')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN"IN AVROLİQADAKI İLK OYUNUNA HAKİM TƏSİRİ (SORĞU)

"XƏZƏR LƏNKƏRAN"IN AVROLİQADAKI İLK OYUNUNA HAKİM TƏSİRİ (SORĞU)


oxunma sayı: 805 Paylaş:

Gülağa Cabbarov: Müəyyən qərarlar məndə təəccüb doğurdu
Babək Quliyev: Bizim lehimizə 11 metrlik zərbə olmalı idi

Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda "Xəzər Lənkəran" doğma meydanda Estoniya təmsilçisi "Nomme Kalyu" ilə qarşılaşdı. Matçdan öncə hər kəs cənub təmsilçisinin asanlıqla qələbə qazanacağını gözləsə də, hesab 2:2 oldu.

Oyundan diqqət çəkən məqamlardan biri hakimliklə bağlıdı. Qarşılaşmaya təyin edilən sloveniyalı Mitya Zqaneç yaşıl meydanlarda 2011-ci ildə debüt etmişdi. Bu görüş isə 29 yaşlı ədalət təmsilçisinin Avropa Liqasında ilk sınağı idi.

Beynəlxalq təcrübəsi olmayan Zqaneçin verdiyi bəzi qərarlar etirazla qarşılandı. Hətta "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov oyundan sonra təşkil olunan mətbuat konfransında görüşün idarəçiliyi haqda belə danışdı: "Hakimlik barədə danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, hakim özünü meydanda itirmişdi. Nə qərar verdiyini özü də bilmirdi".

Mitya Zqaneçin idarəçiliyinə münasibət bildirməsi üçün Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov, sabiq FIFA referisi Babək Quliyev və Hakim-İnspektor Qurban Məmmədovla əlaqə saxlayıb, fikirlərini öyrəndik. Sözügedən şəxslər "FutbolPress"ə açıqlamalarında hakimlikdən narazı qaldıqlarını bildirdilər.

Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov:

"Ümumi götürəndə, idarəçilik xoşuma gəlmədi. Bilmirəm gəncdi, təcrübəsizdi, ancaq müəyyən qərarlar məndə təəccüb doğurdu. Bir-bir epizodları xırdalamaq istəmirəm, ancaq bizim komandamıza qarşı qeyri-obyektiv qərarlar verdi. Ümumiyyətlə, hakim məni qane etmədi".

Sabiq FIFA referisi Babək Quliyev:

"Oyunu idarə edən sloveniyalı Zqaneç gənc hakimdi. Haradasa Yunis Hüseynovun fikirləri ilə razılaşıram, özünü itirib-itirməməsini deyə bilmirəm, ancaq həqiqətən də qarşılaşma ərzində bəzi qərarları birmənalı qarşılanmırdı. Fikrimcə, gənc hakimin səhvləri var idi. Məsələn, qarşılaşma zamanı "Xəzər Lənkəran"ın bir futbolçusunu cərimə meydançasında yerə yıxdılar. Həmin epizodda bizim lehimizə 11 metrlik zərbə olmalı idi. Ümumiyyətlə, Zqaneç oyunu çox zəif idarə etdi. Onun beynəlxalq arenada təcrübəsi yoxdu".

Hakim-İnspektor Qurban Məmmədov:

"Matçın idarəçiliyindən narazı qaldım. Hakimlik yüksək səviyyədə deyildi, Zqaneçin buraxdığı ciddi səhvlər var idi. Hakimlikdən az-çox başı çıxan biri kimi deyərdim ki, hakimlik qənaətbəxş belə olmadı. Dəqiq detallara getməyəcəm, sadəcə ümumi deyə bilərəm ki, orada ürəkaçan hakimlikdən söhbət gedə bilməzdi. Ancaq bu cür idarəçiliyin nəticəyə təsir göstərdiyini demək yanlışdı. Hakimin səhvləri ucbatından "Xəzər Lənkəran" qələbə qazanmadı deməzdim, bunu bir o qədər də şişirtmək lazım deyil. Bildiyimə görə, bu, Zqaneçin Avroliqada ilk oyunu idi, ona görə də yaxşısı budu, hakimə elə də ciddi zərbələr vurmayaq. Sadəcə, Mitya işinin öhdəsindən tam gələ bilmədi". 


oxunma sayı: 805 | Paylaş:




?>