')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov "gəncliyini" başa vurubmu? (Rövnəq Abdullayevə sual)

Qurban Qurbanov "gəncliyini" başa vurubmu? (Rövnəq Abdullayevə sual)


oxunma sayı: 1895 Paylaş:

FutbolPressÖtən mövsüm avrokuboklardan kənar qalmağın gətirdiyi qara sükutun bu il ələ düşən şansla artıqlamasıyla unutdurulması mümkündü – “Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsində “Pyast”ı (Polşa) məğlub yola saldı.

Qurban Qurbanovsa adətinə ehtiyatlı və praqmatik danışmağıyla xilaf çıxmır. Oyunsonrası mətbuat konfransında Qurbanov dedi ki, indiyə qədər belə kompakt, sistemli oynayan və gözlənilməz həmlələr eləyən rəqiblə oynamamışdılar. Hər halda “Tvente”, “Brügge” kimi təcrübəlilərlə bərabər qoymadığını etiraf eləyər, ancaq “Pyast”ın məğlub olmasına baxmayaraq deyilən qədər olduğunu gördük…

Qurbanov bunaqədərki konfranslardan fərqli, bu dəfə xeyli açıq danışdı: “Rəqibin çox oyununa baxmışdım, təxminən izlədiyimiz və təhlil elədiyimiz kimi gördük. Ancaq onlara qarşı oyun qurmaq çox çətindi. Oyun üslubları çox fərqlidi. Minimalhesablı qələbədi, bu da o deməkdi ki, səfərdə maksimum güc sərf eləməliyik. Uduza da bilərdik, ancaq oyunçularım əsl xarakter göstərdilər, hər kəs öz mövqeyində demək olar sona qədər vuruşdu. Məhz bunun sayəsində rəqibin öz imkanlarından tam istifadə eləməyinə mane olduq. Cavab oyununda ilk tapşırığım aqressiv oyun olacaq. Onlar sərt oynayırlar və buna qarşı yalnız eyni təzyiqdə müqavimət göstərməklə nəsə qazanmaq olar. Mərhələni keçəcəyimizə inanıram”.

Qurbanov adətən, mərhələ keçmək, oyunçu transferi və s. məsələlərdə konkret, lakonik danışan deyil, çalışır daha ətraflı fikir bildirsin və maksimum bir yox, bir neçə versiya bildirsin. Bu dəfə iddia özünü göstərdi. O, konkret konturlar bildirirdi – aqressiv oynamalıyıq və s.

Baş məşqçi adətən oyunun gedişatını “oxumaq” və əvəzetmələriylə gedişata təsirini göstərməyinə görə seçilir. Bu baxımdan Azərbaycanda ötən mövsüm ən çox Sxadadze fərqləndi. Son turlarda Böyükağa Hacıyevin də “nöqtə qoyan” əvəzetmələri, xüsusən bunları elə Sxadadzenin komandasıyla oyunlarda eləməsi onu önə çıxarmışdı. Qurbanovunsa oyunçu dəyişməklə oyunu dəyişməyi az gözə çarpırdı adətən… Ümumiyyətlə, Qurbanovun sabit oyun tərziylə rəqib qarşısına çıxdığı da baxanlara aydın görünürdü. Ancaq “Metallurq”la oyunda yeni transfer Corc Leroyu ikinci hissədə oyuna saldı və o qol vurdu. Budəfəysə Leroy və Ulrix Kapolonqonu oyuna qoşmaqla “Pyast”ın artan üstünlüyünün qarşısını ala bildi. Qurbanov oyuna hakim kəsilir...

Konfranslarda bəzən suallara şablon, bir növ, “yola vermək” məqsədiylə cavablarını hiss eləmək olur, ancaq bunda günahı çox vaxt Qurbanovda yox, verilən suallarda axtarmaq gəlir adama. Təəssüf ki, suallar şablon, bəzən qeyri-peşəkar, çox vaxtsa polemika imkanlarından kasad olur. Ona görə məşqçilərin şablon cavablarında nöqsan qabartmaq çətindi. Hər halda, Qurbanovun budəfəki sual-cavab “tədbirindən” xeyli pozitiv və iddialı notlar göründü.

Səfərdə uğur gözləməyə dəyər, “Qarabağ” çox yaxşı görünür. Ancaq sualımız AFFA prezidenti Rövnəq Abdullayevədi – görəsən, Qurbanov yığmanın baş məşqçiliyi üçün hələ də gəncdimi?

P.S. Fair-play, yoxsa play-off?

Elçin CƏLİLOV


oxunma sayı: 1895 | Paylaş:




?>