')

Bu gün:


FutbolPress.Az | AZƏRBAYCAN KLUBLARININ AVROLİQADA MƏRHƏLƏ KEÇMƏ ŞANSI (SORĞU)

AZƏRBAYCAN KLUBLARININ AVROLİQADA MƏRHƏLƏ KEÇMƏ ŞANSI (SORĞU)


oxunma sayı: 997 Paylaş:

Azərbaycanı Avropa Liqasında təmsil edən klublar I təsnifat mərhələsinin cavab görüşlərinə hazırlaşır. Artıq bu gün həmin komandalardan biri - "Xəzər Lənkəran" ilk görüşdə doğma meydanda heç-heçə (2:2) etdiyi Estoniya "Nomme Kalyu"su ilə səfər matçına çıxacaq.

Digər təmsilçilərdən "İnter" və "Bakı" mübarizəyə iyulun 12-də qoşulacaqlar. Müvafiq olaraq "Trans" və "Mura" ilə qarşılaşacaq klublarımızın, eləcə də "Xəzər Lənkəran"ın keçirdikləri ilk oyun və növbəti mərhələyə hansı klubun adlayacağı ilə bağlı ictimaiyyətin fikrini öyrəndik. "FutbolPress" həmin sorğunu təqdim edir.

"Qəbələ" və "Atırau" (Qazaxıstan) klublarının sabiq baş məşqçisi, hazırda işsiz Ramiz Məmmədov: "Xəzər Lənkəran"ın oyunundan öncə baş məşqçi Yunis Hüseynov iddialı açıqlama vermişdi. Məşqçinin bu cür danışmağı pis deyil, yəni sistemi, işini bilən mütəxəssisdi. O, belə danışanda futbolçularda da özünəinam yaranır. Lakin gördüyünüz kimi şans "Xəzər Lənkəran" tərəfdə deyildi. Həqiqətən də Lənkəran klubu həmin komandadan üstün idi. İnanıram ki, cavab oyununda "Xəzər Lənkəran" qələbə qazanacaq və sübut edəcək ki, onlardan güclüdü.

"Bakı"ya gəldikdə, yoldaşlıq görüşündə 4:0 hesablı qələbə qazanmaqları və ardından həmin rəqiblə 0:0 etməsi heç də təəccüblə qarşılanmamalıdı. Çünki yoxlama oyunlarında əsas heyət olmur, baş məşqçilər heyətə cəlb etdikləri futbolçuları yoxlayır, ordakı motivasiya Avroliqadakı kimi deyil. Ola bilərdi ki 4:0 uduza bilərdi, ancaq bu o demək deyil ki, Bakıda bir baş üstün olmalısan. Ona görə hesabı normal qarşılamaq lazımdı. Yenə də inanıram ki, "Bakı" turu keçən komanda olacaq.

"İnter"in işi çoxdan qurtarıb, ikinci topu vuranda artıq məsələ aydın idi. Cavab qarşılaşmasında ehtiyatda oturan oyunçulara şans verilməlidi ki, təcrübələrini itirməsinlər".

"Turan" klubunun sabiq vitse-prezidenti Yaşar Sultanov: "İlk oyunlar göstərdi ki, klublarımız Avroliqaya hazır deyillər, xüsusi ilə fiziki hazırlıq baxımından. Çünki hazırlıq mərhələsini yaxşı keçməyiblər. Rəqib komandaların oyunçuları meydanda açıq-aşkar bizimkiləri geridə qoymuşdular. Ancaq bir şeyi başa düşə bilmirəm ki, dünyanın aparıcı ölkələrinin ən gözəl otellərində qalıb, təlim-məşq toplanışına gedirlər. Nəticə nədi? Yeni transferlərə gəldikdə, onlar ümumiyyətlə hazırlıqsızdı. Düzdü, hələ heç nə itirilməyib. Hamımızın arsuzudu ki, təmsilçilərimiz yaxşı oyun sərgiləyib, mərhələ keçsinlər. Ümid edirəm ki, "Bakı" və "Xəzər Lənkəran" cavab oyununda rəqiblərinə laqeyd yanaşmayacaqlar. Oyundan öncə baş məşqçilər pafoslu çıxışlar edirdilər. Rəqibi elə udacağıq, neçə top fərqi ilə belə məğlub edəcəyik, nəticə nə oldu? Oyundan sonra uğursuzluğu ya hakimlərin üstünə atırlar, ya da bəxtsizlikdən şikayətlənirlər, belə olmaz. Hər kəs şahidi oldu ki, rəqib komandanın üzvləri həm taktiki, həm də fiziki baxımdan bizimkilərdən üstün idi, qarşılarına qoyduqları məqsədlərə də nail oldular. Ancaq "İnter" digər klublardan fərqlidi. Mənim o kluba xüsusi simpatiyam yoxdu. Buna baxmayaraq deyə bilərəm ki, onlar işlərini düzgün qururlar".

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev: "Əvvəlcə oyununu canlı izlədiyim "Bakı"dan danışım. Təmsilçimiz Avroliqadakı rəqibi ilə həmin oyundan öncə yoxlama görüşündə üz-üzə gəlmişdi və 4:0 hesablı qələbə qazanmışdı. Məncə, "Bakı" elə bu hesaba aldanıb, meydana arxayın çıxmışdı. Ancaq inanıram ki, səfərdə qələbə qazanıb bu səddi keçəcəklər. "Xəzər Lənkəran"a gəldikdə, deyərdim ki, komandamızın bəxti gətirmədi. Gözəl oyun nümayiş etdirdilər. Yunis bəy və futbolçulara inanıram. Əminəm ki, səfərdə bundan da yaxşı oynayıb, mərhələ adlayacaqlar. "İnter" haqda isə danışmağa bir şey yoxdu. Sxadadze növbəti mərhələni düşünsün".

AZAL-ın sabiq baş məşqçisi, hazırda işsiz Elxan Abdullayev: "İnter" artıq işini həll edib. Kaxaber Sxadadze növbəti mərhələ haqda düşünüə bilər. İnanmıram ki, "Trans" kimi bir klub gəlib Bakıda "İnter"i 6:0 udsun. O ki qaldı "Xəzər Lənkəran"la "Bakı"ya, hər iki klubun bu səddi keçəcəyinə əminəm. Futbolda hər şey olur. "Bakı"nın oyunboyu etdiyi hücumların statistikasına baxdım, sadəcə qol çatışmırdı. Məncə, klublarımız səfərdə daha yaxşı oynayacaqlar. Çünki evdə həmişə təzyiq olur, hər kəs komandalarımızdan qələbə gözləyir. Ancaq səfərdə futbolçularımız sərbəst oynayıb, istədikləri nəticəni əldə edəcəklər".

"Xəzər Lənkəran"ın keçmiş vitse-prezidenti, "Fırtına" fan klubunun rəhbəri Rəvan Bəşirov: "Fikrimcə, bütün klublarımız ilk mərhələni adlaya biləcək. "İnter" demək olar ki, artıq növbəti mərhələdədi. Səfərdə 5 qol vuran komandanın evdə bundan artıq hesabla uduzacağı inandırıcı deyil. "Bakı" və "Xəzər Lənkəran" isə ilk görüşlərindən nəticə çıxarıb, səfərdə yaxşı oyun sərgiləyib, mərhələ keçəcək. Bu 3 klubun rəqiblərini zəif hesab etmək olar. Ona görə mərhələ adlamaq hamısını borcudu".

Fanat.az saytının redaktoru Pərvin Kazımoğlu: "Açığı, Avroliqadakı hər üç komandamızdan ilk oyunda qələbə gözləyirdim. Amma sadəcə "İnter" ümidlərimi doğrultdu. Hətta Kaxaber Sxadadzenin komandası məni təəccübləndirdi də. Çünki "İnter"dən səfərdə bol qollu oyun gözləmirdim. "İnter" iddialı klublarımız arasında hücum xətti ən zəif komanda olsa da, Kaxa əlindəki "material"dan maksimum istifadə edib, istədiyi oyunu ortaya qoya bildi.

"Xəzər Lənkəran"ın bu azarkeşin dəstəyi ilə meydandan istənilən nəticə ilə ayrıla bilməməsi məni məyus etdi. Yunis Hüseynovun başçılıq etdiyi komandanın belə uşaq səhvlərinə yol verməsi hər kəs kimi məni də təəccübləndirdi. Bu oyun göstərdi ki, "Xəzər Lənkəran" tez bir zamanda 2 səviyyəli hücumçu transfer etməlidi. Həmçinin Yunis Hüseynov səfər oyununda meydana buraxacağı heyətə yenidən əl gəzdirsə, daha yaxşı olar.

"Bakı"ya gəlincə, "Mura" Azərbaycan klublarının səviyyəsində olan komanda deyil. "Bakı"nın ötən ay bu komandanı öz evində 4:0 hesabı ilə udması da bunun göstəricisidi. Amma Novruz Əzimovun heyətlə bağlı yalnış qərarları belə bir nəticənin alınmasına səbəb oldu. "Bakı" bir az da arxayınçılığın qurbanına çevirildi. Futbolçularda özünə əminlik var idi. "Mura"nı çox zəif rəqib hesab edirlər. Futbol isə yekəxanalığı sevmir".

"Komanda" qəzetinin redaktoru Natiq Muxtarlı: "Aroliqada ilk oyunlar göstərdi ki, "Xəzər lənkəran" və "Bakı" düzgün hazırlıq keçməyib. Hər iki komandada xətlər arasında əlaqə demək olar ki, yox səviyyəsindəydi. Komandaların fiziki hazırılığı da qənaətbəxş deyildi. Bu baxımdan yalnız "İnter"i fərqləndirə bilərəm. Görünür Kaxaber Sxadadzeni boş yerə səviyyəli mütəxəssis hesab etmirlər. Fikir verin, "Bakı"nın və "Xəzər Lənkəran"ın baş məşqçiləri yerli mütəxəssislərdi. Qarşılaşmalar göstərdi ki, yerlilər hələ çox şey öyrənməlidilər. Amma çox təəssüf ki, onlar öyrənməyə, müasir futbolun incəliklərini mənimsəməyə meyilli deyillər. Amma yenə də hesab edirəm ki, heç nə itirilməyib. Düzgün taktika, məşqçi tapşırıqları əsasında "Xəzər Lənkəran" da, "Bakı" da mərhələ adlaya bilər. Əslində, adlamağa borcludular.

Hesab edirəm ki, "Bakı" mərhələni mütləq adlayacaq. Bu baxımdan "Xəzər Lənkəran"ın işi bir qədər çətindi. Cənublular mütləq qalib gəlməlidilər. Lənkərandakı oyun göstərdi ki, "çıxın kişi kimi oynayın" motivasiyası ilə qalib gəlmək mümkün deyil. Estonların heyətində futbol oynamağı bacaranlar var. Hər şey Yunis Hüseynovun qurduğu taktikadan, rəqibə hazıralayacağı sürprizdən aslı olacaq. Düzü mən "Xəzər Lənkəran"ın şansının az olduğunu düşünürəm. "İnter" isə "Asteras"la oyuna hazırlaşa bilər. Bütün hallarda mərhələ adlaya bilməsələr həm Novruz Əzimov, həm də Yunis Hüseynov postlarını təhvil verib oxumağa getməlidilər. Amma belə olacağı təqdirdə təkcə baş məşqçilər günahkar çıxarılmamlıdı. Klub rəhbərləri də tam tərkibdə istefa verməlidi".

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli: "İnter"in oyunu haqda nəsə demək istəmirəm. 5:0 elə hesabdı ki, burda söz artıqdı. "İnter" artıq yunanları keçməyin yolları haqda düşünməlidi. Qalan iki oyuna gəlincə, məncə, ayrı-ayrı fərdlərin hazır olmaması "Bakı" ilə "Xəzər Lənkəran"ın cütün taleyini ilk oyunda həll etməsini əngəllədi. Amma mən yenə də "Bakı"nı "Mura" və "Xəzər Lənkəran"ı "Nomme Kalyu" ilə müqayisədə növbəti mərhələyə keçməyə daha şanslı sayıram. Ən azı "Bakı" üçün ev-səfər anlayışı həmişə nisbi xarakter daşıdığına görə. "Xəzər Lənkəran"dan isə yüngülcə qəhrəmanlıq tələb olunur. Ümumilikdə 3 klubdan ən azı ikisinin növbəti mərhələyə adlayacağına inamım böyükdü".

Xəzər" TV-nin idman şöbəsinin əməkdaşı Emin Abbasov: "İnter"in səfərdə 5:0 hesablı qələbə qazanması məni sevindirdi. Kaxaber Sxadadzeyə inanıram, onun qurduğu komanda "ölüm maşını"dı. Əminəm ki, "İnter" nəinki ilk, ikinci mərhələni də adlayacaq. "Bakı"dan belə oyun gözləmirdim. Düşünürdüm ki, "Mura"nı 2-3 top fərqi ilə məğlub edəcək. Ancaq inanıram ki, komandamız bu səddi problemsiz aşacaq. "Xəzər Lənkəran"ın vəziyyəti isə bir az fərqlidi. Lənkəran klubunun uğursuzluğunu bir şeydə görürəm. Məncə, ilk oyunda Subaşiç, Brenes və Tounkaranın yerinə daha səviyyəli futbolçular oynamalı idi. Bu 3 mövqedə komandanın problemləri var. Hüseynovun taktikası göstərdi ki, əlində olan heyətlə heç də Avroliqa oyunlarına tam hazır deyil. İstənilən halda, "Xəzər Lənkəran"ın mərhələ adlayacağına inanıram".

Asəf ZEYNALLI


oxunma sayı: 997 | Paylaş:




?>