"FUTBOLPRESS"İN İDDİASI TƏSDİQİNİ TAPDI
Paylaş:
"Sumqayıt"ın Premyer Liqada saxlanılması baş tutacaq Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Toplantıda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 15 klubun (7 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. "FutbolPress" hələ 2 ay əvvəldən bu prosesi təhlil etmişdi. Həmin vaxt bildirmişdik ki, "Qaradağ Lökbatan" maliyyələşdiyi yer SOCAR-a aid olduğuna, dolayısı ilə "Neftçi"yə bağlılığına görə və digər səbəblərdən AFFA kluba lisenziya verməyəcək. Bundan əlavə, I divizionun 2-ci pilləsində qərarlaşan "Karvan" əvvəlcə Lisenziyalaşdırma Komissiyasına müraciət ünvanlayıb, sonradan bundan imtina etməsi, 3-cü yerdəki "Neftçala"nın isə ümumiyyətlə lisenziya almaq istəməməsi səbəbindən bizim iddia etdiyimiz "Suqmayıt"ın Premyer Liqada qalması prosesi bu formada həllini tapdı. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu barədə fanat.az-a açıqlamasında deyib: "Bizdən soruşmayıblar ki, "Qaradağ"a lisenziya verək, ya yox? Bunun səbəbini bilmirəm. Mən də oxudum ki, "Qaradağ"a lisenziya verilməyib. Bu klubun rəhbərliyi var. Onlar yəqin ki, apellyasiya şikayəti verəcəklər. "Qaradağ"a lisenziya verilməməsinin "Sumqayıt" və ya "Turan"la bağlı olması fikri yalnışdı. Belə bir şey yoxdu. Mövsümün sonunda iki komanda Premyer Liqanı tərk edəcək. Lakin aşağıdan gələn olmasa, məcbur olub sayı qorumalı olacağıq".
İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində "Karvan" AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina edib. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında "Karvan"nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.
Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. 2012-2013 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 4.0):
AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Neftci", "Xəzər Lənkəran".
2. 2012-2013 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0):
"Rəvan", "Kəpəz", "Simurq", "Sumqayıt", "Turan".
3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq "Qaradağ-Lökbatan" və "Bakılı" FK- nın 2012-2013 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.
4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
| Paylaş: