')

Bu gün:


FutbolPress.Az | "Bakı" üçün qafiyəli P.S.

"Bakı" üçün qafiyəli P.S.


oxunma sayı: 1013 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Deputat seçkilərinə az qalıb. Ona görə millət vəkili yox ki, mənasını çoxumuzun bilmədiyi deputat sözü bu söhbətə daha uyğundu. Millət vəkili millətin vəkili olmalıdı, bunu bildik, apar qoy rəfə.

Seçki kampaniyası (kompaniya yazanlar da var, fikir verməyin) müddəti ən çox İTV-yə xeyirli oldu. Xəbər çıxdı ki, namizədlərin dəyirmi masasının efir vaxtı "Kurtlar Vadisi Pusu"nun reytinqiylə buynuzlaşır. Uya daaa.. deməkdənsə, reallığa müraciət edək. Reallıq deyir ki, ölkəmizdəki adi həyat da bütöv bir pusudu...

Birini qoyub o birinə keçirəm. Həmin bu dəyirmi masalarda elə qəribə məxluqlar üzə çıxdı, mat-məəttəl qaldım. Beynəlxalq arenaya beynəlxalq arenda deyən xanımın Bakıda Qərbi Azərbaycan dövləti yaratmaq iddiası faciədi? Yox. Ondan da qat-qat faciəli çıxışlar oldu. Seçki platforması sözü çoxdan yaddan çıxıb, yerinə bədahətən platformasifətlər yetişib. Belə davam etsə, Qulamrıza əminin uşaqları elə biləcək o da rahatca deputat ola bilər. Başlayacaq namizədliyini irəli sürməyə və beləcə ölkə əhalisinin hamısı mənasız işlə məşğul olacaq. Siyasətlə məşğul olmasan, siyasət sənlə məşğul olacaq məsəlini belə-belə şeylərə görə deyiblər də. Camaat işləməsin, oxumasın, ancaq namizədlik irəli sürsün. Siyasətə baş vursun (söhbət ağırlaşdı).

Pentaqon yaxşı işləyir. "Zomby - other" oyununu oynamısız? Bunu sözgəlişi dedim. Mövzumuz "boş-boş şeylər"di. Məsələn, "Bakı". Azərbaycanın ən varlı klublarındandı. Ancaq elə vəziyyətə düşüb ki, dərdinə Həmədan təbibləri də çarə qıla bilmir. O vaxtları klubun vitse-prezidenti işləmiş Nail Əliyevi hamı tanıyır. Yaxşı danışmağı var. Deyir tarixçiyəm. Siyasətdən də başım çıxır. Nail müəllim, guya "Bakı"nın içində nə baş verir, bilmirsiz? İndi qayıdacam söhbətə, sözüm var.

Mətbuat dünən axşam radələrində hay-həşir qaldırdı ki, bəs Nail Əliyev "Bakı"nı yıxıb-sürüyüb. Elə bil, təzə şeydi. Həmişə belə olub. Əliyev yıxıb, sürüyüb, üstündən bir az sonra "Bakı" təkzib edib. Elə də oldu. Dünən üstündən çox keçməmiş Nail müəllimin dediklərinə cavab gəldi. Dedilər ki, onun dediklərində heç bir əsas yoxdu-filan və s.

Yenə anlamıram. Bütün gün bir yerdədilər, dostdular, qardaşdılar. Mətbuata çıxıb bu söz atışmasını  qurmaq nəyə lazım? Yaxşı məsləhətdisə, günorta yeməyi vaxtı, ya nə bilim çay süfrəsində deyin bir-birinizə. Klubu inkişaf etdirin də, niyə qəzet səhifələrində, saytlarda dalaşırsız? Mətbuatda bu cür çıxışların adı ŞOUdu.

Məsələdən yayındırmaq niyyəti? Deyirəm də, seçkilərdə MSK namizəd-mamizəd oyunu oynadığı kimi bizim çoxbilmiş futbol adamları da bildiklərini belə şeylərə sərf edirlər. Əziz "Bakı"lılar, hara fırlatsaz, Roşanın transferində əmmanın varlığını dəqiq bilirik. Hara yozsaz da, Epalyenin, Kaykutun transferində hamı razı qalmayıb. Yəni hamıya pay çatmayıb. Bu klubun evini yıxsa, pul yıxacaq. Çoxlu pulları var...

Mən durub Nail müəllim kimi adamı qabaqlayıb o pulları nə cür xərcləmək yollarını göstərməyəcəm, ancaq görəndə ki, Zeynal Məmmədov həqiqətən vəziyyətin idarəolunmaz hala gəldiyini acizanə etiraf edir, təəssüflənməyə bilmirəm. Zeynal Məmmədov o klubda sabitlik yarada biləcək yeganə şəxsdi. Nə qədər ki klub işlərinə o baxırdı, hər şey yaxşı idi. Ancaq Ziya Məmmədovun oğlunun "Bakı"nın çiçəkləndirmək sevdasına düşməsi işləri zay elədi. İkinci ildi klubun çiçəyi açılmaq bilmir. Çünki Tunc Afşarı gətirib qoyublar vitse-prezident, o da futbolçu alveriylə məşğuldu. Demirəm eləməsin, təcrübəli menecerdi. Ancaq eləməyin də tərzi var. Klub yaradılandan orada həm menecer, həm də vitse-prezident olan Zeynal bəyi saya almamaq, bax, belə böhranlara gətirib çıxarar. Zeynal Məmmədov o klubun içini-çölünü bilir, onunla hesablaşmaq... lazım deyil, olmasın hesablaşmaq, qoy olsun demokratik mühit, heç olmasa ambisiyalarınızı qabartmayın.

Klubu içindən yeyən bu haçalanmanın kökü bir az da yuxarıdan başlayır - Hafiz Məmmədov və Anar Məmmədov fiqurlarından. Nəqliyyat nazirinin oğlu kluba filankəs gəlməlidi, filan futbolçu alınmalıdı deyəndə, onun atasının işlərini görən Hafiz bəy imtina edə bilmir. Ən azı səxavət naminə. Ancaq bir belə, iki belə, üç... Klub iki ildi geriyə addımlayır.

Bir az da dramatik hal alınıb. Hər şey Hafiz bəyin boynuna qalır. O necə etməlidi ki, tənzimləsin münasibətləri? Klubdaxili haçalanmalar daha betər vəziyyətə apara bilər.

Hafiz bəy futbolu, futbol aləmini həvəskar formada əla bilir, amma peşəkar yönü onluq deyil. Həm də bu, heç onun nöqsanı da deyil, adam böyük bizneslə məşğuldu, klubu himayə edir, vəssalam. İş qalır idarəçilərə. Burada isə vəziyyət acınacaqlıdı. Kim inanar ki, Hafiz Məmmədov günün birində klubda bir-birinə dəymiş aləmi düzəldəcək, vitse-prezidenti öz yerinə, meneceri, administratoru, baş məşqçisi və s.-ni də öz yerinə təyin edib, onlardan kolleqium hesabatlar tələb edəcək? Hafiz bəy özünə qarşı bu inamı da azaldıb. Yayda idarə heyətini bütünlüklə istefaya göndərib, sonra bu qərarı rəsmiləşdirməkdə israr edən bir klub idarəçisinin ixtiyarının bütünlüklə öz əlində olmadığı aydındı...

Bu da P.S. Bakılı balasıyam, deputat olasıyam! "Bakı"da oynayıram, "mejdunoq" atasıyam...

Yazarın bütün yazıları

oxunma sayı: 1013 | Paylaş:




?>