')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN"IN YEGANƏ ÇEMPİONLUĞU VƏ "PİRR QƏLƏBƏSİ" (ARAŞDIRMA)

"XƏZƏR LƏNKƏRAN"IN YEGANƏ ÇEMPİONLUĞU VƏ "PİRR QƏLƏBƏSİ" (ARAŞDIRMA)


oxunma sayı: 4098 Paylaş:

Rüşvət və situasiyanın gətirdiyi nəticə

Futbol da səhnədə oynanan bir tamaşa kimidi. Ancaq kulisdə baş verənlər hamıya məlum olmur.

Futbolu çoxdan izləyən, belə deyək, təcrübəli futbol azarkeşləri də etiraf edər ki, müasir futbol rüşvətə, böyük pul burulğanına çevrilib. Oyunların nəticələri daha 15-20 il əvvəlki qədər səmimi gəlmir. İndi çox adam deyər ki, məsələn "X" komandasıyla "Y" komandasının oyununda hesab danışılmışdı, yaxud bukmeykerlərə hesablanmışdı, ya da başqa bu cür versiyalar.

Azərbaycanda 2004-cü ildə futbola "pul axını" başlayandan belə söz-söhbətlər, dedi-qodular, yarı həqiqət, yarı iddialı mövzular çox olub.

Onlardan birini sizə təqdim edirik; "Xəzər Lənkəran"ın 2006/2007 mövsümündəki ölkə çempionluğu ətrafında sensasiyalı məlumatlar toplamışıq. Bu yazıda sizə təqdim edəcəyimiz məlumatların bir hissəsi indiyədək müəyyən qədər araşdırılmış, yaxud bəlli bir həddə qədər araşdırılmağa cəhd edilmiş mövzuların toplusudu. Bir sıra informasiyaları isə özümüz əldə etmişik.

***        ***        ***

2004-cü ildə tanınmış iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun təşəbbüsü və himasəyilə yaradılan "Xəzər Lənkəran" o zamanlarda çox sürətlə məşhurlaşmağa başladı. İddialı transferlər, Azərbaycan futbolunda yenilik sayılan layihələrlə gündəmə hakim olan Lənkəran klubunun "iştahası" xeyli artmışdı. Bu populyarlığın nəticəsiydi ki, klub "Qafqazın "Çelsi"si" adlandırılırdı...

Ölkə çempionatında iştirak etdiyi ilk ildən çempionluğa iddia edən "Xəzər Lənkəran"a o vaxtların məşhur futbolçularını transfer etmək istəyən Mənsimov buna nail olmamışdı. Çünki dünya futbol xəritəsində Azərbaycan adına rastlaşmayanda belə oyunçular ölkəmizə gəlməkdən çəkinirdilər. Hətta məşhur serb futbolçu Lazetiçi az qala 2.2 milyon dollara alacaqdılar.
O dövrləri xatirənizdə canlandırmaq üçün bir neçə əlamətdar məqamı qeyd etdim.

***        ***        ***

Mübariz Mənsimov prezident postunda olsa da klubun işlərini qardaşı Mais Mənsimov vitse kimi görürdü. Bir az da keçdi, idarə heyəti böyüdü. Bu ildırımsürətli böyümə və azarkeş bumu çempionluq tələblərinin şiddətlənməyinə gətirib çıxardı. 

Həmin ərəfələrdə Azərbaycan futbolunda məmur iddiaları kəllə-çarxa çıxmışdı. Rəhmətlik Ramiz Mirzəyevlə sonradan AFFA rəhbərliyinə iddia edəcək Rövnəq Abdullayev arasında "soyuq savaş" şiddətli həddə çatmışdı və bunun nəticələri çempionatın "ssenarisində" öz əksini müxtəlif formalarda tapırdı.

"Xəzər Lənkəran"ın bu savaşdan ən çox fayda götürən klub olduğunun təfsilatına keçək.

***        ***        ***

2005-ci ildə Rövnəq Abdullayev "Azərneftyanacaq"ın müdiri idi. AFFA prezidenti Ramiz Mirzəyev isə "Azərneftyağ"a rəhbərlik edirdi. Həmin vaxtlarda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev idi.
Ölkə prezidenti bir müddət sonra yeni nazirliyin yaradılması haqda göstəriş verdi. Natiq Əliyev yeni - Energetika Nazirliyinə rəhbər təyin olundu. ARDNŞ-in boş qalan prezidenti postuna isə hələ bir müddət əvvəldən aralarında şəxsi rəqabətə keçən Mirzəyevlə Abdullayev arasında ikinci qalib çıxdı və o, dövlət şirkətinə prezident təyin olundu.

