NİKOLOV-SXADADZE QARŞIDURMASI DAVAM EDİR (ARAŞDIRMA)
Paylaş:
Dieqo Souzanı "İnter"dən kim didərgin salıb? "İnter" hər il mövsümə daha da məhdudlaşdırılmış büdcəylə başlayır. 4-5 il əvvəl səxavət kisəsinin ağzını mümkün qədər açan klubun himayəçisi Cahangir Haciyev tədricən futbola ayırdığı maliyyəni ixtisara salmaqdadı. Bu ayrı problem. "İnter"in daha bir problemi isə klubun əcnəbi prezidenti Georgi Nikolovla baş məşqçi Sxadadze arasındadı. Uzun müddətdi bu haqda gəzən söhbətlər tədricən öz təsdiqini əyani sübutlarla göstərir. Məsələn, "FutbolPress"in araşdırmalarından sonra məlum olub ki, ötən yay "Xəzər Lənkəran"dan transfer olunan Dieqo Souza bolqar prezidentlə gürcü çalışdırıcı arasında növbəti çaxnaşmalardan birinə "səbəb olub". Hər şeyi Souzanın özü aydın dedi. Hazırda Braziliyada olan Souza "FutbolPress"ə açıqlamasında problemi geniş izah etdi və futbolçunun dedikləri xeyli problemi üzə çıxardı. Beləliklə, Souzanın izahatına diqqət yetirək: "Mən 4 il "Xəzər Lənkəran"da oynadım, səhhətimlə bağlı heç bir problemim üzə çıxmadı, amma "İnter"ə keçəndə həkimlər dedilər səndə ürək problemi var. Bildim ki, bunu klubun prezidenti Georgi Nikolov edib. Çünki Nikolov transferimi istəmirdi, onun başqa planı var idi, ancaq baş məşqçi Kaxaber Sxadadze isə inadla mənim "İnter"ə keçidimi tələb edirdi. Komanda keçən yay təlim-məşq toplanışına gedəndə Sxadadze məni heyətə qata bilmədi, çünki Nikolov demişdi ki, yalnız toplanış bitəndən sonra danışarıq səninlə. Razılaşdım. Həm də başqa bəzi kiçik problemləri həll etmək lazım idi. Toplanışdan qayıtdılar, ancaq mənimlə heç kim danışmadı. Öyrəndim ki, Nikolov məni istəmir, ancaq Sxadadze inad edir. Nəhayət, transfer vaxtının bitməyinə 1 gün qalmış mənimlə müqavilə bağladılar. 1 illik müqavilə imzaladım və sonra Nikolov dedi ki, mən tibbi müayinəyə getməliyəm. Klubun həkimi məni bir klinikaya apardı və müayinənin nəticəsində Ürəyimdə problem aşkarlandı. Ancaq əslində, ürəyimdə problem yox imiş. Çünki mənə müayinənin nəticəsini göstərən heç bir sənəd təqdim olunmadı, sadəcə şifahi bildirdilər. Bu Nikolovun hiyləsi idi. Ondan 3 ay sonra klubdan ayrılmalı oldum. Mənə cəmi 1500 dollar pul verdilər bu qədər müddətə görə və müqaviləni pozamağa məcbur olundum. Braziliyaya gələndə ən yaxşı klinikalardan birində kardioloji müayinədən keçdim. Sənədlər məndədi, siz də göndərəcəm (Həmin sənədlər saytımızın elektron poçtuna göndərilib, lazım olarsa klub rəhbərliyinə təqdim edə bilərik - red.), müayinədə məlum oldu ki, ürəyimdə heç bir problem yoxdu. Təəssüf ki, klub rəhbərliyi ilə baş məşqçi arasındakı soyuq münasibətin qurbanına çevrildim. Azərbaycanda oynamaq mənə xoş idi". Souzanın dediklərindən ətrafda gəzən klubdaxili soyuq münasibət özünü bir daha büruzə verdi. Məlumat üçün bildirək ki, Souza hazırda vətənində San Paulo ştatının "İtapirense" klubunda oynayır. May ayına qədər klubla müqaviləsi olan "sambaçı"nın sonra karyerasını yenidən Azərbaycanda davam etdirəcəyi də deyilir. Elçin
| Paylaş: