HƏMKAR HƏMKAR HAQQINDA (SORĞU)
Paylaş:
Jurnalistin klubda işləməsinə münasibətiniz? Suala kim nə cavab verdi? Azərbaycan futbolunun fərqliliyi və öz dəsti-xətti istənilən ölkədə gülüş obyektinə çevrilə bilər. Nə yaxşı ki, bizim klubların ab-havası ilə yaxından bələd deyillər. Yoxsa məğlubiyyətlərimiz bunun yanında "toya getməli olar". Klublarımızda idman direktoru vəzifəsinin olmaması onların nə qədər qeyr-peşəkar olduqlarını bir daha büruzə verir. Son olaraq "Turan"ın bu vəzifəni yaratması futbol ictimaiyyətini təəccübləndirdi. Gözlənilməz olan digər amil isə Nail Nürəddinoğlunun bu vəzifəyə təyin edilməsi oldu. Məhz bir jurnalistin klub rəsmisi kimi fəaliyyətə başlaması və bu addımın doğru və ya yalnış olması, yaxud da başqa perspektivlərinə aydınlıq gətirmək üçün elə qələm əhlinin fikirlərini öyrəndik. Əli Sahib (Fanat.az-ın rəhbəri) Elçin Cəlilov (futbolpress.az-ın baş redaktoru) Emin Abbasov (Xəzər TV) Mahir Rüstəmli ("Futbol+"in baş redaktoru) İxtiyar Əsgərov (apasport.az-ın baş redaktoru) Ceyhun Rzayev (Xəzər TV) Pərvin Kazımoğlu (Fanat.az-ın redaktoru) Kənan Məstəliyev (Korner.az-ın redaktoru) Rəşad Ergün ("Komanda" qəzeti) Elman Himayətoğlu (İTV) Xəyal Azəroğlu (Qafqazinfo.az) Şahin Oğuz (sportal.az) Rəsul Şükürsoy (Sektor13.org) Ceyhun Məmmədov (sportal.az) "FutbolPress"
Jurnalistlərin futbol klublarında rəhbər vəzifələrə təyinatına normal baxıram. Niyə də olmasın? Polis işçisi, həkim, mühəndis, ümumiyyətlə idmana dəxli olmayan adamlar gəlib bu sahədə çalışa bilirlərsə, niyə bütün ömrünü futbola həsr etmiş jurnalistlər bunu etməməlidi? Fikrimcə, jurnalistlərin klublarda rəhbər vəzifələrə təyin olunması futbolumuzn inkişafını sürətləndirəcək. Çünki media mənsubları futbolumuzdakı çatışmamazlıqları, boşluqları daha yaxşı bilir və daha effektli çıxış yolu tapa bilərlər. Naili "Turan"ın idman direktoru təyin olunması münasibəti ilə təbrik edir və ona fəaliyyətində uğurlar arzulayıram.
Jurnalistika peşədi, bu peşəylə istənilən sənət sahibi məşğul ola bilər. Yaxşı jurnalistlik bütün sənətlərdən üstündü, mənə görə. Elə buyaxınlarda üstü açılan dosyelərlə dünya gündəmini zəbt edən Wikileaks.org elektron ünvanını ərsəyə gətirənlər jurnalistikanın gücünü göstərdilər. Əgər peşəsində özünü doğruldubsa, o jurnalistin çox sahədə, ən azı futbol klubunda işləyə biləcəyini düşünürəm. Nail Nurəddinoğlu, mənə görə idman yazarı kimi bu sahədə kifayət qədər tanınmışdı, yazılarıyla müəyyən proseslərə təsir edə bilirdi. Sərhədləri aşmışdı. Ona görə "Turan"dan ona gələn təklifi öz şərtləriylə qəbul etməsi əla haldı. Azı beş jurnalist tanıyıram ki, ən böyük klublarımızda işləyə biləcək potensialdadılar. Adlar sirr qalsın... Yoxsa onları da "oğrayıb" apararlar. İdman mətbuatı zəifləməməlidi.
Məncə, junalistlər yalnız klublarda mətbuat katibi işləməklə kifayətlənməməlidi, daha yüksək vəzifələrdə çalışmalıdı. Çünki jurnalistlər klublarda olan işlərə daha yaxından bələd olurlar və mətbəxdə olmaları komandaya əlavə motivasiya verir. Bu amildən klublar istifadə etməlidi, elə Gürcüstanda olduğu kimi. Bu ölkədə bütün vəzifəli şəxslərin gənc olması müsbət nəticələr verir. Nə qədər qalstuklu, qarınlı kişilər klublarda olmalıdı? Musa Süleymanovun bu cür addım atmasını alqışlayıram və öz adımdan ona təşəkkürümü bildirirəm. Bütün klublar məncə, buna baxıb addım atmalıdılar. Konkret olaraq Nail Nürəddinoğluna gəlincə, məncə, Nailə Tovuzda şərait yaradılarsa, çox başarılı ola bilər. Təbii ki, iş görmək üçün maliyyə, dəstək lazımdı. Yoxsa, eləcə fiqur kimi ora aparılarsa, heç bir iş görülməz. Nailin uğur qazanacağına inanıram
Mən Nail Nurəddinoğlunun "Turan"da vəzifəyə keçməsinə münasibət bildirmək istəmirəm. Çünki bu adam jurnalist kimi şəxsən mənim haqqımda, qəzetimiz haqda hərzə-hədyan şeylər yazmaqla məşğul olub. Qaldı ki jurnalistin sonradan futbol klubunda işləməsinə, bacarana baş qurban. Əgər jurnalistlərin başını uca edəcək, getdiyi işi həqiqətən, bacaran olacaqsa, bu, normal haldı.
Vallah, futbolumuzda - elə belə də yazın - elə tupoy adamlar var ki, jurnalistlər onlardan min qat savadlı, dünyagörüşlüdülər. Mən idman mediasında çalışan jurnalistlərin 90 faizinin klublarda vəzifə tuta biləcəyini düşünürəm.
Klublarda jurnalistlərin çalışmasına müsbət baxıram. Çünki jurnalistlər futbolu bəzi klub rəsmilərində daha çox bilir. Necə olur, baxça müdiri, valyuta dəyişdiricisi işləyə bilir, jurnalist isləyə bilmir? Nailə gəlincə, savadlı oğlandı. Həmişə deyərdi ki, "mən seleksiyaçı işləmək istəyərdim". Amma tale elə gətirdi ki, bundan da yaxşı vəzifəyə təyin edildi. Onun daim öz işi ilə uğur qazanacağına inanıram. Bir də Nailə demək istəyirəm ki, bəzən klubda çalışan insanlar sonradan adamı axtarıb-aramırlar. Necə ki işsiz qalırlar, o zaman yenidən axtarırlar. Belə olmasın. Uğurlar sənə Nail!
Əvvəlcə Naili "Turan"da rəhbər vəzifəyə təyin olunması münasibəti ilə təbrik edirəm. İnanıram ki, həmkarımız yeni işində də öz peşəkarlığını göstərəcək və ondan gözlənilən uğuru qazanacaq. Hamımız Nailin istedadına bələdik və ondan çox şey gözləyirik. Jurnalist bütün ömrünü bu sahəyə həsr edir, görür və öyrənir. Qalır onu praktikada tətbiq etmək ki, bunu da həyata keçirmək o qədər də çətin olmamalıdı. Fikrimcə, jurnalistlərin rəhbər postlara təyinatı futbolumuza digər sahələrdən gətirilmiş mütəxəssislərdən daha çox xeyir verə bilər.
Nail Nurəddinoğlunun "Turan"a idman direktoru təyin edilməsi xəbəri məni sevindirdi. Belə demək olarsa, klublarımızda jurnalistlərin dilindən başa düşən, onların həqiqətən nə demək istədiyini bilən insanların azlığı hər iki tərəfin işinə xeyli maneələr törədir. Nailin kluba gedişi bu istiqamətdə işlərin müsbətə doğru yönələcəyinə ümid verir. "Turan"da şəxsən məni qane etməyən bir çox məsələlər var ki, Nurəddinoğlunun bunların yoluna qoyulması yolunda lazımi işləri görəcəyinə inanıram. Amma ona bir məsləhətim olacaq: "Ehtiyatlı ol! Klubun içindəki həqiqətləri öyrənəndən sonra, jurnalistlərin yazıları sənə xeyli qərəzli görünə bilər. Özün həmin həqiqətləri onlara deyə bilməyəcəksən, onlar da öz bildiklərini - əksər hallarda düz olmayanı yazacaqlar. Buna görə dostlarından bəzilərini itirə bilərsən".
Ümumiyyətlə, hesab edirəm ki, hər bir vətəndaş potensial baş nazir, deputat, ölkə prezidenti olduğu kimi, hər bir idman jurnalisti də potensial PFL, AFFA prezidentidi. Həmçinin, potensial klub rəsmisi, klub rəhbəri. Konkret, Nail Nurəddinoğlunun «Turan»da fəaliyyətə başlamasına gəlincə, mənə görə çox normal bir addımdı. Azərbaycanın idman jurnalistikasının savadlı, vicdanlı kəsimi həmişə ölkə futbolunun problemlərindən yazıb, çıxış yollarını göstərib. Amma həmişə yol göstərənlə yol gedən arasında böyük fikir ayrılığı, böyük fərq olub. Məncə, indi yol göstərənin yol gedən olması yaxşı haldı. Ümid edirəm ki, Nail klub rəsmisi kimi getdiyi yolda büdrəməyəcək və digər klublara da nümunə ola biləcək. Ona uğurlar arzulayıram.
Buna çox yaxşı hal kimi baxıram. Nail savadlı jurnalistdi, hər şeyi də düzgün şərh edəndi. Futbolu bilən adamdı və ümid edirəm ki, orda daha yaxşı işlər görəcək. Ümumiyyətlə, jurnalistlər həmişə ağıllı olur. Onların gördükləri işlər göz qabağındadı. İstənilən dövlət idarəsində keçmişdə jurnalist olmuş insanlara rast gəlmək mümkündü. Hətta, deputat olan jurnalist belə var.
Nail Nürəddinoğlunun "Turan" klubuna keçməsi məncə, jurnalistika aləmində uğur hesab olunmalıdı. Çünki həmkarımız jurnalist kimi özünü doğruldub ki, idman direktoru vəzifəsinə layiq görülüb. Məncə "Turan" rəhbərliyi bu vəzifəyə başqa yerdən də adam gətirə bilərdi. Məhz Nailin bu sahədə özünü doğrultduğu üçün onu bu vəzifəyə layiq görülüb. Ancaq hansısa jurnalist klubda işləyə-işləyə karyerasını davam etdirərsə bu düzgün sayılmaz. Çünki bu onun qərəzli olmasından, həmçinin obyektiv jurnalist olmamasından xəbər verir.
Nail Nürəddinoğlunun "Turan"a gedişinə sevindim. Bir çox klublardan fərqli olaraq, onun Tovuzda daha yaxşı işlər görüb ön plana çıxacağına inanıram. Yeni yaradılan bir vəzifəyə jurnalistin təyin edilməsi sevindirici haldı. Jurnalistlər onsuz da nəyə qadir olduqlarını yazıları ilə sübut edirlər. Klubların düşərgəsində bir jurnalistin çalışması onların düzgün addım atmasına, irəliləməsinə də böyük təkan verər".
Jurnalistin öz sahəsinə uyğun istənilən ictimai fəaliyyətdə yaradıcı olması tam təbiidi. Düzdü, belə şeylərə bizdə məntiqsiz təzyiqlər müşahidə olunur. Məsələn, öz futbolçu karyeraları bir qara qəpiklik olmayan futbol veteranları bu kimi mövzularda qısqanc davranırlar. Onlara elə gəlir ki, futbol sahəsində bütün vəzifələri futbol oynamış adamlar tutmalıdı. Ancaq bu çox geridə qalmış, ayıb, biyabırçı məntiqdi. Dünyanın heç yerində də qəbul olunmur. Konkret jurnalistlərin klub idarəçiliyinə gəlməsi məsələsinə isə fərdlərin keyfiyyətlərinə nəzərən şərh vermək lazımdı. Əgər o namizəd futbol klubunu müasir standartlarla idarə etməyi bacaracaqsa, onun jurnalist və ya Rövnəq Abdullayevin təbirincə, "futbolist" olmağının fərqi yoxdu. Ancaq məsələn, bir müddət əvvəl AzTV-nin de-fakto karrupsiyaya qurşanmış sabiq əməkdaşının klublardan birinə idman direktoru təyin ediləcəyini eşitdik. Gördüyünüz kimi, bir də belə jurnalistin təyinatı variantı var. Bu tip izdivaçdan isə ciddi nəticə gözləməyə dəyməz. Hətta bu bir faciədi.
Nail Nurəddinoğlunun "Turan"a idman direktoru təyin olunmasına isə sevindim. Bu məsələdə yeganə iradım onun vəzifəsinin adı ilə bağlıdı. İdman direktoru nədi? Birincisi "Turan" idman klubu deyil, ikincisi dünyada "klub meneceri", "baş menecer" və.s. kimi səlahiyyət çərçivəsini daha keyfiyyətli ifadə edən vəzifə adları var. Artıq bizdəki məhdud "idman direktoru", "icraçı direktor", "seleksiyaçı məşqçi", "klub müşaviri" kimi axmaq, təzadlı vəzifə adlarını yığışdırmaq lazımdı.
Nailə uğurlar arzulayıram. Mən onu yaxından tanıyıram. Təmbəlliyin daşını ata bilsə, hazırda Azərbaycan idman mediasının bir çox təmsilçisinin, futbol ictimaiyyətinin ən faydalı kadr ehtiyatı olması faktını sübut edə biləcək. O, mütləq bunu bacarmalıdı! Və ən əsası, "qütbləşmiş" mətbuatda qısqanclığı kənara qoyub öz həmkarlarını diqqətlə izləməyi, işıqlandırmağı xahiş edirəm.
| Paylaş: