')

Bu gün:


FutbolPress.Az | XAQANİ MƏMMƏDOV ÇƏTİN DURUMA DÜŞDÜ VƏ BÖHTAN ATMAĞA BAŞLADI! (MÜSAHİBƏ)

XAQANİ MƏMMƏDOV ÇƏTİN DURUMA DÜŞDÜ VƏ BÖHTAN ATMAĞA BAŞLADI! (MÜSAHİBƏ)


oxunma sayı: 674 Paylaş:

HK sədri həyəcanlanıb: "Hamı mənim üstümə düşür. Heç bilmirsiz axı vəziyyət nə yerdədi..."

Son günlər tənqid hədəfində bir nəfər var - Xaqani Məmmədov. Hakimlər Komitəsinin sədri mətbuatın və futbol ictimaiyyətinin təzyiqinə məruz qalıb. Bunun səbəbi isə hakimlikdən hədsiz şikayətlərin olmasıdı. HK sədri vəziyyətə nəzarət edə bilmir, ya iradəsi buna yetmir - görünən odu ki, ondan narazılıq edənlərin sırası durmadan genişlənir.
Sonuncu qığılcım "Muğan" - "Xəzər Lənkəran" oyunundan sonra yarandı. Lənkəran təmsilçisinin xal itirməsinin birbaşa hakim Anar Salmanovun qərəzli hakimliyində gördüyü məlumdu. Klubun vitse-prezidenti Tuyqun Nadirov dünən saytımıza açıqlamasında HK-nın bu problemi həll edəcəyinə inanmadığını, Xaqani Məmmədovun isə vəzifəsinin öhdəsindən gəlmədiyini bildirib, istefa verməli olduğunu demişdi.

Məmmədov isə gərginliyin artmasına rəğmən mətbuata çıxmırdı. Bu gün bir daha əlaqə saxladıq. Deyəsən, bir neçə nəfərin mətbuatda "...istefa verməlidi!" - deməsi, Məmmədovu qıcıqlandırmışdı. Ona görə, danışdı. İndi qısa söhbətimizdən hər şeyi görəcəksiz:

- Xəbəriniz varmı, əksəriyyət "Muğan" - "Xəzər Lənkəran" oyunundan sonra baş verənlərin baiskarı kimi sizi görür?

- O oyunda nə olmuşdu ki?! Mən niyə baiskar oluram?! İndi hər yerindən qalxan kimi istəsə tənqid eləyir, istefaya səsləyir, deməli, belə də olmalıdı?

- Konkret bir çox qəzet və saytlar, həmçinin narazı tərəfin vitse-prezidenti Tuyqun Nadirov sizi də tənqid edir. Çünki hakimlərin başçısı sizsiniz...

- Kim? Tuyqun? Bu adam baraban çalan idi, indi nə işləyir orda bilmirəm, kefi necə istəyir elə də danışır. Bildiyini də, bilmədiyini də! Yalandan hay-həşir qaldırmağı var onların. Həmin oyunda hakimlik bir şey yox idi.

- Yox idisə, bəs niyə bu qədər tənqid olur?

- Mənə bax, sən oyuna baxmısan?

- Bəli.
- Var idi orda qərəz?

- Qərəz və s. diaqnozu qoymaq mənim səlahiyyətlərimə daxil deyil. Qaldı ki hakim idarəçiliyinə, Salmanov topun Oparanın əlinə dəymədiyini aydın görürdü, ancaq oyunu dayandırıb, "Xəzər Lənkəran"ın hücumunun qarşısını kəsdi.

- Ay sağ ol! Mən də televiziyada dedim bunu, Opara əllə oynamamışdı.

- Bəs komanda qol vurmaq üzrədi, oyun yanlış dayandırılır, buna nə cür diaqnoz qoyursuz?

- Salmanova bu haqda lazımi şeylər deyilib.

- Biz hakimin nə qədər cəza aldığını bilməyəcəyik, gizli saxlayırsız. Nə bilək ki, Salmanov nə cəza aldı?

- Əvvəla, cəzalandırılmayacaq. Həm də ki bəli, biz cəzanı açıqlamırıq. Həmin oyunda da Salmanovun qərəzi yox idi. Biz belə qərara almışıq...

- Fariz Yusifov, Elçin Məmmədov I diviziona göndərilir. Məncə, tez-tez gənc hakimlərin yetişdirildiyini deyirsizsə, onda onlar aşağı dəstədə təcrübə toplamalıdı. Birdən-birə onalara Premyer Liqada oyun etibar olunsa bunun faydası olmaz, özlərini "yandıra" bilərlər...

- Mənə bax, sən bayaqdan təxribatçı suallar verməklə məşğulsan. Mən də jurnalist olmuşam e. Bayaqdan baxıram. "Xəzər Lənkəran" lehinə verirsən sualları, nə bilim, aranı qarışdırmaq...

- Bir dəqiqə... Üzr istəyirəm, saymamışam sizinlə neçənci müsahibədi, amma dəqiq yadımdadı ki hər dəfə "mən də jurnalistəm" - deyirsiz. Burda jurnalist kimi mən danışıram, siz isə hakim kimi suallara cavab verirsiz, səhv etmədim ki?

- Yox e, elə demədim... axı...

- "Xəzər Lənkəran" lehinə sual verdiyimi deyirsiz. Məncə, suallardan yayınmaq üçün qarşı tərəfə böhtan atmaq yaxşı şey deyil...

- Mən elə demək istəmədim.

- Amma elə çıxdı. Xaqani bəy, suala cavab verin, mümkünsə...

- Hə. I divizionun oyunları sürətli keçir, səviyyəli oyunlar olur. Biz buna görə təcrübəli hakimləri ora göndəririk.

- I divizionda "Abşeron" və ya "Rəvan"dan başqa sürətli komanda varmı? Ən azı Premyer Liqanın autsayderləriylə müqayisə etsək..?

- Vallah, sürətlidi. Hamı mənim üstümə düşür. Heç bilmirsiz axı vəziyyət nə yerdədi. Bir hakimin yetişib ərsəyə gəlməsi üçün 4 il vaxt lazımdı. Biz işə başlayandan problemlər tökülüb qalmışdı. İndi-indi birtəhər yoluna düşür. Hakimlərin günahı yoxdu. Klublardan hakimləri bu yola çəkənləri tapmaq lazımdı, onları tənqid hədəfinə qoymaq lazımdı.

- "Turan", "Qəbələ", indi də "Xəzər Lənkəran" - tez-tez şikayətlənirlər. Belə çıxır ki, günah onlardadı?

- Hakimlikdə qərəz yoxdu. Mən buna əminəm və sizin də əmin olmağınızı istəyirəm. Vəziyyətin bu həddə qalxmasında klubların rolu böyükdü. Onlar müxtəlif yollarla hakimləri ələ almaq istəyirlər.

- Yenə məsuliyyət komitənin üzərinə düşür. Təbii ki, klub gəlib deməyəcək mən filan hakimi "aldım". Gərək komitə nəzarətdə saxlasın. Ancaq hansı mexanizmlə, bunu siz bilməlisiz. Nəysə, sualım başqadı. Siz konkret hesab edirsiz ki, klublar bu qədər şikayət edir, ancaq hakimlər deyil bunun baiskarı..?

- Hakimlər Komitəsi öz işinin öhdəsindən gəlir. Səhvlər də olur. Ən azı götürək, "Xəzər Lənkəran"ın oyununda: birinci hissədə Parks rəqib futbolçuyla təkbətək mübarizədə dirsəyi ilə rəqibinə xətər yetirdi. Futbolçunun burnundan qan açıldı. Əgər Salmanov qərəzli idisə, Parksa qırmızı verməliydi də, onda. Hər iki tərəfə verilən qərarlar nəticəyə təsir edəcək qərarlar deyildi.

- Anlamaq olmur, bu "nəticəyə təsir etmədi..." nə ifadədi? Yalnız Azərbaycanda işlənir. Belə çıxır ki, hakim nəticəyə təsir etmirsə, istənilən qədər səhv buraxmalıdı. Deyirsiz, Parks dirsəyi ilə xətər yetirdi, hakim qırmızı verməliydi. Vaqif Cavadov da Almaniya ilə oyunda rəqibinə belə epizodda xətər yetirmişdi, ümumiyyətlə, belə hallar çox olur...

- Elə həmin hakim də səhv etmişdi. Guya avropalıdı deyə, hakim səhv edə bilməz?

- Qəribədi, heç bir səhv yoxdu azərbaycanlı hakimlərdə, amma şikayətlər, narazılıqlar səngimək bilmir...

- Az əvvəl dedim, Anar qırmızı verməliydi. Deməli, bu adam qərəzli olmayıb da. Elə bilirsiz, öhdəsindən gəlmək asandı bu işin?

- Belə getsə, danışdıqca Anarın səhvlərini çoxaldırsız. Ancaq  əvvəldə dediz ki, cəzalandırılmayacaq...

- Bu məsələ nəzarətimizdədi. Hər şeyi incələyirik, axtarırıq, araşdırırıq.

- Sizi tənqid edənlər deyir ki, onda peşəkarlıq olsaydı, bu qədər qovğalardan sonra istefa verərdi...

- Bəlkə kimsə ağlını itirib... Bununu mənim istefama nə dəxli? Mən istefa verməyə heç bir səbəb görmürəm. Bunu belə deyənlər isə avara qalmışlardı.

E L Ç ! N


oxunma sayı: 674 | Paylaş:




?>