')

Bu gün:


FutbolPress.Az | "ARİF ƏSƏDOV MÖVSÜMÜN SONUNA QƏDƏR "NEFTÇİ"DƏ QALACAQ" (MÜSAHİBƏ)

"ARİF ƏSƏDOV MÖVSÜMÜN SONUNA QƏDƏR "NEFTÇİ"DƏ QALACAQ" (MÜSAHİBƏ)


oxunma sayı: 478 Paylaş:

"Bizə Braziliya A Seriasından azı dörd futbolçu təqdim olunub"

Son günlərin ən çox müzakirə olunan komandası "Neftçi"di: həm pozitiv, həm neqativ... Uzun müddət Premyer Liqada liderlik edən "ağ-qaralar" son turda qeyri-sabit çıxışıyla tənqid hədəfində olan "Bakı"ya uduzdular. Komanda getdikcə zəif oynayır. Liderlik taxtına da əzəli rəqib - "Xəzər Lənkəran" oturdu. Elə bunların fonunda yeni baş məşqçi söhbətləri gəzir. Yayılan məlumatlara görə, Ukrayna yığmasının keçmiş baş məşqçisi Sergey Mixayliçenko qış fasiləsində "Neftçi"nin başına keçəcək. Ukrayna mətbuatının yaydığı bu informasiya ölkəmizdə bir qədər də inkişaf etdirilib və belə təqdim olunub: Komandanı qış fasiləsindəki təlim məşq-toplanışına məhz Mixayliçenko çıxaracaq.
Bu və başqa mövzularla bağlı klubun vitse-prezidenti Tahir Süleymanov suallarımızı cavabladı.

- Mixayliçenkoyla danışıqlar aparılır?

- Bu, tam əsassız məlumatdı. Düzdü, Ukrayna mətbuatı yayıb bu dezinformasiyanı, ancaq burada da elə təqdim olunur ki, sanki artıq Mixayliçenkoyla müqaviləyə qol qoymaq qalıb.

- İnformasiyanı kifayət qədər ciddi bir mətbu orqan təqdim edib ("Sport Ekspress Ukraina" qəzeti -red.). Azərbaycanda da "Neftçi"nin danışıqlara başladığı haqda inandırıcı məlumatlar yayılıb...

- Komandanın son oyunda məğlubiyyəti istənilən halda, oyunçular və rəhbərlikdə psixoloji gərginlik yaradıb. Təəssüf ki, belə məqamdan istifadə edənlər yox deyil. Ukraynada hansı əsasla bu qənaətə gəldikləri təbii ki, bizə aydın deyil, ancaq bizim mətbuatın bu məlumatın tirajlanmasında canfəşanlığını başa düşə bilmirəm. Mən klub rəsmisi kimi qəti deyirəm ki, belə bir şey yoxdu. Bu informasiya kimlərinsə marağına xidmət edir.

- Ümumiyyətlə, son uğursuzluqlara görə barmaqlar Arif Əsədova tuşlanıb. Bəlkə elə doğrudan da Əsədovun işi daha fayda vermir...

- Əmin olun, Arif Əsədov mövsümün sonuna qədər "Neftçi"də qalacaq. Son uğursuzluqlar nəyə deyirsiz? Komanda udar da, uduzar da. Rəhbərlik baş məşqçinin işindən razıdı.

- Aydındı, komanda son iki oyunda mühüm xallar itirib. Deyirlər, komandanın əsas oyunçuları - Flavinyo və Alessandronun yoxluğunda Əsədov başqa çarə tapmaqda çətinlik çəkir. Səbəb budumu?

- İndi gəlin məntiqi axtaraq; komandanın əsas oyunçuları zədələnibsə, baiskar baş məşqçidi? Əsədov hələ maksimum səylə vəziyyətdən çıxış yolu axtarır. Ümidimiz heyətin gənc oyunçularına qalıb. Nəinki Flavinyo və Alessandro, Da Silva da, Bahodir Nasimov da zədəlidi. Komanda çox çətin durumdadı. Ancaq yenə də, təşəbbüsü əldən verməyəcəyimizə əminik.

- Da Silvanın "Bakı"yla oyuna iynənin köməyilə çıxdığı məlumdu. Son durumu nə yerdədi?

- Zədəsi ağırdı. Sabah həkim müayinəsindən keçəcək. Bundan sonra konkret bilinəcək.

- Klubun prezidenti Sadıq Sadıqov bir müddət əvvəl açıqlamışdı ki, qış fasiləsində iki supertransfer olacaq. Bu istiqamətdə işlər nə yerdədi?

- Zədəlilərin çox olması transfer məsələsinə daha çox diqqət ayırmağımıza səbəb olub. Klubun menecerləri ilkin danışıqlara başlayıblar. Təkcə bunu deyə bilərəm ki, bizə Braziliya A Seriasından azı dörd futbolçu təqdim olunub. "Flaminqo", "Sao Paolo" kimi nüfuzlu klubların adı var siyahıda. Həmin klubların menecerləri bir neçə oyunçunun videogörüntülərini bizə göndəriblər. Biz ilk altılıqda gərgin mübarizənin olacağını bilirik. Buna görə heyəti gücləndirmək əsas şərtdi. Çünki rəqiblər də güclənəcək. Özü də bu mövsüm əvvəlkilərdən xeyli fərqlənir. "Turan"ın "Qarabağ"ı kubokdan kənarlaşdırması, "Simurq"a məğlub olan "Bakı"nın "Neftçi"yə qalib gəlməsi, AZAL kimi sürpriz komandanın iddialılar arasına qoşulması builki rəqabətin həddən artıq gərgin kçəcəyini göstərir.

- Hər şey əksinə olsa...

- Ola bilməz. "Neftçi" mövsümün əvvəlindən iddiasını açıqlayıb. Biz çempionluğa oynayırıq. Hədəfimizə doğru maksimum imkanlarımızla işləyirik.

- Sizə mane ola biləcək ən güclü rəqib hansıdı?

- Rəqiblərimizin hər cəhətini incələmişik. Ən çətini "Xəzər Lənkəran"dı. Ancaq bu sırada "İnter", "Bakı", "Qarabağ" da var. Bir şey deyim, bu il tam fərqli vəziyyətdi. AZAL zarafat eləmir, üçüncü yerdən bir addım da geri çəkilmək istəmir. "Qəbələ"nin ilk altılığa daxil olacağı zəif ehtimal idi, ancaq onlar da xeyli gücləniblər. Biz hər bir rəqibimizə hörmətlə yanaşmalıyıq.

- "Neftçi" də hakimlikdən şikayətlənməyə başlayıb. Halbuki adətən, mətbuat hakimlərin "Neftçi"yə simpatiyasından yazardı. Son oyundakı hakimliklə bağlı konkret fikrinizi bilmək istərdim...

- Təkcə "Neftçi" yox, bütün klublara qarşı hakim səhvləri olur, özü də çoxdu. Yenə deyirəm, buna məsuliyyət daşıyan şəxslər diqqətli olmalıdılar. Konkret "Bakı"yla oyuna gəldikdə, biz də narazı idik, rəqib də. Deməli, həqiqətən, hakimdə problemlər olmuşdu.

- Yeri gəlmişkən, oyundan sonra "Neftçi" oyunçularından, yoxsa mühafizəçilərindənmi kiminsə, İbrahim Karqbonu yumruq-təpiklə vurduğu deyilirdi. Sonradan mübahisə rəhbəliklər səviyyəsinə qalxdı. Zeynal Məmmədov Karqbonu vuran adamı axtarırdı. Sadıq Sadıqovla aralarında nəsə söhbət gedirdi. Sonu necə oldu?

- Bu gərginlik meydanda yaranmışdı. Çox normal haldı. Futbolda belə şeylər olur. Arazla "Bakı"nın oyunçusu arasında xırda insident yaşanmışdı. Məsələ yoluna qoyuldu.

- Bəs deyirlər, mübahisə sonradan "Neftçi"nin bazasında davam etdirilib?

- Siz özünüz də ordaydız. Gördünüzmü Zeynal bəylə Sadıq müəllim necə mehribanlıqla sağollaşıb ayrıldılar. "Bakı" və "Neftçi" qardaş klubdu. Orda xırda bir insident olmuşdu və yerindəcə həll olundu, bitdi. Baza nədi? Baza mübahisə yeridi?! Tamam yanlış məlumatdı. Biz qarşı tərəflə hər şeyi aydınlaşdırıb, mehribancasına ayrılmışıq.

"FutbolPress"


oxunma sayı: 478 | Paylaş:




?>