')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədovun əndirabadi çıxışı (YAZI)

Elxan Məmmədovun əndirabadi çıxışı (YAZI)


oxunma sayı: 1401 Paylaş:

FutbolPressLənkərandakı “Böyük oyun”a getmək fikrim yox idi, ancaq nə yaxşı getdim və nə yaxşı ki, özümlə kameranı da götürdüm. Oyun vaxtı və fasilədə yaşanan gərginlikləri anbaan lentə alan “FutbolPress” ümumi mənzərəni canlandırmağa çalışdı.

Bəllidi ki, bu iki əzəli rəqib arasında oyun  gərgin keçir, azarkeş də min qat gərgin olur. Əslində futbolun gözəlliyi budu – azarkeş çılğınlığıdı deyib, üstündən adlamaq da çıxış yolu deyil bəzən...

Oyunda həbs olunan 20-ə qədər azarkeşin hansının hansı təqsir üzündən tutulması hələ bəlli olmamış, hüquqi qaydada izahat alınmamış AFFA-nın baş katibi Elxan Məmmədov ANS TV-dəki çıxışında ağzına gələni danışıb.

“Təəssüf ki, stadiona partlayıcı maddələr də keçirilmişdi. Bu hadisə ilə əlaqədar olaraq 4 nəfər saxlanılıb. Baxsanız görərsiniz ki, onların çoxu Lənkəranda qeydiyyatda deyillər. Belə çıxır ki, onlar stadiona məhz iğtişaş törətmək üçün gəlmişdilər. Biz klublar qarşısında belə bir tələb qoymaq fikrindəyik ki, orda bir menecer məhz azarkeşlərlə işləsin. Problem yaradan azarkeşləri müəyyənləşdirmək mümkündü”.

Bu nə sitatdı?! Hardan tutub, AFFA-nın baş katibi qayırıblar bu şəxsi?

Əvvəla hadisə deyəndə nəyi nəzərdə tutduğunu qeyd eləməyib. İkincisi, 4 nəfər yox, 20-ə yaxın azarkeş saxlanılıb. Bu da o deməkdi ki, mümkünsə, qlamur, bər-bəzəkli görünməkçün danışmaqdan bezmək lazımdı. Məlumatı olmadığı hadisədən insanın bu qədər yalan danışması qədər həyasız məqam yoxdu. Hələ bildirir ki, klublar qarşısında azarkeşlərlə işləyəcək menecer tələbi qoymaq fikrimiz var.

Biz “FutbolPress” olaraq, azı 2 ildi bu ideyayla çıxış edəndə futboldan bixəbər, Elşad Nəsirovun himayəsiylə AFFA-da katibbaşı olan bu şəxs və başqa məsuliyyət daşıyanlar hara baxırdı? Bundan başqa, sizin klublar qarşısında şərt qoymağa hünəriniz çatmaz. Çünki klubların məhz sizə, Elxan Məmmədov, heç bir borcu yoxdu. O klubların sizin hakimqarışıq leş günündə olan idarəçiliyinizə heç bir borcu-filanı yoxdu ki, belə tonla çıxış edəsiz.


Deyir o azarkeşlərin çoxu Lənkəranda qeydiyyatda deyil?! Bu nə yanaşmadı? Bu nə məntiqdi? Əgər Lənkəran stadionuna başqa rayondan gələn olsa, onda onun iğtişaş törətməkçün gəldiyini icad eləyəcəksiz?

Məsələn, bir Eliko (Elman) Ləzginçik adlı azarkeş var, "facebook"da məşhurdu XL fanatı kimi. O adam Qusardan Lənkərana gedir oyuna baxmağa. Rahid Əmirquliyevə görə. Dünən o da tutulub. Sizin yanaşmanızla Eliko "üçüncü qüvvədi?" Sizin qüvvəniz nə bərbad imiş, məntiqiniz nə çürük imiş - bu qədərini bilmirdik daha...

