İRAN AZƏRBAYCAN YIĞMASINI SEÇƏN GÜLƏŞÇİNİ SATQIN ELAN ETDİ
Paylaş:
İranın güləş üzrə milli komandasının keçmiş üzvü Moskvada keçirilən son Dünya çempionatında Azərbaycan Respublikasını təmsil etdi. Əslən azərbaycanlı olan Salman Təhmasibinin bu addımı İranda böyük səs-küyə səbəb olub. Bəzi fars KİV-ri indiyə qədər İrana bir çox medallar qazandıran azərbaycanlını satqınçılıqda ittiham etməyə başlayıb. 84 kq çəki dərəcəsində mübarizə aparan Salman Təhmasibi Asiya çempionudur, 2 dəfə dünya üçüncüsü olub. "BBC"nin fars xidmətinə müsahibə verən güləşçimiz ittihamları cavablandırıb. Güləşçi bildirib ki, ona İranda heç bir şərait yaratmayıblar: "Mən bir peşəkar idmançıyam. O qədər də yaşlı deyiləm ki, idmanla vidalaşım. Mən həyatımı güləşlə təmin edirəm. Öz çəki dərəcəmdə ən güclü olmağıma və İrana çoxlu medal qazandırmağıma baxmayaraq, İran Güləş Federasiyası mənə nə pul, nə ev, nə də mükafat verdi. Mən onlardan iş istədim, hətta bunu da rədd etdilər. Onlara demişdim ki, pul, ev, iş problemim var. Amma onlar bu-gün sabah deməklə, boyun qaçırdılar. Başqa orqanlar da məni qəbul etmədilər. Bəlkə bir az da azərbaycanlı olmağım buna səbəb oldu". O, Azərbaycan yığmasını seçməsinə belə aydınlıq gətirib: "Mən yalnız idmanla bağlı səbəblər və maddi problemlərlə bağlı Azərbaycan milli komandasına üzv olmuşam. Digər tərəfdən Azərbaycan Respublikasında dil problemim yoxdur və mənə çox yaxşı diqqət göstərirlər. Halbuki İranda belə deyildi". Salman gələn həftə İrana səfər edəcəyini bildirib və Moskvada keçirilən Dünya çempionatında uğur qazana bilməməsinə aydınlıq gətirib: "Hələ ki, Bakıda məşq etmək üçün tərəf müqabilim yoxdur. Amma növbəti dünya çempionatına qədər bu problemi həll etməyə çalışıram. Mən Azərbaycanda da medal qazanmaq istəyirəm".
| Paylaş: