')

Bu gün:


FutbolPress.Az | BALOĞLAN ƏŞRƏFOV : SÖZÜM OLANDA  MÜBARİZ MÜƏLLİMİN ÖZÜNƏ DEYİRƏM

BALOĞLAN ƏŞRƏFOV: SÖZÜM OLANDA  MÜBARİZ MÜƏLLİMİN ÖZÜNƏ DEYİRƏM


oxunma sayı: 867 Paylaş:

"Xəzər Lənkəran" çempion olsa, komandaya gözəl bir mahnı həsr edəcəm"

O milyonları səsiylə, gözəl mahnılarıyla valeh edir. O, insanların hörmətini, sevgisini qazanıb. O, bütün konsertlərində insan izdihamı olan tək-tük müğənnilərimizdəndi. Baloğlan Əşrəfov həm də futbolu əla "oxuyurmuş". Redaksiyamızla əlaqə saxlayıb azarkeşi olduğu "Xəzər Lənkəran" haqda fikirlərini bölüşmək istədi. Əvəzedici komandanın nəticələrini onu narahat etdiyini deyəndə, görüşüb söhbətləşməyi lazım dildik. Baloğlan müəllim həmişəki səmimiliyi ilə... xeyli söhbət etdik.

- Necəsiz Baloğlan müəllim?
- Yaxşıyam, çox sağ ol, əzizim.

- Bilirsizmi "Xəzər Lənkəran" axırıncı oyunu hansı komandayla keçirdi?
- Siz məni sınağa çəkirsiz? (Gülür). Premyer Liqanın XVIII turunda səfərdə MOİK-lə oynadı. Mən həmin oyunu da həmişəki kimi, stadionda izləyirdim. "Qarabağ"la oyun da ki... Çox məyus olmuşam. Şokdayam! Özümə yer tapa bilmirəm. Komanda elə bil, bu oyunda heç özünə oxşamadı.

- Məncə, oxşayırdı. Kənardan da aydın görünür, yaxşı oynamırlar.
- Yox. Razı deyiləm. Mən bir azarkeş kimi düşünürəm, əlbəttə, siz isə jurnalist kimi. Bir şeyi təxmin elədim oyuna baxanda, bu komanda həmişə "Qarabağ"la oyunda çox çətinlik çəkir. Başqa vaxt elə deyil. Çempionatın ən baxımlı komandalarında biridi "Xəzər"...

- Məncə, sizə "Xəzər Lənkəran" haqda hər sualı verə bilərəm. Çünki ən sadiq azarkeşsiz. Necə oynayır komanda?
- Vallah, mən bu komandanın sadiq azarkeşliyindən başqa, həm də qəlbdən sevirəm. Çünki öz bölgəmin komandasıdı, mənə doğmadı. Onların hər bir uğuru mənim ən böyük sevincimdi. Uduzanda isə özümə yer tapa bilmirəm, çox pərişan oluram. MOİK-lə oyuna diqqətlə baxdım. Komanda yaxşıdı. Müdafiə və ortadakı futbolçular yaxşı oynayırlar. Ancaq hücumda nəsə, elə bil, bacarmırlar. Düzdü, uddular, ancaq MOİK "Xəzər Lənkəran"ın gücüylə eyni səviyyədə deyil axı. Gərək oyunçular meydanda hər cəhətdən üstün olmalıydılar. Mən bu iradı xüsusilə, hücumçulara bildirirəm.

- Sevimli komandanız hazırda çempiontın lideridi. Bu gedişlə, başqa güclü rəqiblərlə mübarizədə komandadan nə gözələyirsiz?
- Baxın, Rednikin işiylə yaxından maraqlanıram. Görürəm ki, nəsə eləmək istəyir, savadlı, təcrübəli adamdı. İşinin bəhrəsi hiss olunur, görünür. Mən həm də "Xəzər Lənkəran" azarkeş qrupunun üzvüyəm. Ordakı uşaqlarla arabir görüşüb, bu barədə söhbətlər edirik. Yaxından maraqlanıram. Onlar da Redniki bəyənirlər. Biz hamımız ondan nəsə gözləyirik. İşindən görürük ki, bu adam bacarır, o birilərdən fərqli məşq keçir. Nəticələri də, şükür Allaha, göz qabağındadı. Ancaq bundan əvvəlki sualınızın cavabında dediyim kimi, komandanın hücumu zəifdi. Elə bil, təşkilatlanmış şəkildə oynamırlar. Elə sağdan-soldan gələn toplardan bir-ikisi qol oldusa, bu həmişə belə olmayacaq. "Xəzər Lənkəran" elə bir komandadı ki, orada futbolçu üçün hər şərait yaradılıb. Bu komandanın bir oyunda çoxlu hücumları olmalıdı, rəqib qapını top atəşinə tutmalıdılar ki, qol olsun. Yoxsa, yenə deyirəm, elə-belə, təsadüf zərbələrlə qol oldusa, bu davamlı olmayacaq. Bu, bizim komandamızda ən bəlalı cəhətdi.

- Sizin klubun fəxri prezidenti Mübariz Mənsimovla yaxın ünsiyətiniz var. Bu haqda onunla söhbələrinizdə də nəsə deyirsizmi?
- Bəli, düz qeyd elədiz, Mübariz Mənsimovla, ümumiyyətlə, "Xəzər Lənkəran"ın bütün işçiləriylə yaxınam, dostam. O adama böyük hörmətim var. Şəxsi hesabına klub yaradıb, hər cür də dəstək verir. Bu fərqli bir şeydi ha!. Başqa klubları hansısa dövlət təşkilatları tərəfindən maliyyələşir, ancaq "Xəzər Lənkəran" sırf Mübariz Mənsimovun öz zəhmətinin məhsuludu. Əlbəttə, bu dəstək boşa getməməlidi. Sözüm olanda mütləq Mübariz müəllimin özünə deyirəm, o da hər fikrimi diqqətlə qəbul edir və əməl olunur deyilənlərə.

- Maraqlıdı, hansı cəhətlər sizi narazı salıb buvaxta qədər?
- Biraralar klub rəhbərliyində gərgin vaxtlar oldu. Bir az çətinlik yarandı və bütün bunlar komandaya da pis təsir göstərdi. Həmin vaxtlar mən də narahat idim. Ancaq şükür olsun, hər şey tezliklə qaydasına düşdü. İndi vəziyyət normaldı. Ancaq ideal olduğunu deyə bilmərəm. Hələ də bəzi çatışmazlıqlar var, onları həll eləmək lazımdı.

- Maraqlıdı, hansı problemləri nəzərdə tutursuz?
- Ən xoşuma gəlməyən məqam komandaya legionerlərin səviyyəsinə baxmadan gətirilməsidi. Bizim komanda həmişə səviyyəli əcnəbi futbolçular gətirib. Mübariz bəy də deyib, nə qədər istəyirsiz, verirəm, ancaq yaxşı iş olsun. Bax, budu məsələ. Yaxşı iş üçün, yaxşı futbolçu olmalıdı. Bəzən elə futbolçular gətirirlər ki, şəxsən mən onların oyuunun görəndə əsəbləşirəm, narahatlıq keçirirəm. Çünki onların əvəzinə öz balalarımızı, yerli futbolçuları üzə çıxartmaq daha yaxşı olar.

- Yerli futbolçular dediz... "Xəzər Lənkəran"dan bir çoxları narazıdı ki, yerli futbolçuları azdı. Həm də bilirsiz yəqin, komandanın əvəzedici heyəti çempionatda axırıncı yerlərdədi...
- Elə onu deyəcəkdim. Əvəzedici heyət nə üçündü? Mən elə bilirəm, bu, əsas komandaya yeni istedadları çıxarmaq üçün bir tramplindi. Ya da əsas heyətdə zəif oynayan futbolçunu əvəzedici komandaya göndərirlər ki, qoy öz üzərində işləsin, daha yaxşı oyunamağa çalışsın. Bir növ bir rəqabət mühitidi də bu əvəzedici komanda, düzdü? Ancaq bizim komandada bu barədə xoş nəsə demək olmur. Buna mütləq diqqət ayrılmalıdı. Əgər bir komanda davamlı uğur, inkişafı düşünürsə onda onun əvəzedici komandası yaxşı olmalıdı. Buna "zapas" deyirlər də. Sovet futbolu elə bu "zapas" komandanın sayəsində qalxdı. Bütün SSRİ ölkələrində "zapas"lara çox böyük diqqət olurdu. Mən baxıram, bu problem təkcə "Xəzər Lənkəran"da deyil, "Neftçi"də, "İnter"də də, "Bakı"da da var. Bu cür davam eləsə, prtoblemi vaxtında həll eləməsələr, Azərbaycan futbolunun beynəlxalq arenada uğuru olmaz. Yerli futboçulara önəm verilməlidi, bu, mütləq olmalıdı. Baxın "Qarabağ"a. Onların yayda Avropa Kubokunda hər qələbədən sonra ürəyim dağa dönürdü. Özü də tək "Xəzər Lənkəran" yox, Azərbaycandan kənara çıxdısa, bütün komandalarımıza azarkeşlik edirəm. Hərdən mənə deyirlər, sən yalnız "Xəzəe Lənkəran"ı dəstəkləyirsən. Düzdü, elədi, çünki Lənkəran mənim ata-baba diyarımdı, bu komandanı sevmək içdən, daxildən gəlir. Ancaq bizim "Neftçi"miz var - hamımızın sevdiyi bir komanda. Son vaxtlar öz uğurlarıyla bizi sevindirən "Qarabağ"a baxıram, fəxr edirəm. Bunlar hamısı bizim adımız, ölkəmizin adıdı. Görürsüzmü, yerli futbolçulara üstünlük verirlər, uğur da onlara nəsib olur. Mən bütün klublarımıza səslənirəm, gəlin azərbaycanlı balalarını yetişdirək. Xarici futbolçu da olsun, ancaq az olsun, səviyyəli, güclü olsun.

- Az əvvəl Redniki bəyəndiyinizi dediz. Bilirik ki, Ağasəlim Mircavadov da "Xəzər Lənkəran"ın tarixində böyük rol oynayıb. Siz bu iki məşqçini necə müqayisə edərdiz? Ümumiyyətlə, bu komandanın indiyə qədər ən yaxşı məşqçisi hansı olub, sizcə?
- Mənim Ağasəlim müəllimə çox böyük rəğbətim var. Hələ futbol oynadığı vaxtlarından tanıyıram onu. Aramızda dostluq münasibəti var. O, "Xəzər Lənkəran" üçün çox iş görüb. Ancaq bir söz deyəcəm. Mənə qalsa, ən yaxşısı elə Rednikdi. Niyəsini də deyirəm. Bax, iki cür məşqçi var bizdə. Müasir zamanla, yeni tələblərlə ayaqlaşan və bir də ənənəyə sadiq qalan, köhnənin yanaşmasıyla gedənlər. Bizdə müasir düşüncəli, müasir taktika və tapşırıqları olan bir-iki məşqçi ola-olmaya. Ağasəlim mənim qardaşım, ağsaqqalımdı, ancaq 70-80-ci illərin futboluyla indiki zamanın futbolu eyni deyil axı, mənim əzizim. İndi dünyada "Baselona" futbolu var, "Real Madrid" futbolu var. Görürsüzmü, necə sürət, necə güclü komanda oyunu var onlarda. İndi mən burda "Baselona"yla bizim komandaları müqayisə eləmək fikrində deyiləm, ancaq bir işi nəticə üçün, uğuru üçün görürsənsə gərək zamanın tələbini biləsən. Biz də nəyə çalışırıq? Avropada oynamağa, orada öz sözümüzü deməyə. Bunu istəyən adam gərək Avropa futbolunu bilsin. Orada hər gün yeni bir şey çıxır. Bunlarla maraqlanmaq və ordakı futbolu Azərbaycan kimi məxsusi bir futbolu olan ölkədə tətbiq etmək lazımdı. Bizim bir "Neftçi"miz var idi, gəncliyimizin komandası... Hamımız ona "balet" edirdik. İndi də bir "Xəzər Lənkəran"ımız var. Ancaq nəsə, əvvəlki vaxtlar deyil. Bizim İqor Ponomaryov, İsgəndər Cavadov, Banişevski, Maşallah Əhmədov kimi futbolçularımız olub. İsgəndər elə bir vəziyyətdən qol vururdu ki, adam heyran qalırdı. O futbola baxmaq da zövq verirdi. İndi azdı belə futbolçularımız. Məşqçilər, futbol mütəxəssisləri buna çalışmalıdılar.

- "Xəzər Lənkəran"ı sizdən yaxşı tanıyan çox az adam var. Bu komandanın ən pis və ən yaxşı cəhətini ən yaxşı siz xarakterizə edə bilərsiz...
- Mən sevdiyim komandanın pis cəhətini yox, çatışmazlığını deyərəm, çünki pis heç nə yoxdu (Gülür). Oyunçu seçimindən narazıyam. Tez-tez dəyişirlər. Gəlir, bir az oynayır, alınmır, göndərirlər. Bu, belə olmamalıdı. Dünyanın heç bir köklü, peşəkar klubunda belə şey yoxdu. Bunu xüsusi qeyd edirəm. Ən xoşuma gələn cəhəti isə həmişə hər şeydə birinci olmağa çalışmalarıdı. Həm futbolçu, həm məşqçi, həm başqa amillər daxil olmaqla, "Xəzər Lənkəran" ilklərdən olmağa can atıb. Bax, bu əladı.

- Artıq neçə ildi, azarkeşlər çempionluğa köklənir, ancaq son anda alınmır. Niyə belədi?
- İndiyə qədər məşqçilərdə problem var idi. Mən belə düşünürəm. Başqa xırda məsələlər də var idi. Onları da bayaqdan danışırıq. Ancaq bu il nəsə ümid var. Yadıma gəlir, komandamız həm çempionluğu, həm də kuboku qazanan vaxt Lənkəran stadionunda konsert verdim (2006/2007 mövsümü - red.). Sevincimin həddi-hüdudu yox idi. Özü də həmin vaxt Türkiyədə əməliyyatdan qayıtmışdım. Elə bil, yenidən həyata qayıtmağımla, azarkeşi olduğum komandanın bu qələbəsi ömrümü bir az da uzatdı. Sözlə ifadə edə bilmirəm bi hissləri. Mən burdan deyirəm, "Xəzər Lənkəran" çempion olsa, komandaya gözəl bir mahnı həsr edəcəm. Qoy komandanın ev oyunlarında stadionda səsləndirilən klubun himni və klub üçün yazılmış başqa mahnıların arasına mənim də mahnım qoşulsun. Elə edəcəm ki, bu mahnı bütün lənkəranlı, cənublu azarkeşlərimin diləzbəri olsun. Avropada bizi ən çox sevindirən komanda üçün də mahnı söz verirəm. Təki, uğur qazansınlar, bizi sevindirsinlər.
- Təşəkkürlər, bizə vaxt ayırdığınıza görə! səsiniz həmişə gur olsun!
- Minnətdaram. Sizə də işinizdə uğurlar!

Elçin CƏLİLOV


oxunma sayı: 867 | Paylaş:




?>