')

Bu gün:


FutbolPress.Az | RAMİN MUSAYEV İÇKİDƏN İŞƏ QƏDƏR - HƏR ŞEYDƏN DANIŞIB (MÜSAHİBƏ)

RAMİN MUSAYEV İÇKİDƏN İŞƏ QƏDƏR - HƏR ŞEYDƏN DANIŞIB (MÜSAHİBƏ)


oxunma sayı: 490 Paylaş:

"Gəlirim tək burdan deyil. «Obyektlərim» var"

- Uşaqlıq dövrünüzü yaxşı xatırlıyırsız?

- Bəli. 2 yaşım yadımdadı.

- Doğrudan?

- Allah haqqı!

- Hansı hadisə ilə xatırlayırsız iki yaşınızı?

- Yay idi. Yaylağa çıxmışdıq. Orda bir hadisə oldu. O mənim yadımda qalıb. Həmin epizodu danışanda o vaxt orda olan yaşlı insanlar deyirlər ki, onda uşaq idin, bu hadisələr yadında necə qalıb?! Həmin vaxt biz bir evdə olmuşuq. O evin «proyekt»i mənim gözümün qabağındadı.

- Uşaqlığınız necə keçib?

- Nə mənada?

- Hər mənada...

- Çox dəcəl və dalaşqan olmuşam. Amma yersiz dalaşmamışam...

- İnsan istədiyi hədəfə çatandan, müəyyən təcrübə toplayandan sonra onun uşaqlıqdan formalaşan bir xasiyyəti olduğu kimi qalır. Siz hansı uşaq xasiyyətinizi hələ də saxlamısız?

- Küsməyi. Tez küsürəm.

- Küsdüyünüz insanlara necə etiraz edirsiz?

- Bacardığım qədər bunu hiss etdirməməyə çalışıram. Amma yenə də qarşımdakı adi davranışımdan bilir ki, küsmüşəm.

- Uşaq vaxtı hərənin gələcəklə bağlı bir arzusu olur. Siz böyüyəndə kim olmaq istəyirdiz?

- Polis.

- Məqsədinizə çatandan - polis olandan sonra bu, sizin üçün adiləşmədi?

- Yox, bir müddət işlədim. Ancaq sonra həyat məni belə bir addım atmağa, polis işindən uzaqlaşmağa məcbur elədi...

- İndi PFL-in sədrisiz. Hadisələrin bu günkü gedişindən razısız?

- Heç nədən narazı deyiləm. Polisə aid hər şey geridə qaldı. Hazırda çalışdığım sahə də çox maraqlıdı. Günlər necə keçir, özüm də bilmirəm.

- Polis işlədiyiniz vaxtlarda əldə etdiyiniz təcrübə bu gün sizə kömək edir, ya mane olur?

- O sahədə beş il işlədim və çox böyük təcrübə topladım. Bu gün onun nəticəsidi ki, qarşımdakı insanları yaxşı tanıyıram.

- İnsanlarla o illərdəki davranış formanızı saxlamısız?

- Necə?

- Yəni ətrafınızdakılarla yenə polis kimi davranırsız?

- Müəyyən qədər...

- Sizcə, PFL rəhbərləri insanlarla polis kimi davranmalıdı?

- Mən hazırda polis deyiləm, amma onda necə mehriban idimsə, indi də ətrafımdakılarla elə davranıram.

- Necə şagird olmusuz?

- Fəal şagird olmuşam. 8-ci sinifə qədər əla oxumuşam. Amma elə ki, mənə dedilər, polis olmayacaqsan, həvəsdən düşdüm, oxumadım. Uşaqlarla, müəllimlərlə mehriban olmuşam. Çox dalaşırdım. Amma həmişə döydüyüm üçün tez də barışırdım. Sinifdə ən dəcəl şagird mən olmuşam. Amma bütün sinif yoldaşlarımla indi də əlaqə saxlayıram.

- Ən yadda qalan müəlliminiz?

- Hamısı yadımda qalıb.

- Onlarla da əlaqə saxlayırsız?

- Hə, sağ qalanlarla əlaqə saxlayıram. Tez-tez zəng vurub maraqlanıram.

- Bəs tələbəlik həyatınız necə keçib?

- Çox maraqlı.

- Yataqxanada qalmısız?

- Yox, yataqxanada dostlarım qalırdı. Hərdən onlara qonaq gedirdim. Amma qardaşımla qalmışam. Onun evi var idi. Mən də orda yaşayırdım.

- Ancaq deyirlər ki, tələbəliyin ləzzəti yataqxanada qalmaqdı...

- Elədi. Yataqxanada da dostlarımla qaldığım vaxtlar olub. Hətta elə olub ki, bir kravatda iki nəfər yatmışıq. Lakin daimi yaşayış yerim qardaşımgil olub.

«Anam gözünü ağartdı ki, uşaqsan, içmə, amma mən oturub onlarla "vurdum"

- Sosial təminatlı ailədə böyümüsüz?

- Necə?

- Kasıb ailədə böyümüsüz, yoxsa varlı?

- Nə kasıb, nə varlı. O ikisinin arasında.

- Uşaq vaxtı arzuladığınız elə bir şey olubmu ki, valideyinləriniz almayıb?

- Evin son beşiyi olmuşam. Elə imkanımız olmasa da, ürəyimi qırmayıblar. Hər istədiyimi alıblar.

- Ramin Musayev yaxşı atadımı? Bu barədə özü nə düşünür?

- Bu günə qədər atalıq borcumu layiqincə ödəmişəm.

- Atanızda elə bir xasiyyət olubmu, fikirləşmisiz ki, mən gələcəkdə belə olmayacam?

- Evin son beşiyi olduğum üçün ərköyün böyümüşəm. Valideynlərim hər dediyimi ediblər. Amma heç vaxt düşünməmişəm ki, mən belə olmayacam. Allah bütün ölənlərə rəhmət eləsin, atam həmişə deyərdi ki, çalış elə valideyn ol ki sənin adın gələndə uşaqların utanmasın.

- Hər işi görəndə atanızın məsləhətinə əməl edirsinizmi?

- Tək ona görə yox, elə öz adıma görə də atamın məsləhətlərinə həmişə əməl edirəm.

- Sizin üçün həyatda ən qiymətli məfhum nədi?

- Dostluq. Valideynlər də, ailə də həyatın qanunudu, olmalıdı. Onlar da qiymətlidi. Ancaq dost tapıntı kimi bir şeydi.

- Belə deyək, valideynlərimizi, qardaşımızı, qohumlarımızı biz seçmirik, amma dostu özümüz seçirik...

- Düzdü.

- Dostunuz var?

- Ən böyük dostum da oğlumdu.

- Dostunuz çoxdu?

- Yox.

- Heç olmayıb?

- Olub, amma itirmişəm.

- Bəs düşməniniz necə?

- Bu dünyada düz danışan, sözü üzə deyən insanın düşməni də çox olur.

- Qonşularınızla münasibətiniz necədi?

- Pis deyil. Təzə evləndiyim vaxtlar idi, kirayə qalırdım. Onda bir qonşum var idi, mənə çox kömək etmişdi. Bu yaxınlarda onu gördüm. Aradan 20 il keçmişdi. Məni tanıdı, görüşdük. Onu özümə çox doğma bilirəm.

- Jurnalistlər arasında belə bir deyim var, insan sonradan jurnalist olmur, jurnalist doğulur. Bu ifadəni polislərə də aid etmək olarmı?

- Belə düşünürəm ki, gərək insanın qabında olsun. Tələbə vaxtı bizdə bir oğlan var idi. Karate ilə məşğul olurdu. Mən ona deyirdim ki, yüz il də məşğul olsan, səndən yaxşı idmançı olmayacaq. çünki bu onun xarakterinə, təbiətinə uyğun deyildi. Ona məsləhət görürdüm ki, musiqi ilə məşğul olsun. İki il getdi, sonda mənə dedi ki, sən haqlısan, karate mənlik deyil. Polis də bunun kimi bir şeydi.

- Spirtli içki içirsiz?

- Beş ildi ki içmirəm.

- Hər bir insanın içkiyə başlamaq üçün bir səbəbi olur. Sizdə necə olub?

- On yaşım var idi. Qonaqlar gəlmişdi. Dedilər ki, bu evə gələsən, içki içməyəsən. Heç cür alınmır. Gedib "podval"dakı boçkadan çaxır doldurub gətirdim. Dedilər, bunu kimlə içəcəyik. Dedim, mənimlə. Anam gözünü ağartdı ki, uşaqsan, içmə, amma mən oturub onlarla "vurdum". Atam gələnə qədər qonaqlarla oturdum.

- Sonra atanız gəldi və sizi cəzalandırdı...

- Yox, əksinə. Atam "çox sağ ol" dedi.

- Oğlunuz içirmi?

- Yox, namaz qılır.

- İçsə, nə deyərdiz?

- İçməyinə bir söz deməzdim. Amma siqaret çəkməyə icazə verməzdim.

- Ancaq özünüz çəkirsiz...

- Bir əmioğlum var idi. Uşaqlıqdan bir yerdə idik. Həm də qapıbir qonşumuz idi. O, 10-da oxuyanda, mən doqquzuncu sinifdə idim. Yanımda qoz ağacından yıxıldı, bel sümüyü sındı və şikəst oldu. Ondan sonra mən «inistuta» qəbul oldum. 20 yaşım vardı. İstədiyi qızın toyu idi. Həmin gün çox ağladı, içdi. Bu hadisə mənə çox pis təsir elədi. Elə o gündən sonra da siqaretə başladım.

- Siqareti atmaq üçün cəhd eləmisiz?

- Hə, çox çalışmışam.

- Belə deyirlər ki, siqareti atmaq üçün güclü iradə lazımdı. Siz bu fikirlə razısız?

- Siqaret nə əsəbi sakitləşdirir, nə də insana rahatlıq verir. Sadəcə, bir alışqanlıqdı. Amma ən çətin vaxtda siqareti atmışam. Belə düşünürəm ki, artıq vaxtı çatıb. İnanıram ki, tezliklə atacam.

«Bizimkilərdən birini vurdular, mən də onu vurdum»

- Həyatınızdakı ən xoş gün...

- Qardaşımın əsgərlikdən qayıtmağı və övladlarımın dünyaya gəldiyi gün çox sevinmişəm. Bir də ən yaxşı xatirələrim futbolla bağlıdı. "Neftçi" Moskvada ermənilərə qalib gələndə sevincimin həddi-hüdudu yox idi.

- Həmin oyundan yadınızda nə qalıb?

- Oyun zamanı 2:0 hesabı ilə irəlidə idik. Ermənilər istədi dava salsın, oyun yarımçıq dayandırılsın. Həqiqətən də dava düşdü. İcazə alıb stadiona daxil oldum və uşaqlara dedim ki, bunlar biclik edirlər. İstəyirlər ki, dava salıb oyunun yarımçıq dayandırılmasına nail olsunlar. 15 dəqiqə qalıb. Bir az da dözün, oyundan sonra cavablarını verərik. Sağ olsunlar, dediyim kimi də etdilər. Gedib uşaqları təbrik elədim və dedim ki, axşam sizə qonaqlıq verəcəm. Soyunub-geyinmə otağından çıxıb, otelə gəldim. Paltomu çıxarıb qarderoba tərəf gedəndə dava düşdü. Bizimkilərdən birini vurdular, mən də onu vurdum. Hardasa 25 dəqiqə davam elədi. Aparıb saldılar içəri. Mən də orda yenə öz polisliyimdən istifadə edib dedim ki, onlar bizdən iki saat qabaq çıxıblar, amma hələ də əşyalarını yuxarı qaldırmayıblar. Deməli onlar dava salmaq üçün bizi gözləyirdilər.

- Azərbaycanda azarkeşlik etdiyiniz klub varmı?

- Var.

- Bilmək olarmı, hansı komandaya azarkeşlik edirsiz?

- Bir dənə deyil ki, çoxdu. (Gülür) "Neftçi"ni çox sevirəm. Amma bu indinin sevgisi deyil. Məndə əvvəllər də bu komandaya böyük sevgi olub. Hətta o vaxlar, bir radiomuz var idi. Kənddə yaxşı tutmurdu. Xeyli aralıda bir çay axırdı. Qaranlıqdan qorxurdum. Yenə də gecə vaxtı, soyuqda "Neftçi"nin oyunlarını dinləmək üçün uşaqlarla ora gedirdik. Ancaq bu o demək deyil ki, mən "Neftçi"ni sevirəmsə, ona dəstək olmalıyam. Sadəcə qəlbimdə. çoxları düşünür ki, mən kluba kömək edirəm. Artıq iki ildi bu vəzifədəyəm. Əgər "Neftçi"yə dəstək olsaydım, komanda iki il ard-arda çempion olardı.

- Ancaq bu il komanda daha yaxşı çıxış edir...

- Bu, Sadıq Sadıqovun gəlişindən sonra oldu. Yaxşı rəhbər olanda futbolçulara əlavə güc gəlir. Ruslar müharibəni əsgərlərin hesabına yox, Stalinin hesabına uddular. Onlar "Za Stalina!" deyib özlərini tankın altına atırdılar.

- Sadıq Sadıqovla şəxsi münasibətiniz necədi?

- Yaxşı münasibətimiz var. Ailələrimiz də bir-birilərini tanıyırlar. Ancaq indi yox, çoxdanın tanışıyıq.

- Ramin müəllim, ayda nə qədər pul xərcləyirsiz?

- Heç vaxt pulumu saymamışam.

Musayev bu yerdə cibindəki pulların hamısını çıxarır və necə dağınıq olduğunu göstərir:

- Görürsən, hamısı bir-birinə qarışıb. Dollar «yevroya», o da manata.

- Dolanışığınızdan razısız?

- Allaha şükür, razıyam. Gəlirim tək burdan deyil. «Obyektlərim» var. Pulsuz günüm olub, ancaq heç kimdən pul istəməmişəm. Elə bir vaxtda, elə bir yerdən pul gəlib ki, özüm də təəccüblənmişəm.

- «Neftçi»nin vitse-prezidenti olmaq yaxşıdı, ya PFL-in prezidenti?

- PFL-in prezidenti olmaq daha asandı.

- Bəs kerslolar? Ordakı kreslonuz rahat idi, ya bu?

- Kreslonun əhəmiyyəti yoxdu. Bu gün var, sabah olmaya bilər...

mənbə: sportal.az


oxunma sayı: 490 | Paylaş:




?>