JURNALİSTLƏR ELÇİN MƏMMƏDOVU SƏHVƏ NECƏ TƏHRİK ETDİLƏR?
Paylaş:
Nail Nurəddinoğlu: "Mən də sizə göstərəcəm" Elçin Cəlilov: "Biz onlara göstərəcəyik" Elçin Məmmədovla vaxtaşırı müsahibələrimiz olur. Bu dəfə fərqli oldu. Necə deyərlər, mübahisəli müsahibə. Sprotal.az-ın baş redaktoru Nail Nurəddinlə onu mümkün qədər sıxmağa çalışdıq. Sizə asan gəlməsin, Elçin Məmmədov özünü ifadə eləməyi çox yaxşı bacaran insandı. Amma biz yenə də onun dediklərində uyğunsuzluq tapa bildik. Oxuyun, siz də görəcəksiz... "Etiraf eldirəm ki, həmin gün test-kuper mənə görə olmayıb" - Zahid Musayev niyə təyinat almır? - Mənə maraqlı gələn odur ki, bu gün sportal.az saytının jurnalistləri elə bir fikir formalaşdırırlar ki, guya Zahid futboldan gedib. Belə bir şey yoxdur. O, bizim əlimizdə yetişib. Mən də istəyərəm ki, Zahid kimi hakim oyunlara təyinat alsın. çünki onun bu səviyyəyə çatması üçün mənim canım, qanım, vaxtım gedib. Amma gərək Zahid də məsələyə peşəkar yanaşsın. O, hər müsahibəsində deyir ki Xaqani Məmmədov elədi, belədi. Zahid başa düşməlidi ki, Xaqani Məmmədov gələndən sonra o, Samir, Səbayil Qurbanov, Fuad Həsənov, Tahir Əhmədov kimi referilərlə birlikdə "Sabahın ulduzları" çempionatından birbaşa yüksək dəstəyə vəsiqə qazandı. - Bəs onda niyə belə bir hakim bu gün oyun idarə etmir? - Mən birinci dəfə gələndə gördüm ki, Zahid Musayevi uzaqlaşdırıblar. Bir müddət keçəndən sonra Zahid yaxşı mənada başladı məşqlərə gəlməyə. Xaqani müəllimin gəlişindən sonra məndən soruşdu ki, perspektivli gənc hakimlərdən kimlər var. Ona təqdim etdiyim siyahıda yer alan 20-25 hakim arasında Zahidin də adı ilk sıralarda idi. Güclülər dəstəsinə yenicə təyinat alan bir hakimin il ərzində üç oyun idarə etməsi normaldı. Zahid həmin il 2700 metr qaçmışdı. çünki məşq etmirdi. O, altı aylıq normativi verə bilmədi. Xaqani müəllimdən qabaq normativlər altı aydan bir qəbul olunurdu. Hakimlər də bundan istifadə edib məşqlərə gəlmirdi. Normativ vermə vaxtı çatanda isə qalırdılar. - Bir ay bundan qabaq hakimlərdən test-kuper götürülməli idi. Ancaq götürülmədi. Niyə? - Çünki həmin gün bir məsələ var idi, hakimlər gələ bilməmişdi. - Konkret danışaq. Ramin Musayevin anasının hüzrünü nəzərdə tutursan... - Bəli. - Test-kuper olan gün mən də orda idim və hakimlərin demək olar ki, hamısı gəlmişdi. Hətta Xaqani Məmmədov da orada idi. Başa düşürəm, hüzrə getməli idiz. Amma əgər gələ bilirlərsə, niyə test-kuper vermədilər? - O ayrı məsələ idi. - Ayrı məsələ-filan deyildi. Etiraf elə ki, həmin gün sən yatıb qalmışdın deyə, test-kuper baş tutmadı... - Yaxşı, etiraf edirəm ki, həmin gün test-kuper mənə görə olmayıb. Ancaq mən buna görə cəzamı almışam. - Sizin yüksək peşəkarlığınız budu... - Siz bütün günahları atırsız Xaqani müəllimin üstünə. Sportal.az-da belə bir tendensiya yaranıb ki, Azərbaycan futbolunda pis nə baş verirsə, hamısının günahkarı Xaqani Məmmədovdu. Stadionun ot örtüyü pisdi, deyirlər ki, Xaqani Məmmədov yaxşı ot verməyib. Axı bunun Xaqani Məmmədova nə dəxli? "Mən adları FİFA-ya göndərilən hakimlərin yerinə olsaydım, getməzdim" - Deyirsən ki, Azərbaycan hakimliyi inkişaf edib. Babək Quliyevdən sonra FİFA referilərimiz illərdi üçüncü kateqoriyada qalıblar. - Siz bilmək istəyirsiz ki, niyə bizim FİFA referilərimiz üçüncü kateqoriyada qalıblar? - İstəyirik... - Mən də deyirəm ki, bu günkü FİFA hakimləri köhnə komitədən qalan cer-cehizdi. Ancaq bizim yetişdirmiyimiz hakimlər vaxtı çatanda öz sözlərini deyəcəklər. FİFA referisi olmaq üçün hakimin yaşı 25 və ondan yuxarı olmalıdı. Bu gün gənc hakimlərimizdən Əliyar Ağayevin FİFA referiliyi demək olar ki, təsdiqlənib. Onun cəmi 23 yaşı var. Əliyardan üç dəfə test götürüblər və o yüksək qiymət alıb. O, 56 ölkənin hakimləri arasında yeganə referidir ki, 23 yaşında bu nəticələri əldə edib. - Bu ilin ən yaxşı hakimi kimdi? - Elçin Məmmədov. - Əla. Bəs niyə bu il FİFA-ya adı göndərilənlər arasında yoxsan? - Mən futzalda birinci kateqoriyalı olduğum halda, futbolda dördüncü kateqoriyada otura bilmərəm axı. - Çimərlik futbolu, futzal... Gəl ciddi məsələlərdən danışaq. Söhbət böyük futboldan gedir... - Futzalda oyun idarə etmək daha çətindi. Futzalda oyun idarə edən hakim futbola gedə bilər. Ancaq futboldan bura gələ bilməz. Siz gedin hər hansı bir televiziyada işləyin də. Niyə işləmirsiz? Çünki hazırkı işiniz sizin üçün daha rahatdı. Mənə də deyirsiz ki, hakimliyi burax. - Bax indi deyirsən ki, futzaldakı yerimi futboldakına dəyişmək istəmirdim. Amma bir müddət əvvəl gənclərə yol açmaq istədiyini deyirdin. Hansı bəhanədi, hansı həqiqət? - Mən ona görə gənclərə yol verdiyimi deyirəm ki, bir neçə ildən sonra görəcəksiniz ki, mənim yetişdirdiyim hakimlər Avropada necə hakimlik edirlər. - Xahiş edirəm mövzudan yayınmayın. Gəncləri siz yetişdirirsiz. Ancaq FİFA referiliyinə namizədlərin siyahısını Xaqani Məmmədov göndərib... - Bəli, Xaqani müəllim göndərib. - Onda belə çıxır ki, Xaqani müəllim Elçin Məmmədovun bir illik əziyyətini yerə vurub... - Məncə ora göndərilən hakimlər düzgün etməyiblər. Mən adları FİFA-ya göndərilən hakimlərin yerinə olsaydım, getməzdim. Əgər onlar yeddi ildə qabağa getməyiblərsə, bundan sonra da getməyəcəklər. Buna görə də gərək gənclərə yol verəydilər. Ancaq Anar Salmanova toxunmayaq. çünki o, hələ birinci ildir, FİFA-ya gedəcək. Ona görə də Anara vaxt vermək lazımdı. "Mən getmək istəmirəmsə, Xaqani Məmmədov məni döyə-döyə FİFA-ya göndərməyəcək ki" - Xaqani Məmmədov isə Anarı rüşvət almaqda günahlandırır. Daha doğrusu, bu yaxınlarda "Komanda" qəzetinə verdiyi müsahibədə Tuyqun Nadirovun hakimliklə bağlı etirazlarına cavab olaraq bildirib ki, Tuyqun müəllim hakimləri rüşvət almaqda günahlandırır, amma halbuki özü vaxtilə Anara rüşvət verib. Bəs bunu necə başa düşmək olar? - Birincisi elə deməyib. İkincisi, bu əvvəlki hakimlər komitəsinin vaxtında baş verib. Xaqani müəllim isə Anarın iki illik fəaliyyətini qiymətləndirərək, belə bir addım atıb. Burda qəbahət heç nə yoxdu. - Elçin, söhbət hakimlikdən gedir. Bu çox ciddi məsələdi. Hakim ədalət təmsilçisidi. Onun keçmişi təmiz olmalıdı. FİFA bundan xəbər tutsa necə olacaq? - Əvvəllər hansısa səhvi olan hakimi bağışlamaq olar. Buna qanunlar da icazə verir. Bu gün Milli Məclisdə bəzi deputatlar var ki, keçmişdə cinayətkar olublar. Bəs onda onlar niyə həmin vəzifədə oturublar? - Məsələni siyasiləşdirməyək. Elə hakimlərin də arasında daha əvvəllər məhkum olunmuşlar var. Hətta futbol məmurlarından da... Sən denən görək, ilin ən yaxşı kakimi Elçin Məmmədovun adı niyə FİFA-ya göndərilən siyahıda olmayıb? Məmmədovla aranızda prolem var? - Nə problem?! Əgər mən getmək istəmirəmsə, Xaqani Məmmədov məni döyə-döyə FİFA-ya göndərməyəcək ki. Yenə deyirəm, mən ora getsəm, 15 il qalacam. Bununla da gənclərin yolunu kəsmiş oluram. - Gənclərin yaşı gələn il tamam olur. Heç olmasa bu il gedərdiz? - Bir ildən ötrü getməyə dəyməz. - Siz getsəydiz, ən azından daha çox oyunlara təyinat alardız və ölkəmizi də layiqincə təmsil edərdiz... - Düzdü, ancaq indi gedib, bir ildən sonra çıxmağın yeri yoxdu. Biz istəyirik ki, göndərdiyimiz hakimlər imtahanlardan kəsilib bizi pərt eləməsinlər. UEFA deməsin ki, yenə köhnə hamam, köhnə tas. - Vüsal Əliyev ingilis dili imtahanından keçə bilməyib. Bəs onu niyə göndərdilər? - Kimi göndərdiyimizi yaxşı bilirik. Əminik ki, həmin problem bir də təkrar olunmayacaq. Xaqani Məmmədov gələndən sonra heç bir asistent "impruvd" almayıb. Halbuki əvvəllər alırdılar. Əgər Vüsalla Anarı göndərməsəydik, onda iki yerimiz boş qalacaqdı. - İndi isə bir il itirəcəyik. İstəsəydiz, onların yerinə başqa gənc hakim göndərə bilərdiz? - FİFA hakimi olmaq üçün minimum iki il Premyer Liqa təcrübəsi vacibdir. - Elə bir qayda var? - Bəli, mən bunu sizə sənədlərlə sübut edə bilərəm. Orxanı ona görə ora göndərmədik ki, o, hazırda asistentdi. Baş hakim olması üçün ən azı bir il gözləməli olacaq. - Orxanı niyə baş hakim kimi göndərmək istəyirsiz? - Çünki o laynsman kimi maksimum həddə çatıb. Bundan sonra əsas hakim kimi fəaliyyət göstərsə, pis olar? Biz onunla ətraflı söhbət etdik. Görünür, özünə inanır və əsas hakim kimi işləmək arzusundadı. - Onda belə çıxır ki, Azərbaycan bir il asistentsiz qalacaq... - Yox, qalmayacaq. Zeynal Zeynalov. Orxandan gənc, istedadlı, boy-buxunlu hakimdi. FİFA boya xüsusi önəm verir. - Sizin əmin boy-buxunlu hakimləriniz Antalyada toplanışda oldu. Ancaq Premyer Liqada hər tur hakimliklə bağlı problemlər yaşanır... - Hər tur problem olmur. Sadəcə üç-dörd oyunda olub və bununla bağlı həmin hakimlər öz cəzalarını alıblar. Rusiyada beş tur keçmişdi, on iki hakim cəzalandırılmışdı. Biz hakimlərin səhvlərini bağışlayırıq. Sadəcə qərəzli nöqsanları bağışlanmır. Əlbəttə istəyərik ki, ideal hakim olsun. Ancaq hərdən səhvlər də olur. "Hakimlərin ingilis dil problemi var..." - Babək Quliyev kimi referi hakimlikdən uzaqlaşdırıldı. Bu nə dərəcədə düzgün addım idi? - Hər bir hakimi itirmək bizim üçün ağırdı. Adicə bir-iki turluq cəza verəndə də bizə pis təsir edir. - Bəs itirmək ağırdısa, onda niyə Babəki uzaqlaşdırdız? - Bu, bizim yox köhnə komitə sədrlərinin günahıdı. Onlar vaxtilə "talant qrup"a gedən nümayəndələri düzgün seçsə və məni sıxışdırmasaydılar, indi mən də Babəklə birlikdə oturmuşdum orda. Kimlərsə kimlərinsə marağına görə kimlərisə gətirib ora qoyduğu üçün "talant qrup"a yalnız Babək Quliyev düşdü. - Demək istəyirsən ki, sənin yerinə Babəki qabağa çəkiblər? - Əsla. Babək də ona görə ora düşmüşdü ki, onun hakimlik inkişafı düzgün qurulmuşdu. Babək Quliyev güclü hakimdi. Qəbul etsə də, etməsə də onun yetişməsində Xaqani Məmmədovun rolu böyük olub. Sizə bir faktı da deyim ki, bayaq sadaladığınız hakimlər Xaqani müəllimin tələbələri olublar. - Deyirsiz ki, Xaqani yaxşı hakim olub. Bəs onda niyə irəliləyə bilməyib? İllərlə 4-cü qrupda qalıb? - Əvvəllər bunda hakimdən daha çox onun təmsil etdiyi ölkənin klublarının reytinqi əsas götürülür. Məsələn, İtaliyanın 20-ci hakimi "Roma" - " "Latsio" oyununu idarə edir. Azərbaycanın ən yaxşı hakimi isə təyinat alır "Neftçi" - " "Xəzər Lənkəran" oyununa. Hansı daha çox tanınır? Son vaxtlara qədər iki Avropa ölkəsinin matçını digər bir avropalı idarə edirdi. Bukmeyker məsələləri çıxandan sonra FİFA belə bir qərar qəbul etdi ki, siz ingilis dilini bilən hakimləri verin, biz onların arasından yaxşıları seçəcəyik. Siz niyə imkan vermirsiniz ki, Xaqani müəllim öz tutduğu strategiyanı həyata keçirsin? - Hansı strategiyadan danışırsız? Hər tur yol verilən hakim səhvlərini deyirsiz? - Əsas məqsədimiz sağlam rəqabət yaratmaq, hakimlərin bilik və səviyyəsini yüksək həddə çatdırmaqdı. - Son iki ildə nüfuza zərbə gəldi... - Əlbəttə xeyr. Son iki ildə Orxan Məmmədov Avropanın səkkizinci hakimi oldu. Əfqan Həmzəyev çimərlik futbolu üzrə yeddincidi. - Bilirsiz, FİFA nə deyir? Yenə Vüsal, yenə Fariz... - Bu hakimlərin ingilis dili problemi var, onu da yoluna qoyacağıq. Hazırda yetişdirdiyimiz gənclər özlərini doğrultmasa, sizə söz verirəm ki, Azərbaycan futbolundan gedəcəm. Siz deyirsiz ki, Xaqani Məmmədov keçmiş komitə sədrlərinin yol verdiyi günahlara cavabdeh olsun. "Əli Hüseynovun vaxtında klublar kimi istəyirdilərsə, onu da öz oyunlarına təyin edirdilər" - Bəs hakimlərə verilən qiymətlər niyə açıqlanmır? - Bu UEFA tərəfindən də düzgün hesab olunmur. - Bizə nə sərf eliyirsə, deyirik ki, UEFA icazə vermir... - Bunu hakimin imicinə, onun idarəçiliyinə zərbə vurmamaq üçün gizlədirik. - Ancaq Əli Hüseynovun vaxtında qiymətlər açıqlanırdı... - Çünki Əli Hüseynovun vaxtında klublar kimi istəyirdilərsə, onu da öz oyunlarına təyin edirdilər. - Bunlar fərziyyədi. Sən onu de bilək, klubların cəzalandırılmasında hakimlərin əli olurmu? - Klubların cəzalandırılmasına Hakimlər Komitəsi baxmır. - Bəs hakimlərə olunan təzyiqlər?.. - Bu barədə mən heç nə deyə bilmərəm. Bu sualı Məlik Həsənova versəz, daha yaxşı olar. çünki oyunda baş verənlərin protokollarına o baxır. Hansısa hakimə təzyiq olunursa, buna görə mən cavab verməliyəm? - Zeynal Məmmədov "Bakı" - " "Simurq" oyununda hakimi təhqir etmişdi. Sizcə bu həm də hakimə qarşı yönəlmiş təzyiq ola bilməz? - Həmin oyunda Zeynal müəllim rəsmi şəxs kimi iştirak etmirdi. O azarkeş kimi oyunu tribunadan izləyirdi. Əgər təhqir edibsə, bunu azarkeş kimi edib. Klub rəsmisi kimi yox. Onun heç lisenziyası da yoxdu. - Bir çempionatın ki, 8 turunda 11 hakim cəzalanır, hansı inkişafdan söhbət gedə bilər?! Səncə istefa verməyin vaxtı çatmayıb? - Dünya çempionatında Rozetti qərarlarıyla İtaliyanı biabır elədi. Onda niyə İtaliya hakimlər komitəsi istefa vermədi? Dünyanın bütün ölkələrində hakimlər səhv edir və cəzalanırlar. - Amma bizdəki qədər olmur. 12 komandanın iştirak etdiyi bir çempionatda 9 turdan sonra 11 hakim cəzalanırsa, burda hansı inkişafdan danışa bilərik?! - Biz cəza vermirik ki, hakim qovulsun. Sadəcə növbəti oyunlarda da bu cür səhvlər etməsin deyə, onu cəzalandırırıq. - Müsahibə onsuz da "şişib", gəl yekunlaşdıraq. Bu gün Azərbaycanı FİFA-da neçə baş hakim təmsil edir? - Üç. - Əla. İllərdi belədi. Bircə Babək Quliyev irəliləmişdi, onu da belə elədiz. Əgər hələ də cəmi üç hakiçlə təmsil olunuruqsa, möhtəşəm inkişaf hanı? - Say vacib deyil. Biz istəsək on hakimə qədər göndərə bilərik. - Göndərməyinə göndərərsiz, amma yenə şablonla cəmi üçü qəbul olunacaq... - Onu da qəbul olunacaq. - Elçin sən çox böyük səhv buraxdın... - Niyə ki? - Bəyəm bilmirsən ki, bizim FİFA-da cəmi üç yerimiz var? Dördüncünü qazanmaq üçün reytinq xalı yığmalıyıq? - Belə bir şey yoxdu. UEFA-nın sənədlərində göstərilib ki, biz 10-a qədər hakim göndərə bilərik. - Başa düşdüm də, amma onların cəmi üçü qəbul olunacaq axı. - Xeyr, hamısı birdən təsdiqlənə bilər. Sadəcə az oyun alacaqlar. - Söhbət təkcə böyük futboldan gedir də, hə? - Bəli. Bundan sonra Elçin Məmmədovun Tofiq Bəhramov adına stadiondakı ofisinə getdik... Getdik ki, bizə AFFA-nın FİFA-da eyni vaxtda 10 hakimlə təmsil olunmaq imkanı olduğu hansı sənəddə yazılıb?.. Xeyli sənəd qurdalandı... Xeyli bəndlər oxundu... Belə bir şey tapmadıq... Demişdim axı, bu ölkədə İngilis dilini təkcə Elxan Məmmədov bilmir... Elçin söz verdi ki, həmin sənədi tapıb bizə göstərəcək... Nə deyirik, bizə göstərəndə biz də sizə göstərəcəyik. Göstərə bilməsə də, biz onlara göstərəcəyik!.. Elçin Cəlilov, Nail Nurəddinoğlu
| Paylaş: