')

Bu gün:


FutbolPress.Az | CEYHUN RZAYEVLƏ BÖYÜK MÜSAHİBƏ

CEYHUN RZAYEVLƏ BÖYÜK MÜSAHİBƏ


oxunma sayı: 916 Paylaş:

 

10-15 jurnalist oturmuşuq bir restoranda, "şot"u o verib

O, efir oğlandı, efirə də yaraşır... Yaradıcısı olduğu "Futbol saatı" neçə işləyir, "əqrəbləri" hansı rəqəmə işləyir, göz qabağındadı; bu saat suda batmaz, odda yanmazdı...  İlk futbol şərhçilərindən olan Qottel Kardosa müsahibələrinin birində demişdi: "...Mən bəlkə də elə şərhçi kimi gəlmişdim dünyaya. Televiziya elə şeydi ki, gərək doğuşdan buranın sakini kimi dünyaya gələsən". Müsahibim Ceyhun Rzayevin Kardosanın bu sözlərinə münasibətini bilmirəm, ancaq müsahibəsini dəqiq oxuyacaqsız.  "FutbolPress"in sorğusunda qalib gələn telekanalın bir əməkdaşıyla müsahibəni təqdim edəcəyimiz haqda söz vermişdik. Qalib  "Xəzər" TV oldu. Biz də Ceyhun Rzayevi seçdik.  Ceyhun o vaxt "Futbol saatı" verilişini ərsəyə gətirdi və efir məkanında bu istiqamətdə hiss olunan boşluğu bir az doldura bildi. Bunu eləyən "ilk"lərdən olduğu üçün, şablonsuz veriliş hazırladığına görə, ona təşəkkürlər, sizə isə yüyrək oxunuş. Getdik...


- "Xəzər" TV-nin sorğularda "İdman-Azərbaycan"ı geridə qoymasının sirri nədədi?
- Məncə, sirri çox sadədi. Respondetlər kimlərdi? Tamaşaçılar. Sizin saytın oxucusu da əsasən futbolyönümlü oxucudu. Biz də idman xəbərlərində 80-90 faiz futbol xəbərlərinə yer veririk. Yəni sizin sorğuda qalib gəlməyimiz bunun nəticəsidi. Qaldı ki "İdman-Azərbaycan"a, tək bu kanala yox, digər bütün kanallara hörmətimiz var, orada işləyən həmkarlarımıza da həmçinin. Xətir-hörmətimiz var. Sadə bir misal çəkim: elə axırıncı həftəni götürək. Premyer Liqada bir gündə 6 oyun oldu. Turun bütün oyunları eyni günə salınmışdı. Biz həmin gün idman xəbərlərinin axşam buraxılışında 6 oyunun 5-dən reportaj təqdim etdik, epizodları efirə verdik. Həmin gün heç bir kanal 5 oyundan kadrlar vermədi. Yəni operativlik də rol oynayır.

- İlk efir həyəcanından danışa bilərsən?
- Danışaram. 2007-ci ilin yanvarıydı. Artıq ANS-də iki il idi çalışırdım. Amma idman şöbəsinə yeni keçmişdim. ANS-də gecə növbəsi də var idi. Üç həftdədən bir bir işçi gecə növbəsində işləyirdi. Mən də qrafikə görə həmin həftə gecə efirinə düşmüşdüm. Yadımda deyil hansı gün idi, günorta yatmışdım ki, axşam işə gedəcəm. Saat 4 olardı, telefonuma zəng gəldi. Gündüz Abbaszadə idi. Dedi ki, Ceyhun, yaradıcı heyət sınaq çəkilişlərini bəyənib, gəl, bu gün çəkilişdəsən. "Zapisi" eliyək, efirə çıxacaqsan. Getdim redaksiyaya. Studiyaya girəndə həqiqətən ilk efir həyəcanı bürüdü məni. Baxmayaraq ki, canlı efir deyildi, ancaq çox böyük həyəcan keçirdim. Bax, onda diktorluq nə olan şeydi, anladım. Təcürbəli diktorla, yenisinin fərqini onda bildim. Deməli, efirin bir sirri var: hazır mətni kameranın yanındakı suflyordan, xüsusi monitordan oxuyurlar. Xam olanlar, efirə təzə çıxanların əksəriyyəti monitordan oxuduğunu hiss elətdirir, çünki gözləri sətirlərin dalınca gəzir. Mən həmin "zapisə" efirdə baxanda hiss elədim ki, gözlərim əməlli-başlı "gəzir", monitordan oxuduğum hiss olunur. Hə, yəni belə. İlk efir çıxışım belə alınıb.

- Onda deyə bilərsən, ekrandan Azərbaycan futbolu necə görünür?
- Ekranda Azərbaycan futbolu reallıqdan daha yaxşı görünür. Çünki ekranda onun pis, mənfi tərəfləri göstərilmir, biz istər-istəməz onu montaj edirik, əyər-əskiyini düzəldirik. İstəmirik ki, insanlar lap iyrənsinlər. Jurnalist olaraq amalımız futbolumuzun kütləviləşməsinə xidmət etməkdi. Çalışırıq insanları stadionlara çəkək. Halbuki çox təəssüf, buna nail ola bilmirik.

- Sən hansını seçərdin, ekran variantını, yoxsa reallıqdakını?
- Təbii ki, reallığını istəyərdim. Çünki reallıqdakı problemləri görmək, həll eləmək lazımdı.

- Sən həm də qəzetdə işləmisən. Hansı çətindi, qəzet, yoxsa televiziya?
- İkisində də çətinliklər var. Amma qəzetə baxanda televiziyada çalışmaq rahatdı, nə baxımdan - qəzetdə reportaj hazırlamağa gedəndə sənə nəqliyyat vasitəsi vermirlər. Bundan başqa, televiziya işçisi üçün qəzetdəkinə nisbətən müsahibindən fikir öyrənmək daha asandı, çünki televiziyanın nüfuzu daha çoxdu. Bundan başqa, məsələn, qəzet çapa çıxan gün ola bilər ki, çapa gedənə qədər redaksiyada qalasan. Bəzən bu, gecə yarısına qədər çəkir. Mən "Futbol+"da işləyəndə görmüşəm bunları. Televiziyada işləmək o baxımdan nisbətən daha rahatdı, amma televiziyanın da məsuliyyəti çoxdu. Çünki sənə milyonlar baxır, qəzetdə isə bu maksimum onminlərlə ölçülür.

- Mətbuat 4-cü hakimiyyətdi?
- Kağız üzərində hə.

- Bəs idman mətbuatı necə, mahiyyətcə dördüncü hakimiyyət ola bilirmi?
- Çox çətin sualdı. Vallah, mənə elə gəlir ki, biz müəyyən həddə qədər təsir eləyə bilirik hadisələrə, ondan o tərəfinə mümkün deyil. Bir neçə il bundan qabağın söhbətidi. Ad çəkməyəcəm. Bir klub prezidentiylə söhbətimdə mənə açıq dedi ki, futbol mənimçün səkkizinci dərəcəli bir şeydi. Heç olmasa üçüncü-dördüncü dərəcəli desəydi, yanıb-yaxılmazdım. Sözündən belə çıxdı ki, futbol mənimçün bir əyləncədi. Yəni bu cür insanlar üçün mətbuatın yazdığı müəyyən bir həddə qədər təsir edəcək, ondan o yana heç bir təsiri olmayacaq.

- ANS-dən "Xəzər" TV-yə gəldin... Düzdü, bu haqda çox sual veriblər sənə, ancaq bir də danış, görək necə oldu bu?
- Mənim televiziyaya gəlişim ANS-lə bağlıdı. ANS-də bu şəraiti, imkanı yaratdıqlarına görə, kanalın rəhbərliyinə - Vahid müəllimə, Seyfulla müəllimə, Mir Şahin müəllimə və idman departamentinin əməkdaşları - Asif Bağırov, Gündüz Abbaszadə, Namiq Abbasova öz minnətdarlığımı bildirirəm. Onların hər birindən öyrənmişəm, nəsə götürmüşəm və öz qabımda olanları da birləşdirmişəm, ortalığa nəsə çıxıb. Baxmayaraq ki, hazırda "Xəzər"in işçisiyəm, ancaq mənim fikrimə görə, Azərbaycan televiziya məkanında ANS bir məktəbdi. ANS-də operativliyi öyrənirsən. Orada ümumiyyətlə, televiziya işini öyrəndim. Bu kanalın şinelindən çıxan çox jurnalist var ki hazırda başqa telekanallarda işləyirlər.

- Gəlişin uğurlu olub. Çünki səni "Futbol saatı" verilişindən tanıyırlar...
- Mən öz barəmdə danışmazdan əvvəl onu deyim ki, Eminlə çiyin-çiyinə çalışıram və ona öz minnətdarlığımı bildirirəm ki, "Futbol saatı"nın dəsti-xəttini qorudu. Baxmayaraq ki, indi verilişin aparıcısı deyiləm, ancaq Eminə kömək eləyirəm və həmişə belə olacaq. Çünki biz eyni kanalda işləyirik. "Futbol saatı" Azərbaycan efir məkanına bir yenilik gətirdi. İndi də xatırlayıram, bizim veriliş ilk dəfə efirə çıxanda futbol haqda cəmi bir veriliş var idi - "Premyerliqa". AzTv-də Altay Əliyev aparırdı. O da sabit bir vaxtda deyildi. Bəzən 1-ci gün olurdu, bəzən 2-ci, bəzən də 3-cün. "Futbol saatı" gələndən sonra onlar artıq sabit bir vaxtda efirə çıxdılar və verilişə daha məsuliyyətlə yanaşmağa başladılar. Daha sonra ANS-də futbol verilişi açdılar. Sonra "Lider" TV belə bir veriliş açdı. Yəni biz bu istiqamətdə efirə bir rəngarənglik gətirdik, auditoriya, tamaşaçı toplaya bildik.

- Verilişdə müxtəlif qonaqların olub və onlar müxtəlif düşüncə sahibidilər. Onlar sənin suallarından qaçanda, bir jurnalist kimi, əks tədbirin nə olub?
- Ümumiyyətlə, jurnalistikada bu qanundu da, əgər müsahib sualdan qaçırsa, ondan sualı yenidən təkrarlamaq lazımdı. Çalışmışam sualı yenidən təkrarlayım. Ancaq bəzən elə qonaqlar olub ki, ona on dəfə də sualı təkrarlasan, istədiyin cavabı ala bilməyəcəksən. Bax, televiziyanın bir mənfi cəhəti də budu. Əgər qəzetdə və ya saytda işləyirsənsə, müsahibin sualdan yayınanda, sən rahatca diktofonu söndürüb ona başa sala bilərsən ki, mən suala cavab almalıyam. Amma televiziyada bu mümkün deyil. Xüsusən, birbaşa yayımdasansa.

- Verilişin qonaqlarını necə seçirdin?
- Məsələn, indi sabit bir heyət var və artıq neçə verilişdi ki, onlar gəlir və analiz edirlər turu. Mən qonaqları adi qaydada seçirdim. Əvvəl verilişin çəkildiyi studiya indiki tərtibatda deyildi, fərqli idi. Mən imkana görə iki qonaq çağırmalı olurdum. Çalışırdım onlardan biri jurnalist olsun, biri də futbol mütəxəssisi. Ancaq bəzi səbəblərdən hər dəfə buna əməl edə bilmirdim. Bəzən hər iki qonaq jurnalist, bəzən də hər ikisi futbol adamı olub. Mənim fikrimcə ən yaxşısı bir jurnalist və bir futbol mütəxəssisinin olmasıdı.

- Qonaqların təhlilindən qane olmusan?
- Heç vaxt yüz faiz qane olmamışam. Mən çox istəyirdim ki, dəvət elədiyim mütəxəssislər futbolu analiz etsinlər. Elə bunu dönə-dönə qeyd edirəm ki, azərbaycanlı futbol adamları özlərindən çox razıdılar. Ancaq heç biri verilişdə futbolu şərh eləmirdi. Başqa şeylərdən danışırdılar. Bir dəfə görmədim biri desin ki, filan məşqçi filan taktikanı səhv qurmuşdu, filan əvəzetməni düz eləmədi, filan futbolçu filan hərəkəti düz eləmədi. Sanki hamı çəkinir ki, tənqid elədiyi şəxs ondan inciyər. Ona görə də Azərbaycanda futbol mütəxəssislərinin peşəkar olduğunu deyə bilmərəm. Bəlkə də çayxanada oturub analiz edirlər, ancaq efirdə bu belə olmur.

- Stanislavski deyib ki, teatr asılqandan başlayır, bəs televiziya haradan başlayır?
- Aydın məsələdi ki, efir televiziyanın güzgüsüdü. Ancaq efirə qədər uzun bir proses var. Efirə qədər yaxşı hazırlaşmalısan, nə bilim, ssenari qurmalısan, süjetlər hazırlamalısan, mətn yazılmalıdı, oxunmalıdı, montaj olmalıdı, efirə çıxmaazdan qabaq geyim seçməlisən, qrim olunmalıdı, saç düzəldilməlidi, bax, bütün bu proseslər bir neçə dəqiqləik efir üçündü. Bəzən bir süjet üçün 5-6 saat əziyyət çəkirsən. Yəni efir bunlardan başlayır. Öz hazırlıqdan.

- Kulisdə baş verənlər tamaşaçı üçün həmişə maraqlı olub. Sənin vaxtında o verilişin pərdəarxasında hansı maraqlı, kuryoz anlar olub?
- Çox olub belə hadisələr. Bayaq bir sual verildi e, efirdə necə görünür futbol... Bir də qayıdım ora. Mən efirdə səmimi futbol adamı görməmişəm. Jurnalistləri çıxıram. Verilişdən qabaq başqa şey danışırlar, ancaq efirə çıxan kimi başlayırlar öz istədikləri kimi danışmağa. Ümumiyyətlə, bizim futbol adamlarımız efirdən özləri üçün istifadə eləməyə çalışırlar. Bu, jurnalistlərə aid deyil. Keçmiş hakimlərə, məşqçilərə, ən çox da işsiz olanlara aiddi. Çalışırlar ki, o klub rəhbərini tərifləsinlər, klub rəhbərinə yarınsınlar, AFFA rəhbərliyini tərifləsinlər ki, özlərinə divident qazansınlar. Bəlkə onları çağırıb, bir iş verərlər deyə.

- Təxminən bilirəm fikrivi hara gətirirsən. Dəqiq bildiyim bir şeyi deyəcəm: hansısa verilişdə Natiq Muxtarlı Tahir Süleymanovu əsəbləşdirib və özündən çıxaracaq həddə çatdırıb. Məncə, verilişin tarixində elə ən kuryoz məqamlardan biri də həmin epizod olub...
- Aha, ən kuryoz məqamlardan biri də odu. Onda veriliş canlı efirdə deyildi, ancaq çəkiliş montajsız verilirdi efirə. Həmin verilişdə Natiq Muxtarlı çox iddialı çıxışlar, iddialı bəyanatlar verdi və bunlar Tahir Süleymanovu özündən çıxartdı. Tahir bəy öz narazılığını bildirdi. Məncə, Natiqin iddiaları reallığı əks etdirirdi, ancaq onlar efirdə gedəsi çıxışlar deyildi. Deməli, Tahir bəy çəkiliş vaxtı əsəbləşib, masadan ayağa qalxdı. Çox əsəbləşmişdi. Özünü ora-bura vururdu. Hətta çəkilişi saxlamalı olduq. Təxminən yarım saat idi ki, çəkiliş gedirdi. Bu qalmaqala görə həmin verilişi yenidən çəkməli olmuşduq.

- Bilirəm ki, sən "bəziləri" ifadəsini çox az işlətmisən. Deyə bilərsənmi verilişin qonaqlarından ən səmimi kim olub?
- Məhmət Ak. İstisnasız, Məhmət Ak.

- Yəni tək o olub?
- Bəli. Ən səmimisi olub.

- Onda davam edək, futbol adamlarından kimi fərqləndirərdin bu baxımdan?
- Çətinlik çəkirəm. Konkret cavab verə bilmərəm.

- Bəs jurnalistlərdən?
- Televiziya jurnalistlərindən Asif Bağırovu fərqləndirərdim. O həqiqətən, digərlərindən orijinallığı ilə fərqlənir. Çox təəssüf edirəm ki, hazırda Asif öz potensialına, biliyinə uyğun bir işdə deyil. İnanıram ki, öz yerini tapacaq. Şərhçilərdən isə Altay Əliyevi fərqləndirərdim.

- Ümumiyyətlə, idman mətbuatının vəziyyəti necədi sənin baxışında?
- Deyə bilmərəm yaxşıdı. Ona görə ki, jurnalistlərin dolanışıq səviyyəsi, sosial həyatı istənilən səviyyədən çox uzaqdı. Jurnalistlər aza qane olub, çox az məvacib qarşılığında işləyirlər. Xarici səfərlərimizdə görmüşəm, Gürcüstanda, Bolqarıstanda, Rusiyada, Türkiyədə jurnalistlər tam başqa cür yaşayırlar. Onların həyat səviyyəsi, hər şeyi, geyimindən-kecimindən görünür necə yaşadıqları. Misal çəkim, bu gün "Futbol+" yenə də tirajına görə ən yaxşılardandı, ancaq gəlin baxaq, o qəzetdə futbolu bilən, təhlili bacaran jurnalistlər varmı. İki-üç nəfəri çıxmaq şərtiylə, heç biri lazımı səviyyəyə uyğun deyil. Bu, tək "Futbol+"ə aid deyil, digərləri də belədi.

- Həmişə çantanda bir neçə qəzet görmüşəm. Ən real münasibəti sən verə bilərsən: mütləq və ya maraqla oxuduğun müəllif var?
- Var, amma bir nəfər deyil. Hardasa 10 nəfərı yaxın müəllif var ki, onları mütəmadi oxuyuram. Mahir Rüstəmlinin köşələrini və analizlərini oxuyuram, "Futbol+"də Həbibin müsahibə götürmək üslubu xoşuma gəlir, çox maraqlı müsahibələri var. İstədiyi cavabı alana qədər müsahibi, belə deyək də, "divara dirəyir", onu məcbur edir və istədiyini alır, azerifootball.com saytından Erkin İbrahimovun futbol analizlərini çox bəyənirəm. Məncə, Azərbaycanda futbolu ən yaxşı Erkin analiz edir. Mütləq onu oxuyuram. Köşələrdə isə bir neçə nəfər var ki, onları mütləq oxuyuram. "Turan"ın indiki idman direktoru Nail Nurəddinoğlu jurnalistikayla məşğul olanda onu oxuyurdum (gülür), Natiq Muxtarlını oxuyuram, Rəşad Ergünü radikal mövqeyi var, onu oxumağa çalışıram, sonra kimlər qaldı... Sənan Nəcəfovun araşdırmaları maraqlı olur. Bax, bunları oxuyuram.

- Oxumaqdan söz düşmüşkən, ümumiyyətlə, "sinifdənxaric oxun" varmı? Hansı kitabları oxumusan?
- Mən bu dəqiqə də özümü çox qınayıram ki, çoxdandı mütaliə eləmirəm. Evdə bir neçə ktabım var. Vaxt o qədər məhduddu ki, kitabları oxuya bilmirəm. Çünki televiziya bütün günümü məşğul edir. Ən tez çıxanda, saat 7-də işdən çıxıram. 8-də evə çatıram. Yemək yeyirəm, bir az övladıma vaxt ayırıram sonra da televiziyada futbollar, ora-bura... Bir də baxıram ki, vaxt keçdi. Oxumağa vaxtım yalnız işə gedib-gələndə, yolda olur, onda da ki qəzetləri oxumağa çalışırm. Gündəlik bütün idman qəzetlərini izləyirəm. Amma kitab oxumağa da böyük həvəsim var.

- Səni də futbol şərhçisi saymaq olar. Çünki bir neçə oyunu şərh etmisən. Onda bu sualı verə bilərəm. Azərbaycanda şərhçiliyin səviyyəsi səni qane edirmi?
- Yox. Qane eləmirş Elə özümü də onlara qatıram. Bayaq danışdıq bu haqda, Altay Əliyevi fərqləndirərdim bir az. Çünki onun fərqli dəsti-xətti var idi. Təəssüf ki, indi şəhçilik eləmir.

- Bəs sənə görə, futbol şərhçisi nə deməkdi?
- Məncə, futbolu şərh eləyərkən stadiondakı ab-havanı, auranı tamaşaçıya çatdırmaq lazımdı. Onunçün də şərhçinin öz içində bir həyəcan olmalıdı. Həyəcanı Altay Əliyev çatdıra bilirdi. İndi bunu bacaran yoxdu.

- Altay Əliyev haqda müxtəlif fikirlər var. Ona qarşı jurnalistlərin münasibəti iki cürdü - ya hörmət edənlər, sevənlər, ya da tənqid edənlər, müəyyən xüsusiyyətlərini pis nümunə sayanlar...
- Çox maraqlıdı ki, Altay Əliyevi tərifləyən insanlar onu tanıyanlardı, tanımayanlar isə qınayırlar, tənqid edirlər. Ancaq bir məsələ var, niyə qınayırlar: onun işinə, jurnalist keyfiyyətlərinə, yoxsa şəxsi keyfiyyətlərinə görə...

- Sən hansına görə fərqləndirirsən?
- Altayla xarici səfərlərdə bir yerdə olmuşuq. 10-15 jurnalist oturmuşuq bir restoranda, "şot"u o verib. Bir neçə dəfə belə olub və hər dəfə Altay heç bir jurnalisti əlini cibinə salmağa qoymayıb. Altayın ürəyiaçıqlığı var, çox yaxşıı insandı. İşləməyi baxımından yanaşsaq, mən onunla bir yerdə işləməmişəm, ona göə konkret fikir yürüdə bilmərəm. Mən onun işini efirdə görürəm və işinə münasibətimi də bir az əvvəl dedim. Onu bir nömrə sayıram.

- Bayaq oxuduğun müəlliflərin adını çəkdin, elə onlardan biri, Nail Nurəddinoğlunun xüsusən, Altay Əliyev haqda radikal yazıları olub. Mənim fikrimcə, o, Altayı sırf jurnalist mövqeyinə görə tənqid edirdi. Səncə, bunun səbəbi nə idi və bu mövqeyə necə yanaşırsan?
- Mən bu barədə neytralam. Həm Naillə, həm də Altayla çox yaxın münasibətim var. Bu, Nailin öz fikridi. Ola bilər ki, Nail məni də tənqid edərdi və ya başqa bir yazar. Ancaq bir şey var ki, Nail Altayı çox sərt tənqid etmişdi, elə həmin saytda da Emin Abbasovun Altayı müdafiə edən və onun özünü tənqid edən yazısını yerləşdirmişdi. Bu da Nailin loyallığıdı.

- Son vaxtlar idman mətbuatının çətin durumu bir neçə müstəqil futbol saytı qəzeti birləşmək, təşkilat yaratmaq və çətin durumdan çıxış yolu tapmağa vadar edib. Ancaq cəhdlər hələ ki boşa gedir. Sən bu prosesi necə görürsən?
- Tahir Süleymanov "Neftçi"yə vitse-prezident təyin olunandan bir müddət sonra bu təşəbbüslə çıxış etdi. Hətta klubun bazasında bütün qəzet və sayt rəhbərləriylə görüş təşkil olundu. İdman mediası demək olar ki, bütünlüklə ordaydı. Elə ki məsələ pula çatdı, hər ağızdan bir avaz gəldi. Elə ordaca parçalanma yarandı. Bu da onu göstərir ki, belə bir şey mümkün deyil. Mən çox istəyərdim bu alınsın, ancaq bir şeydə ki pul müzakirə mövzusu oldu, o iş alınan deyil. Pul məsələsi gələndə, hamının iç üzü açıldı. Əksəriyyət istəyirdi ki, o puldan özünə daha çox pay götürsün.

- Həmin görüşdə müxtəlif mövqelər var idi. Sən də orda idin. Yadına gəlirsə, tirajlılar və yeni saytlar söhbəti yaranmışdı. Elə bu mübahisə işin alınmasına böyük maneə oldu. Səncə, həmin mübahisədə hansı tərəf haqlı idi: Pulun tiraja görə paylanmasını istəyənlər, yoxsa, bərabər bölünməsini təklif edənlər?
- Tiraja görə bölmək tamamilə absurd bir şeydi. Çünki tirajı olan qəzetin maliyyəsi digərlərinə nisbətən daha yaxşıdı. Əgər qəzet 7-8 nəfər işçi saxlaya bilirsə, sayt 3-4 nəfər işçiyə maaş verə bilirsə deməli, onun maliyyə vəziyyəti yaxşıdı. Orda məsələn, qəzetlərin və saytların içində peşəkar, lakin məhdud maliyyə ilə işləyən qəzet və saytlar var idi ki, o yardımdan əslində, onlara daha çox pay düşürdü. Onlara dəstək lazım idi ki, müstəqil fəaliyyətləri daha yaxşı təmin olunsun. On görə, mən orda tirajlı qəzetlərin radikal mövqeyini heç cür başa düşə bilmədim.

- Ümumiyyətlə, son vaxtlar saytlar çoxalmaqdadı. Elə "Xəzər" TV-nin idman departamentinin iki əməkdaşı - Sənan Abdullayevlə Emin Abbasov hərəyə bir sayt açıblar. Sən də hazırlaşırsan. Səncə bu artım hansı zərurətdən yaranır?
- Mən həmişə demişəm, saytların çoxalması istənilən halda müsbət amildi. Çünki oxucunun seçim imkanı, alternativi çoxalır. Hər sayt gündə bir dənə maraqlı məlumat versə, 20 sayt varsa, bu, oxucu üçün gündə 20 maraqlı məlumat deməkdi. Bunun nəyi pisdi ki? Mən bu prosesi alqışlayıram.

- Bu oldu ümumi fikir. Bəs "Xəzər" TV-nin əməkdaşlarında hardan qaynaqlanıb bu zərurət?
- Konkret deyim. Televiziya elə yerdi ki, orda hər şeyi deyə bilməzsən. İstər-istəməz müəyyən senzuradan keçirsən. Ancaq sayt elədi ki, orada müstəqil olursan. Belə deyək, ora sənin şəxsi tribunandı. Çıxıb oradan istədiyivi deyirsən, yazırsan.

- İdman jurnalisti olasan, AFFA-dan danışmayasan. Necədi AFFA-ya münasibətin?
- (Deyəsən zibilə salmaq istəyirsiz məni - gülür). Açığı, müsbət məqamlar da var. Məsələn, əvəzedicilərin çempionatı, U-13, U-15, U-17 liqası keçirilir. İki il əvvələ qədər bu çempionatlar yox idi. AFFA-nın bu işi çox yaxşıdı. Elə bilirəm ki, AFFA rəhbərliyi də futbolun inkişafını istəyir, bununçün çalışır. Ancaq çatışmayan məqamlar da var. Götürək futbolumuzda "almanlaşdırma" sistemini. Effekt vermədi də. Daha niyə uzadırlar bunu, anlamıram. Artıq iki ildi nə U-17-dən bir uğur gördük, nə U-19-da, nə də U-21-də. Ancaq Bernhard Lippert yenə işləyir. Berti Foqtsun rəhbərliyi altında Azərbaycan komandası nəyə nail oldu? Qrupda cəmi 5 xal yığdı. Türkiyə qələbəsini deyirlərsə, vaxt olub, biz İsveçrəni udmuşuq, Slovakiyanı məğlub etmişik, Portuqaliya komandası 95-ci dəqiqədə məğlubiyyətdən qurtuldu. Yəni o təsadüfi qələbələr onsuz da futbolumuzun pulsuzluq, bərbad vaxtında da olub. Amma indiki şəraiti müqayisə edəndə, o təlim-məşq toplanışları, o beşulduzlu otellər, Dubayda uzunmüddətli toplanışlar - bunun qarşılığı nə olub? Heç nə. Berti Foqts istənilən nəticəni vermir. Ona görə, "almanlaşdırma" siyasətini uğursuz sayıram.

- "Fənərbağça"ya azarkeşlik etdiyini bilirəm. Bəs Azərbaycanda hansı kluba azarkeşlik edirsən?
- Heç bir kluba rəğbətim yoxdu.

- Bəs məşqçi?
- Mənim fikrimə görə, müstəqillik dövrünün ən yaxşı futbolçusu və məşqçisi Yunis Hüseynovdu. Bunu hamı bilir ki, Yunis müəllimə böyük simpatiyam var.

- Qurban Qurbanovu bəyənmirsən?
- Yox, niyə ki... Son iki ildə adından söz etdirən məşqçilərimizdən biri elə Qurban müəllimdi. Mən deyərdim son illəri onun aktivinə yazmaq olar.

- Hansı futbolçunu bəyənirsən?
- Mahir Şükürov. Bu futbolçunun bir çox keyfiyyətləri var. Bizim futbolçuların bir spesifik xüsusiyyəti var, texnikalı olurlar. Fiziki cəhətdən isə zəifdilər. Ancaq Mahirdə bunların hər ikisi var.

- Müsahibəni şablon sualla bitirməsək, söhbət hələ çox uzanacaq: ürəyində nə qaldı deyiləsi?
- Demək istəyirəm ki, digər telekanallara da, bu və digər saytların sorğusunda 1-ci yeri tutmağı arzulayıram. Mən futbolpress.az saytını izləyən biri kimi, yüz faiz əminəm ki, sorğu obyektiv keçib. Ona görə də bizim qalib gəlməyimizdə heç kimin zərrə qədər də şübhəsi olmasın.

Elçin CƏLİLOV


oxunma sayı: 916 | Paylaş:




?>