')

Bu gün:


FutbolPress.Az | AFFA-nın zəif bəndi

AFFA-nın zəif bəndi


oxunma sayı: 777 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Azərbaycan futbolu anarxiya dövrünü yaşayır. Bu ölkədə nə anarxiya dövrünü yaşamır ki? Günün sualı deyilən bir şey var. Bu sual əsrin sualı olacaq, deyəsən.
Keçən həftə milli komanda Almaniyaya 6:1 uduzdu. Yaşar Nuriyev demişkən, yox e, cəhənnəmə ki 6:1, söhbət odu ki, pis oynadı, çox pis.
Başlayıblar tənqidlərə. bir tərəf deyir ki, Foqts bizim şərəfimizi batırdı, o biri deyir ki, Fotqsu istefaya göndərib yerli məşqçi (Məsələn, Q.Qurbanov) gətirmək lazımdı. Ən axırıncı versiya budu ki, Elxan Məmmədov da, Foqts da istefaya göndərilməlidi.
Əsas da gətirirlər ki, Məmmədov AFFA-nın baş katibi vəzifəsindən sui-istifadə edərək Foqtsun müqaviləsinin uzadılmasında rol oynayıb. Düzdü, elədi.
Bu ölkədə Foqtsu çoxdan istəmirlər, onu tənqid edirlər, faydasız olacağını deyirlər - jurnalistlər, futboldan başı çıxanlar.

Söhbətin bura qədərini bilirsiz. Ancaq bilirsizmi Məmmədov Foqtsun istefasını heç vaxt istəməz və ya özü bu qərarı verməz...

Heç Foqts da istefa verməz. Çünki alman məşqçi elə bir müqavilə bağlayıb ki, əvvəla onu istefaya göndərənin gərək 4 milyon avrosu olsun təzminat verməyə.
Bundan başqa Elxan AFFA-nın prezidenti Rövnəq Abdullayevə hesabat vermək məcburiyyətində olacaq. Əgər əmin deyildinsə, niyə filan qiymətə onu gətirdin bura-filan və s. və i.
Elxan Məmmədovun Foqtsla əlbir işlədiyi, illik 2 milyon avronu birlikdə "yedikləri" futbol təsərrüfatında olan əksəriyyətin sevimli söhbətidi. Məsələn, Azərbaycanda özünü doğrultmuş Coko Haciyevski kimi məşqçi var ki Foqtsdan dəfələrlə yaxşı iş görər. Ancaq bilirsiz işin zibili nədədi? Axı Haciyevskiyə, tutalım, 2 milyon vermək çətindi. Onun Foqts qədər nüfuzu və ya nə bilim, "almanlığı" yoxdu. Futbolda da işi nüfuz həll etmir.
Elə isə kimə hesab soraq?
Abdullayev futboldan 1 qram da anlamayan, "sadə bir neftçidi". Elxan Məmmədov da çoxbilmiş görünüşüylə hər dəfə göstərir ki, heç nə bilmir.
Qadınlardan ibarət yığmanın problemində Məmmədovun buraxdığı səhvlər, ardınca bu səhvlərin vurduğu dağıdıcı ziyan, Foqts məsələsində inadkarlığının faydasız nəticəsi... Məmmədov bu işi bacarmır. AFFA-da pulu xərcləmək ona həvalə olunub, amma adam Foqtsla və başqa almanlarla əlbir olub, zamanı və pulu havaya sovurmaqla məşğuldu.
Yoldaş Məmmədov, bunlar boş ittihamlar deyil, siz dəfələrlə göstərmisiz ki, qərarlarınız ən yaxşı halda eyforeyadı.

Son açıqlamalrının birində deyib ki, Rusiya kimi komandayla heç-heçə edəndə, Lixtenşteyni udanda Foqtsu alqışlayan, komandanı tərifləyənlərdi indi onu istefaya çağıranlar.

Pardon, deyəsən, Məmmədov himayə etdiyi bəzi mətbu orqanlardan başqa heç kəsin fikrini xatırlamaq istəmir. Rusiyayla və Lixtenşteynlə oyunlarda "danışılmış" nəticələrin olduğunu yazıb, arqumentlərlə göstərənlər çox idi. Həmin ərəfədə bu nəticələr mütləq lazım idi ki, Foqtsun müqaviləsinin yenilənməsi üçün Rövnəq Abdullayevin "qulağını doldurasız". Bəli, Rusiya və Lixtenşteyn oyunları hətta Azərbaycanda futbolun inkişaf etdiyi kimi sərsəm iddialarla təqdim olunmağa başladı. Niyə həmin iki oyundan əvvəl və sonra ardıcıl uğurlu nəticələr olmur? Heç uğurlu nəticə bir kənara, lazımı oyun göstərə bilmir komanda.

Siz işin absurdluğuna baxın. Foqts ilk iki ilin tamamında heç bir dəyişikliyə nail olmadan, ölkə futbol infrastrukturunda edəcəyi islahatları haqda vədlərin hesabatını vermədən, mətbuat önünə çıxıb fəaliyyətinin nəticələrini müzakirə etmədən onunla yenidən ikiillik müqavilə bağlanır. Hətta yeni müqavilədə aylıq məvacibi 95 min avrodan 150 min avroya qaldırılır ki (rəqəmlər rəsmi deyil, ancaq həqiqidi - red.), bundan sonra Azərbaycanda daha çox vaxt keçirsin.

Başa vurulan uğursuz ikillik periodda Foqts ayın ən çox 10-15 gününü Bakıda keçirirdi. Yalnız rəsmi və ya yoldaşlıq oyunları ərəfəsində gəlib, komandanı harasa aparırdı. Hələ indi razılığını alıblar ki, heç olmasa, ayın 3 həftəsini Azərbaycanda keçirt, çempionatın oyunlarını izlə... Bilmirəm, kim burdan bir məntiq hasil edə bilər - belə məşqçi futbolunda dirçəlişə ehtiyacı olan bir ölkədə nə qədər faydalı olar? Həm də artıq bu məşqçinin Azərbaycan KİV-i ilə ifrat eqoist münasibəti, xarici mətbuatda ölkəmiz haqda ironiyalı fikirləri onun bu ölkəyə münasibətini bəlli etmirmi sizə?

Sadalanan detallar Foqts burda olandan danışılır, yazılır, müzakirə olunur. Ancaq heç bir dəyişiklik və irəliləyiş hiss olunmur. Onsuz AFFA-nın tutduğu yolda problemlər həddən artıqdı, heç olmasa Foqts qalmaqalında tənqidi fikirlərə baxmaq lazımdı. Xüsusən, Məmmədov buna borcludu. O, bu qədər qarmaqarışıqlığın yaranmasında birbaşa məsuliyyət daşıyır. Son olaylar göstərir ki, Məmmədovun istefasını tələb etmək vaxtıdı. Növbəti uğursuzluqlar uçuruma aparır. Qaldı ki, Rövnəq Abdullayev.. O, onsuz da bu işlərin içində deyil. Sadəcə, Neft Fondundan "yuxarının" icazə verdiyi qədər pul ayırmaqla məşğuldu. Ümumiyyətlə, onun AFFA-nın prezidenti vəzifəsində nə işi var, bu hələ də aydın deyil. Əgər pul lazımdısa, bunu prezident kürsüsündə oturmadan da ayrımaq olmazmı? ARDNŞ-nin prezidentisən, deputatsan.. daha AFFA-dakı vəzifə nəyinə lazım, Abdullayev? Bəlkə sən elə pulu verəsən, bu işi bacaran gəlsin işin başına?

P.S. Hər şey bu qədər də asan deyil. Bəlkə Abdullayev elə bunu da istəyir. Ancaq "...xidmət edirəm!" eşalonunun ixtiyarı öz əlində deyil bəlkə...

Yazarın bütün yazıları

oxunma sayı: 777 | Paylaş:




?>