Bundan sonra o, səlahiyyətindən istifadə edərək Mirzəyevi "Azərneftyağ"ın müdiri vəzifəsindən xaric etdi.

Ramiz Mirzəyev bu istiqamətdə Abdullayevə uduzmasının əvəzini futbolda çıxacaqdı...

Bu ərəfələrdə Mübariz Mənsimov şəxsi münasibətlərini işə salaraq Mirzəyevin Natiq Əliyevə müavin gətirilməsində əhəmiyyətli rol oynamış oldu. Beləliklə, Rövnəq Abdullayevin "Azərneftyağ"dan uzaqlaşdırdığı Mirzəyev həm dəl Energetika nazirinin müavini oldu.

Bununla da dayaqlarını müəyyən qədər bərpa edən Mirzəyev Abdullayevə olan kinindən dolayı "Neftçi"yə "düşmən" kəsildi.

***        ***        ***

2006/07 mövsümündə "Xəzər Lənkəran" ölkə səviyyəsində ən yaxşı heyət toplamışdı və mövsümü qalibiyyətlə başa vurmaqda iddialı idi.

Ramiz Mirzəyev futbol infrastrukturunda bir neçə "boz kardinal"a konkret tapşırıq verir ki, hər vəchlə "Neftçi"nin qarşısı alınmalıdı. Bu da "Xəzər Lənkəran"a sərf edirdi.

Hakimlər "Xəzər Lənkəran"a "toxunmur", bacardıqca dəstək verməyə başlayırlar. Paralel də "Neftçi" bir neçə oyunda aşkar hakim qərəzinə tuş gəlir.

Maraq üçün qeyd edək ki, bu işlərdə "Xəzər Lənkəran" üçün "yaşıl işıq" effektini Hakimlər Komistəsinin sədri Əli Hüseynovdan çox Ramiz Mirzəyevin köməkçisi Ələddin Ağayi adlı şəxs (O, həm də "Şəfa"nın direktoru idi) yaradırmış. Hakimliklə bağlı məsələləri birbaşa o həll edirmiş. O, AFFA rəhbərinin səlahiyyətli nümayəndəsi kimi bunu arxayınlıqla həyata keçirə bilirmiş.

Mübariz Mənsimov işlərin qaydasında olmasını düşünsə də, Azərbaycanda milyonlarla "Palmali" pulunun "Xəzər Lənkəran" adlı makinada "yeyildiyini" bəlkə də  bilmirdi. Mənsimov ayrılan böyük məbləğdə vəsaitlərin sırf futbol və klubun böyüməsi üçün xərcləndiyini düşünürdü yəqin... 

Çünki Lənkəran klubunun nəticələri ürəkaçan idi. İşlər yolunda gedirdi...

Amma bununla bərabər "Neftçi" də çalışırdı, vuruşurdu. O vaxt klubun vitse-prezidenti, hazırda PFL-ə rəhbərlik edən Ramin Musayev idi. Onlar anlamışdılar ki, Ramiz Mirzəyev "Neftçi"dən acıq çıxır və bu vəziyyətdən başqa çıxış yolu yoxdu. Ona görə maksimum çalışırdılar ki, onların oyununa təyinat alan hakimlərlə "danışıqlara" getsinlər.

Hətta bir neçə dəfə "Neftçi" ilə "danışığa" getdiyi məlum olan hakimlər Mirzəyevin göstərişi ilə sərt cəzalandırılmışdı. 

Bu maraqlı və qeyri-adi mübarizə poliqonunda "Neftçi" - Ramiz Mirzəyev münasibətləri ağır vəziyyət alırdı. Vəziyyətin başqa cür həll olunmayacağını duyan Rövnəq Abdullayev yeni "hərəkata" başlayır - Ramiz Mirzəyevi devirib AFFA rəhbərliyini ələ almaq. Proses davam edirdi...

***        ***        ***

O vaxt "Xəzər Lənkəran"ın baş ofisi İçərişəhərdə idi. Ramiz Mirzəyevin və səlahiyyətli nümayəndəsi Ələddin Ağayinin himayəsinə də inanmayan Cənub təmsilçisi "ehtiyat igidin yaraşığıdı" prinsipi ilə hakimlərlə "danışığa" gedirdi. Hakimlərlə pul söhbətini həmin vaxtlar Tuyqun Nadirov Zəfər Mirzəyev aparırmış. Bakıda  gec-gec olan Mübariz Mənsimovun səlahiyyətlərini yerinə yetirən qardaşı Mais Mənsimov yaxşı bilirdi ki, çempionluq və ya kubok sahibi olmasa, komandaya ayrılan pullar azalacaq, ya da xərclənən fantastik məbləğlərin hesabı sorulacaq. Ona görə hakimlərlə işə ciddi önəm verirdi, nə qədər pul lazımdısa təmin edəcəyi vədini vermişdi.

Hakimlər "Xəzər Lənkəran"ın ofisinə arxa qapıdan "çorni xod"dan daxil olarmışlar. O giriş yəqin çox hakimin yadına gələr...

***        ***        ***

Həmin mövsüm "Xəzər Lənkəran" çempionluğu bayram elədi... Sonradan klubda maliyyə məsələsində ciddi yeyintilərin olduğu aşkara çıxacaqdı və bu haqda Bakıdan İstanbula məlumat ötürüləcəkdi. Bura araşdırmalar üçün nümayəndələr göndərən Mübariz Mənsimov ovaxtkı idarə və məşqçi heyətini işindən azad edəcəkdi...

Azarkeş hardan biləydi ki, bu çempionluğun klubun möhkəmlənməsi, böyüməsi üçün heç bir faydası olmayacaq. Çünki Tuyqun Nadirovla "Palmali" Bakı Ofisinin "boz kardinal"ı hesab olunan Zəfər Mirzəyevin başı yalnız hakimlərlə rüşvət məsələsini danışmağa, bir də futbolçularla saxta müqavilələrin bağlanmasına qarışmışdı (Hətta həmin vaxtlar bir braziliyalı futbolçu saxta imza faktını aşkarlamış və FIFA-ya dəlil-sübutla şikayət etmişdi. Qurum klubu çox yüksək məbləğdə cərimələmişdi).

Həmin Zəfər Mirzəyev haqda uzun müddət ifşaedici yazılar dərc etsək də klub heç bir açıqlama və reaksiya vermirdi. Ancaq zamanı gəldi çatdı, 2010-cu ildə klubdan və "Palmali"dən uzaqlaşdırıldı. Nə boyda hoqqa... 

Mübariz Mənsimovun qovduğu eşalondan geri qayıdanlar arasında Tuyqun Nadirov da var idi və o, 2009-da qayıdışdan sonra Zəfər Mirzəyevi oradan uzaqlaşdırılmasını istəyirdi. Çünki Mirzəyev Nadirovdan daha yaxın idi Mais Mənsimova. Ofsaydda qalan Nadirov isə çox az qazanırdı...

Mais Mənsimovun qayıdışı da maraqlı olmuşdu. Çox yuxarı dairələrdən biri xahiş etmişdi və Mübariz Mənsimov həm də anasının təkidi ilə onu "Xəzər Lənkəran"dakı postuna geri qaytarmışdı. Elə həmin vaxtdan Mübariz Mənsimov "Xəzər Lənkəran"la bağlı böyük niyyətlərinin üstündən xətt çəkib klubu qardaşının əlinə "oyuncaq" verdi...

***        ***        ***

"Palmali"nin dünya okeanında üzən yüzlərlə gəmisi var və biznes aləmində ciddi sima sayılan Mübariz Mənsimov bu yerə yüksəlməyində şirkətin heç vaxt rüşvətlə iş görmədiyini dəfələrlə açıqlayıb. Rüşvətin olduğu yerdə "Palmali"nin olmayacağını bildirməsi hamıya məlumdu. Təəssüf ki, bu qüruru "Xəzər Lənkəran" saxlaya bilmədi. Rüşvətlə gələn çempionluq o komandanı qəlbən sevən azarkeşə və uğrunda ruhunu qoyan hər kəsə təhqirdi. 

Mübariz Mənsimov hazırda Türkiyənin "Beşiktaş" "Kasımpaşa" klublarında idarə heyətinin üzvüdü. O, "Xəzər Lənkəran"a ciddi yanaşmır. Burada isə o zamanlardan qoyulan və ənənəvi hal alan klubdaxili çəkişmələr, şəxsi ambisiyalar klubu viran edir. İdarəçilik Zəfər Mirzəyevin dövründəkindən də betərdi. Mais Mənsimovun səriştəsiz olmasından istifadə edənlər heç olmasa "Xəzər Lənkəran"ın futbol adına bircə ciddi iş görməyində niyə cəhd etmirlər, niyə maraqlı deyillər..? Bütün yaş qrupları üzrə çox pis nəticələr göstərən klubun işi ilə ora ayrılan pulların tərs mütənasib olmasını sübut edən kifayət qədər arqument var.  

Pullar meydandakı işə yox, "ciblərə" gedir; iş görülmür. Azarkeşi də "satın almağa" çalışan bu idarəçilərin bir nömrəli məqsədi klub haqda ifşaedici yazıların ortaya çıxmaması və rezonans yaranmamasıdı. Mediada yazana reklam verir, reklam verdikləri yazmağa davam edəndə təzyiqə keçirlər... Süni centlmenlik yolu ilə hamını ələ almaq, əldə saxlamaq mümkün deyil...

"Xəzər Lənkəran" Mübariz Mənsimovun kurasiyasında olan yeganə yerdi ki, rüşvət skandalına saldı onu. Bu klubun indiyə qədərki işi "Pirr qələbəsi" kimi bir şey...

Doğrudu, kifayət qədər güclü və çempionluğa layiq olduğu mövsümlərdə bu komandanın qarşısını hər imkanla alıblar. Bax, Ramiz Mirzəyevin vaxtındakı dəstəkdi indi "Xəzər Lənkəran"ı hər tərəfdən təzyiqə məruz qoyan.

AFFA prezidenti Rövnəq Abdullayevdi, çempionatın təşkilatçısı PFL-in prezidenti isə Ramin Musayev...

Bu şəxslər  Ramiz Mirzəyevin qəsdən "Neftçi"nin qarşısını kəsib, "Xəzər Lənkəran"ın çempion olmasına şərait yaratmasının acığını indiyə qədər və bundan sonra da çıxacaqlar. Siz isə - hazırkı idarəçilər, o vaxt da, indi də siyasətinizdə də uduzduz, pulunuzu da...

Sizin aranızda satqınlar var... Bu məsələlər ciddi araşdırılmalıdı. Bizim araşdırmalarımız isə həmişəki kimi davam edir. 

P.S. Həmin mövsümün son turunda "Olimpik" - "Neftçi" matçının nəticəsindən asılı idi hər şey. "Olimpik" xal ala bilsəydi, "Xəzər Lənkəran" çempion olacaqdı və həmin mövsüm 70 illiyini qeyd edəcək "Neftçi"nin bunu çempionluqla bayram etməyi arzusu ürəyində qalacaqdı. Elə də oldu. Bu, ovaxtkı "Neftçi" rəhbərliyinin ürəyinə "od yaxdı". Yuxarıda qeyd etdiyim kimi, Rövnəq Abdullayevin başlatdığı "hərəkat" müsbət sonuclandı və o, AFFA prezidenti oldu. Ovaxtkı "Neftçi" rəhbərliyi indi AFFA-nı idarə edir. Bu da çempionatdakı nəticələrdə, konkret "Xəzər Lənkəran"a qarşı özünü aşkar büruzə verir.

"Olimpik" - "Neftçi" matçının baş hakimi İmanxan Sultani 2007-ci ilin iyununda Elçin Məmmədovun tələsinə düşür. Məlum idi ki, Lənkəran klubu "Olimpik"ə stimul üçün kifayət qədər pul vermişdi və rəqibə qarşı maksimum güclə oynamaq istəyini çatdırmışdı. Hakimlə də "söhbət" olmuşdu.
Telefonda Elçin Məmmədov (Ona bu işi yerinə yetirməyi "Neftçi" rəhbərliyi təklif etmişdi. Ona görədi ki, indi Elçin Məmmədov nə hoqqalar qayırsa da ən əziz hakimlərdən biri kimi cəzasız-zadsız qalır) İmanxan Sultaniyə deyir ki, "Qardaş, "müəllim" danışıb mənimlə, sənin hörmətivi eliyəcək" ("Müəllim" Mais Mənsimov nəzərdə tutulur. Onlar bilirdilər ki, "Xəzər Lənkəran"da hamı onu belə çağırır). İmanxan Sultani bu telefon danışığıyla özünü "yandırır". Sonra bu olay ifşa olunur, mediada müzakirəyə çıxarılır və s. və i.

Elçin CƏLİLOV


oxunma sayı: 4098 | Paylaş:




?>