"Neftçi" "Qəbələ"nin sabiq qolkiperiylə əməkdaşlığa başladı
Paylaş:
“Neftçi” növbəti transferini reallaşdırıb. Paytaxt klubu son iş yeri Liepaya “Metallurq”u olan Pavel Doroşevi heyətinə qatıb. Futbol azarkeşlərinin “Qəbələ”dən yaxşı tanıdığı Paşa hazırda Avstriyadadı. Onun qarşıdakı bir ili “Neftçi”də keçirəcəyi artıq dəqiqləşib.
O, hətta ötən gün Almaniyanın "Vakker" klubu ilə yoxlama matçının ikinci hissəsində meydanda olub. Latviya millisinin qolkiperi Azərbaycan çempionuna azad agent statusuyla keçib.
Doroşev 2012-ci ildən çıxış elədiyi Liepaya “Metallurq”unda 32 oyuna çıxıb. Pavel karyerasına 2000-ci ildə “Skonto”da başlayıb (2000-2001, 2 oyun). Daha sonra “Dauqava” (2001-2002, 27 oyun), “Dinaburq” (2003, 13 oyun), “Jurmala” (2004, 17 oyun) və “Riqa”da (2004, 7 oyun) forma geyən qapıçı 2005-ci ildə “Skonto”ya dönərək 3 il doğma komandasının uğurları üçün çalışıb (50 oyun). 2009-cu ildə “Qəbələ”yə transfer olunan Pavel 2012-yədək 90 oyunda meydana çıxıb.
Doroşev Latviya millisinin üzvüdü. 2012-ci ildə ilk dəfə yığmaya çağırılan qolkiper mayın 22-də Polşa ilə baş tutan matçda debüt edib. O, yığmanın son oyununda – iyunun 7-də Bosniya və Hersoqovina ilə qarşılaşmada da heyətdə yer alıb.
| Paylaş: