"Simurq"dan sürpriz gözləmək olar: "Bu işlə məşğul oluruq"
Paylaş:
"Onun Azərbaycana gəlişi nəzərdə tutulub"
Türkiyədə təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Simurq” dünən saat 17:00-da doğma şəhərdə ilk məşqini keçirib.
Millinin düşərgəsində olan futbolçuları çıxmaq şərti ilə məşqdə bütün oyunçular iştirak ediblər. Komanda gündə bir dəfə olmaqla qeyd elədiyimiz saatda məşqlərini davam etdirir.
"Simurq"un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb, Zaqata klubu ilə müqavilə bağlamağa ən real namizəd olan xorvatiyalı Tomislav Buşiç barədə fikirlərini öyrəndik.
Klub rəsmisi "FutbolPress"ə açıqlamasında bildirdi ki, yaxın günlərdə onun məsələsinə aydınlıq gəlməlidi: "Buşiç hazırda komandanın düşərgəsində deyil. Ancaq onun Azərbaycana gəlişi nəzərdə tutulub.
Rəhbərlik hələ ki, yekun qərarını verməyib. Yaxın 1-2 gün ərzində hər şeyə aydınlıq gələcək".
Rüstəm bəy vurğuladı ki, "transfer pəncərəsi" bağlanana qədər ola bilər ki, düşərgəyə yeni futbolçular qoşulsun: "Bu işlə də məşğul oluruq. Hər şey ola bilər. Hücumçu, dayaq yarımmüdafiəçi və pleymeyker transfer eləməyi nəzərdə tutmuşuq".
26 yaşlı Buşiç Xorvatiyanın “Slaven” (Belupo) klubundan gəlib. 2010-cu ildən bu komandada çıxış edən futbolçu 31 oyunda 6 qol vurub. Buşiç karyerasına Xorvatiyanın “Hayduk” klubunda başlayıb (2004-2009, 86 oyun, 28 qol).
2007-2008 mövsümündə Kiyev “Dinamo”suna icarəyə verilən futbolçunun Ukrayna karyerası uğursuz alınıb. O, 2009-2010 mövsümünü İsrailin “Makkabi” (Petax Tikva) klubunda keçirib – 19 oyun, 1 qol.
Buşiç Xorvatiya yığmalarının – U-16 (2002, 7 oyun, 1 qol), U-17 (2002-2003, 18 oyun, 11 qol), U-19 (2004, 5 oyun, 4 qol), U-20 (2007, 3 oyun, 3 qol) və U-21 (25 oyun, 12 qol) – formasını geyinib.
| Paylaş: