')

Bu gün:


FutbolPress.Az | "Mahmudkimilər" və biz...

"Mahmudkimilər" və biz...


oxunma sayı: 865 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

1973-cü ilin yazında Xanlar əminin evinə sevinc doldu - oğul övladı Mahmud dünyaya göz açmışdı. El içində hörmət-izzət sahibi idi ailəsi Xanlar əminin. Mahmud Gəncənin əzəmətli, şeiriyyat dolu tarixini xasiyyətində daşıdı. O, məhləsində sakit, doğma təbiətiylə sevilən birinə çevrildi. Uşaq yaşlarında futbol həvəsi bürümüşdü ürkək canını. O da, sonradan məşhur futbolçuya çevriləcək təhsilsizlər silsiləsindən biri olacaqdı. Sevmirdi kitab-dəftəri, ancaq onun futbolu ayrı bir dərs, oxunmalı kitab idi.
Mahmud böyüyüb, böyük futbolçu oldu, sonra onun böyük pulları oldu, sonra böyük maşını, sonra böyük evi, sonra, sonra...
Siz bura qədər yazılanların romantikasından kövrəlib göz yaşınızı saxlaya bilmirsiz, mən isə davam edirəm, Mahmud haqda bir az da danışacam.

Mahmud Qurbanov ötən həftə, ondan da bir həftə əvvəl yazılan "Nüfuzunu pula dəyişən adam" yazısına görə həmkarımıza hücum etdi, onu döydü. Qandırmaq istədi, qan axıtdı. Qanmaq istədik, qan gördük, vəhşətə şahid olduq. "Bu, Mahmud ola bilməz" - hadisəni eşidən hər bir həmkarımız təəccüb dolu arayışına bu sözlərlə başlayırdı. Elədi, biz də Mahmudu ən sakit, həlim xasiyyətli bir futbolçu bilmişik. Mahmudu çox sevmişik, ona "professor" ləqəbi də vermişdik. Ancaq təəccüblənməyə dəyməz, məgər "professorun" buynuzu olmur?

Mənə qəribə gələn və dərhal da gedən odu ki, azərbaycanlı futbolçu və sairi idman jurnalistinə qarşı dişlərini qıcamış vəziyyətdə dayanıb. Səbəb nədi? Günah jurnalistdədi, yoxsa...?
Haşiyəsi məlumdu: idman jurnalistikasının "professorları" və futbolçu "professorlar" var və onlar arasında belə problem yoxdu. Çünki onları birləşdirən və ətrafdan ayıran bir məqam var - dırnaq! Dırnaqarası olmaq problemi!

Güzgü olanlaradı hər an belə təhlükə, narahatlıq. "Professor" güzgüdə özünü "demon" qiyafəsində görəndə ona hücum edir,  təpik atır. Öz qiyafəsini dəyişmək ağıla gəlmir, dırnaq mane olur...
Mahmud yazılanı üzündən yaxşı oxuya bilmir, latın qrafikasını isə lap çətin oxuyur. Ancaq jurnalistə zəng edib - "Sənin nə ixtiyarın var mənim haqqımda belə yazırsan?!" - deməyi lazım bilir. Sonra rahatca redaksiyaya gəlib, jurnalisti təpikləyir. Bəli, son günlərin aktual müzakirəsidi - görəsən bizim "professorumuz", təmkinlimiz təpik atmaqla kifayətləndisə, o birilər hansı sürprizi gizləyir?

Mahmud Azərbaycanın on qat çempionudu... O, yeddi yüz dənə qol vura bilər, yeddi min yeddi yüz yetmiş yeddi pas verə bilər, ancaq jurnalistə bir dəfə də olsun, təpik atmaq niyə...? Bax, burda Mahmudluq və ya jurnalistlik bir iş yoxdu. Azərbaycan futbolçusunun böyük hissəsi potensial Mahmuddu, real "professor"du. O, verilən bütün sualların cavabında hıqqanan, ya da ən yaxşı halda "mən nə deyə bilərəm ki..." - deyən "avtoş"du. 4.6-dan tutmuş, 5.5-ə qədər at gücü olan motor, avtomat karopka, son model inomarkadı. Ancaq futbolçu deyil.

Azərbaycan futbolçusu ən yaxşı halda "qapı dirəyinin azca kənarından keçən" zərbənin müəllifi, yaxud qolluq ötürmədi. Azərbaycan futbolçusu QOL ola bilmir. Onun qol olmaq, hesabı açmaq problemi var. Onun qol "bakirəliyini" pozmaq istəyən jurnalist isə sərtdi, əlbəttə. Mənim hələ bu bakirə "çəpişi" əzizləyən klub rəhbərlərindən, başda Ağasəlim Mircavadov, ayaqda Vaqif Sadıqov kimi "futbolumuzun ağsaqqalları" zümrəsindən gələn "qara buludlardan" gözüm su içmir. Onlar bütün güzgüləri sındıracaqlar, "demonların" hakimiyyəti bərqərar olmalıdı... Düz yazan, o cür yol göstərən, klub rəhbərlərindən, futbolçudan, soldan, sağdan gələn təzyiqə baxmadan problemdən danışan jurnalistlərin qarşısına "dırnaqlı jurnalistlər" və "demonlar" kütləsi hazırlanır. İllər buna sərf olunur. Onlar çoxalır, törəyir, məqsədə doğru gedirlər...

Əşi, heç nə.. guya biz yazdıq, yazını oxuyan dostumuz da durub hər şeyi düzəltdi. Onsuz da işimizdən geri dönənə oxşamırıq. Gözləyək, görək, başımıza nə iş gəlir.

Günah səndə deyil, Mahmud...

Yazarın bütün yazıları

oxunma sayı: 865 | Paylaş:





?>