')

Bu gün:


FutbolPress.Az | "XAQANİ MƏMMƏDOV GÖZÜNÜN İÇİNƏ QƏDƏR YALAN DANIŞIR" (MÜSAHİBƏ)

"XAQANİ MƏMMƏDOV GÖZÜNÜN İÇİNƏ QƏDƏR YALAN DANIŞIR" (MÜSAHİBƏ)


oxunma sayı: 556 Paylaş:

"Bu vəzifəyə sözün əsl mənasında kişi lazımdır"

- Deyilənlərə görə Sizi hakimlikdən Xəqani Məmmədov uzaqlaşdırıb. Xəqani Məmmədov da açıqlamasında FIFA referisi olan bir hakimin uzaqlaşdırılmasını istəmədiyini deyib. Bu haqda nə deyə bilərsiniz?
- Xəqani Məmmədov mənim haqda nə deyib bilmirəm. Ümumiyyətlə, Xəqani Məmmədovun Azərbaycan futbol ictimaiyyətində tanınmış personadır. Ancaq mənfi cəhətdən... Müsbət cəhətdən söhbət belə gedə bilməz. Onun məni uzaqlaşdırmaq istəməməsinə gəldikdə isə o yalan danışır. Elə məni hakimlikdən uzaqlaşdıran əsas adam Xəqani Məmmədov idi. Mən burdan Xəqani Məmmədova sual verirəm. Siz Hakimlər Komitəsinin iclasını yığanda Babək Quliyevə qarşı faktınız var idi?

- Bəs fakt yox idisə, Sizi necə hakimlikdən uzaqlaşdıra bilərlər?
- Bilirsiniz, vəziyyət elədir ki, onlar Rövnəq Abdullayevi də aldatmışdılar. Rövnəq müəllim də səhv etmirəmsə mart ayının 16-da İcraiyyə Komitəsinin iclasında mənə qarşı sərt ifadələr səsləndirmişdi ki, lazım olsa Babək Quliyevi Prokurorluğa da verə bilərik. Ancaq ortada heç bir fakt yox idi. Ümumiyyətlə Xəqani Məmmədov hansı bir hakimi yetişdirib mən bilmirəm.

- Xəqani Məmmədov deyib ki, mən Hakimlər Komitəsinin sədri keçəndə bura xarabalıq idi...
- Xeyir onun böyük səhvi var. O yuxudadır deyəsən. Xarabalıq indidir. O danışanda deyir ki, guya keçmiş hakimlər komitəsinin sədrlərinin vaxtında kim yetişib? Heç nə demirəm Babək Quliyev yetişib. İndi mənim kimi bir hakim yetişdir görüm yetişdirə bilərsənmi?

- Xəqani Məmmədov əvvəllər hakimlərin satıldığını, ancaq artıq bunun qarşısının aldığını deyib.
- Mən ona sual vermək istəyirəm. O özü öz dediyinə inanırmı? O, 2 il yarımdır Hakimlər komitəsinin sədridir və bu müddətdə ancaq aldatmaqla məşğul olur, həmçinin aldatmağını da davam etdirir. Əfsuslar olsun ki, ona da qulaq asırlar.

- Xəqani Məmmədov "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyğun Nadirovun onu almaq istədiyini, ancaq buna razılıq vermədiyini bildirib. Ancaq əvvəllər Tuyğun Nadirovun istənilən hakimi aldığını və bunu sübut edə biləcəyini də deyib.
- O, heç nəyi sübut edə bilməz, boşboğazlıq edir, elə həmişə belə boş-boş fikirlər söyləyir. Sən həmin Xəqani Məmmədovsan ki, bir fitinlə Azərbaycan futbolunu il yarım futbolsuz saxlayıbsan. Sən həmin Xəqani Məmmədovsan ki, Tahir Süleymanovun, Babək Quliyevin və İmanxan Sultanovun "torbası"nı tikibsən. Sən həmin Xəqani Məmmədovsan ki, iki ildir UEFA hakim-inspektorusan, amma təyinat ala bilmirsən. Sonra nə deyim?

- Siz necə düşünürsünüz, hazırda Hakimlər komitəsində heç bir iş görülmür?
- Təbii ki, görülmür. Onlar elə bilirlər ki, mənim getməyim işlərinə yarayacaq. Xeyir! Hazırda mənimlə eyni qrupda olan hakimlər Avropa Liqasının seçmə mərhələsinə təyinat alırlar. Mənim bir il ərzində idarə etdiyim 7-8 oyunu hazırda Azərbaycan FİFA hakimləri 3 ilə idarə edir. Halbuki, onu mən bir ilə tək idarə edirdim. İnkişaf bunamı deyir Xəqani Məmmədov?

- Əgər inkişaf yoxdursa, Xəqani Məmmədovu "kreslo"sunda saxlayan nədir?
- Onu vəzifəsində saxlayan bir çox amillər var. Ona görə ki, Xəqani Məmmədovun ixtiyarı öz əlində deyil. O kiminsə diqtəsi ilə işləyir. Bunun başqa variantı ola bilməz. Yenə deyirəm, onun ixtiyarı öz əlində deyil. Ona görə də istəmirlər ki, o, insan oradan uzaqlaşsın. Çünki Xəqani Məmmədov bütün tapşırıqları lazımınca yerinə yetirir.

- Bəs hansı hakimin ədalətli və yaxud ədalətsiz olduğunu deyə bilərsiniz?
- Bilirsiniz, mən də hakim olmuşam. Bu işi yaxşı bilirəm. Ona görə də yaşlısından tutmuş gəncinə kimi heç bir hakimdə günah görmürəm. Hazırda vəziyyət elədir ki, onlara çox təzyiqlər olur. Onlar təzyiq altda hakimlik edirlər. Bir hakim bir komanda da ciddi səhvə yol verəndə onu keçirlər, amma başqa komanda da həmin səhvə yol verəndə o səhvi ona bağışlamırlar. Belə çıxır ki, klublardan Xəqani Məmmədova bəzi sifarişlər olur. Məhz bu səbəbə görə hakimlər bilmirlər neynəsinlər. Mən belə düşünürəm ki, hakimlər müstəqil, azad olmalıdır. Ədalətli oyun idarə etməlidirlər. Daha belə kobud səhvlərə yol verərək yox. Azərbaycanda klubların marağı hakimlikdən öncə gəlir. Bu faktdır, bunu danmaq olmaz. Ancaq Xəqani Məmmədov bütün klublara eyni gözlə baxdığını deyir. O, gözünün içinə qədər yalan danışır.

- Hakimlik karyeranızda sizə hər hansı bir klubdan pul təklifi olub? Bundan əlavə Xəqani Məmmədov sizə hər hansı bir göstəriş verib?
- Mən 1992-ci ildən hakimlik etmişəm. Baxın görün mənim kimi nəticə verən hakim varmı? Məhz mən pul almadığıma görə 1 il 7 aydır işsiz qalmışam. Mən Xəqani Məmmədovun sifarişlərini qəbul etmədiyim üçün bu gün qıraqda qalmışam. "Bakı"-"Qarabağ"ı 2:0 udanda mənə dedilər ki, sən "Qarabağ"dan rüşvət almısan. Sonra fakt tapmadılar və dedilər ki, "Qarabağ" rəhbərliyinin zənginə cavab veribsən. Guya heç bir hakim hər hansı bir klub rəhbərliyinin telefon zənginə cavab vermir? Hakim var ki, klub rəsmilərinin ofisindən çıxır.

- Əgər Xəqani Məmmədov vəzifəsindən azad olunsa, onu əvəz edə biləcək ideal bir namizəd varmı?
- Bu vəzifəyə sözün əsl mənasında kişi lazımdır. Ümumiyyətlə Komitə sədri şəxsiyyətli olmalıdır. Yeri gələndə komitə sədri klub rəhbərlərinin qarşısında hakimlər üçün sipər olmalıdır.

- Deməli burada PFL-in və AFFA-nın bir marağı var ki, Xəqani Məmmədovu hakimlikdən uzaqlaşdırmırlar?
- Deməli nəsə var ki, saxlayırlar. Nə oldu, onun bu qədər səhvlərini, nöqsanlarının görmürlər? Çempionatda 9 tur geridə qalıb, onun səkkizi hakimlərin ucbatından qalmaqalla keçib. Xəqani Məmmədovun mənfi cəhətlərini sadalamaqla bitməz.

-Ola bilərmi ki, Siz Xəqani Məmmədov haqqında çox şey bildiyinizə görə "vuruldunuz"?
- Bir çox adamlar bilir ki, məni "vurublar". Mən şəxsiyyətimə görə qıraqda qalmışam. Hakimlik elə bir sənətdir ki, bu gün var sabah yoxdur. Ancaq şərəf və ləyaqət hər şeydən üstündür.

- Əgər sizi yenidən hakimliyə qaytarmaq istəsələr...
- Xəqani Məmmədov nə qədər ki, Hakimlər Komitəsinin sədridir, mən ora qayıtmaram. Bu qədər söz-söhbətdən sonra mən gedib onun rəhbərliyi altında işləmərəm. Belə də ki, o, kimdir ki, mən onun rəhbərliyi altında işləyim. O mənim rəhbərliyim altında işləməyə layiqdir. Söhbət nəticədən gedir. O, ildə bir dəfə təyinat alıb, mən isə 3-cü qrup kateqoriyalı hakimlər qrupuna daxiləm. Nə vaxt Xəqani Məmmədov gedər, mən də hakimliyə qayıdaram. Mənim şərəf və ləyaqətim o, insandan üstündür...

mənbə: qafqazinfo.az


oxunma sayı: 556 | Paylaş:




?>