')

Bu gün:


FutbolPress.Az | FƏRHAD VƏLİYEV RÖYANIN İŞİNƏ QARIŞDI (MÜSAHİBƏ)

FƏRHAD VƏLİYEV RÖYANIN İŞİNƏ QARIŞDI (MÜSAHİBƏ)


oxunma sayı: 489 Paylaş:

Mən futbol izləyəndə yerli şərhçilərimizin səsi ilə qulaq asmıram

- Futbola ilk gəlişini xatırlayırsan? Bu sahəyə səndə maraq necə yaranıb?

- Uşaq vaxtı həmişə məhəllədə futbol oynayırdım. Uşaqlıqdan hamı kimi futbol oynamağa həvəsim var idi. İlk dəfə həvəskar olaraq futbola Qubada başlamışam. Orada tətildə olarkən 2-3 ay futbol dərslərinə getdim. Elə məhəllədə oynayanda da mən qapıda dayanırdım. Məndə qapıçı olmaqa həvəs yaranmışdı. 1992-ci ildə Sumqayıtda futbol üzrə uşaq məktəbinə getdim. Tofiq müəllim, Musa müəllim baxdılar, bəyəndilər və qapıçı kimi götürdülər. Həmin vaxtdan da futbolla ciddi məşğul olmağa başladım.

- Peşəkar futbola nə zaman başladın?
- 18 yaşım olanda o vaxtı "Kimyaçı-Sumqayıt" komandası var idi. Həmin klubun rəhbərliyi mənimlə görüşüb danışdılar və komandada 2-ci qapıçı kimi heyətə götürüldüm. Ondan sonra Quba yüksək liqaya vəsiqə qazandı və gedmb orada oynadım. 6 aydan sonra Masallnın "Viləş" klubu mənə dəvət göndərdi.

- İndiyə kimi oynadığın klublar arasınsda ən yadda qalanı hansı olub?
- "İnter" olub. Həmin vaxt baş məşqçi Anatoli Konkov idi. "İnte""ə gələnə qədər oynadığım klublarda çox vaxt ehtiyatda qalmışam. Sonra milli komandaya dəvət almışam

- Karyeran ərzində meydana çıxdığın matçların içində ən yadda qalanı və sənin üçün ən maraqlısı hansı olub?
- Milli komandada ilk oyunum mənim üçün həm sevindirici, həm də ən maraqlı görüş idi. Ukrayna millisinə qarşı oynayırdıq. İkinci oyun lap yadda qalan oldu, çünki Türkiyəylə qarşılaşdıq. Hesab 1:1 oldu. Ən sevindirici matçlarımdan biri Finlandiyanı Bakıda məğlub etdiyimiz qarşılaşma idi.

"Ən yaxın dostum Zaur Həşimovdu"

- Oyununa görə ən çox xoşuna gələn, bəyəndiyin Azərbaycan futbolçusu kimdi?
- Müdafiəçi kimi Rəşad Sadıqov. Onunla oynayanda futboldan həzz alıram. Komandaya ürək-dirək verir, həvəsləndirir. Belə oyunçunu çox az görmüşəm.

- Səncə, hazırda Azərbaycanda ən güclü forvard kimdi?
- Açığını desəm, hazırda elə güclü forvard yoxumuzdu. Amma gənc futbolçularımız var. "Qarabağ" yetişdirir.

- Futbolçu dostun var? O qədər yaxın ki, hətta, ən böyük sirrlərini belə onunla bölüşürsən...
- Ən yaxın futbolçu dostum Zaur Həşimovdu deyə bilərəm. Onunla əvvəldən dostuq. Ailəvi gediş-gəlişimiz var. Elmar Baxşıyevlə də ailəvi dostuq.

- "Qarabağ"da oynamayan hansı azərbaycanlı futbolçunu komandanda görmək istəyirsən?
- Yerli futbolçularımızdan əsas oyunçular elə bizim komandadı. Ancaq "Xəzər Lənkəran"ın futbolçusu Rahid Əmirquliyevi komandamızda görmək istəyərdim. Onun oyunundan çox xoşum gəlir. Güclü futbolçudu. Məşqçinin tapşırıqlarını tam şəkildə yerinə yetirməyə çalışan oyunçudu.

- Ən çox xoşuna gələn yerli məşqçi kimdi?
- Qurban müəllim. Artıq 2 ildi birlikdə çalışırıq.

"Elçin Məmmədov çalışır ki, obyektiv olsun"

- Hakimlərimizin səviyyəsindən razısan?
- Düzünü deyəcəm, hakimlərdən razı deyiləm. Ötən turdakı matçımız da buna misal ola bilər. Hakimlərimiz üzərlərində hələ çox işləməlidilər.

- Səncə, Azərbaycanda ən güclü hakim kimdi? Ədalətli, qərəzsiz, obyektiv... Hansı hakimə matçı etibar etmək olar?
- Anar Salmanovu bəyənirəm. Yaxşı hakimdi. Bir də ki, Elçin Məmmədov... Görürəm çalışır ki, obyektiv olsun. Amma yan hakimlərimizdən çox narazıyam.

- Milliyə çağırılmayan hansı futbolçunu komandada görmək istəyirsən?
- Rəşad Abdullayevi.

- Berti Foqts haqqında nə deyə bilərsən? Necə məşqçidi?
- Mən Rasim Karayla 2 il birlikdə işləmişəm. Berti Foqtsla onun üslubları çox yaxındı. Eyni sistem üzrə oyun qurmağa çalışan məşqçilərdi. Hər ikisi nizam-intizama üstünlük verirlər. Milli komandalarda işləyib, təcrübəlidi.

- "Qarabağ"ın hazırkı durumu ilə bağlı fikirlərini bilmək istəyirəm...
- Komandada zədəlilər çoxdu. Aparıcı oyunçularımız olmadıqda komanda çətinlik çəkir. İnanıram ki, komandamız ikinci dövrənin oyunlarına daha yaxşı başlayacaq. "Qarabağ" o yerdə olmamalıdı. Daha yüksəklərə qalxmalıdı.

"Çex dünyanın ən yaxşı qapıçısıdı"

- Oyununa görə dünyada ən xoşuna gələn futbolçu kimdi?
- Messinin oyunundan çox xoşum gəlir. Onun oyununa baxanda ləzzət alıram, istirahət edirəm. Kriştiano Ronaldo da çox istedadlı futbolçudu, onun da oyununu bəyənirəm.

- Dünyada azarkeşlik etdiyin klub hansıdı?
- "Milan".

- Səncə, dünyanın ən güclü qapıçısı kimdi?
- Petr Çex.

- Hansı futbolçumuz və qapıçımız yunu Avropanın güclü klublarında oynamağa layiqdi?
- Qapıçılarımızdan Kamran Ağayev. Çox güclü qolkiperdi. Təklif gəlsə, gedib oynamağı məsləhət görürəm. Rəşad Sadıqov, Mahir Şükürov xaricdə oynayır. Amma Əfran İsmayılovu deyə bilərəm. Hazırda zədəlidi.

"Müğənnilərimiz hərəkətlərinə fikir versin"

- Asudə vaxtlarını necə keçirirsən?
- Əsasən ailəmlə keçirirəm. Oğlumla harasa gəzməyə, dincəlməyə gedirəm. Boş vaxtlarımda kinolara da baxmağı xoşlayıram. Əsasən "Hollivud" filmlərini xoşlayıram.

- Seriallara baxırsan?
- Yox. Amma "Acı Həyat" serialına əvvəldən axıra kimi baxmışam.

- Hansı musiqini xoşlayırsan?
- Lirik musiqini. Ərəb mahnıları da xoşuma gəlir.

- Hansı müğənniyə daha çox qulaq asırsan?
- İbrahim Tatlısəsə.

- Gənclərimizn daha çox dinlədiyi müğənni Röyadı. Sən necə Röyanı dinləyirsən? Ümumiyyətlə, Röyanı bəyənirsən?
- Röyaya qulaq asan deyiləm. Səsi-zadı yaxşıdı. Oxumağına görə müğənni demək olar.

- Bəs, Röyanı imicinə, geyiminə görə qəbul edirsən?
- Biz müsəlman kimi belə şeylərə fikir verməliyik. Tövsiyyə edərdim ki, tək Röya deyil, digər qadın müğənnilərimiz də buna fikir versinlər. Çıxıb efirdən milyonların qarşısında lazımsız hərəkətlər etməsinlər.

- Həyatda da meydandakı kimi ciddisən?
- Bəli, sakit təbiətli insanam. Səbrliyəm. Amma bəzən hirsləndiyim vaxtlar da olur. Çalışıram ki, səbrli olum

"Şərhçilərimiz futbolçunun adını bilmirlər"

- Rəşad Sadıqovla heç əlaqə saxlayırsan?
- Bəli, tez-tez zəngləşib danışırıq.

- Azərbaycanda futbol var?
- Futbol var. Bu dəqiqə bazalarımız, meydanlarımız bərbad vəziyyətdədi. Bunlar futbolumuzun inkişafına təsir edir. Legionerlər də, yerli futbolçularımız da belə vəziyyətdə güclərini tam şəkildə göstərə bilmirlər.

- Müasir şərhçilərimiz necə, səni qane edir?
- Mən futbol izləyəndə yerli şərhçilərimizin səsi ilə qulaq asmıram. Ən güclü şərhçimiz Altay Əliyev idi. Şərhçilərimiz çox zəifdilər. Futbol şərh edirlər, futbolçunun adını bilmirlər. Həm də ki, hamısı obyektiv də olmurlar.

İlkin Vidadioğlu
Fanat.az


oxunma sayı: 489 | Paylaş:




?>