')

Bu gün:


FutbolPress.Az | TƏHQİR, TƏHDİD VƏ TƏMKİNİN İFRATI (YAZI)

TƏHQİR, TƏHDİD VƏ TƏMKİNİN İFRATI (YAZI)


oxunma sayı: 938 Paylaş:

Və ya Hafiz Məmmədovun töhmət səhvi...

U-15 liqasında "Bakı" - "Neftçi" matçının çempionluq qarşılaşması olduğunu bilən AFFA həmin matçda heç bir səlahiyyətlə, rəsmi şəxslə təmsil olunmamışdı. Oyundan dərhal sonra yaranan məlum olayın ən böyük "səbəbkarlarından" biri də elə məhz AFFA sayılır.

Rəsmi şəxs niyə həmin oyunda iştirak etməməlidi? İşinizin-gücünüz adı nədi, Elxan Məmmədov cənabları... Bu iki klub arasında hələ əsas çempionatda iki dəfə ağır iğtişaşın olduğunu bilmirdizmi? Budu da futbola dəxli olmayan şəxslərin qurumun idarəçiliyində oturmasının fəsadları. 

Bu olay göstərdi ki, AFFA aşağı yaş qrupları üzrə çempionatlara və I diviziona  hakim-inspektorla bərabər həm də AFFA nümayəndəsi təyin etməlidi. Hər iki funksiyanı yerinə yetirməyə məcbur qalan hakim-ispektor nəticədə bu cür qarşılaşmaların yükünün altından çıxa bilmir. Həmin oyunun inspektorunu gördüm, qaçıb gizlənmişdi bir otaqda. Halbuki hadisələrin mərkəzində olmalı, həm qeydlər aparmalı, həm də asayişin təminatı ilə məşğul olmalıydı.

Hadisəyə reaksiya bildirmədik, sadəcə, videogörüntüləri oxuculara təqdim etməklə keçindik və güman etdik ki, hamı baxıb, günahkarı özü müəyyən edəcək. Ancaq deyəsən, belə olmadı. "Neftçi" tərəfi qeyri-səmimi bəyanat yayıb, hadisənin şahidi olmayanların fikrini azdırmağa cəhd etdi.

Lazım bildim ki, şahid kimi hadisəni sizə təfsilatıyla nəql edim, yəqin səmimiyyətimə inanarsız.

***       ***       ***       ***

Matç bitən kimi oyun boyu "Bakı"nın 85 nömrəli futbolçusunu kobud oyunuyla çərənlədən "Neftçi"li futbolçu ona yaxınlaşıb təhqiramiz ifadələr işlətdi. Əliylə ona reaksiya verib - "Get işinlə məşğul ol" deyən kimi, həm həmin futbolçu, həm də tribunalardan meydançaya atılan başqa bir kəs "Bakı"nın futbolçusuna əl-qol atdı.

"Bakı"lı futbolçu Buna reaksiya verincə, ara qarışdı. Dərhal texniki zonada olan klubun icraçı direkotru Yaşar Seyidov da aranın qarışdığını görüb meydançaya girdi və tribunadan meydançaya atılan həmin şəxsi "Bakı"nın futbolçusundan ayırmaq istədi. Həmin ərəfədə ara çox qarışmışdı və Yaşar Seyidov həmin şəxsi kənarlaşdırmaq istəyərkən həm özü yıxıldı, həm də həmin adam.

Bu vaxt tribunadan "Neftçi"nin rəsmisi Mübariz Xudiyev təhqiramiz ifadələrlə Yaşar Seyidova tərəf qaçmağa başladı. Mühafizənin yox səviyyəsində olduğu, "Dalğa Arena"da guya asayişi qorumalı olan polislərin isə sayca lap az olması meydançaya axını qarşısıalınmaz etmişdi. Xudiyev söyüş söyə-söyə meydançaya atıldı və tədricən aralanmaqda olan tərəflərin arasına daha şiddətli alov atmış oldu. 

Seyidova tərəf şütüyən Xudiyev ağzından gələni deyirdi. Yeri gəlmişkən, hələ Xudiyev meydançaya girməmiş o tərəfdən atılmış su qabı Seyidova dəymişdi və ona xəsarət yetirmişdi.

Yaşar bəy həmin məqamı belə izah edir: "Adam üstümə gələ-gələ təhqiramiz ifadələr işlədirdi. Kim olsaydı, səbrini toplaya bilməzdi bu məqamda, hələ mən uzun müddət səbr elədim. Oğlum da ordaydı. Oğlumun gözü qabağında mənə edilən söyüşlər...
İstər-istəməz reaksiya verməli oldum, çünki bildim ki, məni vurmağa gəlir, durub baxmayacaqdım ki. Bizim mühafizəçilər, məşqçilər aranı sakitləşdirməyə çalışdı, ancaq bunlar təhqir dolu sözlərlə sanki əl çəkmək istəmirdilər bizdən. Hələ "Neftçi"nin başqa rəsmilərinin etdiyi canfəşanlığı demirəm. Nə qədər çalışdım ara sakitləşsin, ancaq onlar, həmin rəsmi şəxslər  daha da aranı qızışdıracaq hərəkətlər elədilər".

Seyidovdan bu sözləri eşitmək, xüsusən övladının yanında təhqir olunması heç xoş deyil. Yaşı-başı ötmüş şəxslər... Mübariz Xudiyev çempion komandanın, özünü digərlərinə nümunə göstərən klubun rəsmisidi, onun davranışı mənim gözümün önündə baş verdi - heç xoş deyildi və izah verməyə çətinlik çəkirəm.

Birtəhər aralaşan tərəflər sonradan bəyanatla-filanla çıxış etdilər. Bu məqamda Hafiz Məmmədovun son açıqlaması heç təqdirolunan hal deyil. Yaşar Seyidovu və klubun baş meneceri Zeynal Məmmədova ünvanlanan töhmət, İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nəriman Mehdiyevin isə vəsifəsindən azad olunması... Niyə? Klubunuzun bəyanatı sizi əsəbləşdirmişdi? Nahaq. Zeynal Məmmədovun dediklərində həqiqət var idi, niyə siz doğrunu ictimaiyyətə açıqlayanlara senzura qoyursuz, Hafiz bəy? Nəriman bəy də yəqin həmin bəyanatı hazırladığına görə işdən azad edilib, eləmi? Heç yaraşmadı. Bu qədər qeyri-peşəkar davranış...

Nəriman bəyin klubdan gedəcəyi hələ bir müddət əvvəl hiss olunurdu; bəs niyə? Siz öz kadrlarınıza haçan sahib çıxacaqsız? "Bakı" diqqətlə çevrilib keçmişinə baxsın - öz əksər kadrlarına etinasızlıq edib. Əgər bu cür urvatsız göndərəcəkdizsə, onda işə dəvət etməsəydiz, yaxşıydı. Belə klub idarə sistemi olmaz, Hafiz bəy.

Məmmədov, siz alicənablıq etmisiz, ancaq ifrata vardız. Görünür, "Neftçi"nin bəyanat hay-həşiri fikirləri əməlli-başlı dolaşdırıb. Reallıq isə tamam başqa cür idi. 

Bir klub rəhbəri əgər işçilərini mənəvi  baxımdan müdafiə, mühafizə etmirsə, onda o rəhbər öz fəaliyyətində belə bir ciddi boşluğunun olduğunu anlamalıdı.

Zeynal Məmmədov əvvəla hadisə yerində olmayıb. Niyə ona töhmət verilir? Əgər mediadakı açıqlamalarına görə bu addımı atmısızsa, onda lap pis. Adam reallığı deyib. Seyidovun isə töhmət alması ümumiyyətlə, heç cür izah oluna bilməz. O, var-gücüylə çalışıb ki, dava-dalaş dayansın, videogörüntülərdə də görünür, Seyidov yalnız dalaşan futbolçuları aralaşdırmağa çalışır. Yaxşı, bəs həm vəziyyətin faciəvi hal almamasına görə hətta vəzifəsini aşıb, meydançaya atılmağı göz önünə alan, həm də təhqir olunan Seyidovun nə günahı var idi ona töhmət verirsiz?

"Bakı" indiyədək "Neftçi"ylə iki dəfə belə insident yaşamışdı və hər ikisində məhz Hafiz bəyin alicənablığı nəticəsində mübahisə alovlanmamış sönmüşdü. Bu dəfə də Məmmədov alicənablığını göstərdi... Ancaq belə alicənablıq olmasın, ondan yaxşıdı.

Belə çıxır ki, ortada "Neftçi" haqlı çıxdı. Ancaq elə deyil. Əslində "Neftçi"rəsmi şəxsinin rəqib klubun rəsmisini təhqir etdiyinə və onu iğtişaşa sövq etdiyinə görə "Bakı"ya üzrxahlıq ünvanlamalı və öz böyüklüyünü, nümunəvi klub olmasını bu addımla sübut etməliydi. Ancaq hər şey əksinə oldu, yanlış təəssürat yaratmağa can atan "Neftçi" növbəti yanlışın növbəti naxışı oldu...

Elçin CƏLİLOV


oxunma sayı: 938 | Paylaş:




?>