isə adətən, faydasız qalır. Yəni qanunda göstərildiyi kimi, tutalım, təyinat yerində taksidən istifadə edilibsə, restoranda yemək yeyilibsə, əksər vaxt bu xərcləri öz hesablarına çəkirlər. Onda belə sual yaranır, niyə bu qədər hakim indiyə qədər bir dəfə bu qanun pozuntusuna etiraz edib, haqqını tələb eləməyib?

Səbəb sadədi, yalnız baş katib Elxan Məmmədovun səlahiyyətindədi xərclərə aid təqdimatlara qol çəkmək. Etiraz edərsənsə, problem yaranar... Səlahiyyət monopoliyasından sui-istifadə halı.

                                                                       ***        ***        ***

Görəsən, bu hallardan AFFA prezidenti Rövnəq Abdullayev xəbərsizdimi?

Bununla bağlı növbəti araşdırma məqaləmizdə daha ətraflı müzakirə açacağıq. Hələliksə, təqdim edilən bu məlumatlar ətrafında AFFA-nın, qanun pozuntusunda birbaşa iştirakçı görünən Elxan Məmmədovun mövqeyini dərc eləməyə hazırıq. Hərçənd, bundan əvvəl, dəfələrlə Məmmədovun özüylə əlaqə saxlasaq da, ya “İndi vacib işim var, sizinlə əlaqə saxlayaram” deyib, əlaqə saxlamayıb və hətta axtarışlarımızı cavabsız qoyub, ya da AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu hər dəfə Məmmədovun ölkədə olmadığını deyib. Qurumun sözçüsü heç vaxt media ilə səlahiyyətli şəxs arasında məlumat almaq hüququnu yerinə yetirməkçün nə təşəbbüskar olub, nə də ümumiyyətlə, vəzifəsinin öhdəsindən gələ bilib...

(Ardı var)

Elçin CƏLİLOV


oxunma sayı: 1636 | Paylaş:




?>