')

Bu gün:


FutbolPress.Az | Fanat.az-ın senzurası 

Fanat.az-ın senzurası 


oxunma sayı: 1449 Paylaş:

FutbolPress
natiq_muxtarli@mail.ru

Hələ fanat.az-da belə situasiya ilə rastlaşmamışdım. Fəaliyyət göstərdiyi iki ilə yaxın müddətdə fanat.az-la bir yerdə olmuşam. Saytın üzləşdiyi bütün çətinlikləri də əməkdaşlarla birgə yaşamışam. Bu iki il müddətində fanat.az-da hər şeyə qadağa tətbiq etmişdik, təkcə söz azadlığından başqa. Çünki saytı yaradanlar daxilən azadlıqsevər olduqlarından senzura amilini nəinki yaxına buraxırdılar, bu haqda ümumiyyətlə fikirləşmirdilər.

Sentyabrın 20-də «Anar Salmanovun linzası» adlı köşəni saytın elektron ünvanına göndərdim. Təxminən 30 dəqiqə sonra yazı olduğu kimi saytda yerləşdirildi. Amma sentyabrın 21-də saytda senzuraya məruz qalmış köşə oxuyurdum. Fanat.az-ın baş redaktoru Əli Sahibin Bakıda olmadığını bildiyim üçün saytın əməkdaşı Pərvin Kazımoğlu ilə əlaqə saxladım, yazının kim tərəfindən "qayçılandığına" aydınlıq gətirməyə çalışdım. Pərvindən tutarlı arqument əvəzinə «köşən başdan-başa erotika idi» cavabı gəldi. Ona «başdan-başa pornoqrafiya olan Azərbaycan futbolundan erotik yazı yazmağın nəyi qəbahətdi» cavabını verib, köşənin fanat.az-ın səhifəsindən çıxarılmasını tələb etdim.
Sentyabrın 21-də günortadan sonra isə saytların birində «daha bir jurnalist deputatlığa namizəd oldu. Fanat.az idman agentliyinin rəhbəri Əli Sahib Neftçaladan namizədliyini irəli sürdü və DSK-dan imza vərəqələrini götürdü» - xəbərinə rast gəldim.

Başa düşürəm, indiki şərtlər altında Azərbaycanda qəzet buraxmaq, sayt işlətmək olduqca çətindi. Reklam bazarının olmadığı bir mühitdə əməkdaşları məvaciblə təmin etmək o qədər də asan deyil. Azərbaycanda sağlam düşüncəli klub rəhbəri də yoxdu ki, «al bu reklam pulunu, klubumun xəbərlərini yay, bizi tənqid et, nöqsanlarımızı de, amma haqqın yanında ol» - desin. Bunun üçün sağlam düşüncə lazımdı. Amma onu da bilirəm ki, fanat.az-ın iki il müddətində ölkənin ən çox oxunan saytları sırasına daxil olmasında haqqın yanında olması amilinin də böyük rolu olub. Əminliklə deyə bilərəm ki, fanatın oxucu kontingenti ədalət hissinin nə olduğunu, azad sözün dəyərini bilən insanlardan formalaşıb. Fanatı fanat edən də məhz bu oxucu kütləsidi. Mənə görə bircə belə oxucunun itirilməsi də faciədi. Mənə görə fanat.az-a daxil olub həqiqəti tapa bilməyən oxucunun qırılmış inamını «Neftçi»nin, «Bakı»nın, «Qarabağ»ın, «Xəzər Lənkəran»ın sağlam düşüncəyə sahib olmayan idarəçilərinin verdiyi 200-300 manatlıq reklamlarla bərpa etmək mümkünsüzdü. Mənə görə həqiqət axtaran oxucu elə həqiqəti yazan mətbuat orqanının özüdü.

Fanat.az-da senzura haqsıszlığna qarşı çıxmağa haqqım var. Bu saytın yaranmasında, formalaşmasında, ən əsası ədalət hissini yüksək qiymətləndirən oxucu kontingentinin fanat.az-ı seçməsində az da olsa xidmətim var, yəqin.
Ola bilsin ki, kimlərsə mənim yazılarıma görə daha məhkəmə salonlarında oturmaq istəmir. Amma bu məsələni oxucuya hörmətsizlik fonunda həll etmirlər. Hər halda, mən «erotik həqiqətləri»mi dərc etmək üçün senzuranın nə olduğunu bilməyən, azad sözə hörmət edən mətbuat orqanı tapacam. Tapdım da. Hələ ki, söz azadlığına dəyər verənlər var.
Ona da ümid edirəm ki, Əli Sahib deputatlığa namizədliyinin təsdiqlənməsi üçün lazım olan imzaları toplayıb Bakıya qayıdacaq və fanat.az-dakı senzuraya aydınlıq gətirəcək. Yəqin ki, bu senzuranın Əli Sahibin deputatlığa namizədliyi ilə heç bir əlaqəsi yox imiş. Yəqin ki...

*** *** *** *** ***

Bu da senzuraya məruz qalan yazı

Anar Salmanovun linzası
Və MOİK-i yatağına salanlar

Cəmi 5 tur keçib Azərbaycan Premyer-Liqasının başlamasından. Artıq alver edən tərəflər - komandalar heç bir «kommersiya» sirri saxlamayıblar. Bazar od tutub yanır. Alan kim, satan kim.
«Muğan» - «Xəzər Lənkəran» oyununda Anar Salmanov necə «mal» satıbsa, indi cənublu azarkeşlər keyfiyyətdən narazılıq edirlər. Salmanov gözlərinə linza taxdığından, malın keyfiyyətinə təminat verə bilməz. Amma cənublu azarkeşlərə keyfiyyətsiz mal sırımaq olmaz axı. Özüm də cənublu olduğumdan, balığı çox sevirəm və bilirəm ki, balıq yeyənlərin görmə qabiliyyəti yaxşı olur. Cənubda da balıq yeməkləri mətbəxdən əskik olmur ki. Salmanov da uşaqlıqdan balığa meyl salsaydı, bu gün linzaya möhtac olmazdı. «Muğan» - «Xəzər Lənkəran» oyununa baxmadığımdan, orda baş verənlərə münasibət bildirməyəcəm. Amma Anar Salmanovun gözlərinə linza qoydurduğuna yüz faiz əmin olduğumdan, balıq məsələsini qabartdım.
Sizə klubların bazarlığından danışacam. Özü də ayrı-seçkilik etmədən.
5-ci turda «Xəzər Lənkəran» MOİK-i Lənkəranda qəbul etməliydi. Amma nə baş verdisə, cənublular Suraxanıdakı stadionu evləri bildilər. Və heç bir çətinliklə üzləşmədən «Qarabağ»a, «İnter»ə 90 dəqiqə müqavimət göstərən MOİK «Xəzər Lənkəran» qarşısında 15 dəqiqəyə təslim oldu. MOİK-in bir futbolçusunun qırmızı vərəqə aldığı oyunda cənublulardan sarıya layiq görülən də olmadı.
Ardınca «Neftçi» də eyni üsuldan yararlandı. Bu dəfə MOİK «ağ-qaralar»ı mərkəzi arenada qəbul və darmadağın etdi.
Və bu dəfə də MOİK-in bir futbolçusunun sarı vərəqə aldığı oyundan «Neftçi» «təmiz» çıxdı.
«Muğan» - «Xəzər Lənkəran» oyunundan sonra narazılıq edən azarkeşləri başa düşürəm, amma «bazarlığın» mahiyyətini anlamaq üçün mən sadaladığım faktlara da nəzər salmaq lazımdı. Varlı klublar milli orduya məxsus MOİK-i fahişəyə döndəriblər. MOİK kimin altına gəldi yıxılır, təki pul verən olsun. Pul verirlər Lənkərana səfər etmir, pul verirlər mərkəzi arenanı bir oyunluğa icarəyə götürüb orda paylayır. Xalı deyirəm.
Klub rəsmilərinin açıq bazarlığa getdiyi, bütün kommersiya sirlərini faş etdikləri bir vaxtda hansısa hakimi qınaq obyektinə çevirmək də düzgün deyil. Azərbaycan futbolunda hamı bazarlıq edir. AFFA, PFL, klub rəsmiləri, hakimlər də. Amma hakimlər AFFA, PFL, klub rəsmilərinin mallarını satırlar. Hakimləri kefiyyətsiz mal satdıqlarına görə qınayırıq, amma onları kefiyyətsiz mal satmağa məcbur edənləri yaddan çıxardırıq.
Azərbaycan futbolunda sağlam rəqabət olmayana qədər Azərbaycanda futbol olmayacaq. Sağlam rəqabət isə sağlam düşüncəli insanların idarəçiliyi altında formalaşa bilər. Belələri isə bizim futbol təsərrüfatında yoxdu.
Ona görə də haray-həşir salmağa da hacət yox. Yaxşısı budur milli ordunu təmsil edən MOİK-in fahişəyə çevrilməsinə, pul verən hər kəsin yatağına girməsinə baxıb siz də ləzzət alın.

Yazarın bütün yazıları

oxunma sayı: 1449 | Paylaş:




?>