')

Bu gün:


FutbolPress.Az | Sol futbol

Sol futbol


oxunma sayı: 907 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
Yazının başlığına baxıb sol cinah oyunçularından danışacağımı düşünməyin. Futbolun pul üzərində qurulduğu bir zamanda fərqli istiqamət seçən, fikirlərini açıq şəkildə ifadə edən, zəhmətkeşlərin yanında olduğunu bildirən bəzi futbolçular var ki, onlar bir futbolçudan daha artıqdılar.

Mövzuya bir məsələni aydınlaşdırmaqla başlamaq istərdim; solçu klub anlayışı mövcud deyil. Düzdü, bəzən İtaliyanın "Livorno" klubu sol qalası kimi təsvir edilir və prinsipcə bu doğrudan da belədi. Lakin unutmaq olmaz ki, futbolda belə bir qruplaşma mövcud deyil.

Solçu azarkeş qrupları və solçu futbolçular var. Bu yazıda məhz həmin futbolçulardan danışacam. Futbolun solaxayları dedikdə yada düşən ilk ad heç şübhəsiz ki, Maradonadı. Elçin Cəlilov Çavesin ölümündən sonra yazdığı köşə yazısında məşhur triodan bəhs etmişdi.

Ser Aleks Ferqyussonun solçu olduğunu iddia etmək absurd olardı. Ancaq onun ətrafında sol yönümlü şəxslərin olduğu da danılmaz faktdı. Belə ki, Ferqyusson uşaqlıqdan solçuların içində yaşayıb. Ailəsinin də bu görüşə yaxın olduğu məlumdu.

Şotlandiyalı məşhur futbolçu və məşqçi Bill Şenkli isə bu istiqamətdə fikirlərini açıq şəkildə ifadə edirdi. "Liverpul"u da çalışdırmış Şenkli bu mövzu haqqında danışanda belə deyirdi: "Sosializm - mənim fikrimcə, hər kəsin ortaq yaxşılıq üçün cəhd etməsidi. Həyatı və futbolu belə görürəm".

Təbii ki, bu mövzudan danışarkən "Livorno"lu futbolçulardan yan ötmək mümkün deyil. Kristiano Lukarelli solçu futbol azarkeşləri tərəfindən ən çox xatırlanan adlardan biridi. "Livorno hakimlərin himayəsində olmayan tək klubdu, çünki kommunistdi". Bu fikirlərin müəllifi olan futbolçu düşüncəsinə görə təqib edilmədiyini də dəfələrlə bildirmişdi.

İtaliyanın digər futbol klubu "İnter"in oyunçusu Xavyer Zanetti də sol yönümlü olmasıyla tanınır. Argentina yığmasının müdafiəçisi Meksika Sapatista hərəkatının lideri, postmodern Çe Qevara olaraq tanınan Rafael Sebastiyan Visente, yəni subkomandante Markosa yardım əlini uzatmış, iddialara görə "İnter"in bütün kollektivini də buna vadar etmişdi.

Bəs sapatistaçılar nə istəyir? Onlar özlərini Emanuel Sapatanın varisi sayır, imperializmə qarşı sərt mübarizə aparırlar. Şüarları əsasən, bunlardan ibarətdi: "Torpaqlar xalqındı", "Xalq əmr edər, hökümət icra" və s.

Bu şüarlardan ən məşhuru isə "Artıq bəsdir" anlamına gələn "Ya Bastadı". Onlar neo-liberalizm və qloballaşmanın kəndlərə ağır təsir etdiyini iddia edərək bu iki anlamı da rədd edirlər.

Bundan başqa, bəzi kiçik sol jestlər edən futbolçular da var. Məsələn, Cennaro Qattuzonun ayağında Çe döyməsi olub. Tyerri Anri FIFA-nın təşkil etdiyi mükafatlandırma mərasimində Çe T-şortu geyinərək, Çe Qevaraya simpatiyasını gizlətmədiyini demişdi.

Bu mövzuda azərbaycanlı futbolçular haqqında danışmaq yersizdi. Hətta bir matç haqqında belə danışmağa çətinlik çəkən bir futbolçunun hansısa siyasi görüşünün olmasına inanmaq çətindi.

(Ardı var)

Yazarın bütün yazıları

oxunma sayı: 907 | Paylaş:




?>