RAMİN MUSAYEV FUTBOLPRESS.AZ-A DANIŞDI! (MÜSAHİBƏ)
Paylaş:
"Yaz ki, Ramin telefonda ağzına gələni danışdı. Sərxoş idi. Özündə deyildi" Bir neçə gündü ki, "FutbolPress" internet-qəzeti Peşəkar Futbol Federasiyasının (PFL) prezidenti Ramin Musayevin adıyla bağlı şok faktları aşkara çıxarır. "Ambassador" otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabına eyş-işrət qurduğunu ifadə edən ödəniş çekləri dərc olunduqdan sonra ölkə KİV-ində məsələylə bağlı müxtəlif müzakirələr başladı. Musayevi müdafiyəyə qalxanları müzakirə tərəfi kimi saymaq olmaz. Digər tərəflər isə çeklərin şərhini müxtəlif cür verdi: məsələyə iqtisadçıların münasibəti öyrənildi. Musayevin özündən açıqlama alan da oldu, ancaq natamam, lağlağı məzmununda, mövzuya heç bir aidiyyatı olmayan. İqtisadçı ekspertlər çeklərin xarakterinə görə, AFFA-nın ödənişinə aid edilmədiyini büruzə çıxardı. Ancaq dünən saytda yerləşdirilən assosiasiyanın baş mühasibi Yusif Həmidovun adıyla bağlı ödəniş çeklərin analizində bir çox məslələrə aydınlıq gəldi. (Həmin yazı: http://www.futbolpress.az/az/news-details/2929/) Bəs qarşı tərəfin fikri? Faktların saytda yerləşdirildiyi gün Musayevi bir neçə dəfə arasaq da, zənglərimizə cavab verməmişdi. Nəhayət, "yes": - Salam, Ramin müəllim, necəsiz? Musayevlə telefon danışığını xırda redaktələrlə təqdim etdik. Nəticə çıxarmaq oxucunun ixtiyarına buraxılır. Hər halda, yazılarla tanış olan oxucuya çox mətləb aydın oldu, yəqin. Elçin CƏLİLOV
- Yaxşı olasız, sağ olun.
- Futbolpress.az saytından Elçin Cəlilovdu. Tanıdız?
- (Gülür) Hə, Elçin, tanıyıram. Yaxşı tanıyıram. Nətərsən?
- Yaxşıyıq. Bəs müsahibədə demisiz tanımıram o saytı.
- Ə, sən ilk müsahibəvi məndən almısan, özün dedin o vaxt, nətər yadımdan çıxarsan?
- Yox, ilk müsahibəm sizlə olmayıb.
- Özün demişdin də, Ramin müəllim, birinci müsahibədi.
- Elədi, ilk müsahibə idi. Ancaq bir layihə çərçivəsində ilk müsahibə idi. Deməli, hər şey yadınızdadı. Unutmamısız. Bəs saytda gedən materiallardan necə, xəbəriniz var?
- Bilirsən, sən yaxşı jurnalistsən e, bunu bilirəm. Özün də yaxşı bilirsən ki, Ramin müəllimin sənə nə boyda hörməti var. Harda görsəm salam verirəm. Düzdü? Ə, mən hər jurnalistə sənin kimi xətir-hörmət qoymuram. Ona görə də sənə olar. Sən nə istəyirsən yaz (Gülür). Lap yaz ki, Ramin müəllim Antalyada AFFA-nın pullarını dağıdır, sərxoşdu. Telefonda mənə ağzına gələni dedi. Özündə deyil. Yaz, qoy, saytıvızı çox oxusunlar.
- Üzr istəyirəm, sözüvüzü kəsəcəm. "Ambassador"da neyləmisiz?
- Elə onu deyirəm də.
- Nəyi?
- Bax, oğlum, deyirəm, nə istəyirsən, yaz. Vallah, sənə güldən ağır bir söz desəm, kişi oğlu deyiləm. Yaz ki, Ramin telefonda ağzına gələni danışdı. Sərxoş idi. Özündə deyildi
- Olmayan şeyi yazmırıq biz.
- Yazmısız da. Day nə qalıb ki?! Sən atavın canı, o kişini şəxsən, üzəbüz tanımasam da, o vaxt mənə göndərdiyi suala görə onun xətrini istəyirəm, bax sən onun canı, Ramin Musayevi necə insan kimi tanıyırsan?
- Futbol adamı kimi.
- Bildim e. İnsan kimi necə tanıyısan məni?
- Hörmətim var sizə.
- Hörmətin varıydısa, belə yazmazdın.
- Sizin də jurnalistlərə hörmətiniz olsaydı, tirajı bizdən az olan saytı Antalya "poyezdka"sına aparanda bizə də heç olmasa, dəvət göndərərdiz.
- Ə, diyan bir dəqiqə, çaşdırma, qoy sözümü qurtarım. Mən elə iş tutmaq istəsəm kiminsə əlinə əsas verərəm? Sabah mən də sənin haqqında, "lyuboy" bir adam haqqında elə bir sənəd taparam. Onda bu nə sayılar?
- Ramin müəllim, bunları sonra da danışa bilərik, konturumuz çox deyil. Sənədlərdə sizin "Ambassador"da... (Sözümü kəsir)
- Siz məndən o vaxt reklam almısız ha, yadıva gəlir?
- Bəli. PFL-dən reklam almışıq.
- O pulu, hardan ödəyirdik, yadıva gəlir?
- PFL-in mühasibatlığından. Köçürmə yolu ilə.
- Ay sağ ol. Onda mən niyə AFFA-nın pulu ilə otelə getməliyəm? Mən AFFA-nın işçisiyəm, yoxsa PFL? PFL-in öz "şotu" var da, bilmirsən guya? Bunu fikirləşmədin?
- Fikirləşmişik. Hər şeyi də analiz edib, yazını saytda yerləşdirmişik.
- Onda belə çıxır ki, mən oteldə qadağan olunmuş kanala baxmışam? O dediyiniz işləri eləmişəm?
- Bunu biz demirik. Sənədlərdə belə görünür.
- Sən bilmirsən, qoy sənə deyim. O oteldə AFFA-ya güzəşt var. Əgər kimsə AFFA adı ilə həmin otelə gedirdisə, 140 manat yox, 100 manata qədər pul verirdi. Ora futbolçular da gedib, hakimlər də gedib. Bax, elə birinin adını deyim. Çertoqanov həmin oteldə mənim adımla gedib qalıb. O çeklərin hamısında mən deyiləm ki. İstəyirsən sənə sübut edim ki, həmin çeklərdə elə tarix var, həmin gün mən heç Azərbaycanda olmamışam. Zəng eləyirdilər ki, Ramin müəllim, filankəs futbolçu baxışa gəlib, olar zəng eləyəsiz otelə, sizin adınızla qalsın orda. Mən də zəng eləyirdim, gedib qalırdılar. Belə olub. Sabah sən də de ki, Ramin müəllim, olar gedim o oteldə qalım, səni də göndərərəm.
- Futbolçu otelə gedirdisə, tutalım, onda ödənişi AFFA niyə edirdi?
- Ay oğul, AFFA iş yeri kimi yazılıb. Ordakı işçi yazıb bunu. Bir dəfə bilib ki, Ramin Musayev AFFA-nın adamıdı. Ondan sonra kim ora gedibsə mənim adımla, adı Ramin, iş yeri də AFFA yazılıb da. Görürsənmi, orda pul da nağd ödənilib.
- Bəli, elədi.
- (Gülür) Bəs sonra? Başqa nə?
- Maraqlıdı, biz iqtisadçı ekpertlə məsələni araşdırdıq. O da dedi ki, pul nağd ödənib. AFFA da sadəcə, iş yeri kimi göstərilib. Federasiyanın hesabından pul köçürməsi olmayıb.
- Ay sağ ol! Bəs sən nə yazmısan?
- Ancaq biz məsələni bir daha araşdırdıq. Buna izah tapdıq. Məlum oldu ki, o vaxt AFFA ilə otel arasında ödənişlər köçürmə yox, nağd yolla olub. Bunları ekspertə deyəndən sonra o, bunun mümkünlüyünü bildirdi. Sonra biz "Yusif bey" adıyla otelə aid çekləri əldə etmişik. Həmin Yusif bəy də Yusif Həmidovdu. AFFA-nın baş mühasibi. O, sizinlə "Neftçi"də bir yerdə işləyib.
- Mənə bax, sən ailəlisən?
- Bəli. Nədi ki?
- Xəbərim var, bilirəm, ailəlisən. Övladın da var. Oğlandı, yoxsa qız?
- Oğlan.
- Allah saxlasın! Bax, sən də kiminsə atasısan da. Get, dayan və onun üzünə bax, de ki, mən bu yazını yazmışam və hər şeyi düz yazmışam. O uşaq körpədi, safdı. Gör üzünü o tərəfə döndərir, ya yox. Sən o sözü deyəndə o sənə tərəf baxmayacaq. Başa düşdün mən nə demək istəyirəm? Hamının ailəsi var. O kağızları sənə kim veribsə, onun öz ailəsi haqda düşüncəsi yoxdu. O adam öz ailəsinə hörmət qoymur deməli. Başa düşdünmü nə dedim?
- Ramin müəllim, hər kəs səhv edə bilər. İnsan səhvdən sığortalanmayıb. Ancaq biz bu çekləri ətraflı araşdırmışıq. Əlimizə konkret faktlar gəlib.
- Eşit, gör nə deyirəm, sənin haqqında belə yazsaydılar, bu sənə necə təsir eləyərdi?
- Pis. Amma burda öz hesabına ödənişdən getmir axı söhbət.
- Elçin, o şeyləri sənə kimsə deyib. Sən də inanmısan, götürüb yazmısan. O adam səni aldadıb.
- Ramin bəy, aldadıbsa, aldatdığını izah etməyə imkan veririk sizə, buyurun, izah edin, saytda yerləşdirəcəyik fikrinizi. O çeklərdə başqa şey göstərilir. Sizsə başqa cür danışırsız.
- Bayaq dedim də sənə, bu yazılar sənin saytıvın oxucusunu çoxaldıb. Sənə sərf eləyir. Əgər çoxaldırsa, sənə xeyirdisə, deyirəm də, nə istəyirsən yaz.
- Hər şey aydındı, Ramin müəllim. Siz deyirsiz ki, ora siz də getmisiz, sizin adınızdan gedənlər də olub və bunlar hamısı otelin AFFA-ya etdiyi güzəştlərə görə olub. Çox sual isə cavabsız qaldı.
- Mən yaxşı insanam. Pislik eləmirəm, əlimdən ancaq yaxşılıq gəlib. Elə olub ki, sənin dostlarında biri gəlib yanıma, pul istəyib, lazım olub ona, cibimdən pul da vermişəm.
- Mənim elə dostum ola bilməz. Olsa belə, onda dostum deyil. Bu, vicdansızlıqdı. Siz bəzi jurnalistləri həmişə səhv salmısız.
- Ə, diyan bir! Elə yazdıqların kimi də başa düşürsən adamı, elə demədim. O adamın vacib işi çıxmışdı. Pul çox lazım idi. Ona əl tutdum.
- Əla elədiz. Ancaq biz düz yolla da pul qazana bilirik, Ramin müəllim. Elə yaxşılıqdansa, hər dəfə deyirsiz mətbuatda ki mən mətbuatın çətin vəziyyətini başa düşürəm. Başa düşürsüz, onda gərək, heç olmasa Antalyaya ezamiyyətdə, futbolpress.az saytını da dəvət edəydiz. Və ya başqa bir neçə obyektiv və tənqid yazan saytı. Tənqid yazmışıq, ona görə dəvət etmədiz də. Hətta bizə verilən reklamlara belə qadağa qoyulur tənqid yazan kimi. Hara qədər gedəcək bu?
- Vicdanım haqqı, mən belə şey eləmərəm. Məni tanıyısan! Elə adam olsaydım, çox adamın qabağını alardım. Yazın. Yazırsız da. Heç bir dəfə məndən pis söz eşitmisən bu günə kimi? Heç məhkəməyə vermişəm? Yazın da... Ancaq düz yazın.
| Paylaş: