')

Bu gün:


FutbolPress.Az | MUAMMƏR ƏRDOĞDU : ÖZÜMÜ MİLLİDƏ OYNAMAĞA TAM HAZIR SAYIRAM (MÜSAHİBƏ)

MUAMMƏR ƏRDOĞDU: ÖZÜMÜ MİLLİDƏ OYNAMAĞA TAM HAZIR SAYIRAM (MÜSAHİBƏ)


oxunma sayı: 469 Paylaş:

Bu il mütləq "Neftçi" çempion olacaq

"Qarabağ"ı kubokdan edən, sonra "Qəbələ" kimi, yüksəlişdə olan bir komandayla səfərdə başabaş oynayan "Turan"ın doğma meydanda "Simurq"dan üç xal alacağı gözlənilən idi. Ancaq əksi oldu. Komanda hesabı açsa da, ardı gəlmədi. Yeganə qolun müəllifi Muammər Ərdoğdu saytımıza müsahibəsində eksklüziv açıqlamalar verdi. "Turan"ın bu gedişlə liqanı tərk edə biləcəyinə işarə vuran türkiyəli legioner baş məşçi haqda tənqidi fikirlərini də gizlətmədi.

- Muammər, işlər necə gedir?
- Premyer Liqadan düşməmək üçün mübarizə aparırıq. Komandamız gənc futbolçulardan qurulub. "Turan"ın əsas məqsədi Azərbaycan futboluna gənc oyunçular bəxş etməkdi. Bunu rəhbərlik də istəyir. Bununla yanaşı, yaxşı oynayıb, nəticə də əldə etmək istəyirik. Bu gün gördüyünüz kimi, 4-5 epizodda hesabı dəyişə bilərdik. Ancaq futbolçuların bir qədər təcrübəsiz olması buna imkan vermədi. İndi qarşıdakı turu qələbə ilə başa vurub bunun qisasını almağa çalışacağıq.

- Qarşıdan "Neftçi" matçı gəlir...
- Elə bunu nəzərdə tutub, deyirdim. Biz Bakıda qalib gələcəyik. Ən azı, oyunumuzla hamını təəccübləndirəcəyik.

- "Simurq"la heç-heçə heç yerinə düşmədi. Nə düşünürsüz?
- Komandamızda iki-üç təcrübəli futbolçu olarsa, daha yaxşı nəticələr əldə edərik. Məsələn, rəqibin heyətindəki Samir Əliyev kimi...

- Baş məşqçi Revazı Dzodzuaşvilidən narazılar çoxdu. Onun komandanın oyunun dəyişə bilmədiyi iddia olunur...
- Məncə, oyunçu dəyişikliklərində bir az daha çox topu ayağında saxlaya bilən futbolçuları seçsə, yaxşı olardı. Amma bu məşqçinin işidi. Cavan uşaqları meydana buraxmaqla qələbə qazanmaq olmaz. Məsələn, bizim ən yaşlı futbolçumuz Rəşid oyuna daxil olsaydı, nəsə edə bilərdik. Belə vacib oyunlarda xal itirməyimizin də səbəbi bəlkə də budu.

- Bu suala cavabın xoş oldu. Çünki idman jurnalistləri bu tip sualları "leksikondan" tədricən çıxarırlar. Məsələn, futbolçuya məşqçi barədə sual verirsən, təcrübəlisi-gəncindən tutmuş, hamısı sualdan qaçır...
- Niyə qaçmalıyam ki sualdan? Çörəyimi-suyumu məşqçi vermir ki mənə... Məşqçi özü düzgün işləmirsə, mən də bu klubdan çörək yeyən biri kimi, bun açıqca deyərəm. Məsələn, bu gün düzgün dəyişikliklər etmədi. 3 ilə yaxındı Tovuzdayam, burda özümü qərib hiss eləmirəm. Əgər haqlıyamsa, hər fikrimi müstəqil deyirəm.

- "Turan"ın hazırkı durumundan narazı olduğunu hiss edirəm. Səncə, çıxış yolu nədədi?

- Düşünürəm ki, yerli məşqçi olarsa, daha yaxşı nəticələr göstərərik. Çünki futbolçular onu yaxşı başa düşərlər. Bilirsiz, bura bölgədi, rayon yeridi. Hər kəs rus və ya ingilis dilini bilmir ki, əcnəbi məşqçi gətirəsən. İnanın, Tovuzda futbolçu yetişdirmək üçün hər şey var. Qalır futbolçuya düzgün proqramla məşq keçəsən, komandanın fəallarıyla fərdi ünsiyyətdə olasan, bunun üçün də mənim fikrimə görə, yerli məşqçi lazımdı.

- Dedin özümü tovuzlu kimi hiss edirəm...
- Bəli. Azərbaycana gəlişim "Xəzər Lənkəran"la bağlıdı. Orada 6 ay oynadım. Tovuzda isə üçüncü mövsümümü keçirirəm. Burda hər şey mənə doğmadı.

- Darıxmırsan?
- Özünüz də gördüz, heç nəyi şişirtmirik, Tovuzda əsl futbol aurası var. Burada hamı futbolla nəfəs alır. Azarkeşlər komandamızla çox çehribandılar. Onların tənqidləri də bizimçün əhəmiyyətlidi. Komandada hamı bir-biriylə dostdu. Rəhbərliklə ünsiyyətimiz əladı. İndi siz deyin, belə bir yerdə darıxmaq olarmı...

- Xaricdən təklif gəlsə, gedərsən?
- Hər bir peşəkar futbolçu karyerasında daim yüksəlişi düşünür. Ona görə də təklif gəlsə, gedərəm. Amma əvvəlcə rəhbərliklə oturub danışacam, razılıq alacam, sonra...

- Bəs Azərbaycan yığmasından təklif gəlsə, bunu necə qarşılayarsan?
- Bayaq dediyim ki, mən azərbaycanlıyam. Ya Azərbaycan, ya da Türkiyə, fərq etməz, hər ikisi vətənimdi, doğma ölkəmdi. Hansından təklif gələrsə, həmin forma altında tər tökməyə canla-başla hazıram.Çox istəyirəm milli ruhunu yaşayım. Özümü millidə oynamağa tam hazır sayıram.

- Yəqin digər futbolçuların da oyunlarını izləyirsən. Səncə, Berti Foqts hansı oyunçuları yığmaya çağırsa, daha uğurlu olar?
- Məsələn, bizim "Qarabağ"la kubok oyunumuzu heç bir məşqçi izləmirdi. Hamı ağızda deyir "Turan" yerli və gənc futbolçulara üstünlük verir, ancaq heç kim maraqlanmır. Qapıçımız Kamal Bayramovun həmin oyunda əsl ustalıq nümayiş etdirməsi onun milliyə layiq olduğunu göstərdi. Hər kəs gördü o necə dayandı qapıda. "Qarabağ" kimi bir komandanın kubokdan uzaqlaşdırılmasında onun böyük rolu oldu.

- Başqa kimin çağrılmasını istəyərdin?
- Digərlərindən əmin deyiləm. Mən yalnız xarakterinə bələd olduğum insanlar haqda fikir deyə bilərəm. Kamalla komanda yoldaşıyıq, onu yaxşı tanıyıram, buna görə də haqqında qəti fikir söyləyə bilirəm.

- Azərbaycan yığmasının Türkiyəni məğlub etməsi sürpriz oldu?
- Açığı, gözləmirdim. Ancaq Azərbaycanın qalib gəlməsinə daha çox sevindim. Hər dəfə Türkiyəyə getdikdə mənə deyirdilər ki, Azərbaycanda futbol zəifdi, nə işin var orda... Amma indi deyə bilməyəcəklər.

- Müdafiəçi olmağına baxmayaraq, artıq neçə oyundu ki, qol vurursan, amma qələbə qazan bilmirsiz. Niyə?
- Deməli, problem komandadadı. Nəsə çatmır.

- Az əvvəl bu haqda danışdıq. Ancaq konkret nə mane olur?
- 20 ildi aşağı liqaya düşməyən "Turan" bu gedişlə, düşə bilər. Nə qədər Hafiz Əliyev ötürmə edəcək, Muammər qol vuracaq? Bəs potensialı aşıb-daşan gənc futbolçuları oyuna qoşmaq kimin öhdəsinə düşür? Bu sualın cavabını axtarmaq lazımdı.

- Aydındı. Mövsümün sonuna hələ çox var. Ancaq gedişatı necə görürsən, hansı komanda çempion olacaq?
- Məncə, "Neftçi".

- Niyə "Xəzər Lənkəran"ı demədin?
- (Gülür) Yox, siz elə bilirsiz o komandadan incimişəm? Elə deyil. Oradan da qarşılıqlı anlaşma olub ayrılmağımda. Sadəcə, mən "Neftçi"ni bu mövsümün çempionu görürəm. Çünki güclü komandadı. Yəni, soruşsaz ki "İnter" - deyərəm ki, yox, bu komanda bu il çempion olmaz. "Neftçi"yə rəqib olsa, yalnız "Bakı" bunu bacarar.

- Axı "Bakı" hələ ilk altılığa düşməkdə çətinlik çəkir....
- Onların Jaba kimi heç nədən qol yaradan futbolçuları var. Ümumiyyətlə, "Bakı"nın da heyətində səviyyəli oyunçular var.

- Superliqa ilə müqayisədə səncə, Jaba zəifləyib?
- Jaba bu il bir az zəif oynayır. Amma əlinə düşər fürsəti qola çevirir. Bizə elə qoleadorlar lazımdı. Oyun ərzində 10 epizodumuz olur, amma heç birini vura bilmirik. Elə bir futbolçumuz olsa, indi son 3 pillədə yox, ilk "altılıq"da olardıq.


oxunma sayı: 469 | Paylaş:




?>