"EVERTON" ARAZ ABDULLAYEVİ TƏSDİQLƏDİ
Paylaş:
Məlum olduğu kimi, millinin və "Neftçi"nın üzvü Araz Abdullayev İngiltərənin "Everton" klubuna transfer olunmalıydı.
"Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlunun verdiyi məlumata görə, bununla bağlı kluba məlumat daxil olub: "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun birbaşa tapşırığı ilə Araz Abdullayevin "Everton"a transferi ilə bağlı müqaviləsinə Azərbaycan futbolunun inkişafı və futbolçumuzun xeyri naminə bir neçə bənd əlavə olunmuşdu. Sevindirici haldır ki, "Everton" tərəfi də bunu təsdiqləyib. Bir sözlə, Araz yanvarın 1-dən "Everton"un futbolçusu olacaq. Bununla əlaqədar İngiltərə klubunun rəhbərliyi Bakıya təşrif buyuracaq və paytaxtımızda müqavilənin imzalanması mərasimi keçiriləcək. "Neftçi" Azərbaycanın ən köklü futbol klubudur və təbii olaraq güclü İngiltərə Premyer Liqasında ilk azərbaycanlı olaraq iştirak etmək hüququ da məhz "Neftçi"nin futbolçusuna qismət olacaq. Bu bir daha göstərir ki, "Neftçi" futbol klubunda yeniyetmə, gənc futbolçulara qayğı böyükdür və Azərbaycan futbolunun gələcəyi etibarlı əllərdədir" - deyə Elnur Əşrəfoğlu bildirib.
Araz Abdullayev bununla bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Everton"un futbolçusu olacağım üçün qürur duyuram. Mənə belə şərait yaradıldığına görə "Neftçi" PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Həm Azərbaycanın, həm də "Neftçi"nin adını uca tutmağa, vətənimi layiqincə təmsil etməyə çalışacağam. Ümid edirəm ki, gözəl oyunumla həm "Everton" fanatlarını, həm də azərbaycanlı azarkeşləri sevindirəcəyəm".
| Paylaş: