')

Bu gün:


FutbolPress.Az | COKO HACİYEVSKİ: 3 İLDƏ AZƏRBAYCAN YIĞMASI HEÇ NƏ EDƏ BİLMƏYİB

COKO HACİYEVSKİ: 3 İLDƏ AZƏRBAYCAN YIĞMASI HEÇ NƏ EDƏ BİLMƏYİB


oxunma sayı: 437 Paylaş:

- "Simurq" gənc oyunçulardan ibarətdir. Sizcə bu heyətlə uğur qazana biləcəksiniz?
- Hər kəs bilir ki biz komandanı qurmağa necə başlamışdıq. 3 həftə komandaya sadəcə baxış oldu. İnanmıram ki kimsə Premyer Liqada bizim kimi seleksiya etməyi bacarıb. Fikirləşirəm ki uğurlu transferlər etmişik. Son bir neçə həftədə "İnter"dən 3 futbolçu - Baçana Sxadadze, Paulius Paknis və Tofiq İsmayılovu almışıq. "Neftçi"dən isə 2 futbolçu Elvin Yunusov və Rəşad Hüseynovu transfer etmişik. Bununla da komandanın heyəti nisbətən güclənmiş oldu. Mən və köməkçilərim təcrübəliyik və qısa zamanda Azərbaycan futbolçuları ilə yaxşı nəticələr əldə edəcəyik. Hazırda komanda da yaxşı əhval-ruhiyyə var. Hər məşq keçdikcə oyunçularımızı daha yaxşı hazırlayırıq. Biz bəzi komandalar kimi taktikamızı bir futbolçu üzərində qurmuruq. Hesabdan asılı olmayaraq, sözün əsl mənasında futbol oynayırıq. Hazırda nəticələrin heç də ürəkaçan olmamasına baxmayaraq, oyundan-oyuna daha yaxşı hesablar əldə edəcəyik. Biz 11 ayrı oyunçu kimi yox, bir komanda kimi oynayırıq. Bu isə yaxşı uğur qazandıracaq. Mən Azərbaycan futbolçularının istedadlı olduqlarına inanıram.

- Transfer pəncərəsi bağlanana kimi demək olar ki, klubların hamısı yeni transferlərə imza atdılar. Bəs siz niyə transferlə bağlı heç bir addım atmadınız?
- Bəzi mövqelərə daha güclü oyunçular lazım idi. Ancaq vəziyyət elə oldu ki bunları həyata keçirə bilmədik. Yarım mövsüm bu heyətlə oynamağa məcburuq.

- Komandada ən perspektivli futbolçu kimi görürsünüz?
- Bunu demək bir az çətin olar, amma çox sayda istedadlı futbolçular var. Məsələn Elvin Yunusov, Qərib İbrahimov, Mikayıl Rəhimov, Əli Bağırov, Elvin Musazadə, Azər Səfərli, Elçin Xəlilov, Yasin Abbasov təcrübəli futbolçulardır.

- Premyer Liqada çempionluğa namizəd kimi görürsünüz?
- Mənim üçün fərqi yoxdur, amma "Neftçi" və "Xəzər Lənkəran" liderdir. Buna baxmayaraq, "Bakı", "Qarabağ" və "İnter" də bərabər səviyyəli mübarizə aparacaq. "AZAL" və "Qəbələ" də çempionata yaxşı hazırlaşıb, yeni oyunçular transfer edib, inanıram ki, onlar çempionatdan əlini tez üzməyəcək. Ancaq dediyim ilk 5 komanda çempionat uğrunda daha çox mübarizə aparacaq. "Neftçi" ilə "Xəzər Lənkəran"nın liderliyini davam etdirəcəyini demək hələ tezdir. Məncə, bu qısa vaxt ərzində dəyişəcək. Bizə gəldikdə isə ilk 4 turda çox asan xallar itirdik. "Gəncə" və "Turan" ilə oyunda qələbəni son anda əldən verdik. Bu futbolçuların təcrübəsizliyi üzündən oldu. Amma həyat belədir. Heç kim anadan olanda hər şeyi bilmir. Vaxt keçdikcə öyrənəcəklər. "Xəzər Lənkəran" və "Neftçi" ilə pis oynamadıq. Hətta XL oyununda top üstünlüyü bizdə idi. Ancaq təcrübə öz sözünü dedi və XL qol vurdu. "Neftçi" ilə oyunda da biz onlarla başabaş mübarizə apardıq. Buna baxmayaraq, 4:0 hesabı ilə məğlub olduq. Ancaq biz bu cür məğlubiyyətə layiq deyildik.

- "Turan" klubunun hakimlərə qarşı narazılığı səngimək bilmir. Siz necə hakimlərdən razısız?
- "Turan" şükür etməlidir ki, 4-5 qol buraxmadı. Hakimin "Turan"ın qeydə almadığı qoluna TV-də baxdım. Düşünürəm ki, oyundan kənar vəziyyət yox idi. Bizə gəldikdə isə hakimlər keçirdiyimiz bütün matçlarda heç bir səhvə yol verməyib. Öz oyunumuzdakı hakim qərarlarından razıyam.

-Sizin "İnter"ə keçəcəyiniz barədə xəbər yayılıb. Bu doğrudur?
- Mən bu haqda şərh vermək istəmirəm. Hazırkı işim "Simurq"dadı. Əgər yaxşı işləyə bilməsəm, ondan sonra mən bu komandadan gedərəm. Bir neçə gün əvvəl yerli TV-in birində qonaq oldum. Mənə orada "Simurq"un yaxşı komanda olduğunu dedilər. Amma bilirəm ki, onlar "Simurq"un inkişaf edəcəyinə mənim qədər inanmırlar. Biz bu işə daha dərindən baxmağı bacarırıq. Hər şeyin yaxşı olacağına inanıram.

- Fərqli vaxtlarda 5 il Makedoniya yığmasının baş məşqçisi olubsunuz. Əgər yenidən millidən təklif gəlsə gedərsiniz?
- Bu heç də real deyil. Əgər onlar zəng edib məni çağırsalar ondan sonra danışarıq. Necə deyərlər yaşayarıq görərik.

- Sizcə, Berti Foqts Azərbaycan millisinə uğur qazandıra biləcək?
- Mən səmimi danışmaq istəyirəm. Nə var onu deyəcəyəm. Berti Foqts futbolçu və məşqçi kimi Almaniya və Avropada çox şey görüb. Ancaq bu 3 il ərzində Azərbaycan yığması heç nə edə bilməyib. Əla deyə bilmərəm, çünki Azərbaycan son seçmə mərhələdə 5 xal toplayıb. Bir il olsa yenə başa düşmək olardı. Ancaq 3 il ərzində heç reytinqdə də irəliləyə bilməyib. Hazırda Azərbaycan millisi İngiltərə və Almaniya kimi yığmalara qarşı güclü oyun göstərə bilmir. Əslində isə bu yığma komanda daha gözəbaxımlı nəticələr əldə etməlidir. Mən vəziyyətə real yanaşıram. Tənqid də etmək istəmirəm. Amma "Foqts bravo" da demək fikrim yoxdur. Belə desəm düzgün olmaz. Nə var onu da deyirəm.

Xəyal AZƏROĞLU


oxunma sayı: 437 | Paylaş:




?>