')

Bu gün:


FutbolPress.Az | Yenə azarkeşlərlə görüş?! (YAZI)

Yenə azarkeşlərlə görüş?! (YAZI)


oxunma sayı: 1416 Paylaş:

FutbolPress“Xəzər Lənkəran” – “Makkabi” (0:8) faciəsindən sonra ölkə futbolunda ən böyük azarkeş buntu yaşanmaqdadı. Xeyli XL tərəfdarı sosial şəbəkələrdə son güzəşt “akkordlarını” da heçə verən komandanın və klubun silkələnməsi üçün ayağa qalxıb.

Dünən Lənkəran Şəhər Stadionu qarşısında rüsvayçı nəticəyə görə etiraz aksiyası keçirməkçün toplaşan azarkeşlər polis və mülki geyimli şəxslərin müdaxiləsiylə etiraza başlamamış dağıdıldılar. Onlardan 5 nəfəri saxlanıldı, aralarında hadisələri işıqlandırmağa çalışan saytımızın əməkdaşı Elvin Cəbiyev də tutulmuşdu. Bir azarkeşə fiziki təzyiq göstərilib və polis bölməsinə çatanda üst-başı qanlı olub.

                                                                                                    ***      ***      ***

Medianın hadisəni diqqətdə saxlaması və prosesin gedişatıyla maraqlanması saxlanılanların həmin gün buraxılmasına səbəb olan amillərdəndi.

Uzun sürən uğursuzluğun 0:8-lik faciəylə nəticələnməsindən qəzəblənən tərəfdarlar bunula kifayətlənmək niyyətində deyil. “Facebook”da müxtəlif azarkeş səhifələrində analoji aksiyanın Bakıda da keçiriləcəyi haqda məlumat yayıblar.

Proses kütləvi hal almaqdadı, ancaq qarşısının alınması istiqamətində də işlər görülür.

Bu məqamda heyrət doğuracaq daha bir addım klub tərəfindən atılır. Yenə fan-klublarla, etirazı olan azarkeşlərlə görüş planı hazırlanır.

Bu o görüşlərdəndi ki, əvvəla heç də etirazı olan azarkeş kütləsinin müxtəlif kontingenti dəvət edilmir. Belə görüşlərin sayı indiyə qədər 10-dan çox olub. Ancaq ən azı görüşə gedən və ya getməyib prosesi kənardan izləyən tərəfdarlar artıq bilirlər və əmindilər ki, bu görüşlərin nəticələri ciddi dəyişiklərə səbəb olmur. Bir növ, klub rəhbərliyinin azarkeşlərlə belə görüşlərindən sonra adətən kosmetik dəyişiklər olur. 1 ildən çoxdu uğursuzluğa yuvarlanan və getdikcə ciddi böhrana düşən klubda isə islahatlar aparılmır.

                                                                 ***      ***      ***

İndi yenə azarkeşləri görüşə çağırıb, emosiyaların yatırılmasına nail olmaq istəyən rəhbərlik və bu işdə təşəbbüskar olan klub idarəçiləri “yalan limitini” doldurublar. “Facebook”da əlindən gələni eləməyə çalışırlar ki, etirazçı, narazı azarkeşlərin emosiyaları yatırılsın.

İndi azarkeş rəhbərliyin - “Bizim haqqımızda yazanlar və sizi etiraza çağıran saytlar “Neftçi”dən sifariş alır”, kimi təhrikedici ifadələrə inanmır. Azarkeş zamanla görür və gördü ki, ən azı “FutbolPress” olaraq XL haqda ən sərt mövqelərdən birini ortaya qoyan sayt haranınsa sifarişini yerinə yetirmir, sadəcə, iddialarımız, yazdıqlarımız həqiqətdə əksini tapır. Təəssüf ki, media olaraq bundan artığına səlahiyətimiz çatmır...

Sevindirici haldı ki, axırıncı rüsvayçılıqdan sonra böyük bir azarkeş ordusu artıq rəhbərliyin məkrli sözlərinə inanmır.

Azarkeşlərin stadionda istənilən şüarı səsləndirməyə haqqı var. Xüsusən komanda , 6, 7, 8-ci qolları buraxanda əsəbi aurada kütlənin səsləndirdiyi istənilən şüar çox normal sayılmalıdı. Bunu dünya futbolundan anlayışı olanlar bilər. Odu ki, azarkeşi hansısa çağırışlar eləməkdə suçlayıb, sonra “saxta nəvazişlə” yanına çəkmək planı üzərində işləyən rəhbərlik anlamalıdı ki, çıxış yolu bu deyil. XL artıq tarixinə düşən ləkəni özü də görür. Belə məqamda hansısa futbolçuların “torba tikmək” adıyla komandadan qovulması tamamilə boş söhbətdi. Bunu hələ Rednikin “Neftçi”ylə 5:0-lıq oyundan əvvəl dəfələrlə yazan və açıq bəyan eləyən “FutbolPress” bildirir – bir daha vurğulamağa ehtiyac duyuruq, bu, rəhbərliyin işi bilməməyindən irəli gəlir.

“Torba” Rednikə tikilmişdi, səmimi və klubun uğurlarını istəyən klub rəhbərliyi məhz onda tərpənməliydi və xarakter göstərməliydi. Ancaq tam əksi oldu, Rednik və bir neçə futboçu göndərildi. Yenə futbolçular qovulur. Bilirsiz niyə? Çünki yeni futbolçuların transferi yeni “qazanc” deməkdi... Biz həmin ərəfələrdə quyunun dibinə dartılan XL-in hansı futbolçu və məşqçilərdən imtina eləməli olduğunu, hansı islahatlar aparıb sistemli və kompakt klub modeli yaratmağa başlaya biləcəyini bildirmişdik. Rəhbərlik bunları eləmədi. Niyə məhz indi düşünülür ki, guya hansısa futbolçular təşkil eləyiblər bu faciəni? Qətiyyən elə deyil. Bu sadəcə süni, ancaq açıq manipulyasiyadı...

“Xəzər Lənkəran”da rəhbərlik komandaya nəzarət sistemini hələ də formalaşdıra bilməyib. Çox asan bir sistemi qurmamaqda isə maraqlı olan qüvvələr var. Biz vitse-prezident Tuyqun Nadirovun klubda nələrin necə həll olunmalı olduğunu qismən bildiyini düşünürük. Ancaq heç vaxt zərbənin hardan gəldiyini bilməyəcək Mais Mənsimova doğru yolu göstərmədiyini, yaxud bunu istəmədiyini də çoxdan bilmişik. Bu da XL-in uğursuz komanda olmasını arzulamış futbol çinovniklərinin kluba barmaq uzatması nəticəsində baş verib. Uzun illər bu barmaqları geri çevirə bilən XL niyəsə son ildə bunu istəmədi. Mais Mənsimov bunu hələ də bilmir. Ancaq inadkarlıq eləyib, bildiyini göstərməyə çalışır.

Yersiz inadkarlıq faciəyə səbəb olur və şəxsin nüfuzunu gözdən salır. Səmimiyyət və normal təşəbbüs isə problemdən ən qısa çıxış yoludu - həm də ölkənin ən böyük fanat ordusunun əzəmətli dəstəyini, sevgisini qazanmağın yolu...

Elçin CƏLİLOV


oxunma sayı: 1416 | Paylaş:




?>