Yaxşı idarəçi odu ki, problem olmazdan qabaq tədbir görsün. Ancaq siz dəfələrlə olan həngamələrdən sonra hünərli imiclə tələbfason çıxışlar edirsiz. Mümkünsə yerinizdə oturun. Mümkün deyilsə, onda cəsarətli çıxışlar sizin mahiyyətinizə uyğun deyil, bunu anlamaq sadədi...

Təkrar: klub himayəçilərinin heç birinin sizin idarəçiliyinizlə AFFA-nın əndirabadi qaydalarına tabe olmaq məcburiyyəti yoxdu. Belə yaxşı idarəçi idizsə, qadınlardan ibarət yığmanın lipa qalmaqalından dağılmağına, QFF-nin buraxılmasına səbəb olmazdız. Bundan başqa, “Sumqayıt”ın Elşad Nəsirovun “xaç atası” nəzarətiylə himayəsinə əsməzdiz. Siz gedin futboldakı pul yeyintisinə başınızı qatın. “Böyük oyun”dakı azarkeş gərginliyinə yekə-yekə qiymət vermək sizin ölçünüzə, çəkinizə görə deyil.

Siz və AFFA-nın başqa idarəçiləri yerində xumarlananda jurnalistlər gərginliyin yaşandığı sektorlarda müşahidə aparırdı, çəkiliş edirdi. Ədalətli yazarlar yazılarında gördükləri, şahidi olduqları məqamları bir-bir vurğulayıb. Məlum olan odu ki, oyunda dava, insident yaşanmayıb. XL azarkeşlərinə məxsus iki sektorda “Neftçi”nin stadiona təşrif buyuran azarkeşlərinə qarşı aqressiya yarandı və bu, gözlənilən idi. Bunu rəqiblərin hər iki tərəfi etiraf edər. Səbəbsiz deyildi bu gərginlik və tutlanlar da səbəbsiz tutulmayıb. Stadionda rəqib azarkeşlərin bir-birinə atdığı əşyalar haqdaysa araşdırma aparılmalıdı. Necə keçirilib stadiona bu alətlər? Məlum məsələdi, hüquq-mühafizə orqanları saxlanılanlardan hüquqi müstəvidə, aidiyyatı arayışları görüb, izahatlar alıb, lazımdısa azad edilənləri azad edəcəklər, cinayət tərkibli davranış edənlərəysə hüquqi cəzalar tətbiq olunacaq. Ancaq hələ heç bir hüquqi prosedur olmamış sizin efirdə çıxışınızda idarəçi etikası bir yana, heç küçə etikası da sezilmir.

Sitat: “...Futbolun inkişaf etməsini istəyirik. Bunun üçün də insanların stadionlara gəlməsi lazımdır. Lakin hadisələr təkrarlansa, o zaman klubların səfər görüşlərinə azarkeş aparmasına qadağa qoyacağıq”.

Klubların səfər görüşlərinə azarkeş aparmasına qadağa? AFFA-ya, konkret Elxan Məmmədova belə səlahiyyəti kim verib? AFFA ictimai orqandı, hansı hüquq əsasla buna qadağa qoya bilər?

Yuxarıda və bundan əvvəl aidiyyatı mövzularda dəfələrlə qeyd elədiyimiz kimi, Rövnəq Abdullayevin yoxluğunda baş katib kimi idarəçilik funksiyasını üzərinə götürən bu şəxsin futbola aid danışdıqlarının hər üçündən ikisi səhvdi. Üstəlik gərgin atmosferdə keçən bir qarşılaşmanın yaratdığı problemləri sükunətə çəkib həllinə çalışmaqdansa, ortalığa hoppanıb əmr formalı çıxışlar eləməyə baxın... Bu da adlanır idarəçi...

Azərbaycan futbolunun belə idarəçiləri olduqca sizin “Böyük oyun”unuz da olmayacaq, futbolunuz da...

Üstəlik Elxan Məmmədov deyib ki, oyunda “Molotov kokteyli” atılıb? Fikir verməyin, bu adam bilmədən indiyə qədər çox dəxlisiz şeylər danışıb, bu da növbətisi. Heç bəlkə də o kokteylin nə cür və nədən ibarət olduğunu da bilmir...

Elçin CƏLİLOV


oxunma sayı: 1401 | Paylaş:




?>