III QURBAN...
Paylaş:
"Qarabağ" bunu da bacardı, III mərhələ və "Polşa kabusu" sindromunu da qırdı, III qurban "Visla" oldu. Qurban Qurbanovun komandası texniki, tipik Balkan futbolu göstərən "Metalurq"a, atletik oyunuyla fərqlənən "Portadaun" və "Visla"ya öz üslubunu diqtə etdi. Səfərdə qazanılan qələbə "Visla"nın kölgəsinə tam işıq salmamışdı. Hamıda polyakların - "cavab oyununda nəsə edəcək" xofu var idi. Ancaq onlara qarşı təklif olunan oyun tərzi qol-qanadlarını bağladı. Bir daha Qurbanovun komandada arzulanan əhval yaratdığı hiss olundu. Rəşad Sadıqov ikinci oyunda da bir neçə epizodda kobud səhvə yol verdi. Komanda yoldaşını sığortalamaq öz mövqeyini tamamilə boş qoymaqdısa, bu peşəkar futbolçu üçün bağışlanmaz nöqsandı. Ansi Aqolli isə cavab oyununda da fərqli oyun fantaziyasıyla nəzərə çarpdı. Onun Əfrana verdiyi birinci qolun ötürməsi ən yaxşı sözlərə layiqdi. Rauf isə son oyunlarıyla ona qarşı tənqidlərə yaxşı cavab verdi. Raufun başla vurduğu qol və oyunboyu mövqeyindəki hərəkətliliyi yaxşı formada olduğunu göstərir. Deməli, Rauf çox yaxşı oynaya bilir. Və Rəşad Sadiqovun ağıllı, həm də hədəfə hesablanmış oyunu yadda qaldı. "Qarabağ" yuxarıda təriflənən, tərifəlayiq ünsürlərin sayəsində bu qələbəni qazandı. Ələ düşən qol imkanlarından faydalanmamaq isə ikinci hissədə yenə özünü büruzə verdi. Ancaq ilk hissədə qol imkanı yaratmaq və onlardan yararlanmaq sözün əsl mənasında etalon sayıla bilər. Azərbaycanda belə futbol göstərən komanda hələ görünməyib. Davamı gəlsin. Gətirmək lazımdı... Oyundan sonra mətbuat konfransında Qurbanov yenə yaxşı oyunun fonunda yerinə yetirməli olduqları bəzi tapşırıqların qaldığını xatırlatdı. Deməli, iş gedir... Kasperçak isə məyusdu. Çox məyusdu və istefa haqqında düşünür, bəlkə də. Çünki Polşa mətbuatı "Visla"nı "qırmacla" qarşılayacaq. Onlar nə klub, nə də yığma komandayla Azərbaycana uduzmamışdılar. Onlar böyük hesablı qələbələr qazanmışdılar, komandalarımızı rüsvay etmişdilər. İndi isə "...mışdıq" deyib duracaqlar. Bütün bunların səbəbkarı isə "Qarabağ"dı. "QARABAĞ" (AZƏRBAYCAN) - "VİSLA" (POLŞA) - 3:2
Avropa Liqası. III təsnifat mərhələsi
5 avqust
Cavab oyunu
Qollar: Əfran İsmayılov, 28, Rauf Əliyev, 33, Rəşad Sadiqov, 35 - Pavel Brojek, 57, Rafal Boquski, 87
Sarı vərəqələr: Matey Juravski, 65, Patrik Maleçki, 73
Baş hakim: Bülənt Yıldırım (Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:0
| Paylaş: