')

Bu gün:


FutbolPress.Az | “Məxməri inqilab”, yoxsa köp?

“Məxməri inqilab”, yoxsa köp?


oxunma sayı: 1278 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
I Pərdə

Azərbaycan futbolu “məxməri inqilaba” hamilə qalıb, ya qarındakı şiş sadəcə köpdü?

- Bugünlərin düşündürən mövzusu... Rövnəq Abdullayev AFFA prezidenti olandan futbolumuzun “durbası” bu qədər səssiz olmamışdı. Hafiz Məmmədovun assosiasiya prezidenti olacağı haqda xəbərlərin onbirmetrə zərbə kimi gündəmə girməsi də təsadüf sayılmaz...

Yəqin penalti üçün cərimə fiti çalınıb ki, zərbə də təyin olunub... İndi görək vuran necə vuracaq, qapıçı nə cür reaksiya verəcək...

Həm deputat, həm ARDNŞ-in prezidenti olan AFFA-nın rəhbəri Abdullayev “vurulur”. İlk dəfə bu qədər açıq.

Özü Ramiz Mirzəyevi dəf edib gəlmişdi, indiysə özünün dəfinə şahidlik edir...

Həmişə yazılarımızda bildirmişik, Rövnəq Abdullayevin AFFA-da olmasını hamıdan çox istəməyən qüvvə ARDNŞ-ın vitsesi Elşad Nəsirovdu. Onun prezident İlham Əliyevlə tələbə yoldaşı, dost olması gücünə güc qatır və aramla məqsədlərinə doğru addımlayır. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə keçməyindən sonra klubun prezidenti Sadıq Sadıqovu öz postuna gətirib futboldan uzaqlaşmaq, futbola ayrılan neft borusunun yaxın adamının sərəncamına bəxş etmək cəhdinin qarşısını alan Nəsirov həmin ərəfədə böyük bir “iks-nolik” oyununda Abdullayevə qalib gəlmişdi.

                                                                       ***      ***      ***

“Neftçi”nin ovaxtkı rəhbərliyinin dövründə, həmçinin “İnter” və “Xəzər Lənkəran”ın faydasız “Birlik kuboku”nu qazananda klub boslarını və tam heyəti qəbul edən İlham Əliyev Azərbaycan futbolu üçün ən böyük nəticə sayılan qrup mərhələsinə sıfır dərəcədə əhəmiyyət vermədi. Niyə?

“Neftçi” və Rövnəq Abdullayev bu situasiyada de-fakto məğlub olmuşdu, araya Transilvaniya sükutu çökmüşdü...

Elşad Nəsirov daha nələr istəyir... Adamın iştahası birdən-birəmi açılıb? Xəbərlərdən biri də onun ARDNŞ-in prezidenti olmaq cəhdindən danışır. Paşayevlər dövrünün başlandığı haqda elarası əfsanələrin dolaşdığı bir dövrdə o səcərəyə yaxınlığıyla tanınan Nəsirov Abdullayevi sıradan çıxartmaq üçün bütün “kartları” açıb, ya hələ də “soyuq savaş” gedir...

...Və bu məqamda birdən araya Hafiz Məmmədov faktoru atılır. İspaniyanın “Atletiko” (Madrid) klubuyla 20 milyon manatlıq müqaviləylə son iki fəsilin gündəmini zəbd edən adam. Uğurlu biznes personası. “Bakı” futbol klubunu paytaxda ən böyük futbol bazasına sahibləndirən klub prezidenti və s.

Gündəm sürətlə dəyişir. Hafiz Məmmədovun biznesdə Rövnəq Abdullayevin drujinasından üstün olduğunu düşünənlər var. Onun biznesdə bilmirik, ancaq klub prezidenti kimi AFFA-nın işindən çox da razı qalmadığını kulisdə eşidirik, bilirik. Arada “Neftçi”- Rövnəq Abdullayev kombinasiyasıyla Hafiz Məmmədov arasında yaşanan toqquşma məqamlarını da unutmayanlar çoxdu. Məgər doğrudanmı Məmmədov keçəcək futbol meqapolisinin başına?

“Atletiko” ilə müqavilədə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edirdi. O, adətən tədbirlərdə dediyi hər ifadədə Rövnəq Abdullayevə istinad etsə də, bu proseslərdə bunu etmirdi. Elxan Məmmədov da paşayevlərə; dolayısıyla “böyük meqapolisin” futbol qolunda Elşad Nəsirova sığınan şəxsdi.

Bəlkə Hafiz Məmmədovun sadəcə adı hallandırılır; bəlkə tam ayrı bir şəxs gələcək? Bəlkə ambisiyaları üçün hər taktikanı sınaqdan keçirməyi xoşlayan Rövnəq Abdullayev qalib çıxacaq? Bunu yaxın bir-iki ay göstərər.

                                                                       ***      ***      ***

Martda AFFA-nın illik hesabat konfransı keçiriləcək. Konfransın gündəliyi indidən açıqlanıb. Son dörd ildə belə olmamışdı. Həmişə konfransa ən çox yarım ay qalmış tarix və gündəlik açıqlanardı. Bu dəfə xeyli əvvəldən hazırlığın başlaması nə deməkdi...

Rövnəq Abdullayev hökumətin yanında əvvəlki aktuallığını itirir. Bunu axır vaxtlar idman tədbirlərində saya alınmaması da göstərir.

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun ötən həftə müsahibəsində dediyi – “Heç bir Azərbaycan klubu yaxın illərdə Avropa liqalarında qrupa düşüb “Neftçi”nin uğurunu təkrar edə bilməyəcək” - sözləri ultimatum motivlidi. Süleymanov Sadıq Sadıqovun “danışan ağzıdı”, o, heç vaxt müsahibələrində bu qədər qəti və iddialı olmur. Bu deyilənlərin bir “qara daş” olduğu qənaətindəyəm, ancaq hansı tərəfin bostanına atıldığını deməyə tələsmirəm. Çünki dərə hələ çox bulanıqdı, suyu durulanda bilinəcək nə nədi...

Bu, həmin Tahir Süleymanovdu ki, Fuad Musayevin dövrünü bitirən o eşalonun fəal aparıcı qüvvələrindən olmuşdu. O vaxt Musayev zor gücünə AFFA-nın başından yerə salındı və Ramiz Mirzəyev ora gətirildi. Bu, Azərbaycan futbolunda ilk inqilab kimi tarixə düşmüşdü. Sonra Abdullayevin gəlişi... və tarix hadisələrin iqlimini elə dəyişib ki, indi havadan “məxməri inqilab” qoxusu gəlir...

Yazarın bütün yazıları

oxunma sayı: 1278 | Paylaş:




?>