"Neftçi"nin zaminliyilə Araz Abdullayev sərbəst buraxıldı
Paylaş:
"Bu dəqiqə psixoloji cəhətdən elə durumdadı ki..."
"Hadisə baş verəndən sonra zərərçəkmişə ilk yardım edən şəxsin Araz Abdullayevin özünün olması, olay yerindən qaçmaması və "Neftçi" nümayəndələrinin diqqəti nəzərə alınaraq klubun zaminliyilə gənc futbolçu sərbəst buraxılıb". Bu sözləri "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə "FutbolPress"ə dedi.
Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini idarə etdiyi maşınla vurub. Süpürgəçi işləyən 2 xanımdan biri dünyasını dəyişsə də, digəri xəstəxanada yatır.
Klub rəsmisi bizimlə söhbətində bildirdi ki, cinayət işi davam edir: "İstənilən halda Araz yenidən polis bölməsinə çağırıla bilər. Futbolçu hazırda Bakıdadı, heç bir yerə qaçmır. Cinayət işi davam edir. Bununla bağlı bizə məlumat verilmir. Yekunda nə qərar verilsə, ona uyğun addım atılacaq".
Gündüz bəy Arazın hazırki vəziyyətdə məşqlərə qatılmayacağını bildirdi: "Bu dəqiqə psixoloji cəhətdən elə durumdadı ki, məşqlərə qatılması məqsədəuyğun deyil. Fürsətdən istifadə edib, mətbuatdakı həmkarlarımızı bu bədbəxt hadisədən sonra Araza mənəvi dəstək olmağa çağırırıq".
| Paylaş: