')

Bu gün:


FutbolPress.Az | ...Ordensiz şöhrət

...Ordensiz şöhrət


oxunma sayı: 806 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Uşaqlıq çağlarımdan yaddaşımın üfüqündə dolaşan bir xatirə; nənəmin "şöhrət" öyüdü... Üst-başımı səliqəyə salıb, düymələri ilgəyə keçirəndə demişdi: bala, dünyada şöhrətli insanlardan ibrət götür. Onlar öləndən sonra adı yaşayır. Şöhrətli olmaq üçün isə gərək ağıllı, bilikli olasan. Şöhrətli insanları hamı tanıyır, onlara oxşamaq istəyir. Bu sözləri eşidəndən sonra gözüm babamın asılqanda məğrur duruşuyla diqqətimi çəkən pencəyinin döşündə sırlanmış Mancuriya döyüşlərində qazandığı medal və ordenləri süzdü.

Bütün nənələrin və babaların nəsihəti də həzin bir nağıl kimidi. Onlardan ayrılıb öz dostlarımızı seçənədək, müstəqil düşünməyi və davranmağı bacaranadək bu dünyanı bizə nağıllar aləmi kimi təqdim edirlər.

Hərdən düşünürəm, şərq insanının utopik, emosional olmasının bir səbəbi də nağıllarla böyüməsidi. Qərbli Con "Disneylend", "Harri Potter"lə böyüyür, bizim isə ən yaxşı halda, "Nu, poqodi!"imiz var idi, onu da dublyaj rəzil günə qoydu. Qərb artıq "Şrek"lər istehsal edir... Ona görə də nənəm, rəhmətlik, məndə günah görməsin, mən, "şöhrətli insan" anlayışını, dilimizdə az qala, aforizmə çevrilmiş "Ну, погоди заяц!"ı - «Əlimə düşərsən a, dovşan!» kimi tərcümə edən müəllimimdən daha yaxşı qavraya bilmərəm. Şöhrətli insan da, yəqin, "Şöhrət" ordeni almış insana deyirlər...

Şöhrətli insan Zəlimxan Yaquba deyirlər - həm Azərbaycanın, həm də Gürcüstanın "Şöhrət" ordeni verilib millət vəkili, xalq şairi və nəhayət, Aşıqlar Birliyinin sədri Zəlimxan müəllimə...

Şöhrətli insan Ağasəlim Mircavadov kimi olur - bir klubdan qovulub, yenidən qaytarılan, yenə də qovulan və yenə qayıtmaq istəyən bir məşqçiyə. O, həm də Azərbaycanın ən böyük məqşçisi hesab edilir, o biri məşqçilər onun haqda "ağsaqqaldı..." diaqnozu qoyub sonra kəlmə kəsirlər.

Nəhayət, mənə elə gəlir, bəlkə, şöhrətli insan Elşad Nəsirova deyirlər -: "Mən bilmir nə vermək baş, bizim futbol "takoy" meselelyarda "dvijenie" olmağı bacarmalıdur...". Bir az təvazökar olsaq, etiraf edək ki, nə vaxtsa bu cür danışan insanları çoxbilmiş, kübar və nə bilim, səviyyəli biri hesab etmişik. Bu, əsla, Elşad Nəsirova ironiya deyil. Onunla üzbəüz söhbətim olmasa da, intellektinə hörmət etdiyim bir həmkarımın dediyinə görə, həqiqətən, kübar və dərin təfəkkürlü biridi. İşin bu tərəfi müzakirə olunmur, dünən - Neftçilərin peşə bayramında bir neçə neftçiylə bərabər Nəsirov üçün də "Şöhrət" ordeni sərəncamı verilib. ARDNŞ-in və AFFA-nın vitse-prezidenti Nəsirov... Bizə düşən AFFA hissəsindən nəsə qaralamaq yerinə düşür.

...Məncə, zamanı gələndə insan dondurma yeməyi, karuselə minməyi, velosiped sürməyi, "Tom&Jerry"ni keçməlidi, öyrənməlidi. Məsələn, bunlar insan adlı canlının həyatında vacib etaplardan sayılır. Hansındasa məhrum oldusa, bunun təsirini gec-tez büruzə verəcək. Bilmirəm Zəlimxan Yaqub, Ağasəlim Mircavadov, Elşad Nəsirov və s. dondurma və yaxud, velosipeddə yanlışlıq edib. Ancaq mən  "Nu, poqodi!" və "Şrek"ə dublyajsız baxmışam. Vaxtında... Ona görə də nənəmin "şöhrət" öyüdü mənə sadəcə, nağıl kimi görünmür. Əksinə, bu, bir güzgüdü - ordan şöhrətlilər və "şöhrətlilər" aydın görünür.

P.S. Şöhrət... elə "Şöhrət" ordeni də adamın fantaziyalarında daha əlçatmaz görünür. Ancaq onu ayağına qədər gətirməyə nə alın yazısı, nə də nənəmin dediyi kimi, ağıl, savad, yaxşı insan olmaq lazımdı. Başqa şey lazımdı, başqa...

Yazarın bütün yazıları

oxunma sayı: 806 | Paylaş:




?>