')

Bu gün:


FutbolPress.Az | Foqtsun gündəliyindən  

Foqtsun gündəliyindən 


oxunma sayı: 3757 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

Elektron poçtumu yoxlayanda təəccübdən yerimdə donub qaldım. Adının açıqlanmasını istəməyən bir "dost" (elektron poçtda adı AFFABAZ yazılmışdı) mənə Berti Foqtsun neçə illərdi yazdığı gündəliyinin fotokopyasını göndərib. Son vaxtlar Foqtsla bağlı baş verən qalmaqalların ardınca belə bir mətnin əlimə keçməsinə sevinsəm də, qəribə bir tərəddüd də keçirdim. Əvvəlcə düşündüm ki, əla, tam romana salınası materialdı.

Sonra... sonra... bir az düşünüb qərar verdim ki, yox, ən yaxşısı bunu idman mətbuatından tanıdığım bir-iki dosta göndərməkdi. Elə oldu ki, mətni Elçinə göndərməyə hazırlaşanda növbəti mistika baş verdi. Elçin "faceebook"da mənə yazdı ki, çoxdandı bizə yazmırsan, gör neynirsən? Dedim: Zalım, xəzinə tapmışam, yazını neynirsən. Elçin əvvəl monitor önündə yazdığımı oxuyub gözlərinə, sonra mənə zəng vurub qulaqlarına inanmadı. Açığı mən də inanmamışdım. Əvvəlcə bunu zarafatcıl dostlardan birinin yaradacı zarafatı qəbul etdik. Bir-iki gün bu "dostun" kim olduğu barədə mülahizələr yürütdük. Lakin sonda bizə mətni göndərən "dost"la məktublaşıb məsələni özümüz üçün dəqiqləşdirdik. İnanılmaz olan olmuşdu. Həqiqət deyəsən özü bizim ünvanımızı tapmışdıq. Biz isə böyük misafirpəvərliklə ona qapımızı açıb dedik ki, buyur, cənab Həqiqət, Allaha da qurban, onun qonağına da.

Mətn səliqəsiz xətlə, almanca yazıldığı üçün hamısını sizinlə bölüşə bilmirik. Bir neçə alman dili bilən dostun köməyilə nə qədər oxutdura və tərcümə etdirə bildiksə onu yayımlayırıq. Hə, unutmadan deyək ki, mətndə onun şəxsi həyatıyla bağlı yazdıqlarınının yalnız hadisə hissəsini yayımlayırıq, detallarını yox.

Bizim yayımlayacağımız parçalar daha çox Azərbaycanla bağlı, burdakı adamlarla bağlı, futbolla, futbolçularla bağlı düşüncələrdi. Bir də ki, gündəlik ayın tarixləri də qarışıqdır. Görünür Foqts gündəliyini ardıcıl yazmırmış. Buna görə də şərti məna kəsb edən ayı və tarixlərini mətnin sonundan çıxardıq.
Dünya şöhrətli almanın məhrəminə daxil olub, onun gözündən özümüzə baxanda bir çox qaranlıq məqamlar işıqlanır. Soyuqqanlı almanın tərcümədə belə hiss olunan istehzası qanımızı dondurdu. Uzatmadan keçək gündəliyin mətninə...

Qeydləri:
***

Bakıda ilk günümdü. Mənim şərəfimə ziyafət verdilər. İçimdən qəribə bir hiss keçdi. Mənə elə gəldi ki, mən bəhanəyəm, elə bil bu rəsmi şəxslər sadəcə bir yerə yığışıb əylənmək, içmək istəyirlərmiş. Yeməklər dadlı idi. Sərxoş oldum. Hamı sərxoş idi. Yüksək səslə öz dillərində nə deyib gülürdülər, mən də şənlənirəm görüntüsü yaradıb yalandan gülürdüm. Tərcüməçim bilmirəm sərxoş olduğu, yoxsa elə təlimat aldığı üçün onların 5 cümləsindən bir-ikisini tərcümə edirdi. Sonra yenə nəsə danışıb bərkdən gülürdülər. Məclisin sonunda dumanlı beyinlə, sərxoş gözlərlə bütün adamlara bir də baxdım. Birdən içimdən bir səs mənə dedi: təcili burdan qaç get. Çünki birdən mənə elə gəldi ki, burda hamı Mefistofeldi.
(Mefistofel - alman şairi Hötenin "Faust" əsərinin personajlarından biri. Mefistofelin bizim dildə qarşılığı iblisdi)

***

Doğum günümdə gecə otağıma bir qadın gəldi. Qırmızı hündürdaban ayaqqabı geyinmiş bu qadının əynində sinəsi, kürəyi yarıyacan açıq bəyaz paltar vardı. Əlində şərab da gətirmişdi. Çarpayımda oturduq və onun gətirdiyi şərabdan içdik. Almanca bilmirdi, ingiliscə danışası olduq. İngiliscə o qədər yaxşı bilmirdi, amma bir-birimizi başa salmağa kifayət edirdi. Bu qadın mənə çox tanış gəlirdi. Soruşdum ki, səni hardasa görmüşəm? Güldü və əlbəttə görmüsən - televizorda kliplərim var-dedi. Güldüm və xatırladım. Bir dəfə rəsmilərdə biri televizorda oxuyan pop ulduza diqqətlə baxdığımı görüb gülümsəmişdi, əlini kürəyimə vurub nəsə demişdi. Sonra tərcüməçimdən nə dediyini soruşmuşdum, o da tərcümə etmişdi : "Zövqün yaxşıdı" - dedi. Otağıma gələn televizordakı qadın idi. O gecə tək yatmadım.

***
Artıq başa düşmüşəm. Mən onlara ancaq bir şeyə görə lazımam - atribut kimi. Mən də bundan istifadə edirəm. Yaxşı pul alıram, hər şəraitim var. Əziyyət çəkən məşqçi obrazı elə də çətin deyilmiş. Özümün yeni tərəflərimi kəşf eləyirəm. Sən demə, aktyorluğum da varmış.

***
Bakıda əylənməyə yer yoxdu. Bu insanlar burda necə əylənir, anlamıram. Hər şey təkrardı, kopyadı.

***
Bakıda adamlar yerli qəzetlərə oxşayırlar, əksəriyyəti ağ-qaradı.

***
Hansısa kitabda belə bir cümlə oxumuşdum: "İnsanların yaratdığı saxta pullar kimi, pulun da yaratdığı saxta insanlar var". Bakıda bunu 
daha dəqiq anladım, amma narazı deyiləm.

***
Azərbaycanlı gənclərdə qəribə bir xasiyət var. Onlar hər şeyə razıdı ki, təki məsuliyyətdən, zəhmətdən qaçsınlar. Mən bunu gənc futbolçulara əsasən deyirəm, bilmirəm qalan sahələrdə necədi. Azəri oynamaqdan çox zədələnməyi, dava salıb cərimə almağı sevir. Çox qəribədi ki, adamlarda bu davakar, intizamdan kənar gəncləri qiymətləndirir.

***
Bu gün qəribə bir hadisə oldu. Soyunub-geyinmə otağına girəndə, hiss elədim ki, içəridən siqaret iyi gəlir. Tərcüməçimdən xahiş etdim, elə ordaca soruşsun futbolçulardan kim çəkib? Əlavə etdim ki, onu cəza gözləyir. Heç kimdən səs çıxmadı. Mən qəzəbli ordan çıxıb, yuxarılara xəbər etdim. Axşam rəsmilərdən biri mənimlə görüşdü və dedi ki, yaxşısı məsələni şişirtməyim. Dedi ki, uşaqlardan biri bir az depresiyadadı, sevgilisindən ayrılıb, ona görə çəkib. Elə bil ki, olmayıb. Bu cavabı eşidəndə çaşıb qaldım və az sonra aldığım cavabın şokuna zarafat çaları qatıb, həmin rəsmi şəxsdən bir siqaret istədim.

(Ardı var) 

Yazarın bütün yazıları

oxunma sayı: 3757 | Paylaş:




?>