')

Bu gün:


FutbolPress.Az | Ayran savaşı...

Ayran savaşı...


oxunma sayı: 1026 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Ayran - bu ağartı məhsulu sizə nə deyir? Heç nə demir? Yaxşı, bəs heç nə demirsə, onda belə deyək, necə görünür gözünüzə? Bilirsiz nə maraqlandırır məni? İstəyirəm bilim ki, ayranın ayrandan nə fərqi var? Və ya ayranın neftdən...

"PalSüd"ün ən sevilən çeşidlərindən biri də ayranıdı (R). Satışda rekord vuran məhsulların siyahısına düşüb. Mənim ayrana xüsusi sevgim var (Təəccüblü gəlməsin. Sevgi müxtəlif cürdü - həmişə belə demirik?). Ancaq ona qatılan duzu normasında ola... Çox satılırsa, yəqin "PalSüd"ün ayranlarına duzu normasında qatırlar. Onda, əla, doya-doya içməyə dəyər. Dədə Qorqud "Ayrana doyran demədim" desə belə.

Xalqımız ayrana həmişə yüksək qiymət verib. 250 qramlığı satışda 40-50 qəpiyədi. Deməli, biz ayranın dəyərini bilirik. Bəs başa düşmürəm, niyə Lənkəran stadionunda "PalAyran"lar göydən yağan qorxunc silaha çevrilmişdi?

"Neftçi" azarkeşlərindən eşitdim ki, onları dörd tərəfdən 250 qramlıq "PalAyran" atəşinə tutmuşdular. Sonra bu həngamənin içində "ayran savaşını" telefonuna çəkən dostumuzun operativliyinə bir beş - nə, necə baş verib, xüsusi məharətlə çəkmişdi. Baxdım. Həqiqətən, "Neftçi" fanatlarının olduğu sektor tərəfdə ayran sayrışırdı. "UltraNeftçi" fanklubunun rəhbəri Ceyhun Əzizli dedi ki, hardasa, 100 manatlıq ayran atdılar üstümüzə. Sonra bununla kifayətlənməyiblər, söhbət keçib əlbəyaxaya. Belə olarmı? Bu düzgündümü? Düzgün deyil? Düzgün deyilsə, onda niyə...? Eee.. bu basabasda.. əl çək də suallarından!

Bildiyiniz kimi, azarkeşin çılğın olmağına etiraz etməyim gəlmir. Ancaq lənkəranlı fanatların bu hərəkətinin gələcək fəsadlarını indidən təsəvvür etməyin ayrı ləzzəti var.

Yaradıcı tərəfdən baxsan, bunu "PalAyran"ın reklam rolikinə də çevirmək olar. Stadionda azarkeşlər bir-birinə ayran atır, bu məqamda Ağasəlim Mircavadovu göstərirlər. "Ağsaqqal" məşqçi "Xəzər Lənkəran"lı günlərinin nostalgiyasındadı: ayran içdim, pis günləri unutdum. Siz də için, unudun... Fonda da ayran atışması. Rolikin sonunda Mircavadov gülümsəyərək deyir: hər kəs ayranının qədrini bilməlidi. "PalAyran" içək, pisliklərdən uzaqlaşaq!

Yaxşı fikirdi. Ancaq reklam vaxtı deyil, məsələ ciddidi. Lənkəranlı bəzi araqarışdıran fanatlar düşünməyib ki, bu gün ayran atanın başına sabah daha betəri gələ bilər. Bu günün sabahı da var. Sabah Bakıdakı oyunda "Neftçi"lər  əvəz çıxmaq üçün onların üstünə neft səpsə, təəccüblənməyin. Qanı qanla yuyarlar, ayranı da neftlə... Sən öz ayranına güvənirsən, bu da öz neftinə. Bir turba neft, bir kibrit, əla hibrid... Hə! Kimdi güclü?

Bu suala Tahir Süleymanovun cavabını təsəvvür edirəm: Klubuzun hörmətli prezidenti cənab Sadıq Sadıqov müəllimin səyi nəticəsində stadion yüksək keyfiyyətli neft turbalarıyla təchiz olunmuş, fanatlarımız lazımi şəraitlə təmin edilmişdir. "Neftçi" rəhbərliyi olaraq ayranların taktiki-texniki hazırlığı ilə yaxından maraqlanırıq. Onu da vurğulayım ki, baş məşqçimiz Arif Əsədovun təcrübəsinə güvənirik. Emil Mpenza özünü yaxşı tərəfdən göstərəcək. Mütləq! Biz niyə ətək-ətək pul verib legioner ayranlar alırıq ki?! Bunun özü də bir mövzudu. Öz ayranlarımızı təbliğ etməliyik, onlara güvənməliyik! ...Biz belə deyirik: Qoy bu oyunda dostluq-qardaşlıq qazansın! Güclü qalib gəlsin! "Neftçi" Azərbaycan futbolunun flaqmanıdı! Futbolumuz inkişaf eləyir! Sadıq müəllimin səyi nəticəsində, hamımızın.................

Yazarın bütün yazıları

oxunma sayı: 1026 | Paylaş:




?>