')

Bu gün:


FutbolPress.Az | ANAR QASIMOVUN TRANSFERİNDƏ NƏ PROBLEM YARANIB?

ANAR QASIMOVUN TRANSFERİNDƏ NƏ PROBLEM YARANIB?


oxunma sayı: 1072 Paylaş:

Anar Qasımov: "...Bu mənim nöqsanımdı..."

"Xəzər Lənkəran" MOİK-dən Anar Qasımovu transfer etdiyini açıqlayandan sonra "Muğan"ın vitse-prezidenti Bəhruz Şirəliyev futbolçunun müqaviləylə Salyan klubuna məxsus olduğunu bildirdi. Şirəliyevlə əlaqə saxlayıb məsələni təfərrüatıyla öyrəndik: "Bu haqda mətbuatda yazıldı. Qasımov rəsmi müqavilə ilə bizə məxsusdu. Müqavilə notariat qaydada təsdiq olunub".

Maraqlıdı, bəs "Muğan"a məxsus olan futbolçu başqa klubla müqavilə bağlayıbsa, qarşı tərəf problemdən niyə xəbərsizdi?

"Xəzər Lənkəran"nın vitse-prezidenti Tuyqun Nadirov məsələyə belə izah verdi: "Anar bizə MOİK-dən aldığı transfer vərəqəsiylə gəlib. Biz buna əsasən, futbolçuyla müqavilə imzalamışıq. "Muğan"la müqavilə söhbətini isə sonradan bilmişik. Burda bir anlaşmazlıq varsa belə bu, klubumuz tərəfindən olmayıb. Çünki biz müqaviləni tam hüquqi qaydalar çərçivəsində bağlamışıq. Bu, "Muğan"a qarşı hörmətsizlik kimi anlaşılmamalıdı. Heç texniki səhv də deyil".

Aydındı, Anar MOİK-dən aldığı transfer vərəqəsi əsasında Lənkəran klubuyla müqavilə imzalayıb. Bəs onda niyə bu problem yaranıb - "Muğan"la müqavilə nə məsələdi? Onda hörmətsizlik və ya texniki səhvə (demək olarsa...) futbolçunun özümü yol verib?

Anar Qasımovdan məsələnin mahiyyətini ətraflı öyrəndik. O, məsuliyyəti üzərinə götürdü: "Səhv məndədi. "Xəzər Lənkəran"la müqavilə imzalayanda onlara bildirməmişəm ki, "Muğan"la da müqaviləm var".

- "Xəzər Lənkəran" rəhbərliyi deyir ki, sən MOİK-dən transfer vərəqəsini alıb, onlarla danışığa getmisən. Bəs "Muğan" məsələsi hardan çıxdı?
- Bilirsiz, bu mənim nöqsanımdı. Bəli, mən həm də "Muğan"la müqavilə bağlamışam. MOİK-lə 1 illik müqaviləm fevralın 2-də bitir. Yəni indiki vəziyyətdə sənədlə MOİK-in oyunçusuyam. Ona görə də klubdan transfer vərəqəsini alıb, getmişəm Lənkəran komandasına. Burda qeyri-qanuni heç nə yoxdu.

- Bəli, qeyri-qanuni heç nə yoxdu. Ancaq "Muğan" səni "Xəzər Lənkəran"a buraxmaq istəmir. Bu isə problem ola bilər...
- Elədi. Ancaq bir şey deyim. Çox futbolçuda belə olur. Bir neçə klubla danışır, bəzən hətta müqavilə də bağlayır, ancaq nəticədə birinə gedir.

- "Muğan" tərəfi deyir ki, həmin müqavilə notariusdan keçib. Birdən buraxmadılar səni..?
- Mən bu gün Bəhruz müəllimlə (Bəhruz Şirəliyev - red.) görüşmüşəm. Ona vəziyyəti başa salmışam. Dedim ki, mən Lənkəranda oynamaq istəyirəm.

- Cavab nə oldu?
- Heç nə. Sözümü dedim, çıxdım. Sadəcə, fikrimi dedim. Mənim Bəhruz müəllimə böyük hörmətim var. Ancaq mənə lazım olan maliyyəni yalnız "Xəzər Lənkəran" verdiyi üçün ora getmək istəyirəm. Sağ olsunlar, hər problemimlə maraqlandılar. Bu günlərdə başqa bir neçə klub da mənə müraciət etmişdi. Heç seçim etmək də olmurdu. Başım çox qarışmışdı. İstəyən çox idi, ancaq dəqiq danışanı yox. Ən yaxşı təklif Lənkəran klubundan gəldiyi üçün mən də oranı seçdim.

- Məsələni araşdırdıqca ortaya başqa problemlər çıxdı. Belə vəziyyətdə hər şey sənin seçimindən asılı deyil. Çünki özün də bilirsən, sən eyni vaxtda iki klubla müqavilə bağlamısan...
- Yox. Mən "Muğan"dan əvvəl "Xəzər Lənkəran"la bağlamışam. Dekabrın 27-də Lənkəran komandasıyla bağladım, 30-da isə "Muğan"la. Burda ciddi problem ola bilməz. Bəhruz müəllimə də fikrimi demişəm. Mənimçün "Xəzər Lənkəran" Azərbaycanın bir nömrəli komandasıdı. "Neftçi" də var, "Qarabağ"da, ancaq mənim xoşladığım komanda "Xəzər Lənkəran"dı. Bu da mənim şəxsi fikrimdi. Böyük sevinc hissi keçirirəm ki, onlar məni istəyiblər, müqavilə bağlamışıq. Bu dəqiqə bütün fikrim o komandadadı. "Muğan" rəhbərliyi də yaxşı bilir ki, bu nə deməkdi. Birdən problem yaransa, bu mənə böyük zərbə olacaq. Ancaq bilirəm ki, problem yoxdu. Həm də "Muğan" mənim şərtlərimi tam təmin edə bilmədi. Daha doğrusu, konkret bir söz olmadı. Yenə deyirəm, klubun rəhbərliyinə böyük hörmətim var, mənimlə maraqlanıblar, sağ olsunlar, yaxşı insanlardı. Ancaq mən seçimimi eləmişəm.

- Bəhruz müəllimlə söhbətində sənə başqa nə dedi?
- Dedi ki, qal burda. Yaxşı olacaq.

- "Xəzər Lənkəran"la müqavilədən sonra "Muğan"la da bağladığıvı deyirsən. Belə başa düşdüm ki, birinci komanda istədiyivi verirdi. Sual yaranır: istədiyivi verirdisə, niyə "Muğan"a getdin?
- Hə, həmin vaxt bayram günləri idi. Komandaların heç biri konkret nəsə deməmişdi. Elə Lənkəran komandası da. Onlar sonradan mənimlə ətraflı danışdılar. Ondan sonra bir az da gözlədim, gördüm "Muğan"dan səs-soraq çıxmır, ona görə fikrimi qətiləşdirdim ki, "Xəzər Lənkəran"ı seçirəm.

- Bir həftə sonra "transfer pəncərəsi" açılır. Onda belə başa düşək ki, AFFA tərəfindən sənin "Xəzər Lənkəran"a keçidin təsdiqlənəcək?
- İnşallah, elə olar.

Elçin CƏLİLOV


oxunma sayı: 1072 | Paylaş:




?>