XAQANİ MƏMMƏDOV - "Z" VƏ SÖYÜŞ FİTİ (YAZI)
Paylaş:
U-13 Liqa (U-15, U-17) elə strateji şeydi ki, AFFA bundan istifadə edib, hətta ölkə prezidentinin yanında bəraət qazana bilər. Deyər ki, biz uşaq futboluna diqqət eləyirik. Və bu, həm də daha çox pul "yemək" üçün imkandı... Yeyin, ancaq oyuna üç əvəzinə iki hakim niyə çıxarırsız? Pul azdı? Sportal.az saytı xəbər yaydı ki, 13 yaşlılar arasında keçirilən ölkə çempionatının noyabrın 28-də baş tutan "Sərhədçi" - "Güc-Birliyi" (0:0) matçını iki hakim idarə edib. Həmin xəbər bir neçə portalda da yerləşdirildi. Xəbərin səs-küyü isə AZAL - "Neftçi" matçından sonra çıxdı. Bir də gördük, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və onun "ictimai vəkili" Elçin Məmmədov sportal.az-ın rəhbəri Şahin Oğuzu telefonda hədələyirlər. HK sədri telefonun o üzündə Şahin bəyə ən axırıncı söyüşləri eşitdirdi və bunu həmin xəbəri yazan müəllifə çatdırmağı məsləhət bildi. Xaqani Məmmədov olmuşdu div, həmkarımız cırtdan... Üstünə Elçin Məmmədovun da "həri, həri..."lərini gəlsək, adını media və HK müharibəsi qoymaq olardı. Oyundan sonra "Şəfa"dakı "İnter" çayxanasında idik. Gəldilər. Məmmədovun yaxasının dik, ayaqqabısının cik-cik, oyan-buyana gəzməsinin bir səbəbi ola bilərdi, onlar elə sanmışdılar ki, jurnalist yalan yazıb və buna görə biabır olacaq. HKbaşı da çıxıb, "Görürsüz də, belə yalançıları! Belələrinə görə adımız bəd olub" və s. və i. deyəcək. Biz də HK-nı haqlı tənqid edənlərdənik və həmkarımızın heç cür əsası olmayan dezinformasiyanı sayta yerləşdirməyəcəyindən arxayın idik. Ona görə imkan verdik ki, məmmədovlar çayxanada var-gəl etsin, hamıya "Zorro" kimi görünsünlər - bir neçə dəqiqəlik də olsa. Xəbəri tirajlayan saytlardan biri, fanat.az-ın baş redaktoru Əli Sahib, redaktoru Pərvin Kazımoğlu da yanımızda idi və biz tamaşa edirdik. Az sonra HKbaşının alnına "Z" həkk olunacaqdı. Bizi izləyin... Xəbəri verən mənbəni aradıq. Mənbə həm həmin oyundan foto, həm də istədiyimizi qədər şahid gətirə biləcəyini dedi. Biz yenidən kiçik Məmmədovu aradıq. Məsləhət gördük ki, HKbaşına xatırlatsın, o, jurnalistlə münasibətini də HK-dakı kəllə-mayallaq işi ilə səhv salmasın, söyüş moizələrini saxlasın, əvəzində gedib işi AFFA-da yaxşıca araşdırsın. Yəni işiylə məşğul olsun, ən azı. Çayxana qaçmır, hamı gördü onun "dik-dabanını", şux yerişini... haqlıdısa, onun "Zorro" imicinə çırtma da vurmayacağıq. Mənbə lazım olan sənədləri bir neçə saat sonra başqa bir yerdə bizə təqdim etdi. Elə bu məqamda "ictimai vəkil"dən Şahin Oğuza zəng gəldi. Mövzu ÜZRXAHLIQ idi. Gedib araşdırmışdılar, ya neyləmişdilərsə, öyrənmişdilər ki, həqiqətən həmin oyunda belə bir şey olub. Təbii ki, HK sədrinin Şahin Oğuza deyəcəyi qalmadığından "ictimai vəkilini" işə qoşmuşdu. Elçin Məmmədov xeyli üzr istədi. Və mülayim Şahin bəy onu bağışladı. Elçin dedi ki, biz həmin hakimi elə qovacağıq, izi-tozu da qalmayacaq, siz arxayın olun. ...Baxın, bunların işinə baxın. Neçə müddətdi, futbolpress.az, sportal.az və fanat.az və bir-iki başqa sayt HK-nın biabırçılıqlarını açıb qoyur ortaya, Xaqani Məmmədov abır-həya demədən, üzə durub, yalan yazdığımızı deyir, hansısa saytlarda yazdıqlarımızı təkzib etməklə məşğuldu. HK sədri bizə çoxdan məlum olan qeyri-ciddi imicini yavaş-yavaş bütün ictimaiyyətə aşkarlamağa davam edir. Həmin hakimi qovmaq çıxış yolu deyil e, gedin işinizi normal görün. Sizin əvəzinizə "yalan yazan" mətbuat işləyir... Bir qurumun sədri problemi araşdırmadan redaksiyaya zəng edib, söyüş söyürsə, jurnalisti təhdid edirsə, bu hakimbaşını heç yerdə qəbul etməzlər. Belə səbatsız, nüfuzsuz, heç bir jurnalistin hörmət qoymadığı, HK sədri kimi hakimlərin qarşısında heç bir nüfuzu olmayan hakimbaşı yalnız kimə lazım olar? - Ramin Musayevə! Bəli, Ramin Musayev ölkə çempionatından istədiyini eləmək üçün məhz belə hakimbaşı və onun, hər tur hoqqalar çıxaran hakimlər dəstəsini "əlində saxlayar", yoxsa nəyinə lazım Babək Quliyev kimi peşəkar, UEFA-da nüfuzu olan və hər vaxt doğrunu deyən hakim. Ona görə Quliyev indi meydanda hakimlik etmək əvəzinə, Xəzər TV-də şərhçiliklə məşğuldu. Bu rəhbərliyə quliyevlər lazım deyil. Quliyevi qovandan sonra Ramin Musayevin yaşadığı sevinci, Xaqani Məmmədovun fərəhinin səbəbi bizə məlumdu. Nə U-13 Liqa... Onlarla belə faktlar var. HK oyuncaq qurum olduğunu bundan sonra da danacaqmı? Danacaq! Çünki Xaqani Məmmədov söyüş söyməyi və danmağı bacarır. Ramin Musayev ona çəpik çalır, AFFA-da futbolun inkişafı haqda Dövlət Proqramını alın təriylə həyata keçirir. Keçirir... E L Ç ! N
Matçın baş hakimi oyuna gəlməyib və məcburiyyət qarşısında qalan referinin köməkçisi onun əvəzinə meydana çıxıb. Lakin iki hakimlə idarəçiliyin çətin olduğunu anlayan köməkçinin qərarları kənardan azarkeşlik edənlərin də etirazına səbəb olub. Çox vaxt oyundankənar vəziyyətləri qeydə almayan referi görüşdə hesabın açılmamasına da öz təsirini göstərib. Əlqərəz, dünya futbolunda analoqu olmayan biabırçılıq!
| Paylaş: