')

Bu gün:


FutbolPress.Az | "Atletiko"nun Bakı planı "FutbolPress"də: Falkao, Arda və böyük jurnalist ordusu

"Atletiko"nun Bakı planı "FutbolPress"də: Falkao, Arda və böyük jurnalist ordusu


oxunma sayı: 600 Paylaş:

FutbolPress"Bütün xərclər "Bakı" klubu tərəfindən ödəniləcək"

İspaniya La Liqasında mübarizə aparan "Atletiko"nun "Bakı" ilə yoldaşlıq oyunu keçirmək üçün Azərbaycana gələcəyi haqda xəbər vermişdik. Tərəflər arasındakı əməkdaşlığa görə, bu səfər aprelin sonunda təşkil olunmalıdı.

"Bakı"nın Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev Madrid təmsilçisinin gəlişi haqda "FutbolPress"ə açıqlama verdi. Klub rəsmisi bizimlə söhbətində qeyd elədi ki, səfər zamanı ispanlarla bir sıra tədbirlər də keçiriləcək:

"Atletiko"nun marketinq direktoru Emilyo Ballozo ilə onun köməkçisi Mariya Bakıda oldular. Bu səfərin məqsədi Madrid klubunun Azərbaycana gəlib-getmə proqramını bizimlə müzakirə etmək, komandanın qalacağı oteli müəyyənləşdirmək və s. bu kimi işlər idi.

Əvvəlcə onu qeyd edim ki, aprelin 25-də "Atletiko"nun seleksiyaçıları Bakıya gələcəklər. 12-13 yaşlı uşaqlar arasında seçim edib, özləri ilə İspaniyaya aparacaqlar. Bütün xərclər "Bakı" klubu tərəfindən ödəniləcək.

Komanda isə aprelin 28-də gecə saatlarında Bakıda olacaq. Ertəsi gün mətbuat konfransı təşkil olunacaq və bir sıra tədbirlər keçiriləcək. Hazırda bütün bu işlərin görülmə saatlarını dəqiqləşdirməyə çalışırıq.

Bir məqamı da vurğulayım ki, tək komanda deyil, onlarla birgə iş adamları, böyük jurnalist qrupu da gəlir. Otel seçimində onlara yardım elədik, nəqliyyat sisteminin təşkili və qidalanma ilə bağlı lazımi məlumat verdik.

Bundan əlavə, gələn qonaqlar Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək, Bayraq meydanına da gedəcəklər.

Ümumiyyətlə, "Atletiko"nun gəlişini bayrama çevirmək istəyirik. Çalışacağıq ki, bunu yüksək səviyyədə reallaşdıraq, yadda qalan olsun.

Ayın 30-da isə Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq oyunumuz keçiriləcək. Matçın başlama saatı ilə bağlı iki variant var. Böyük ehtimalla 20:00-da olacaq, ancaq son ana qədər dəyişiklik ola bilər. "Atletiko" tam heyətlə gələcək".


oxunma sayı: 600 | Paylaş:




?>