Mikayıl Nərimanoğlunun oğlunun bəxti...
Paylaş:
"Bakı"nın "Buduçnost"la ev oyununda uduşa avtomobil qoyulmuşdu. Gözəgörünən bütün işlərdən bir "iş" çıxardan bizimkilər lotoreya ideyasının müəllifini bir daha faş etdilər. Yazıq bilsəydi ki azərbaycanlı deyilən bir xalq bu ideya ilə məzələnəcək, başqa əməllə məşğul olardı. Həmin "rəhməttik" kimdisə, ayın 15-də goru yaman narahat olub. Çünki uduşa qoyulan avtomobili bizim bu Mikayıl Nərimanoğlunun oğlu qazanıb, əldə edib, udub... Mikayıl (Quliyev) Nərimanoğlu haqda çox şeylər eşidirik. Onu tərifləyənlər də var, əksinə deyənlər də. Bizə bu maraqlı deyil. Heç sizə də. Bizim hamımıza o maraqlıdı ki, axı bu boyda "Nissan Sunny" niyə o boyda camaatın arasından məhz Nərimanoğlunun oğlunun biletinə nəsib olur. Bu barədə xırda araşdırma apardıq. Dünyada ən etibarlı sayılan yapon qoroskopu belə, iyul ayının Nərimanoğlu və onun oğlu üçün uğurlu olmadığını göstərir. Bəs necə olur..? Bu ərəfədə dövlət Mikayıl bəyə əməkdar jurnalist titulu verib. Təbrik eləmirəm! Mikayıl Nərimanoğlu jurnalistika adına nə etdi ki, onu əməkdar saydılar. Aydındı, YAP-ın "dejurnıları"... Siyahı var və hər il növbəsi çatanlara bu ad paylanır, bir-iki nəfər də "mıxalif" zuranlistə. Nə yaxşıdı, lotoreya sənə işləyir. Əməkdar ad da... Ancaq özün nə işləyirsən, məlum deyil. Nərimanoğlu AFFA-da telefon zənglərinə, müraciətlərə "No" düyməsini basmaq və "bilmirəm... xəbərimiz yoxdur" - kəlmələrini təkrarlamaq kimi mühüm-məsul vəzifəni icra edir. Bu barədə əlavə onu demək olar ki, həmçinin arabir Elxan Məmmədovun üzünə maraqlı təbəssüm növləri sərgiləyir. Nə yeridi, nə vədəsidi, nə mənası var, nə məntiqi - ancaq təbəssüm səngimir. Bu işin də içini eşələmək lazımdı... Azərbaycanda belə səmərəsiz adamlar var ki, onlar avtomobil udurlar, nə bilim, böyük adlar alırlar. Yadınıza düşürsə, ölkə kubokunun finalında PFL-in uduşa qoyduğu maşını da futbol məmurunun qardaşı udmuşdu - "Xəzər Lənkəran"ın keçmiş mətbuat xidmətinin rəhbəri Tural Əsgərovun qardaşı. Bunu başa düşdük, ilk idi, təsadüf saydıq. Ancaq bəs Nərimanoğlunun oğlu? Belə də təsadüf olar? Təsadüf anlayışını da lağlağıya çeviriblər. Ümumiyyətlə, belə şeylərə görə "təsadüf" kəlməsini dilimizdən qovmaq lazımdı. Nərimanoğlu heç jurnalistə oxşamır. Vallah, diqqətlə baxın, bu adamda jurnalistlik nə var..? Bunu gülməkçün dedim, indi ağlamalı bir şey də var: Nərimanoğlu Elxan Məmmədovun yekəbaşlığına göz yumandan sonra ümumiyyətlə zurnalist kimi də fərqləndirilə bilməz. Milli mətbuat günü tədbiri keçirəsən, "ingilis bayrağı" mət(dh)bu orqanlarını dəvət edəsən, 2-3 obyektiv KİV-i "düşmən sayt" elan edib, Mikayıloğluna tapşırasan ki, bunların adını sil siyahıdan, o da Elxan Məmmədovun bu əmrinə tabe ola; onda o jurnalistdi yoxsa, "noname"... Elxan müəllim belə məqamlarda əsl üzünü göstərdikcə, bizim də ona göstərəcəyimiz əla bir fiqur var. Barmaqlar işləkdi... Mikayıloğlu bu fiquru onunçün analiz edər, əməkdar(t) jurnalist qiyafəsində. Mənim sadəcə, mətbuat gününə heyfim gəlir. Həsən bəy Zərdabinin kim olduğunu bilməyənlər "Elxan əmi"nin tədbirində hoppanıb-düşüblər, adı olub, mətbuatla görüş. Avtomobil yaddan çıxdı... Eşitmişəm, uşaqlardan kimsə bu haqda Mikayıloğluyla danışmaq istəyib, həyəcan boğub onu: ə, sən Allah, nəyivə lazım kim udub maşını, biletinə düşüb, udub da. Nə var, hay-həşir qaldırırsan - formasında izahi-dəlili məlum edir ki, bizim əməkdar jurnalistin də lotoreya məsələsində şübhələri onu dinc qoymur. İçalatını narahat edir. Mənim Nərimanoğluna hörmətim Elxançikin əmrinə boyun əyəndən sonra yoxa çıxıb. Belə ziyalılarımızla inkişaf eləməmək günah deyil. Axırda el adət-ənənsinə sadiqliyimizi, magik dəyərlərə hörmətimizi unutmamaq şərtilə belə deyim: xeyirli olsun, şadlıqlara sürsün! Yerində 8 yaz, sonra onu böyrü üstə çevir - sonsuzluq. Bax, Azərbaycanda belə ədalətsizliklər sonsuza qədər olacaq.. Ona qarşı mübarizə də. P.S. Təzə xəbərdi: "Bakı" bütün ev oyunlarında avtomobil uduşu keçirəcək. İki gün əvvəl bir məktubun badına gedən klub maşınsız qalan o biri futbol məmurlarını düşünməyə vaxt tapırsa, ona zaval yoxdu. P.P.S. Özü də "Bakı"da mətbuat xidmətindəki əməkdaşların sayı bilinmir. Maşallah! Çoxluq olanda nə olar, bir məktub nədi ki, onu oxuyan tapılmayıb. UEFA-da da biabır olduq. Sonra deyirlər mətbuat elədi, mətbuat belədi...
| Paylaş: