TƏRLAN ƏHMƏDOV: BƏZİ İNSANLARIN LAQEYDLİYİNİ GÖRƏNDƏ... (MÜSAHİBƏ)
Paylaş:
"Çox istərdim ki, vida matçımı "Neftçi" ilə keçirim" İşsiz qalanlardan alınmış müsahibələrdə bir qədər obyektiv fikirlər olur. Ona görə Tərlan Əhmədov nə qədər ki işsizdi, onunla müsahibəni oxumağa dəyər... "Xəzər Lənkəran"-"Neftçi" oyununu izləyənlər arasında sən də vardın, "Böyük oyun" adlanan qarşılaşma derbiyə layiq idimi? - Oyun gözlədiyimizdən də maraqlı keçdi. Həm oyun, həm də ajiotaj baxımından gərgin oldu. Belə oyunların taleyini adətən bir qol həll edir və ya heç-heçə başa çatır. Əslində, bu oyun heç-heçəlik idi. Lakin son dəqiqələrdə vurulan qol "Xəzər Lənkəran"a qələbə qazandırdı. ümumi götürəndə isə lənkəranlılar bir az daha istəkli oynadılar. Oyun öncəsi baş məşqçilərin iddialı açıqlamaları matçın marağını artırdı. Belə də olmalı idi. çünki "Xəzər Lənkəran" - "Neftçi" oyunu Azərbaycan çempionatının bəzəyi sayılır. - Vaxtı ilə "Xəzər Lənkəranda" köməkçi məşqçi işləmisən. ötən mövsümlə müqayisədə komandanın oyununda nə dəyişib? - Hər məşqçinin öz iş metodu və futbola baxışı fərqlidir. İstəməzdim ki, bizim dövrlə indikini müqayisə edim. Artıq biz işlədiyimiz vaxt geridə qaldı. İndi isə "Xəzər Lənkəran"ın oyununda irəliləyiş hiss olunur. Komanda turdan-tura daha yaxşı oyun göstərir. "Xəzər Lənkəran"ın müdafiə xəttində deyərdim ki, boşluq nəzərə çarpmır. Təsadüfi deyil ki, komanda geridə qalan altı turda qapısından top buraxmayıb. Hücumlara sürətli çıxırlar. Yeni gələn oyunçular da artıq komandaya uyğunlaşıblar. Bu gün Mirça Rednikin futbolçu seçimi özünü doğruldur. Baş məşqçi işini düzgün qurub ki, uğurlu nəticə əldə edir. - Məşqçilikdə ilk addımın köməkçi kimi uğursuz alındı. "Xəzər Lənkəran"ı tərk etməyinə səbəb nə oldu? - Mən deməzdim ki, məşqçilikdə ilk addımım uğursuz alındı. Bir il ərzində gələcəkdə mənə lazım olacaq təcrübəni toplaya bildim. Yaxşı və pisi ayırmağı qısa müddət ərzində öyrəndim. Məşqçiliyə aid yaxşı nümunələri özümdə cəmləşdirdim. İndi klub rəhbərliyi ilə və futbolçularla münasibətin necə qurulmasını yaxşı bilirəm. Əgər qismət olarsa, hansısa klubda məşqçi işləyərəmsə, bu mənə çətinlik yaratmayacaq. Digər tərəfdən hakim və AFFA nümayəndələri ilə əlaqəni necə qurmağı öyrəndim. Elə şeylər var ki, məşqçiliyin adına ləkədir, mən onları yatsaydım, yuxumda belə görməzdim. Belə şeyləri mən qəbul edə bilmərəm. Əslində, "Xəzər Lənkəran"dan öz istəyimlə ayrılmışam. Komandadan ayrılandan sonra yaxın insanların biganəliyini görəndə mənə pis təsir etdi. Hətta arxamca elə sözlər işlədirlər ki, bu mənə yaraşmır. Hələ futbolçu olanda bəzi məşqçilər fikirləşirdi ki, karyeramı bitirəndən sonra həmin klubun baş məşqçisi olacam. Onlar elə düşünürdülər ki, birdən-birə bu posta yiyələnəcəm. Amma karyeramı başa vurandan sonra qarşıma bir məqsəd qoymuşdum. Əvvəl məşqçiliyin sirrlərini öyrənmək, hansısa təcrübəli bir məşqçinin yanında işləmək, sonra isə aşağı dəstədə komanda çalışdırmaq. Məşqçilik elə bir peşədir ki, bunu bir gün, bir ay, bir ilə öyrənmək olmaz. Müəyyən incəliklər var ki, qısa vaxtda onları əldə edə bilərsən. Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Vaqif Sadıqov kimi dərin futbol təcrübəsi olan insanlardan həmişə nəyisə öyrənməyə çalışmışam. Heç vaxt istəməmişəm ki, birdən-birə hansısa güclü komandada baş məşqçi işləyim. Amma olsa, işləyərəm. Bəzi insanların laqeydliyini görəndə, təəssüflənirəm. - Belə laqeydliyi görəndə səndə məşqçiliyə qarşı hansısa mənfi fikir formalaşmır? - Həyatda tez təslim olan insan deyiləm. Belələri ilə mübarizə aparmaq lazımdır. Bilirsiz, pis olmasa, yaxşının qədrini bilmərik. Əksinə də demək olar, yaxşını görüb pisi tanımalıyıq. Həyat bir mübarizədir. Bərkə-boşa düşmək lazımdır. Belə şeylərdən inciyib getsəm, nəsə düzələcək? Əksinə, bu mənim gələcəyimə mənfi təsir göstərəcək. 25 ilimi futbola həsr eləmişəm. Azərbaycanda 3-4 futbolçu var ki, Avropa çempionu olub. Onlardan biri mənəm. Bunun özü də bir tarixdir. İstəmirəm ki, kimlərəsə görə məşqçilikdən imtina edim. İnşallah qismət olarsa, işimi davam etdirəcəm. Məni yolumdan döndərən olmayıb. Oynadığım vaxtlarda da mənə o qədər təzyiqlər olub ki, heç nədən çəkinməmişəm. Hər dəfə də oyunumla sübut etmişəm ki, heç kimdən geri qalmıram. - "Xəzər Lənkəran"dan sonra hansısa klubdan təklif almısan? - Yox, hələ ki belə bir təklif olmayıb. Gözləyirəm. Görək axırı necə olacaq. - Səncə, hansısa komandaya getməyinə mane olan qüvvələr var? - Bəlkə də. Ola bilər. İndi elə bir zəmanədə yaşayırıq ki, dostla düşməni ayırd etmək çətindir. Bəzən üzümə gülüb dost deyənlər arxamca danışırlar. Belə şeylərə əhəmiyyət vermirəm. Əgər qismətimdə hansısa klubda işləmək varsa, bunun qarşısını heç kim ala bilməz. Allah verən ruzini bəndə nə karədir ki, qarşısını alsın. Hər şey Allahın əlindədir. Belə baxanda həm yığmaların, həm də klubların öz məşqçiləri var. Mən heç kimin çörəyinə bais olmaq istəmirəm. "Olimpik"dən mənə belə bir təklif gəlmişdi. Ad çəkməyəcəm. Dedilər ki, filankəsi çıxarıb yerinə səni gətirək. Mən belə şeylərin həmişə əlehinə olmuşam. İşsiz qalaram, ancaq kiminsə yerinə getmərəm. Nə vaxtsa o adamın işindən narazı qalıb çıxararlarsa, onda gələn təklifi dəyərləndirərəm. Bəzi insanlar kimi də üzlü deyiləm ki, klubların qapısına düşüm onlardan iş istəyim? Ola bilsin ki, bu da bir imtahandır. - Yeri gəlmişkən, səni Fuad Musayevin adamı kimi qələmə verirlər. Bəlkə də elə yolunu kəsən budur? - Fuad Musayev AFFA-nın prezidenti olduğu müddətdə yığma komandanın kapitanı olmuşam. Bu insana bir şəxsiyyət kimi hörmətim var. Federasiyada dəyişiklik baş verən vaxtlarda bir vətəndaş olaraq ölkəmizin futbolsuz qalmasını istəməmişəm. FİFA və UEFA-nın sanksiyası ilə üzləşməmək üçün futbolçuların millidən imtina etməməsi üçün əlimdən gələni etmişəm. Yığma komanda Fuad Musayevi deyil, bu ölkəni təmsil edir. Onda çalışmışam ki, bir futbolçu kimi millinin şərəfini qoruyum. Həmin vaxtlarda bəzi klublar yığmaya oyunçu buraxmırdılar. Halbuki, futbolçuların borcudur ki, milli komandada oynasın. Kapitan kimi də üzərimə düşən vəzifəni yerinə yetirirdim. Fuad Musayevin mənə yox, kimlərəsə köməyi dəyib. "Fakel"i tərk edəndən sonra Bakıya qayıtdım. Həmin vaxt "Şəmkir"dən dəvət almışdım. Yaxşı da pul verirdilər. O məni "Şəmkir"ə keçməyə qoymadı, "Neftçi"də oynamağı məsləhət gördü. İndi də çox nadir hallarda, toyda, məclislərdə görüşürəm. İnanmıram ki, belə şeylərə görə qarşımı kəsənlər olsun. Məni Fuad Musayevin adamı kimi qələmə verənlər ehtimallarında yanılırlar. Sadəcə, keçmiş AFFA rəhbəri kimi ona hörmət edirəm. - Yığmanın keçmiş kapitanı olaraq millimizin Almaniyaya məğlubiyyətinə necə baxırsan? - Gəlin, Almaniya seçməsi ilə millimizi eyni tərəziyə qoymayaq. Rəqib həqiqətən də çox güclüdür. Amma bu o demək deyildir ki, biz böyük hesabla məğlub olmalıydıq. Bütün komanda ilə müdafiə olunmaq almanlara üstünlük qazandırdı. Əgər fikir verdinizsə, rəqib rahat şəkildə cərimə meydançamıza yaxınlaşırdı. Sözsüz ki, onlara imkan verməyimiz hesabın böyük olması ilə nəticələndi. Bizimkilər bir hücum belə edə bilmirdilər. Oyun göstərib belə hesabla məğlub olsaydılar, nəticə bizə o qədər də pis təsir etməzdi. Əfsuslar olsun ki, milli bərbad vəziyyətdə oynayıb böyük hesabla məğlub oldu. - Karyeranı başa vursan da, vida matçı keçirmədin... - Düzü, çox istərdim ki, vida matçımı keçirim. Belə təklif əslində, oynadığım klublardan gəlməli idi. Amma gözlədiyim olmadı. Hərdən ötən illəri xatırlayanda mənə pis təsir edir. Axı necə ola bilər ki, o qədər əziyyət çəkib tər tökdüyüm komandalar buna biganə yanaşsın. Ne isə, buna söz tapa bilmirəm. çox istərdim ki, vida matçımı "Neftçi" ilə keçirim.
Təbii ki, bu bir zarafatdı. Əhmədov həm futbolçu olduğu vaxtlar, həm də məşqçiliyə keçəndən sonra adi açıqlamalarında belə verilən suala cavabı varsa, danışıb, yoxdusa, danışmamağı üstün tutub. Ona görə də, yerində danışmağı bacaranın danışığına qulaq verərlər. Siz dəbu müsahibəni oxuyun - göz verin.
// sportal.az
| Paylaş: